Xəbər lenti
Bu gün, 10:37
Bu gün, 10:00
Dünən, 22:50
Dünən, 21:23
Dünən, 20:40
Dünən, 12:41
Dünən, 11:56
Dünən, 09:42
24-11-2024, 23:30
24-11-2024, 22:24
24-11-2024, 21:36
24-11-2024, 20:30
24-11-2024, 19:40
24-11-2024, 18:55
24-11-2024, 18:39
24-11-2024, 17:54
Naxçıvan MR-nin sabiq Müdafiə Komitəsinin sədri Oqtay Baxşəliyevin ölüm xəbərini eşidib böyük çaşqınlıq və təəssüf hissi yaşadım. Çaşqınlığım ondan qaynaqlanır ki, mən onun şəkər xəstəsi olduğunu bilsəm də, xəstəliyinin həyati təhlükə yaratdığından xəbərsizdim. Əksinə, Oqtay bəylə hər görüşəndə onun nikbinliyindən ilham alır və perspektivimizə inamım artırdı. Hər kəsə pozitiv əhval-ruhiyyə aşılaysan bu insan yaxın zamanlarda həyatla vidalaşa bilməzdi. Təəssüfümü izah etməyə isə lüzum görmürəm. İnanıram ki, Oqtay bəyi az-çox tanıyan hər kəs bu vaxtsız ölümə ən az mənim qədər təəssüflənir.
I Qarabağ savaşında Naxçıvan Muxtar Respublikasının müdafiəsində müstəsna rol oynamış Oqtay bəy fədakarlığı ilə yanaşı Haqqı nahaqqa verməmək xüsusiyyəti ilə də simvollaşmış şəxsiyyət idi. Bu gün yağışdan sonra artan Heydər Əliyevin “şəxsi mühafizəçi”lərindən fərqli olaraq o, həqiqətən də bu sahədə ciddi əməyinin keçməsinə rəğmən, bir dəfə də olsun, keçmişini sinəsindən asmaz, gördüyü işləri dilə gətirməz və Vətən, Millət uğrunda göstərdiyi xidmətləri özünün vəzifə borcu sayardı. Hətta fədakarlığının yekun nəticəyə çatmamasından duyduğu iztirabı da gizlətməz, torpaqlarımızın işqaldan azad olunması fürsətinin yenidən ələ keçməsini arzulayırdı. Torpağımızın 20%-nin işğal altında qalmasını qətiyyən qəbul etməyən Oqtay bəy bu fürsəti yaxalaya bilməsə də, hər halda Azərbaycan ordusunun ermənilər üzərində qazandığı parlaq qələbənin şahidi olmağı bacardı və ümidvaram ki, böyük ruh yüksəkliyi, arzularının reallaşma ehtimalının sevinci ilə Haqq dərgahının qapısını döydü. Bu mənada onu gözü-könlü tox şəkildə dünyasını dəyişdiyini və ürəyinin bu dünyada qalmadığını düşünürəm.
O başqa məsələdir ki, 44 günlük müharibədə qazandığımız yarımçıq zəfər onu da hər birimiz kimi dərindən narahat edirdi və mən bunu paylaşdığım statuslara yazdığı rəylərdən də görürdüm. Komandirin ən böyük arzusu, təbii ki, Azərbaycan bayrağının Xankəndində dalğalanmasını görmək idi. Açığını desəm, Oqtay Baxşəliyevin vaxtsız ölümünü eşidəndə ilk ağlıma gələn fikir onun tam və qəti qələbəni əldən qaçırmağımızı çəkə bilməməsindən ürəyinin dayanması ehtimalı idi. Həyatını Vətənimizin ərazi bütövlüyünə və suverenliyinə həsr etmiş bir vətənpərvərin əldən qaçırılan fürsəti rahatlıqla həzm etməsi mümkün deyildi, yəqin ki, I Qarabağ döyüşlərinə qatılan bütün əsgərləri də Oqtay bəy kimi yarımçıq sevinc hissi yaşayırlar. Bununla belə, Azərbaycan ordusunun qətiyyətini və əzmini görmək hər birimiz kimi Oqtay bəyin də ən böyük arzusu olduğuna şübhə yoxdur və böyük arzusunun getdikcə reallaşmasına əminlik duyğuları içərisində dünya ilə vidalaşmaq hər oğula qismət olmur.
Oqtay bəyin ölümündə üzüldüyüm ən ağrılı məqam isə onun canı qədər sevdiyi Kərkini görmədən dünyasını dəyişməsi oldu. Halbuki 30 il ərzində böyük həsrətlə gözlədiyi o günə çox qalmamışdı. Bir neçə ay əvvəl Azərbaycan rəsmilərinin ermənistanlı həmkarlarıyla Kərkinin geri qaytarılması barədə danışıqlar apardığı barədə sosial şəbəkələrdə məlumatlar dolaşırdı və yəqin ki, yaxın zamanlarda Naxçıvanın strateji əhəmiyyətli bu yaşayış məntəqəsi yenidən əsl sahiblərinə qovuşacaq.
Naxçıvan Müdafiə Komitəsinin sədri kimi, Oqtay bəy erməni işğalçılarına qarşı mübarizə strategiyasında Kərkinin qorunmasına xüsusi əhəmiyyət verirdi və zənnimcə, bunun mühüm səbəbləri vardı. Əvvəla, Oqtay bəy əslən Kərkidən idi. 1960-cu ilin soyuq qış günündə - yanvarın 2-də Naxçıvanın Şahab məhəlləsində dünyaya gələn Oqtay bəy ata yurdu olan Kərkinin əhəmiyyətini hər kəsdən daha yaxşı anlayırdı. Bu mənada Naxçıvan MR-in hər daşı, kəssəyi uğrunda fədakar döyüş əzmini ortaya qoyan komandirin xüsusi öncəlik verdiyi kəndlərimiz arasında Kərkiyə önəmli yer ayırmasının səbəbi təkcə əslən o kənddən olması da deyildi. Kərki həm də Muxtar Respublikanın digər kəndlərindən fərqli özəlliyə sahib idi və elə indi də bu xüsusiyyətini qoruyur. Sözügedən kəndin Naxçıvanın qərb sərhədlərində ən yüksək zirvəmiz olması düşmənə qarşı mübarizəmizdə bizə məkan üstünlüyü qazandırırdı. Bununla yanaşı, Kərki İrəvan - Sisyan – Zəngəzur magistralının tam üzərində yerləşirdi və bu xüsusiyyətilə də hərbi strateji əhəmiyyət daşıyırdı. Naxçıvan Müdafiə Komitəsi bu kəndi qoruya bilsəydi, Ermənistandan Dağlıq Qarabağa logistik dəstək yollarını bağlamış olacaqdı.
Nə yazıq ki, Oqtay bəyin və silahdaşlarının bütün səylərinə baxmayaraq, bu strateji əhəmiyyətli kəndi qoruya bilmədik. Səbəbi, kəndin Sovet imperiyası tərəfindən Ermənistanın içərisində anklav vəziyyətə salınması idi. Bizim könüllü əsgərlərimizin isə əlində ov tüfəngindən başqa təsirli silahları da yox idi. Təpədən qırnağa qədər o dövrün ən müasir silahları ilə təchiz olunan, bu da azmış kimi, rus qoşunları tərəfindən açıq şəkildə dəstəklənən erməni təcavüzkarlarına qarşı mübarizəmiz sonda nəticəsiz qaldı. Kərki sakinləri ən ağır şərtlər altında uzun müddət dirəniş göstərsələr də, sonunda öz yurd-yuvalarını tərk etməyə məcbur oldular. Əminəm ki, bu kənd uğrunda ən çətin mübarizəni verən şəxs də elə Oqtay bəy idi. Tez-tez həmkəndlilərinin yanına gedən, onlara mənəvi güc verən, əlində silahla gecə-gündüz Kərkini qoruyan komandir kəndi tərk edən son azərbaycanlı oldu.
Allahın böyüklüyünə bax ki, Kərkinin işğaldan azad olunması barədə danışıqların başlaması da məhz Oqtay bəyin anadan olmasının 61-ci ildönümünə düşmüşdü. Məlumatlara görə, Azərbaycan DTX-nın rəhbəri general-polkovnik Əli Nağıyev yanvar ayının əvvəllərində erməni həmkarı Armen Abazyanla görüşmüş və tərəflər Kərkinin bir neçə gün ərzində geri qaytarılması barədə razılığa gəlmişdilər. Nə yazıq ki, İrəvan bir neçə gündən sonra boynuna götürdüyü bu öhdəlikdən ictimai narazılıq bəhanəsi ilə imtina etmiş, bir daha etibarsız, ancaq zopa ilə anlayan millət xislətini ortaya qoymuş və dahi fransız yazıçı-səyyahı Aleksandr Dumanın məşhur sözlərini yada salmışdı: “Əgər tatar başı ilə təsdiq edirsə, ona güvənin... Əgər, bir erməni ilə anlaşma bağlayacaqsınızsa, ona bir kağız imzaladın və imzasını inkar etməməsi üçün də yanınızda iki tanıq tutun.”
Sözsüz ki, ermənilər bu xislətlərinin cavabını yenə ağır ödəyəcəklər və Azərbaycan ordusu strateji qalamızı zor gücünə də olsa geri qaytaracaqlar. Amma nə yazıq ki, ermənilərin bu etibarsızlığının zərərçəkəni yenə də Oqtay bəy oldu. Anadan olduğu Kərkini sonuncu dəfə görmədən və ya onun işğaldan qurtarıldığını eşitmədən dünyasını dəyişdi.
Rahat yat, əziz qardaş, qarşılarında igidlik və vətənsevərlik nümunəsi qoyub getdiyin Azərbaycan əsgəri mütləq sənin ümidini doğruldacaq və nəinki Kərkini, 200 il ərzində itirdiyimiz bütün torpaqlarımızı geri qaytaracaq.
Allah sənə rəhmət eləsin!
Heydər Oğuz
Heydər Oğuz
Xəbəri paylaş
Paylaş:
Bənzər məqalələr
Seçilənlər
Prizma
Söhbət
Ədəbiyyat və mədəniyyət
Video
Ən çox oxunanlar