Xəbər lenti

 
 
İranda iyunun 18-də keçiriləcək prezident seçkilərinin ikinci mərhələsi də geri qaldı.
 
Ovqat.com-un məlumatına görə, İran Konstitusiyasına Nəzarət Şurası 600-ə yaxın iddiaçılar arasından cəmi 7 namizədin seçkilərdə iştirakına yaşıl işıq yandırdı.
 
Şuranın sözçüsü Abbasəli Kədxudayi dünən keçirdiyi mətbuat konfransında həmin 7 şanslının adını da açıqladı. Onun sözlərinə görə, namizədlərin siyahısı Daxili İşlər Nazirliyinə (DİN) göndərilib və son qərarı İran DİN verəcək.
 
 
 
Təsdiq edilmiş Prezidentliyə namizədlərin siyahısı belədir:
 
1. Seyid İbrahim Rəisi,
2. Möhsün Rezai,
3. Möhsün Mehr Əlizadə,
4. Səid Cəlili,
5. Əlirıza Zakani,
6. Əbdülnaser Hemməti,
7. Qazizadə Haşimi.
 
Bəs bu namizədlər kimdir və hansının seçimi qazanmaq imkanı daha böyükdür?
 
İslahatçıların şansı
 
Ötən yazılarımızda da qeyd etdiyimiz kimi, İrandakı son seçkilərdə hər şeyin mühafizəkar hökumət quruculuğu üçün hazırlandığı əvvəlcədən bəlli idi. Fəqət açıqlanan son siyahı hətta bizim təxmin etdiyimizdən daha çox islahatçıların zərərinə formalaşdı. Belə ki, İran Konstitusiyasına Nəzarət Şurasının son qərarı ilə islahatçı qanadın ən şanslı namizədi Əli Laricani ümumiyyə seçkilərə buraxılmadı. Seçkilərdə islahatçıları sabiq vitse-prezident və İsfahanın keçmiş valisi Möhsün Mehr Əlizadə, bir də Mərkəzi Bankının Başçısı Əbdülnaser Hemməti təmsil edəcək. Onların ikisi də seçki marafonu başlandığı gündən şanslı namizədlər kimi tanınmırdılar.


 
Üstəlik, namizəqlər siyahısında istədikləri namizədləri görə bilməyən islahatçı elektoratın seçici fəallığının da xeyli aşağı olacağı gözlənilir. Çünki seçkidən öncə islahatçılar arasında ən ünlü namizəd olmağa iddialı indiki Xarici İşlər naziri Məhəmməd Cavad Zərifin gizli müsahibəsi Londonda fəaliyyət göstərən və Səudiyyə Ərəbistanı tərəfindən maliyyələşən "İran inernational" televiziyasında yayımlanmış və o, İran ali dini lideri Ayətullah Xamenei tərəfindən açıq şəkildə tənqid olunmuşdu. Daha sonra İran parlamentinə hesabata çağırılan Zərifin Təhlükəsizlik və Müdafiə Komissiyasında seçkilərə qatılmayacağı sözü alınmışdı. Beləcə, islahatçı qanad Əli Laricaniyə bağlanan budanmış ümidlərlə seçkiyə getmətə məvbue olmuşdu. Əli Laricaninin də Kontitusiyaya Nəzarət Şurasının dar ələyindən keçə bilməməsi islahatçı elektoratın olan-qalan ümidlərini də puç etmişdi. Bundan sonra onların Möhsün Mehr Əlizadənin arxasına düşüb seçkilərdən qələbə əldə etməsi az inandırıcı görünür.
 
Budanan namizədlər
 
İslahatçıların Konstitusiyaya Nəzarət Şurası tərəfindən budanan ismi təkcə Əli Larincani də deyil. İshaq Cahangiri, Məsud Pezeşkiyan, Məhəmməd Şəriətmədari, Səid Məhəmməd, İzətulla Zərqəmi kimi ciddi fiqurlar da seçkilərin birinci mərhələsində budandı. Bu da islahatçı qanadda ciddi narazılığa yol açdı. Hətta İranın gedərayaq prezidenti Həsən Ruhani də budama prosesinə açıq etiraz edərək ali dini liderə məktub yazıb siyahıya yenidən baxmaq məsələsini qaldırdı. İranlı müşahidəçilərin fikrincə, Ruhani heç olmasa öz köməkçisi İshaq Cahangirinin adını siyahıya salmaq ümidindədir. Amma İranda dini liderin prezident məsləhəti ilə oturub durması ciddi eyib sayıldığından bu təklifin havadan asılı qalacağı şübhə doğurmur.
 
Mühafəzkar namizədlər və şansları
 
Mühafizəkarlar arasından da budananların sayı az deyil. Onların ən məşhuru isə “çoban namizəd” kimi tanınan və həyatında 2 dəfə prezidentlik həzzini dadmaq bəxtiyarlığına qovuşan Mahmud Əhmədinejaddır. Xatırladaq ki, əslən Ərdəbilli olan bu adamın prezidentliyi dövrü Azərbaycan-İran münasibətlərinin ən kritik mərhələsi hesab olunur.
 
“Ayətullahi-Genosid”
 
Mühafizəkarlar arasında seçkilərin iki əsas favoriti ön plana çıxır. Bunlardan biri “Ayətullahi-Genosid” ləqəbi ilə məşhur olan Seyid İbrahim Rəisi, digəri isə SEPAH-ın keçmiş rəhbəri Möhsün Rezaidir. Seyid İbrahim Rəisi hazırda İran Məhkəmə sisteminə rəhbərlik edir. İran İslam İnqilabı qələbə çaldığı ilk illərdə 4000-dən çox müxalifə edam hökmü çıxarması ilə ad qazanmış Seyid İbrahim Rəisi mühafizəkar qanadda böyük nüfuza malikdir. Təsadüfi deyil ki, Hüseyn Dehqan, Rüstəm Qasemi, Əlireza Əfşar, Məhəmməd Abbasi və Məsud Zarifbafan kimi önəmli mühafizəkar fiqurlar Rəisinin lehinə namizədliklərini geri çəkiblər.


 
Rəisinin səlahiyyətlərinə təkcə məhkəmələrə rəhbərlik yox, həm də İranın siyasi həyatında çox mühüm rol oynayan bir çox qurumların, o cümlədən Konstitusiyaya Nəzarət Şurasının tərkibini müəyyənləşdirmək imtiyazı da daxildir. İran qanunvericiliyinə əsasən, Şuranın 12 üzvünün yarısını İbrahim Rəisinin rəhbərlik altındakı Məhkəmələr sistemi təyin edir. Bu da Rəisiyə böyük üstünlüklər qazandırır. Düzdür, İranda siyasi hakimiyyətin formalaşdırılmasında son sözü ali dini lider Xamenei desə də, hər halda “Ayətullahi Genosid” üçün münbit seçilmə şansı yaradılması təsadüfi hesab olunmur. Ayətullah da namizədliyini açıqlayanda keçmiş təcrübəsini siyasətə gətirəcəyini istisna etməyərək demişdi: "Planım seçkilərə qatılmamaq idi, amma şərtlər elə hala gəldi ki, bu, ölkə vətəndaşlarının rifahı üçün üzərinə məsuliyyət götürməkdən qaçınmaq demək idi”. Rəisinin “vətəndaş rifahı” deyəndə  nəyi nəzərdə tutduğunu İran xalqı yaxşı başa düşür və onun “qara siyahısı”na düşməmək üçün Allaha sığınır. 
 
SEPAH-ın namizədi Möhsün Rezai


 
Digər şanslı namizəd isə İran İslam İnqilabı Keşikçiləri korpusunun keçmiş komandanı və Rejimin Çıxarlarının Təşxisi Şurasının baş katibi Möhsin Rezaidir. Rezai də İrandakı mövcud rejimi qorumaq vədi ilə namizədliyini irəli sürüb. SEPAH-a yaxınlığı ilə bilinən “Tasnim” Xəbər Agentliyinin məlumatına görə, Rezai namizədliyini açıqlayarkən bir qrup sosial media fəalı ilə görüşmuş və "Seçki səhnəsinə vətən əsgəri olaraq girirəm", - demişdi. O, həmin görüşdə SEPAH-a və “Qüds Qüvvələri” komandiri Qasim Süleymaniyə dil uzadan Məhəmməd Cavad Zərifinin də tənqid atəşinə tutmuş, adını çəkməsə belə, barəsində təhqirə varacaq qədər ağır sözlər işlətmişdi. “Bəziləri həyasızcasına əsgərlərə və komandirlərə ilişməyə və Süleymani kimi qəhrəmanı Rusiyaya bağlı olduğunu sübuta yetirməyə çalışır”, - sözləri ilə keçmiş komandanın SEPAH-ın dəstəyinə qazanmağa ümid bağladığı şübhə doğurmur.
 
Mühafizəkar qanadı ikiyə bölən çat
 
Ekspertlərin fikrincə, Möhsin Rezainin xüsusilə SEPAH-ın dəstəyini almağa çalışmasının önəmli bir səbəbi var. Mülahizəyə görə, İranın mühafizəkar qanadı arasında da dərin bir çat yaranıb. Ali dini rəhbərin daha çox üstünlük verdiyi siyasi və şəriətçi qanadla SEPAH-ın nəzarətində olan hərbi qanad arasında mülkiyyətin bölüşdürülməsi uğrunda ciddi rəqabət gedir. Görünən budur ki, mühafizəkar namizədlərdən olan “Ayətullahi Genosid” şəriətçiləri, Möhsün Rezai isə SEPAH-ı təmsil edir.
 
Möhsün Rezainin ilk baxışdan islahatçılara yönəlik tənqidi fikirlərində bəzən şəriətçiləri də iynələdiyi hiss olunur. Məsələn, onun indiyə qədərki açıqlamalarında hökumət əleyhinə söylədiyi fikirlərdən birində korrupsiyaya qarşı mübarizə aparacağı barədə vədlərində molla rejimini nəzərdə tutduğu aydın sezilir.
 
"Dövlət quruluşu korrupsiya, casusluq, muzdlular və aristokratiya ilə çirklənəndə inqilabçı gəncləri və vətənpərvər qüvvələri səfərbər etmək mənim bir əsgər kimi borcumdur. Yalançı diplomatiyanın qarşısında duracağam və onu təsirsiz hala gətirəcəyəm. Yerli korrupsiya ilə təsirli mübarizə aparan bir hökumət quracağam", -Rezai çıxışlarından birində belə deyib.


 
Məlumdur ki, islahatçı qanadı Qərbə casusluqda, kiməsə muzdurluqda ittiham etmək asandır. İran xalqının nəzərində isə “korrupsiya” deyiləndə molla rejimi və hüquq sistemini özünün mənimsəmə alətinə çevirən ayətullahlar canlanır. Baxmayaraq ki, SEPAH da həmin ayətullahlardan az aşın duzu deyil və İran iqtisadiyyatının hardasa 40%-nə “keçikçi” genarallar nəzarət edir. Məhz bu çıxarlar mübarizəsi daralan İran iqtisadiyyatında mollalar ilə SEPAH-çıları azalan gəlirlərini kompensasiya etmək rəqabətinə sürükləyir.
 
Xatrladaq ki, Rezai 2009 və 2013-cü illərdə keçirilən Prezident seçkilərinə də qatılmış, lakin qazana bilməmişdi. Onun namizədliyinin siftəsində İran ali dini liderinin xeyir-duası ilə xalq Mahmud Əhmədnejadı,   ikinci təşəbbüsündə isə indiki prezident Həsən Ruhanini “seçmişdi”. Seçkilərin bu nəticəsi Xameneinin iradəsi ilə “hesablaşan İran xalqı”nın SEPAH-ın təmsilçisinə isahatçılardan daha ciddi təhlükə kimi baxdığı qənaətini doğurur və mühafizəkarlar arasındakı çatın yeni olmadığını göstərir.
 
Ata Xameneinin 6, oğul Xameneinin 1 namizədi var
 
Mühafizəkarlar arasında digər namizəd Əli Reza Zakanidir. Son parlament seçkilərində Qumdan mandat alan Zakaninin əsas özəlliyi Ayətullah Xamaneinin oğlu Müctəbanın yaxın dostu olmasındadır. Məhz bu dostluğun sayəsində Zakani son parlament seçkilərindən sonra formalaşan İran Məclisinə spikerlik eşqinə düşmüş və bu postun əsas favoritlərdən birinə çevrilmişdi. İran parlamentinin onu yox, indiki spiker Qalibafı tərcih etməsi də əslində mühafizəkar qanaddakı haçalanmada SEPAH-çıların heç də mollalardan gücsüz olmadığını göstərir. Zira spikerlik yarışının qalibi Qalibaf SEPAH-dan yetişmə birisidir. Əgər bu mülahizələrimiz doğrudursa, prezident seçkilərini qazanma imkanının ortada olduğu, Möhsün Rezainin “Ayətullahi-Genosid” tərəfdarlarına sürpriz edəcəyi də istisna deyil.


 
Prezidentlik yarışının digər namizədlərindən Əmir Qazizadə Haşimi və Səid Cəlili  o qədər də şansı olmayan iddiaçılar arasındadır. Qazizadə Haşimi indiki parlamentdə Məşhədi təmsil edən deputat kimi tanınır. Siyasi karyerasında bundan böyük özəlliyi ilə önə çıxa bilməyən Qazizadənin seçkilərə rəng qatmaq üçün qatıldığı güman olunur. Fəqət böyük sürprizlərlə ad çıxarmış İranda dövlət quşu istənilən başa qona bilər və Haşimi də nəzəri belə olsa, yox yerdə prezidentlik keyfiyyətilə öyünmək imkanına malikdir.
 
İranın “Ruzvelt”i
 
Səid Cəliliyə gəlincə, İran xalqı bu adamı 2007-ci ildə Milli Təhlükəsizlik Ali Şurasının Baş katibi vəzifəsinə təyin olunanda və nüvə proqramı üzrə baş müzakirəçi qismində Qərblə danışıqlar apardığı zaman tanıdı. Fəqət bu ilk tanışlıq heç də namizədin xeyrinə olmadı. Həmin vaxt rəqibləri Cəlilinin dövlət təcrübəsinin çatışmadığını irad tutur, Qərbin nüvə proqramı ilə əlaqədar İrana embarqolar tətbiq etməyə hazırlaşdığı bir dövrdə bunun əhəmiyyətli bir nöqsan olduğundan gileylənirdilər. 
 
Cəlili namizədlik məsələsində də təcrübəsizdir. O ilk dəfə prezidentlik yarışına qatılır. Ali lider Ayətullah Əli Xameneiyə çox yaxın biridir. Populyarlığa yarayan əsas xüsusiyyəti isə 1980-88-ci illərdə könüllü olaraq İran-İraq müharibəsində iştirak etməsi, döyüşdə xəsarət alaraq sağ ayağını itirməsidir. Başqa sözlə, seçiləcəyi təqdirdə ABŞ-ın əlil prezidenti Ruzvelt kimi müharibə dövrü insanlarına təsəlli qaynağına çevrilə bilər. Amma İran indiki çətin halıyla kiminləsə müharibəyə girmək istəyərmi? Cəlilinin seçilmək şansı bu suala veriləcək cavabdan asılıdır. 


 
O başqa məsələdir ki, savaşa girmək və ya girməmək qərarını vermək şansı tam olaraq İranda deyil. Bəzi şərtlər bunu qaçılmaz edə bilər. Əgər İran siyasi iradəsi ölkənin Ruzveltinə ehtiyac olduğunu düşünsə, müharibə dövrü hakimiyyəti üçün ən uğurlu namizəd Səid Cəlili görünür.
 
Bütün bu çox variantlı tənlikdə bizə ən şanslı namizəd kimi görünən ad isə Seyid İbrahim Rəisidir. Bəs, Ayətullah Xamenei tənliyi hansı variantda həll edəcək?  Bu sualın cavabı 23 gün sonra səsvermə zamanı ortaya çıxacaq
 
Heydər Oğuz,
Ovqat.com
 
 


Ana səhifəyə qayıt        Baxış: 5 735          Tarix: 26-05-2021, 12:14      

Xəbəri paylaş


Paylaş:   

Prizma