Xəbər lenti


Moderndiplomacy, Aİ
04.06.2021


Müəllif: Orxan Bağırov

Azərbaycanın “NEQSOL Holding” şirkəti 2021-ci ilin martından Gürcüstanın internet provayderi olan “Caucasus Online” şirkətinin yüz faizlik sahibinə çevrilib. “Caucasus Online”nın keçmiş sahibi Xviça Maçakariya şirkətdəki payının 51%-ni Nəsib Həsənova satıb. “NEQSOL Holding” şirkətinin sahibi olan Həsənov “Caucasus Online”nın səhmlərinin yerdə qalan 49%-ni 2019-cü ildə 61 milyon dollara əldə edib.

Bəzi ekspertlər Azərbaycan şirkətinin “Caucasus Online”na tam sahib olmasından narahatlıqlarını ifadə edirlər. Buna baxmayaraq, bu, Bakı ilə Tbilisi arasında əməkdaşlığı gücləndirəcək və hər iki tərəf üçün faydalı olacaq.

“NEQSOL Holding” şaxələndirilmiş şirkətlər qrupudur. O, Böyük Britaniya, ABŞ, Türkiyə, Azərbaycan, Ukrayna, Gürcüstan, Qazaxıstan və BƏƏ kimi müxtəlif ölkələrdə neft-qaz, telekommunikasiya, yüksək texnologiyalar və tikinti sahələrində fəaliyyət göstərir. Şirkət 25 milyondan çox müştəriyə xidmət edir.

2005-ci ildə bu şirkət Azərbaycanın ilk telekomminikasiya şirkəti olan “Bakcell”i də alaraq, bu sahəyə də daxil olub. Onun ən mühüm işlərindən biri beynəlxalq layihə olan “Rəqəmsal İpək Yolu”dur. Onun icrasına 2018-ci ildə başlanılıb. “Rəqəmsal İpək Yolu” 2020-ci ildə Asiyanın 5 ən yaxşı infrastruktur layihələrindən biri seçilib. Layihənin əsas hədəfi Azərbaycan və Gürcüstan vasitəsilə Avropanı Mərkəzi və Cənubi Asiya bazarları ilə birləşdirən müasir, tranzit fiber-optik infastruktur şəbəkəsinin inkişaf etdirilməsidir.

Beləliklə, “NEQSOL Holding”in “Caucasus Online” şirkətini əldə etməsi “Rəqəmsal İpək Yolu” layihəsinin həyata keçirilməsində mühüm əhəmiyyət kəsb edir. Holdinq Avropadan Qafqaza internetin çatdırılmasını təmin edən yeganə fiber-optik tranzit kabel xəttinin sahibidir. Yeri gəlmişkən, “Caucasus Online”nın ən mühüm fiziki aktivi “Qafqaz Kabel Sistemi”dir. 1200 kilometr uzunluğa malik olan, Qara dənizin dibindən keçən fiber-optik kabel xətti “Tyco Electronics” şirkəti tərəfindən inşa edilib. Bu xətt Avropadan birbaşa Cənubi Qafqaza və Xəzər dənizi hövzəsinə internetin çatdırılmasını təmin edir.

Bir sözlə, “Caucasus Online” şirkətinin səhmlərinin əldə olunması onun fiber-optik kabel xətti ilə Avropa ilə Qafqazı “Rəqəmsal İpək Yolu” çərçivəsində birləşdirməsinə imkan yaradır. “Rəqəmsal İpək Yolu” layihəsinin ərsəyə gətirilməsi ilə internətə çıxışın və rəqəmsal sahədə xidmətlərinin yaxşılaşacağı gözlənilir. Söhbət Qafqaz, Yaxın Şərq, Mərkəzi və Cənubi Asiyada yaşayan 1,8 milyard insana xidmətdən gedir.

"NEQSOL Holding"-in tərkibinə daxil olan "AzerTelecom” “Rəqəmsal İpək Yolu” layihəsinin həyata keçirilməsinə və bununla bağlı koordinasiya işlərinə dəstək göstərmək məqsədilə “Azərbaycan Rəqəmsal Mərkəzi” adlı iddialı proqrama start verib. Bu proqramın əsas hədəfi daxili telekommunikasiya infrastrukturunun inkişaf etmiş ölkələrin standartlarına uyğunlaşdırılması, Azərbaycanın internetə çıxışda digər dövlətlərdən asılılığının aradan qaldırılmasıdır.

Beləliklə, Azərbaycan bu hədəflərə çatdıqdan sonra regionda internet satan əsas ölkəyə çevrilə bilər. Bu halda o, rəqəmsal xidməti idxal edən ölkədən ixrac edən ölkəyə çevriləcək.

Yeri gəlmişkən, iddialı “Rəqəmsal İpək Yolu” layihəsi çərçivəsində Azərbaycan, Qazaxıstan və Türkmənistanın iştirakı ilə Xəzər dənizinin dibi ilə keçəcək iki fiber-optik xəttin təməlqoyma mərasimi keçirilib. Yüksək məlumat ötürücülüyü qabiliyyətinə malik bu iki yeni fiber-optik kabel xətti Avropadan Azərbaycan vasitəsilə Türkmənistan, Özbəkistan, Əfqanıstan, Pakistan və Hindistana internetin çatdırılmasını təmin edəcək. Azərbaycanla Qazaxıstanı birləşdirəcək fiber-optik xəttin uzunluğu 380-400 kilometr, məlumat ötürmə qabiliyyəti saniyədə 4-6 terabit təşkil edəcək. Layihənin 2021-ci ilin sonunda işə düşəcəyi gözlənilir.

“Rəqəmsal İpək Yolu” layihəsi Gürcüstan üçün də böyük imkanlar açır. Tbilisinin bu layihədə iştirakı onu regional data mərkəzinə çevirə bilər. Üstəlik, bu, “Google”, “Amazon”, “Facebook” və “Netflix” kimi texnologiya nəhənglərinin Gürcüstana investiya qoymasına yol açacaq. Bununla yanaşı, ölkədə elektron kommunikasiya və verlişlərin translyasiyasına nəzarəti həyata keçirən Gürcüstan Milli Kommunikasiya Komissiyası 2019-cu ildə “NEQSOL Holding”in “Caucasus Online” şirkətinin səhmlərini alması prosesindən narazı qalıb. Qurum bildirir ki, “Caucasus Online” səhmdarının dəyişdirilməsi üçün ondan icazə almayıb, bununla da “Elektron Kommunikasiya haqda qanun”u pozub. Bu üzdən Gürcüstan Milli Kommunikasiya Komissiyası şirkətə maliyyə sanksiyaları da tətbiq edib, bir sıra tələblər də irəli sürüb: “Caucasus Online” şirkətinin səhmlərinin alqı-satqı qərarı ləğv olunmalı, əvvəlki status-kovo bərpa edilməlidir. Bu işlərin görülməsi üçün Gürcüstan Milli Kommunikasiya Komissiyası 2020-ci il oktyabrın 1-də şirkətə xüsusi menecer belə, təyin edib.

Qeyd edək ki, Gürcüstan parlamenti 2020-ci ilin iyulunda “Elektron Kommunikasiya haqda qanun”a düzəlişləri qəbul edib. Bundan sonra telekommunikasiya şirkətlərinə xüsusi menecerin təyin edilməsi hüququ Gürcüstan Milli Kommunikasiya Komissiyasına verilib. Bu sahə ilə bağlı qanunda dəyişiklik quruma Gürcüstanda fəaliyyət göstərən telekommunikasiya şirkətlərinə nəzarətlə bağlı qeyri-məhdud səlahiyyətlər verib. Doğrudur, bu düzəlişlər Gürcüstanda böyük etirazlara səbəb olub. Belə ki, qanun layihəsində təklif edilən normalar ölkə Konstitusiyası çərçivəsində müdafiə olunan mülkiyyət hüququna əsassız müdaxilə kimi xarakterizə edilir. Hətta Venesiya Komissiyası bu düzəlişləri tənqid edərək bildirib ki, xüsusi menecerlərə verilən səlahiyyətlər o qədər böyükdür ki, bu, səhmdarları şirkət daxilində qərarların verilməsi prosesində səs hüququndan belə, məhrum edir.

Gürcüstan Milli Kommunikasiya Komissiyası “NEQSOL Holding”in “Caucasus Online” şirkətinin səhmlərinin yerdə qalan 51% hissəsini əldə etməsindən sonra da guya “Elektron Kommunikasiya haqda qanun”un pozulduğu haqda narahatlığını ifadə edib. Amma “Caucasus Online”nın keçmiş sahibi “International Online Networks” Gürcüstan Apelyasiya Məhkəməsinə ikinci dəfə müraciət etdikdən sonra məhkəmə xüsusi menecerin səlahiyyətini dayandırıb. Apelyasiya Məhkəməsi xüsusi menecerlərin təyin edilməsinin qanuniliyinə əsaslandırılmış şübhə olduğuna qərar verib. Beləliklə, bu qərar “Caucasus Online” şirkətinin əldə edilməsi ilə bağlı prosesi uzadan və “Rəqəmsal İpək Yolu” layihəsinin həyata keçirilməsinə əngəl yaradan maneələrə son qoyub.

Bir sözlə, “NEQSOL Holding”in “Caucasus Online” şirkətini alması Azərbaycanla Gürcüstan arasında əməkdaşlığın növbəti parlaq nümunəsidir. Beynəlxalq ekspertlərin bu layihəni “Bakı-Tbilisi-Ceyhan kəmərinin rəqəmsal versiyası” adlandırması təsadüfi deyil. Qeyd edək ki, son onilliklərdə Azərbaycan, Gürcüstan və Türkiyə arasında əməkdaşlıq Bakı-Tbilisi-Ceyhan, Cənubi Qafqaz Kəməri və Bakı-Tbilisi-Qars kimi mühüm əhəmiyyət kəsb edən enerji və nəqliyyat layihələrinin həyata keçirilməsinə səbəb olub. Bu beynəlxalq layihələr Azərbaycanı həm Avropanın enerji təhlükəsizliyinin təminində əsas oyunçulardan birinə, həm də regional nəqliyyat qovşağına çevirib. Azərbaycan bu statusu qazandıqdan sonra isə rəqəmsal mərkəzə çevrilmək məqsədilə telekommunikasiya layihələri və proqramları ilə bağlı uğurlu işlər görür.

Beləliklə, Bakının Tbilisi ilə əməkdaşlığı genişləndirməsi və “NEQSOL Holding” şirkətinin “Caucasus Online”nı əldə etməsi Azərbaycanın regional rəqəmsal mərkəz kimi mövqeyini gücləndirəcək. “Rəqəmsal İpək Yolu” dövlətlərin birgə həyata keçirdiyi digər regional layihələr kimi, regional inkişafa və əməkdaşlığa mühüm töhfə verəcək.

(İngilis dilindən tərcümə - WorldMedia.Az)
Mənbə: Moderndiplomacy


Ana səhifəyə qayıt        Baxış: 4 683          Tarix: 4-06-2021, 15:41      

Xəbəri paylaş


Paylaş:   

Prizma