Xəbər lenti
 

Xatırlayırsınızsa, Prezident İlham Əliyev aprelin 20-də AzTV-yə verdiyi müsahibədə Zəngəzur dəhlizinin yaradılmasını Azərbaycanın “milli, tarixi və gələcək maraqlarının” təminatçısı olaraq qiymətləndirmiş, ya xoşluqla, ya da zorla bu haqqımızı alacağımızı bildirmişdi: “Biz öz maraqlarımızı təmin etmək üçün lazımi addımları atmalıyıq. Zəngəzur dəhlizinin yaradılması bizim milli, tarixi və gələcək maraqlarımıza tam cavab verir. Biz Zəngəzur dəhlizini icra edəcəyik, Ermənistan bunu istəsə də, istəməsə də. İstəsə, daha asan həll edəcəyik, istəməsə də zorla həll edəcəyik”.
 
Bir çox siyasilər ölkə başçısının bu sözlərini daxili auditoriyaya hesablanmış popilist çıxış adlandırır və bunun beynəlxalq münasibətlərdə Azərbaycanın zərərinə işləyəcəyini bildirirdilər. Halbuki, 1985–1990-cı illərdə Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutu kimi nüfuzlu ali məktəbin müəllimi olmuş İlham Əliyev xarici güc mərkəzlərinin maraqlarını yaxşı bilir və hətta 44 günlük müharibə zamanında populizm xətrinə olsa belə, beynəlxalq hüququn çərçivəsini aşan hər hansı addım atmamağa, kəlmə söyləməməyə diqqət etmişdi. Onun çıxışlarında dəfələrlə hərbi yolla alacağımız ərazilər arasında Şuşa, Kəlbəcər və s. kimi rayon və şəhərlərimizin adı çəkilsə də, bir dəfə də olsun Xankəndi, Ağdərə kimi ərazilərdən bəhs olunmamış, sadəcə Dağlıq Qarabağa hər hansı status verilməyəcəyi vurğulanmışdı. Çünki ATƏT-in Minsk qrupunun Madrid prinsiplərinə görə, həmin ərazilərdə I Qarabağ döyüşlərindən əvvəl zorla köçürülənlər geri qaytarılmalı, daha sonra bölgənin statusuna baxılmalıdır. Prezident İlham Əliyev də yəqin ki, Dağlıq Qarabağ məsələsində beynəlxalq gözləntilərin çərçivəsini müəyyənləşdirən bu prinsipi rəhbər tutaraq, gözlənilən məskunlaşmadan sonra status-kvonun Azərbaycan əhalisinin xeyrinə yekunlaşcağına inandığından həmin fikirləri dilə gətirmişdi.
 
Odur ki, ölkə başçısının Zəngəzur dəhlizini zorla alınması ilə bağlı dedikləri müəyyən suallara yol açır: Prezident bunu deyərkən hansı hüquqi sənədə və ya razılaşmalara əsaslanır?


 
Ovqat.com-un məlumatına görə, Azərbaycan rəsmilərinin hələ də məxfi saxladığı həmin sənədi Ermənistan mediası ictimailəşdirib. 
 
Üstəlik, bunu ictimailəşdirən hansısa “sarı mətbuat” yox, Paşinyan ailəsinə bağlılığı şübhə doğurmayan “Aykakan Jamanak" qəzetidir. Qəzetin iddiasına görə, Robert Koçaryanın prezidentliyi dövründə, konkret desək, 1999-cu ildə ATƏT-in Minsk qrupunun rəhbərliyi altında aparılan müzakirələrdə münaqişənin həlli ilə bağlı yekun razılığa gəlinib və Mehri rayonunun Azərbaycana verilməsi qərarlaşdırılıb. Koçaryanın 1998-ci ildə prezident kürsüsünə yüksəldiyini nəzərə alsaq, belə çıxır ki, əslində o, 1 ildən sonra beynəlxalq güc mərkəzlərinin təklif edəcəyi sənədlə əvvəlcədən razılaşdığına görə bu posta gətirilib. Bildirildiyinə görə, Ermənistanın sabiq prezidenti haqqında bəhs etdiyimiz bu razılıq sazişini 1999-cı ilin payızında Ermənistan Təhlükəsizlik Şurasının müzakirəsinə çıxarıb və o dövrün Baş naziri Vazgen Sarkisyanın və parlament sədri Karen Dəmirçyanın sərt və kobud etirazı ilə qarşılaşıb. 
 
Maraqlıdır ki, bu hadisənin üzərindən çox keçməmiş, 1999-cu ilin 27 oktyabrında Ermənistan parlamentinə silahlı basqın olur və layihəyə etiraz edən Vazgen Sarkisyanla Karen Dəmirçiyan və digər 4 rəsmi şəxs öldürülür. Bu terror aktının səbəbləri barədə irəli sürülən versiyaya görə, hadisə Qarabağ probleminin həllini istəməyən xarici xidmət orqanları (təbii ki, Rusiya) və yerli qüvvələr tərəfindən törədilib. Çünki 1999-cu ilin noyabr ayında İstanbulda ATƏT-in zirvə görüşü planlaşdırılmışdı və gözlənilirdi ki, orada Ermənistan və Azərbaycan rəhbərləri sözügedən sənədi imzalayacaqlar. Terror aktı də məhz bunun qarşısını almaq üçün bir neçə həftə əvvəl həyata keçirilmişdi.


 
Bəs, Ermənistanda böyük ajiotaja səbəb olan, faktiki hakimiyyət dəyişikliyi ilə nəticələnən həmin saziş layihəsində nə nəzərdə tutulurdu?
 
Qarabağ probleminin həlli üçün vasitəçilərin o vaxt hazırladıqları təkliflərindən biri də Mehri və Laçın dəhlizi ilə əlaqədar idi. Bu təklifə əsasən, Bakı İrəvana Dağlıq Qarabağı Ermənistana birləşdirən Laçın dəhlizi verir, əvəzində isə Naxçıvan Muxtar Respublikası ilə Azərbaycan arasında dəhlizə çevriləcək Mehri rayonunun bir hissəsini alırdı. Baş nazir Sarkisyan və spiker Dəmirçiyanla birlikdə Ermənistanın güc strukturları isə həmin təkliflə razılaşmaq istəmirdilər. Onların fikrincə, bu ərazi mübadiləsi nəticəsində Ermənistan İrana açılan həyati qapısını itirirdi.
 
Xatırladaq ki, həmin illərdə mərhum Heydər Əliyev də bu məsələni Azərbaycan parlamentinə çıxarmış, genişləndirilmiş sessiyada deputatlarla yanaşı, bir çox ziyalılarımız iştirak etmişdilər. Əksər ziyalılarımızın təklifə münasibəti birmənalı olmamışdı. Onlardan bəziləri təklifi Dağlıq Qarabağı ermənilərə vermək kimi qiymətləndirmiş və incə eyhamlarla buna qarşı çıxmışdılar. Ardınca, Azərbaycanın ovaxtkı Xarici İşlər naziri Tofiq Zülfüqarov və Azərbaycan Respublikasının Xarici Siyasət Məsələləri üzrə Dövlət Müşaviri Vəfa Qulizadə istefa vermişdi. Bu faktlar sübut edir ki, həmin illərdə tərəflər həqiqətən də Mehri-Laçın dəhlizi üzərində razılaşmışdılar.


 
Növbəti sual: Azərbaycan ziyalıları və diplomatik korpusun rəhbərləri həmin saziş layihəsinə niyə qarşı çıxırdılar? Axı Mehri dəhlizinin açılması həqiqətən də bizim ən ciddi qazancımız ola bilərdi.
 
Cavab çox sadədir: çünki 1990-cı illərin sonunda Amerikanın məşhur politoloqu Pol Qobl tərəfindən irəli sürülən ərazi mübadiləsi təklifində təkcə Mehri və Laçın dəhlizlərinin açılması nəzərdə tutulmurdu. İndiyədək ayrıntıları açıqlanmayan həmin təklifdə böyük ehtimalla Dağlıq Qarabağın ermənilərin xeyrinə statusunun müəyyənləşdirilməsi də vardı. 
 
3-cü sual: Bəs ömrünün uzun illərini SSRİ-nin ən yüksək vəzifələrində keçirmiş, siyasi manevrlər ustası kimi tanınan Heydər Əliyev niyə bu təklifi bəri başdan rədd etməmiş, ictimai müzakirəyə çıxarmışdı?
 
Zənnimizcə, bunun bir neçə səbəbi var. Bunlardan biri Azərbaycanın o zaman çox ağır vəziyyətdə olması, faktiki olaraq I Qarabağ müharibəsini uduzması və özünü toparlamaq üçün zamana ehtiyac duymasından qaynaqlanırdı. İstər ATƏT-in İstanbul sammiti ərəfəsində gündəmə gətirilən ərazi mübadiləsi təklifi, istərsə də ondan bir neçə il sonra aparılan Ki-Vest danışıqları çərçivəsində Heydər Əliyevin son ana qədər irəli sürülən sülh sazişi variantları ilə razılaşmış kimi özünü göstərməsi, son anda isə ictimai narazılığı əsas gətirib geri çəkilməsi rəsmi Bakının çarəsizlik üzündən atdığı riskli addımlar, manevrləri kimi qiymətləndirilə bilər. Sözsüz ki, bu sağa-sola manevrlərlə Heydər Əliyevin məqsədi həm neft müqavilələri bağlayaraq, həm Azərbaycanın beynəlxalq əhəmiyyətini artırmaq, həm də güclənərək dünyanın bir çox dövlətləri, o cümlədən Rusiya tərəfindən himayə olunan Ermənistanla döyüşə biləcək vəziyyətə gəlmək üçün vaxt qazanmaq idi. Heydər Əliyev yaxşı bilirdi ki, zaman Azərbaycanın xeyrinə işləyir və nəyin bahasına olursa olsun danışıqları uzatmaq lazımdır. 
 
Azərbaycanı daha qüdrətli vəziyyətə gətirmək üçün isə yürüdüləcək başlıca siyasətlərdən biri də Ermənistanı blokada vəziyyətinə salmaq və iqtisadi cəhətdən zəiflətmək ola bilərdi. Rəsmi Bakının son 27 illik siyasətində bu amil başlıca yer tuturdu və əslində 1999-cu ildə tərəflərə təqdim olunan təklif də Azərbaycanın bu strategiyasına tam cavab verirdi. Belə ki, Mehri dəhlizi açılsaydı, Ermənistanın İrana qapısı da bağlanacaq, beləcə düşmən dövlət 3 tərəfli mühasirəyə düşəcəkdi. Onun dünyaya açılan yeganə qapısı kimi Gürcüstanla nəqliyyat əlaqəsi qalacaqdı ki, iqtisaddiyyatı Azərbaycanın neft tranzitindən asılı vəziyyətə gətirilən Tbilisinin saqqızını oğurlamaq da rəsmi Bakı üçün çətin olmayacaqdı.


 
Ən əsası isə, Heydər Əliyevin əlində vəziyyətdən son çıxış yolu vardı: referendum keçirib xalqın rəyini yoxlamaq. Əlbəttə, Azərbaycan xalqı Dağlıq Qarabağa hər hansı təhlükəli status verilməsi ilə razılaşmazdı və rəsmi Bakı bunun ilk təzahürlərini təkliflərin müzakirəsi zamanı göstərmişdi. 
 
Üstəlik, 1996-cı ildə keçirilən ATƏT-in Lissabon sammiti Dağlıq Qarabağ probleminin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həllini nəzərdə tuturdu ki, bu da rəsmi Bakının əlini gücləndirirdi. Heydər Əliyev təhlükəli vəziyyətin yarandığı hiss edən kimi, Lissabon sammitinin prinsiplərini əsas gətirib danışıqları yenidən sıfır nöqtəsinə qaytara bilərdi. Necə ki, İstanbul sammitindən 2 sonra keçirilən Ki-Uest danışıqlarında məhz bunu etmişdi.
 
Zənnimizcə, Heydər Əliyevin 1999-cu ildə ATƏT-in Minsk qrupunun irəli sürdüyü təkliflə razılaşmasının digər səbəbləri arasında Ermənistanın məhz blokadaya düşmək ehtimalını nəzərə alıb bundan imtina edəcəyini bilməsi də önəmli rol oynamışdı. Çünki İrəvan bir Qarabağ qarşılığında tamamilə təcrid olunmasını gözə ala bilməzdi və həmin təklifi istər-istəməz geri çevirəcəkdi. Axı ərazi mübadiləsi təklifini qəbul etməklə Ermənistan İranla 35 km-lik sərhəddini güzəştə getməli idi ki, bu da İrəvan üçün ölüm-qalım məsələsinə çevrilmişdi, indi də elədir. 
 


O zaman danışıqlar prosesini niyə Azərbaycan tərəfi pozub həmin dövrdə ermənilərin arqumentini gücləndirməli idi? Nəzərə alsaq ki ermənilər həmin dövrdə həm də güclü bənd idi və Rusiya tərəfindən dəstəklənirdi, Azərbaycan isə hələ ordu quruculuğunu tamamlamamışdı, belə bir vəziyyətdə rəsmi Bakının təkliflərdən imtinası ciddi itkilərlə nəticələnə bilərdi.
 
1999-cı ildə İstanbul sammiti ərəfəsində müzakirəyə çıxarılan təkliflərin Ermənistanda yaratdığı çaxnaşmalar və parlament qiyamının baş verməsi Heydər Əliyevin yanılmadığını göstərdi. Təsadüfi deyil ki, o zaman həmin təklifi həyata keçirmək üçün hakimiyyətə gətirilən Robert Koçaryan belə, 22 il əvvəl razılaşdığı ssenarini indi danmağa üstünlük verir. Hətta elə bir təklifin ümumiyyətlə müzakirə olunmadığını iddia edərək tarixi yalan danışır. Bununla da beynəlxalq birliyin tələblərinə arxa çevirərək əslində oturmaq istədiyi budağı kəsir, rəqibi Paşinyanın mövqeyini gücləndirir. 
 
Ötən gün Robert Koçaryan paytaxt İrəvanın Erebuni rayonunun seçiciləri ilə görüşündə 1999-cı illərdə Mehri rayonunun Bakıya verilməsi məsələsinin müzakirə olunduğunu inkar edərək deyib: “Mən prezidentliyim dövrdə 3 təklif vardı: biri ümumi dövlət ideyası, ikincisi, Ki-Vestdə gedən proseslərlə bağlı idi ki, Heydər Əliyev son anda müqaviləni imzalamaqdan imtina etmişdi. Üçüncüsü isə Madrid prinsipləri idi. Başqa heç bir rəsmi təklif olmayıb".
 
Onun iddiasına görə, Mehri variantı Heydər Əliyev tərəfindən irəli sürülmüşdü və rəsmən müzakirə masasına gətirilməmişdi: “Çünki Ermənistan tərəfinin cavabı bəlli idi – İrəvan İranla sərhədi itirə bilməz”.
 


Koçaryanın iddiasının əksinə olaraq, “Aykakan Jamanak" qəzeti 1999-cu ildə ATƏT-in İstanbul sammitində imzalanacağı gözlənilən və o dövrün Ermənistan prezidentinin də razılaşdığı bildirilən sənəd layihəsinin tam mətnini yayıb.
 
Layihənin ilk 5 bəndində deyilir:
 
“Azərbaycan Respublikası və Ermənistan Respublikası öz aralarında mövcud olan münaqişəni daimi əsasda həll etmək, habelə müstəqil milli inkişaf və sülh, sabitlik üçün lazımi şərait yaratmaq və öz xalqlarının və öz regionunun rifahını təmin etmək məqsədi ilə aşağıdakı razılığa gəlmişlər:
 
Maddə 1
 
Bu Saziş qüvvəyə mindikdən sonra keçmiş Dağlıq Qarabağ muxtar vilayətinin ərazisi, Şuşa rayonu və Laçın rayonu (1988-ci il A əlavəsinə əsasən) Ermənistan Respublikasına verilir. Bu Saziş qüvvəyə mindikdən sonra Mehri rayonu (1988-ci ildə A əlavəsinə əsasən) Azərbaycan Respublikasına verilir.
 
Maddə 2
 
 
Ağdam, Füzuli, Cəbrayıl, Qubadlı, Zəngilan, Kəlbəcər, Qazaxın və Şaumyanın işğal olunmuş əraziləri (1988-ci il mövcud sərhədlərə A əlavəsində göstərildiyi kimi) dərhal Azərbaycan Respublikasının siyasi və inzibati nəzarətinə verilir.
 
Maddə 3
 
Bu Saziş qüvvəyə mindikdən sonra istənilən dövlətin bütün qeyri-ətraf əraziləri (anklavlar) onları əhatə edən dövlətə verilir:
 
Maddə 4
 
Bu Saziş qüvvəyə mindikdən dərhal sonra Ermənistan işğal olunmuş Azərbaycan ərazilərinin hamısından, o cümlədən Ağdam, Füzuli, Cəbrayıl, Qubadlı, Şaumyan, Kəlbəcər, Zəngilan və Qazax ərazilərindən öz Silahlı Qüvvələrini çıxarmağa başlayır.
 
Maddə 5
 
Bu Saziş qüvvəyə mindikdən dərhal sonra Mehri rayonu əhalisinin və hazırda Ağdam, Füzuli, Cəbrayıl, Qubadlı, Zəngilan, Kəlbəcər və Şaumyan rayonlarında yaşayan ermənilərin Ermənistan Respublikası ərazisinə təhlükəsiz və könüllü köçürülməsi başlanır. Hər bir dövlət yaşayış məntəqələrinin və digər infrastrukturların sökülməsinin, zədələnməsinin və ya dağılmasının qarşısını almaq məqsədi ilə təhvil verilən rayonlarda müdafiəsini təmin etməlidir”.


 
Nəticə
 
1999-cı ildə hazırlanan bu təkliflə 2020-ci ilin 10 noyabrında imzalanan “Üçtərəfli Bəyanat”ın müvafiq maddələrinə nəzər salanda bir sıra müddəaların eynilə saxlanıldığı görülür. Dəyişilən müddəalar isə bunlardır: Dağlıq Qarabağın Ermənistana verilməsi artıq müzakirə mövzusu deyil və onun statusu barədə də hər hansı fikir bildirilmir. Prezidentin sözlərinə inansaq, artıq bu məsələ “cəhənnəmə vasil olub”. Çünki 2011-ci ildə keçirilən Qazan sammitində Azərbaycan Dağlıq Qarabağa hər hansı status verməyəcəyini bəyan edib və sonrakı danışıqlar da bu çərçivədə yürüdülüb.
 
Dəyişdirilən digər müddəa isə Laçının və Şuşanın müqəddaratı ilə bağlıdır. 1999-ci ildə hazırlanan sülh sazişi layihəsində hər iki rayon Ermənistana verilirdisə, 2020-ci il Bəyanatında bu ərazilər tamamilə Azərbaycana qaytarılır və rəsmi Bakı ermənilərə sadəcə Laçından 5 km-lik nəfəslik dəhlizi verir. Bu da əslində 2020-ci il Bəyanatından 11 əvvəl – 2009-cu ildə keçirilən Madrid sammitində həmsədrlər tərəfindən İrəvanın üzərinə öhdəlik kimi qoyulub.
 
1999-cı ildən bu günə qədər keçən 22 illik tarixin analizi göstərir ki, Azərbaycan Dağlıq Qarabağ müzakirələrində olduqca çətin diplomatik savaş vermiş və sonunda diplomatik masada üstünlüyü ələ keçirərək vəziyyəti öz xeyrinə dəyişə bilmişdi. Bu müddət ərzində həm öz ordusunu gücləndirmiş, həm Azərbaycanın ərazi bütövlüyünü beynəlxalq güc mərkəzlərinin prioritet məsələsinə çevirməyi bacarmış, həm də düşmən dövləti dünyadan təcrid vəziyyətinə salaraq zəiflətmişdir. Bütün bu imkanlardan istifadə edərək 2020-ci ilin payızında düşmənə ilk sarsıdıcı zərbəni vurmuşdur
 
Sözsüz ki, vəziyyətin bu cür formalaşmasında ermənilərin siyasi səhvləri və himayədarlarına hədsiz güvəncləri də önəmli rol oynamışdır. Rusiya onların bu güvəncindən istifadə edib zaman-zaman erməniləri beynəlxalq güc mərkəzlərinin Azərbaycanla bağlı layihələrinə qarşı qısqırtmış, nəticədə Ermənistanın cəzalandırılması qlobal zərurətə çevrilmişdir. Nəticədə bir zamanlar Azərbaycanın ən çətin şərtləri ilə razılaşmayan İrəvan indi Paşinyanın təbirilə desək, “ağrılı güzəştlərə” getməlidir, ya da öz hikkəsinin bədəli ödəməlidir. Zəngəzur dəhlizi də bu qudurğanlığın başlıca bədəllərindən biri kimi ortaya çıxır və Ermənistan istəsə də, istəməsə də dünyaya inteqrasiya olunmaq naminə bu ağır şərtləri qəbul etməlidir. Hər halda Qərblə Şərq arasında “dəmir pərdə” yaratmaq nə İrəvanın, nə də onun himayədarlarının bacaracağı iş deyil və ola da bilməz.
 
Heydər Oğuz,
Ovqat.com


Ana səhifəyə qayıt        Baxış: 7 921          Tarix: 6-06-2021, 12:37      

Xəbəri paylaş


Paylaş:   

Prizma