Xəbər lenti

 
Təkcə Ağdama 97 min mina basdırılıb. Bu xəbəri eşidəndən özümə gələ bilmirəm. Məsələ burasındadır ki, eyni qaydada və bəlkə sıx minalama hadisəsi digər işğal olunmuş ərazilərdə də aparılıb. Məhz bu səbəbdən istər ermənilər, istərsə də ruslar Ohanyan səddinin keçilməz olduğuna inanıblar.
 
44 günlük müharibənin ilk günlərində Azərbaycan əsgərləri qarşılarında sıx şəkildə basdırılmış minaların olduğunu anladıqları halda hücuma keçib və xeyli sayda itki verib. Gözləri qarşısında əsgər yoldaşlarının minaya düşdüyünü görə-görə və özlərini də eyni taleyin gözlədiyini bilə-bilə bu cəsarəti göstərmək, özünü vətən uğrunda fəda etmək hər xalqa nəsib olmayan igidlikdir.
 
Biz II Dünya savaşında öz komandirini və əsgər yoldaşlarını qorumaq məqsədilə qabağa atılaraq düşmənin 13 avtomatçısını və 1 minamyot heyətini məhv edən, axırda, mərmisi bitdiyi üçün sinəsini pulemyot qarşısına verərək alman faşistlərinin son atəş nöqtəsini susduran Qafur Məmmədovun igidliyi barədə məktəb illərində çox hekayələr oxumuşuq. Onu da bilirik ki, Qafur Məmmədov bu fədaklığına görə, SSRİ-nin ən ali hərbi mükafatına - Sovet İttifaqı Qəhrəmanı adına layiq görülüb. 44 günlük müharibədə Ohanyan səddini öz canları hesabına keçən minlərlə Azərbaycan əsgərinin hər biri eynilə Qafur Məmmədovun bu qəhrəmanlığını təkrarlayıb. Onların hamısı cəbhə xəttinin keçilməsi üçün ölümə getdiklərini bilib və tərəddüd etmədən, bəzi kadrlardan da göründüyü kimi nəğmələr oxuya-oxuya bu addımı atıblar. Bu mənada təkcə şəhidlərimiz yox, 44 günlük müharibədə iştirak edən hər bir Azərbaycan əsgəri Sovet İttifaqı Qəhrəmanı adına layiq görülənlərlə eyni stutusu daşımalıdırlar. Bir çoxlarının bu döyüşdən sağ çıxması Allahın bu xalqa və onun igidlərinə bəxş etdiyi ömür mükafatıdır və əsgərlərimizin şəhadət şərbətini içmək istəməməsindən qaynaqlanmır. Bu mənada mənim nəzərimcə, Ohanyan səddini sağ keçməyi bacaran hər bir əsgər diri şəhiddir. 


Sovet İttifaqı Qəhrəmanı Qafur Məmmədov
 
Təsadüfi deyil ki, 44 günlük müharibədə qəhrəmanlıq salnaməsi yazan əsgərlərimizin bu qüdrəti dünyanın ən güclü orduları tərəfindən etiraf olunur və II Qarabağ döyüşü bir çox hərbi institutlar tərəfindən öyrənilir. Burada söhbət təkcə silahlı dronların ən müasir rus silahlarını necə ram etməsindən də getmir. Şuşa kimi çətin hədəfin əliyalın əsgərlərimiz tərəfindən qısa müddət ərzində ram edilməsi bir çox mütəxəssislər tərəfindən hərbi möcuzə kimi qiymətləndirilir. Bu şücaət II Qarabağ döyüşünün yalnız hərbi texnikalarla qazanılmadığının ən bariz örnəyidir. Nə yazıq ki, bəlkə də Şuşadan daha artıq qəhrəmanlıq və fədakarlıq tələb edən Ohanyan səddinin aşılması nə öz ictimaiyyətimiz, nə də dünya tərəfindən çox bilinir. Azərbaycan yazarları bu məsələyə ciddi diqqət ayırmalı, fədakar əsgərlərimizin qəhrəmanlığını əks etdirən filmlər çəkilib dünyaya tanıdılmalıdır. Özü də bu filmlər yerli kinematoqraflarımız tərəfindən yox, dünyanın Hollivud kimi məşhur studiyaları tərəfindən çəkilməlidir. Məncə, Azərbaycanın öz tarixi zəfərini əbədiləşdirmək üçün bu cür filmin çəkilişinə maddi imkanları çatar. Dövlətimizə bu müqəddəs işin ərsəyə gəlməsində biz iş adamları da bacardığımız maddi dəstəyi verə bilərik.


 
Azərbaycanın müasir Qafur Məmmədovlarının 44 günlük savaşda qazandıqları uğurlar mənə böyük Türk komandanı Atatürkün Çanaqqala döyüşü zamanı əsgərlərinə söylədiyi bir nitqini xatırladır:Mən sizə hücum etməyinizi əmr etmirəm. Mən sizə ölməyi əmr edirəm. Biz ölənə qədər keçən müddət ərzində başqa qüvvələr və digər komandirlər yerimizi ala biləcəklər”.
 
Böyük Atatürkün 25 Aprel 1915-ci ildə əsgərlərinə verdiyi bu əmr nəticəsində Türkiyə ordusu dünyanın ən böyük hərbi donanmaları üzərində misilsiz qələbə qazandı. Və bu qələbə üçün özünün 235 min əsgərini şəhid verdi. Müqayisə üçün qeyd edim ki, Azərbaycan ordusunun 126 min əsgəri var. Deməli, Türkiyə təkcə Çanaqqala döyüşündə iki Azərbaycan ordusu qədər itki verib. 44 günlük müharibədə Ohanyan səddinin keçilməsi də Atatürkün həmin əmrinin təkrarı idi və bu, Azərbaycan Ali Baş Komandanı İlham Əliyev tərəfindən verilmişdi.


 
Məncə, bu faktın özü Cənab Prezidentimizin 44 günlük savaşda göstərdiyi cəngavərlik şücaətini görmək istəməyənlərə verilmiş ən gözəl cavabdır.
 
Mürvət Həsənli,
İş adamı
 


Ana səhifəyə qayıt        Baxış: 5 742          Tarix: 14-06-2021, 10:25      

Xəbəri paylaş


Paylaş:   

Prizma