Xəbər lenti
Dünən, 22:50
Dünən, 21:23
Dünən, 20:40
Dünən, 12:41
Dünən, 11:56
Dünən, 09:42
24-11-2024, 23:30
24-11-2024, 22:24
24-11-2024, 21:36
24-11-2024, 20:30
24-11-2024, 19:40
24-11-2024, 18:55
24-11-2024, 18:39
24-11-2024, 17:54
24-11-2024, 15:58
24-11-2024, 14:34
Şəhla Cəlilzadə
Bildiyimiz kimi SSRİ mərkəzi hakimiyyəti tərəfindən verilən qərarla 7 iyul 1923-cü il tarixində Dağlıq Qarabağ Muxtar Vilayəti (DQMV) yaradılana qədər Qarabağın dağlıq və aran hissəsi vahid bir bütünün parçası idi. 1923-cü ildən sonra isə Qarabağın dağlıq hissəsinə dair yeni bir reallıq ortaya çıxdı. Bu reallıq 2 sentyabr 1991-ci il tarixində DQMV, həmçinin Azərbaycanın Şaumyan (indiki Goranboy) rayonu ərazisində qondarma “Dağlıq Qarabağ Respublikası” elan olunana kimi davam etdi. Ermənistan işğalçılıq siyasəti nəticəsində “DQR” 1991-1994-cü illərdə Azərbaycanın ətraf 7 rayonunu da işğal edərək öz “sərhədlərinə” daxil etdi (Goranboyu isə işğal edə bilmədi). Nə “DQR”, nə də onun “sərhədləri” bu gün heç bir dünya dövləti tərəfindən tanınmır.
Ümumiyyətlə Dağlıq Qarabağ münaqişəsi 1987-ci ildən etibarən ermənilərin uydurduğu “iqtisadi diskriminasiya” narrativi ətrafında şəkillənməyə başlamışdı. Lakin “DQR” yaranana kimi mövcud olan Dağlıq Qarabağ Muxtar Vilayəti ciddi şəkildə Azərbaycan iqtisadiyyatına bağlı olmuşdur. Ümumiyyətlə Sovet dövründə DQMV-də yaşayış səviyyəsi bütün Azərbaycanın orta yaşayış səviyyəsi ilə müqayisədə daha üstün olmuşdur. Məsələn, 1965-1987-ci illərdə Azərbaycan SSRİ-nin regionlarında iqtisadi və sosial inkişaf göstəriciləri müqayisə edildiyi zaman aydın olur ki, respublika üzrə hər 10 min nəfərdən sənayedə çalışanların sayı 686, Naxçıvan MSSR-də 387 idisə, DQMV-də bu rəqəm 657 idi. 1972-ci ildə DQMV Azərbaycan SSR sənaye istehsalının 2,3%-ni təmin edirdi. 1971-1986-cı illər ərazində DQMV-nin sənaye istehsalı 3 dəfədən çox artmışdı. Bütün respublika üzrə bu artım isə 3 dəfə idi. Həmin illərdə DQMV-də sənaye istehsalı ilə məşğul olan 15 yeni təsis istifadəyə verilmişdi. Bundan əlavə, adam başına düşən kənd təsərrüfatı məhsullarına görə də DQMV öndə idi. DQMV Azərbaycan SSR-in 5,1% ərazisini əhatə etsə də, 70-ci illərin əvvəlində ölkədə istehsal olunan ümumi kənd təsərrüfatı məhsullarının 6%-ni təmin edirdi. Burda xüsusilə üzümçülük və şərabçılıq inkişaf etmişdi. Təbii ki, bu iqtisadi göstəricilərin əldə olunmasında DQMV-nin Azərbaycan SSR-in digər rayonları ilə qarşılıqlı əlaqələrinin böyük rolu olmuşdur.
Ümumiyyətlə dövlətin yaratdığı şəraitin nəticəsi idi ki, DQMV aqrar-sənaye mərkəzinə çevrilməkdə, ətrafındakı rayonlar isə onun xammal bazası rolunu oynamaqda idi. Sosial sahədə həyat şəraitinin müqayisəsi üçün deyək ki, Ermənistan SSR-də hər 10 min nəfər üçün düşən xəstəxana çarpayısı sayı 86,2, Azərbaycan SSR-də 97,7, DQMV-də isə 101,7 idi. Həmçinin SSRİ, Ermənistan SSR və Azərbaycan SSR ortalaması ilə müqayisədə burda kitabxanalar, klublar, kinoteatrların sayı da 3-4 dəfə daha çox idi. DQMV-yə Azərbaycan SSR mərkəzi höküməti tərəfindən kapital yatırımları da edilirdi. Məsələn, 1968-1979-cu illərdə hər il 24-26 milyon rubl dəyərində kapital yatırımı edilmişdi (1971-ci il SSRİ rəsmi məzənnəsinə görə 1 dollar 0,82 rubl, 1978-ci il məzənnəsinə görə isə 0,69 rubl dəyərində idi). Bu yardım hesabına Mardakert (Ağdərə) rayonu ərazisində Tərtər çayı üzərində Sərsəng su anbarı inşa olunmuşdu (əlavə qeyd edim ki, məhz Azərbaycanın maddi vəsaiti hesabına inşa olunan bu su anbarının önü I Dağlıq Qarabağ müharibəsi sonrası ermənilər tərəfindən kəsilmiş, bu, Tərtər çayının qurumasına və ətraf bölgələrdə su probleminin yaranmasına səbəb olmuşdu). Azərbaycanda ermənilərə olan münasibəti təsvir etmək üçün əlavə edim ki, ölkədəki bütün ali təhsil müəssisələri və texnikumlarda təhsil alan tələbələrin 20,5%-ni DQMV erməniləri təşkil edirdi. Ermənilər yüksək dövlət vəzifələrində də təmsil olunurdular. Beləliklə Azərbaycan SSR dövründə ermənilərə qarşı ölkədə hər-hansı ayrı-seçkilikdən vəya diskriminasiyadan söz gedə bilməzdi. Bununla belə onlar dəfələrdə imkan yaranan kimi (1945, 1965, 1977 və 1988-ci illərdə) DQMV-nin Ermənistana birləşdirilməsi məsələsini ortaya atırdılar. Məsələn, 1945-ci ildə bu məsələ ilk dəfə gündəmə gələrkən Azərbaycan tərəfi Dağlıq Qarabağın (Şuşa istisna) Ermənistana birləşdirilməsinin əvəzində Ermənistanda əksəriyyətini Azərbaycanlıların təşkil etdiyi Vedi (indiki Ararat oblastı ərazisində yerləşir), Qarabağlar (1951-ci ildə ləğv edilərək Vedi rayonu ərazisinə qatılmışdır) və Əzizbəyov (1990-1995-ci illərdə Vayk rayonu adlanmış, hazırda Vayots Dzor oblastı ərazisində yerləşir) rayonlarını Azərbaycan SSR-ə birləşdirməyi təklif etmişdi. Təbii ki, bu erməniləri qane etmirdi və bir müddət sonra məsələ gündəmdən düşmüşdü. Təsadüfi deyil ki, bundan sonra 1948-1953-cü illərdə Ermənistanda yaşayan azərbaycanlılar ilk kütləvi deportasiyaya məruz qalmışdılar. Lakin ermənilərin bütün ərazi iddialarına və Azərbaycana qarşı fəaliyyətlərinə baxmayaraq burdakı ermənilər 1987-1988-ci illərin hadisələrinədək (1987-ci ilin noyabrında Ermənistanın Qafan rayonunda azərbaycanlılara qarşı, 1988-ci ilin fevralında Azərbaycanın Sumqayıt şəhərində ermənilərə qarşı baş verən qırğınlar) nəinki deportasiya olunmamış, həmçinin hər hansı ayrı-seçkiliyə məruz qalmamışdılar.
Maraqlıdır ki, daha yaxşı həyat şəraitinə iddialı olan ermənilər 1991-ci ildə birtərəfli şəkildə “müstəqilliklərini” elan etsələr də, arzuladıqları həyat şəraitini əldə edə bilmədilər. Dünyada kasıblıq və aclıqla bağlı araşdırmalar edən Borgen Projectin 2019-cu il üçün hesabatına görə Dağlıq Qarabağ “Respublikası”nda əhalinin 21,6%-i günlük 2,4 dollar gəlir ilə ölçülən milli kasıblıq səviyyəsinin altında, əhalinin 6,1%-i isə günlük 1,6 dollar ilə ölçülən ekstrim kasıb şəraitdə yaşayırlar. Xüsusilə Azərbaycandan gedən qaçqınların yaşadığı bölgələrdə insanlar daha kasıbdırlar.
Heç bir dünya dövləti (hətta Ermənistan) tərəfindən rəsmi olaraq tanınmadığı üçün “DQR” bu dövlətlərlə iqtisadi əlaqələr də qura bilmir. Burda istehsal olunan məhsullar “Made in Armenia” ştampı ilə ixrac olunur. Ölkəyə xarici yatırımlar var, lakin bunlar qeyri-leqaldır. Bu isə yatırımların gələcəyini qeyri-müəyyən edir. Məsələn, Azərbaycan tərəfindən Avropa Şurası Parlament Assambleyasına 2007-ci ildə göndərilən rəsmi sorğuda (Doc. 11145-23 yanvar 2007) qeyd olunur ki, Azərbaycanın işğal olunmuş torpaqlarında (yəni “DQR”-də) ABŞ, Kanada, Fransa, Almaniya, Birləşmiş Krallıq, Rusiya, Portuqaliya, İsveçrə, Avstraliya, Argentina, Livan, Niderland, Yunanıstan, Kipr, Macarıstan və bir sıra MDB ölkələrinə aid ümumilikdə 69 xarici şirkət rəsmi Bakıdan heç bir icazə almadan, qeyri-qanuni şəkildə fəaliyyət göstərir. Bu şirkətlər xüsusilə qızıl və digər dəyərli metal və mineralların, həmçinin meşə və digər təbii sərvətlərlərin istismarı ilə məşğul olurlar. Müraciətdə qeyd edilir ki, Azərbaycanın işğal olunmuş torpaqlarının 35%-i xarici şirkətlərə 20 illik müddətlə lizinqə verilmişdir. Təəssüf ki, bu şirkətlərin aid olduğu dövlətlərdən bəziləri Minsk qrupunda yer alır (ABŞ, Fransa, Rusiya (3 həmsədr) və digər üzvlərdən Almaniya, Niderland, Portuqaliya). Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyev 2020-ci ilin yekunların dair videoformatda keçirilən müşavirədə qeyd etmişdir ki, Azərbaycanın işğal olunmuş torpaqlarında qeyri-qanuni fəaliyyət ilə məşğul olmuş şirkətlər hüquqi məsuliyyətə cəlb olunacaqlar. Prezident həmçinin bildirmişdir ki, həmin şirkətlər Azərbaycana vurduqları ziyanı ödəsələr, beynəlxalq məhkəməyə verilməyə də bilərlər. Beləliklə, ehtimal edə bilərik ki, qarşıdakı illərdə “DQR”-də fəaliyyət göstərən xarici şirkətlərin nəinki yatırımları batacaq, həmçinin onlar külli miqdarda ziyan çəkəcəklər.
2014-cü ildə “DQR”-dəki ümumi xarici yatırımların 58,6%-i Rusiyaya aid olmuş və beləliklə Rusiya burdakı ən böyük investora çevrilmişdir. Bu, xüsusilə Rusiya erməniləri ilə bağlıdır. Həmçinin 2015-ci ildə bura 17 min xarici turist gəlmişdir ki, onların da əksəriyyətini Rusiyadan gələnlər, xüsusilə erməni əsilli Rusiya vətəndaşları təşkil etmişdir.
Ən son (2019) statistikaya görə, “DQR”-in ÜDM-i 713 milyon dollar olmuşdur ki, bu göstərici hətta Karib və digər Sakit okean adalarının ÜDM göstəricilərindən də aşağıdır. Şişirdilmiş rəqəm də olsa 2019-cu ildə burada 148 minə yaxın insan yaşadığı qeyd olunur. 2017-ci il üçün adam başına illik ÜDM göstəricisi 3,8 min dollar olmuşdur.
Feliks Tsertsvadze (2005) “DQR” əhalisinin 123 min civarı olduğunu qeyd edir. Üstəlik yazar digər dünya ölkələrində yaşayan ermənilərin sayını (məsələn, ABŞ-da 650 min, Fransada 250 min, İranda 200 min, Livanda 150 min, Suriyada 120 min, Rusiyada 532 min, Gürcüstanda 437 min, vs.) misal göstərərək həmin ölkələrdə ermənilərin niyə özlərinə dövlət qurmadıqlarına, yalnız Azərbaycana qarşı ərazi iddiaları etdiklərinə dair ritorik sual verir. Axı, ermənilər uzun müddət kompakt şəkildə yaşadığı başqa ölkə torpaqlarını mənimsəməyi adət etmişlər. Məsələn, Osmanlı-Rusiya müharibələri ardından Krımdan (Osmanlıdan) köç edən bir neçə on min erməni 1779-cu ildə Rusiyada məskunlaşdığı ərazidə arxiyepiskop İosifin ideyası əsasında “Naxiçevan-na-Donu” adlı şəhər qurmuş, burada mərkəzi hökümət tərəfindən torpaq, vergi güzəştləri, müxtəlif üstünlüklər əldə etdikdən sonra özlərinə muxtariyyət tələb etmiş, lakin Çar Rusiyası onlara muxtariyyət üçün izn verməmiş, daha sonra bu ərazi Rostov-na-Donuna birləşdirilmişdir.
Beləliklə, ermənilərin yad ölkə torpaqlarını mənimsəmə və orada “dövlət” qurma adəti Azərbaycan torpaqları üzərində davam etsə də, onlar bu istəklərini doğru-düzgün şəkildə həyata keçirə bilməmişlər. Qurduqları “Respublika” indiyədək əsas olaraq xarici yardımlar hesabına ayaqda qalmağı bacarıb. Bir sıra böyük dövlətlər, həmçinin ABŞ “DQR”-in əsas sponsorlarından və maddi dəstəkçilərindən olmuşdur. 1998-i ildən bəri hər il ABŞ-dan bura önəmli miqdar xarici yardım ayrılır. Bu yardım humanitar məqsədlər üçün, xüsusilə infrastruktur, kənd təsərrüfatı və tibbi layihələrə xərclənir. Xarici investorlar isə sadəcə bölgənin təbii zənginliklərinin istismarı ilə məşğul olmuş, insanların həyat şəraitinin yüksəlməsinə hər hansı töhfə verməmişdir. Halbuki, Azərbaycan tərkibində ikən Dağlıq Qarabağın erməni əhalisi çox daha üstün şəraitdə yaşamışdır.
2020-ci ilin 27 sentyabr-9 noyabr tarixlərində davam edən 44 günlük II Dağlıq Qarabağ müharibəsi sonrası Azərbaycan uzun illər erməni işğalında olan 7 rayonu və Dağlıq Qarabağın bir hissəsini azad etməyi bacardı. Qondarma “DQR” hüquqi olaraq dünya xəritəsində mövcud olmadığı kimi, artıq fiziki olaraq da mövcud deyil. Dağlıq Qarabağ və ətraf rayonlar tamamilə yeni reallıqla qarşı-qarşıyadır. Bu yeni reallıq bölgənin sıfırdan bərpası, restavrasiyası, burada müasir sənaye müəssisələri və digər sosial-iqtisadi əhəmiyyətli təsislərin qurulması, bölgənin Azərbaycanın ən inkişaf etmiş regionlarından birinə çevrilməsini nəzərdə tutur. Dağlıq Qarabağın Rusiya sülhməramlılarının nəzarəti altında (faktiki Azərbaycanın nəzarətindən kənar) qalan hissəsində yaşayan ermənilər Azərbaycan hakimiyyətini qəbul edərək burada yaradılacaq şəraitdən faydalana bilərlər. Ermənilər Azərbaycanla müharibə etməyin deyil, iqtisadi əməkdaşlıq etməyin onlara daha faydalı olduğunu anlamalıdırlar. Bunu anlayacaqları gün, həm Dağlıq Qarabağ ermənilərinin, həm də Ermənistanın iqtisadi vəziyyəti və insanlarının həyat şəraiti də yaxşılaşacaqdır. Hələ I Dağlıq Qarabağ müharibəsi zamanı ilk dəfə Azərbaycanın keçmiş prezidenti Əbülfəz Elçibəy ermənilərin törətdiyi bütün qətliamlara (Xocalı soyqırımı, vs.) baxmayaraq Azərbaycandan qərbə istiqamətlənəcək yeni enerji xətlərinin Ermənistan ərazisindən keçməsini təklif (1992) etmişdi. Onun belə bir ifadəsi vardı: “Ermənistanla Azərbaycan böyük Sovet həbsxanasının ayrı-ayrı hücrələrində məhbus olan iki insan kimidir. Biz azad olduq, Rusiyadan özümüzü qopardıq. Ermənistan Rusiya vassallığında qalmağa davam etdiyi müddətcə Qafqazda həqiqi sülh ola bilməz”. Ermənistan vaxtında işğalı dayandırıb Elçibəyin təklifini qəbul etsəydi, bu gün Bakı-Tiflis-Ceyhan, Bakı-Tiflis-Erzurum, Bakı-Tiflis-Qars xətlərinin yerinə İrəvandan keçən neft, qaz, dəmir yolu və digər xəttlər ola bilərdi.
Hazırda ermənilərin özlərinin qeyd etdiyi kimi, Ermənistan iqtisadiyyatı iflic vəziyyətdədir. 2020-ci ilin sonunda Ermənistana birbaşa xarici yatırım miqdarı sıfıra enmişdir. 2020-ci ilin yanvar-sentyabr ayları ərzində ölkəyə daxil olan xarici investisiya həcmi sadəcə 630 min dollar olmuşdur. Öncəki ilin eyni dövrü üçün isə bu rəqəm 80 milyon dollar idi.
Bu gün yaşanan bütün qanlı hadiələrə və müharibələrə baxmayaraq Azərbaycan Ermənistana yeni bir təklif irəli sürür. Bu təklif Ermənistanın Azərbaycanın ərazi bütövlüyünü tanıması, demarkasiyanı sərhəddəki gərginliklər olmadan başa çatdırmağa yardım etməsi, regional kommunikasiya xəttlərini açması, uc nöqtələrində Rusiya, Avropa və uzaq Şərq ölkələrinin dayanacağı Azərbaycan-Ermənistan-Türkiyə tranzit koridorunu aktivləşdirməsi ilə bağlıdır. “Zəngəzur koridoru” da adlandıra biləcəyimiz bu tranzit xəttinin Azərbaycan hissəsinin (Horadiz-Ağbənd dəmir yolu xətti) təməli 2021-ci ilin fevral ayında qoyulub və may ayından etibarən infrastruktur və inşa işləri başlanıb.
Beləliklə Ermənistan 1990-cı illərin səhvini etməsə ölkəsindəki konstruktiv qüvvələrin iştirakı ilə Cənubi Qafqaz sülh və əməkdaşlıq regionuna çevrilə bilər. Bu isə Azərbaycan və Ermənistanı birləşdirəcək yeni iqtisadi layihələrin ortaya çıxmasına, hər iki ölkəyə, xüsusilə də Dağlıq Qarabağ regionuna xarici investisiyaların cəlb olunmasına, ən əsası win-win (qazan-qazan) şəratinin yaranmasına gətirib çıxara bilər.
Xəbəri paylaş
Paylaş:
Bənzər məqalələr
Seçilənlər
Prizma
Söhbət
Ədəbiyyat və mədəniyyət
Video
Ən çox oxunanlar