Xəbər lenti

 
Ermənistanda keçirilən növbədənkənar parlament seçkilərinin bülletenlərinin 86%-i sayılıb.
 
Ovqat.com-un məlumatına görə, indiki nəticələr Paşinyanın təkbaşına hökumət qura biləcəyini göstərir.
 
Rəsmi nəticələr belə olub:
 
 
Paşinyanın Mülki Müqavilə partiyası - 55% (557845 səs),
 
Köçəryanın Hayastan (Ermənistan) bloku -20% (204436 səs),
 
Sarkisyanın “Mənim şərəfim var” bloku - 5.23% (52781 səs).
 
Digərlər partiyalar isə 5%-lik baryeri keçə bilməyiblər. Belə ki, Ermənistanın seçki qanunvericiliyinə görə, partiyalar üçün 5 faiz, seçki blokları üçü 7 faiz baryer nəzərdə tutulub. Bu məntiqlə, Serj Sarkisyanın “Mənim Şərəfim Var” bloku da sayılacaq 14% bülleten içərisindən daha 2% (22 min) səs toplaya bilməsə, parlamentə düşə bilməyəcək. Nəticədə digər partiya və bloklar kimi onun da parlamentdə tuta biləcəyi yerlər Paşinyan və Köçəryan arasında bölüşdürüləcək.


 

Belə görünür ki, bülleten sayımının bundan sonrakı mərhələsi Paşinyanın təkbaşına hökumət qurmaq imkanlarına heç bir təsir göstərməyəcək. Çünki Ermənistan MSK-nın məlumatına görə, 2.578 milyon seçicidən 1.281.174 və ya  49.4 faizi səsvermədə iştirak edib. Paşinyanın qazandığı indiki nəticə belə, səs verənlərin 50%-nə yaxındır. Baryeri keçə bilməyənlərin hesabına bu imkan deputatların ən azı 70%-nin “Mülki Müqavilə” partiyası üzvlərindən təşəkkül tapacağı anlamına gəlir. 
 
Paşinyan, rəqibləri üzərində qazandığı bu qəti qələbə ilə özünün aparacağı islahatları daha sürətli həyata keçirmə fürsəti yaxalamış oldu. Səsvermənin ilkin nəticələri açıqlanan kimi onun erməni ictimaiyyətinə verdiyi mesaj da bundan sonra sərt tədbirlərə əl atacağını göstərir. O, ötən gecəki qələbə çıxışında “önümüzdəki günlərdə ölkənin siyasi həyatının gələcəyi və ictimai potensialının konsolidasiyası ilə bağlı fikirlərini anlamaq üçün seçkilərə qatılan bütün sağlam qüvvələrlə məsləhətləşmələrə başlayacağını bildirsə də, rəqiblərinə qarşı amansız olacağını da gizlətmədi: “Ermənistan xalqı son üç ildə ikinci inqilabı etdi. Birincisi şiddətli olmayan, məxmər, populyar bir inqilabdısa, 2021-ci ildə şiddətsiz, yenə populyar, ancaq bu dəfə polad inqilab oldu”. Paşinyan “polad inqilab” deyərkən, aparmağı düşündüyü islahatlara qarşı çıxanları polad kimi sərt yumruqla zərərsizləşdirməyi nəzərdə tutur və son seçki təşviqatı kampaniyasında da bunu açıq şəkildə dilə gətirmişdi. Hətta çıxışlarının birində əlində tutduğu çəkiclə Rusiyanın 5-ci kolonuna səslənərək onlara sözügedən əmək alətinin iki mühüm təyinatı barədə fəlsəfi fikirlərini çatdırmışdı. Demişdi ki, bənna çəkicinin 2 funksiyasından biri mıxçanı aid olmadığı deşikdən çıxartmaq, digəri isə onu girməli olduğu deşiyə pərçimləməkdir. Başqa sözlə, Paşinyan bu nitqi ilə rəqiblərinə döyə-döyə aid olduqları deşiyə soxacağının açıq mesajını vermişdi. Beləcə “polad inqilab nəzəriyyəsi”nin əsl mahiyyətinə işıq tutmuşdu.
 
Sözsüz ki, Rusiyapərəst ermənilərin toplandığı “Hayastan” blokunu, xüsusilə blokun rəhbəri Robert Köçəryanı zərərsizləşdirmək Paşinyan üçün asan olmayacaq. Əvvəlki illərdən fərqli olaraq, Köçəryan artıq parlamentin ana müxalifət blokunun rəhbəri kimi toxunulmazlıq statusu qazanacaq. Bu da ona daha “effektiv” fəaliyyət imkanları verəcək. Bununla belə, Paşinyanın son seçkilərdə təzələdiyi ümumxalq etibarına söykənərək Köçəryanı və digər 5-ci kolon mənsublarını maddi olaraq dəstəkləyən tərəfdarlarını cəzalandırmaq haqqı doğacaq. Üstəlik, bu tərəfdarlar süddən çıxmış ağ qaşıq da deyillər və böyük əksəriyyəti əvvəlki hakimiyyətlərin yaratdığı qeyri-qanuni yollardan istifadə edərək korrupsioner oliqarxlara çevriliblər. 5-ci kolonun kökünü kəsməyin ən qısa yolu isə onu maddi bazadan məhrum etməkdir və Paşinyan növbəti hakimiyyəti dövründə bu metoda əl atacağını istisna etmir.

 
 
Ötən gecəki  xalqa müraciətində “son seçkidə Ermənistan xalqı danışdı, Ermənistan xalqı qərar verdi. Bu qərarın məzmunu əvvəlki seçki kampaniyası zamanı hazırlanmışdır”, - deyən Paşinyanın sözlərinə görə, “əvvəlcədən nə proqnozlaşdırılmışdısa, o da oldu”. Və buna görə də Paşinyan Ermənistanın bütün bölgələrinin sakinlərinə təşəkkür etdi. O, həmçinin çıxışında bildirdi ki, Ermənistan xalqı Mülki Müqavilə partiyasına və bu partiyanın sədri kimi Paşinyana Baş nazir kimi ölkəyə rəhbərlik etmək mandatı verdi və bundan sonra ölkəni özünə yaxın siyasi qruplarla idarə edəcək.
 
Biz Ermənistanda həqiqətən qanuna əsaslanan milli birlik və milli razılaşma yaratmaq üçün mandatımız ətrafında olan bütün sağlam qaynaqları müzakirə etmək və birləşdirmək üçün əlimizdən gələni edəcəyik. Bütün seçicilərimizi sabah saat 20: 00-da Ermənistanın seçilmiş Baş nazirinə və siyasi komandasına rəmzi polad mandatın veriləcəyi Yerevandakı Respublika Meydanına dəvət edirəm”, - Paşinyan dünənki nitqini belə tamamlayıb.
 
Bəs, Paşinyanın əməkdaşlığa səslədiyi müttəfiqləri kimlər ola bilər?
 
Ermənistan mediasının iddiasına görə, Paşinyanın seçkidən öncə bir neçə siyasi qüvvə ilə koalisiya hökuməti qurmaq barədə anlaşıb. Potensial koalisiya ortaqları bunlardır:
 
1. Mülki Müqavilə partiyası - Nikol Paşinyan;
 
2. Respublika Partiyası - Aram Sarkisyan;
 
3. Müstəqil namizədlər bloku - Arman Babacanyan / Levon Şirinyan.
 
Hətta Ermənistanın ilk prezidenti Levon Ter-Petrosyanın da Paşinyan koalisiyasına dəstək verəcəyi bildirilir. 


 
Ona rəqib ola biləcək qüvvələr arasında isə bu konsoldasiya yoxdur. Xüsusilə Köçəryan və Serj Sarkisyan komandalarının seçkidən əvvəl bir araya gələ bilmədikləri məlumdur. Ermənistanın ilk prezidenti Levon Ter-Petrosyanın 3 sabiq prezidentin (Petrosyan, Köçəryan və Sarkisyan) birgə fəaliyyəti barədə təklifi (Milli Həmrəylik Alyansı bloku) Köçəryan tərəfindən geri çevrildi. Əslində Paşinyan müxaliflərinin son seçkidə uğursuzluğunun başlıca səbəblərindən biri də budur. Sarkisyanın “Mənim Şərəfim Var” blokunun qazandığı 5%-lik, Ter-Petrosyanın 2%-i zorla keçən səsinin hədər getməsi və bu itkinin böyük ölçüdə Paşinyanın işinə yaraması Köçəryanın Rusiya yönümlü ermənilərin səsini təkbaşına toplamaq arzusunun nəticəsidir. Dünənki səsvermənin nəticəsi isə onu göstərdi ki, Ermənistanda Rusiyaya belə bağlayanların sayı 20% civarındadır. Bu da uzağı 200-250 min seçici deməkdir.
 
Köçəryanın tərəfdarlarının iddialarına inansaq, onun Sarkisyan və Ter-Petrosyanla ittifaqa getməməsinin bir başqa səbəbi həmin qüvvələri gizli Qərb tərəfdarı kimi görməsindən qaynaqlanıb. Bu isə ən kritik zamanlarda həmin deputatların asanlıqla Paşinyan tərəfinə keçməsi perspektivi yaradırdı. İrəli sürülən bu mülahizədə həqiqət payı az deyil. Çünki Ermənistandakı siyasi qüvvələr xarici lobbilər vasitəsilə hansısa dövlətə bağlıdırlar. Həmin dövlətlərin mənafeyi nəyi tələb edirsə, onu cani-könüldən yerinə yetirməlidirlər.
 
Sözsüz ki, Paşinyanın bu böyük qələbəsində Ermənistanın siyasi təşkilatlanma xarakterini müəyyənləşdirən regionçuluq hisslərinin də mühüm payı var. 44 günlük savaşdan ağır məğlubiyyətlə ayrılmasına baxmayaraq, Paşinyanın son parlament seçkilərində qələbə çalması Ermənistan xalqının həm də Qarabağa münasibətini əks etdirir. Belə ki, son 30 illik siyasi tarix Rusiya tərəfindən ermənilərə hədiyyə edilən “Dağlıq Qarabağ” probleminin əslində onları ağ günə çıxarmaq üçün planlaşdırılmadığını artıq sübuta yetirib və ermənilər də bu həqiqəti dərk edirlər.  Bilirlər ki, onun-bunun hesabına qonşuların torpağına saldırmaq siyasəti nəinki həmin ölkəyə səadət gətirməyib, əksinə, Ermənistanı Rusiyanın Cənubi Qafqazda bir uzantısına, quyruğuna çevirib. Nəticədə bu ölkə böyük layihələrdə iştirak etmək imkanını itirib və erməniləri Rusiyanın maraqlarını öz canları hesabına qoruyan müftə hambalçılığa sürükləyib. Qazanan isə Qarabağ erməni klanı olub. İstər Sarkisyan, istərsə də Köçəryan bu klanın üzvləridir və onlar Ermənistanı Rusiyanın əsarətində saxlayan siyasi legionerlərdən başqa bir şey deyillər. Bu mənada Ermənistandakı son seçkilərin nəticələrini Rusiyanın imperialist siyasətinə Cənubi Qafqaz xalqlarından birinin müqaviməti kimi də qiymətləndirmək olar.


 
Növbədənkənar seçkilər həm də Paşinyana öz üzərinə götürdüyü öhdəlikləri, xüsusilə də regiondakı kommunikasiya əlaqələrinin açılması siyasətini yürütmək imkanı verəcək. Başqa sözlə desək, ermənilər dünən ortaya öz səsləri ilə Paşinyana həm də bu mandatı hədiyyə etdilər. Nədən ki, ermənilər dünənki seçkilərdə məğlubiyyət aktına qol çəkən Paşinyanla onun məğlubiyyətini özünün əsas əks-təbliğat arqumentinə çevirən müharibə tərəfdarları arasında seçim edirdilər. Qalib gələn isə sülh tərəfdarları oldu. Zənnimizcə, erməni xalqının bu mesajı hakimiyyətini daha da möhkəmləndirən və 44 günlük savaşın məğlubiyyətinin bəraətini alan Paşinyanın əlini daha da gücləndirəcək, onun öz öhdəliklərini cəsarətlə yerinə yetirməyə təşviq edəcək. Çünki regionda ədalətli sülh və əməkdaşlıq təkcə Azərbaycanın deyil, həm də Ermənistanın iqtisadi cəhətdən güclənməsi deməkdir. Yeri gələndə bizim başqa alternativlərimiz olduğu halda, ermənilərin dünyaya inteqrasiyası üçün regional əməkdaşlıqdan başqa yolları yoxdur. Onlar üçün digər alternativ beynəlxalq təcridlə qarşı-qarşıya qalan İranın kuklasına çevrilmək deməkdir. Gürcüstana, Rusiyaya və Avropaya çıxışları isə 44 günlük savaşın nəticəsində Azərbaycanın əlinə keçib və ermənilər sülh bayrağı qaldırmayanadək bu yollar tamamilə kəsilə bilər.
 
Ermənistan xalqının bu seçimi regiona ədalətli sülh və birgə əməkdaşlıq perspektivi gətirdiyindən həm də Azərbaycanın qələbəsidir.
 
Heydər Oğuz,
Ovqat.com
 
P.S:Yazı dərcə hazırlanana qədər Ermənistan seçki bülletenlərinin sayımı başa çatmış və nəticə belə olmuşdur







Ana səhifəyə qayıt        Baxış: 7 396          Tarix: 21-06-2021, 09:25      

Xəbəri paylaş


Paylaş:   

Prizma