Xəbər lenti


Mürvət Həsənli,
İş adamı

İnsanlığın keçmişinə nəzər salsaq, ilk polis təşkilatının meydana gəlməsinin ilk dövlətlərin ortaya çıxması tarixinə qədər uzandığını görə bilərik.

Məlum olduğu kimi, bəşəriyyət tarixində ilk əmək bölgüsü ovçuluq və əkinçilik sektorlarının yaranması ilə ortaya çıxıb. Əkinçilər daha sonra daxili və xarici basqılardan qorunmaq üçün ovçuların himayəsinə sığınmış, nəticədə dövlətin ilk rüşeymləri yaranmışdı. Ovçular bu xidmətləri müqabilində əkinçilərdən indiki vergi dediyimiz ödənişə bənzər hərraclar almış və beləcə, ilk dövlət meydana gəlmişdir. İbtidai dövlətlərin ilk məqsədinin toplum daxilində ədaləti və asayişi qorumaq olduğunu nəzərə alsaq görərik ki, onların başlıca missiyası da indiki polis xidmətini göstərmək idi. Daha sonra tayfa təsərrüfatlarının böyüməsi, əhalinin və əmək məhsuldarlığının artması ilk dövlətlərin silahlı qüvvələrini fəthlərə çıxmağa məcbur etmiş, bu da öz növbəsində qarşı tərəfin də müdafiə strukturlarının təkmilləşdirməsini tətikləmişdi. Beləcə, ilk insanların müasir terminlərlə desək, polis orqanları ordu birliklərinə çevrilmişdi.

Tarix sübut edir ki, insanlar müasir anlamda demokratik azadlıqlardan məhrum yaşaya bilərlər və uzun min illər boyu yaşayıblar da. Amma insan oğlu tarixin heç bir anında ədalət, asayiş və təhlükəsizlik ortamından kənarda var ola bilməyib, bundan sonra da olmayacaq. İlk polis təşkilatlarının da dövlətlərin yaranma tarixi ilə eyni zamanda qurulması məhz bu  ehtiyacdan irəli gəlir.



Azərbaycan xalqının  mənsub olduğu qədim türklər əsasən ovçu toplum olduğundan ilk dövlət quruculuğu da onlarla başlayır. Dolayısıyla ilk polis orqanlarını yaradan da bizlərik. Bu baxımdan Azərbaycan polisinin yaşının 103 il kimi qeyd edilməsi nisbi xarakter daşıyır. Azərbaycan polisinin yaranma tarixi insanlığın var oluşu qədər qədimdir. Biz sadəcə tarixin ilk çağlarında bu orqana “su”, onu idarə edənlərə “subaşı” demişik. Bu gün təkcə Azərbaycanda deyil, bütün Türk dünyasının bir çox inzibati ərazilərində tez-tez qarşımıza çıxan Ağsu, Qarasu, Qızılsu və s. kimi toponimlər əslində indi anladığımız su mənasını vermir. Əksinə, dövlət quruculuğumuzun adlarıdır. Necə ki, Qaraqoyunlular və Ağqoyunlular toponimlərində olduğu kimi. Azərbaycan tarixi də qədim dövrlərdə subaşı adlandırdığımız komandanlar tərəfindən şəkillənib, indiki vəziyyətə gəlib. Məsələn, Azərbaycan xalqının ən böyük imperiyasının – Böyük Səlcuqlular dövlətinin qurucusu Səlcuq bəy bir subaşı idi. Sonradan idarə etdiyi əraziləri böyüdərək əvvəl bəy, sonra isə sultan adını aldı. 

Müasir dünyamıza nəzər salsaq görərik ki, bu gün bir sıra dövlətlər yüz illər boyu mövcud olsalar da hələ ki polis orqanlarının ordu birliyinə çevrilmə prosesini tamamlamayıb və ordusuz yaşayırlar. Bu fakt polisin dövlət quruculuğunda nə qədər mühüm rol oynadığının ən bariz nümunəsidir.

Bu gün 103 ilini qeyd edən Azərbaycan polisinə gəlincə, 1918-ci ildə Demokratik Cümhuriyyətimiz elan olunanda qurulan ilk dövlət təsisatımız polis orqanı olmuşdu. Cümhuriyyət elanının ertəsi günü - 29 mayda yaradılan ilk Nazirlər Kabinetinin sədri Fətəli xan Xoyski həm də Azərbaycanın ilk daxili işlər naziri vəzifəsini yerinə yetirirdi. Azərbaycan Xalq Cümhuriyyəti DİN-in başlıca vəzifəsi tarixi ölkədə daxili sabitliyə nail olmaq və hüquq normalarına riayət olunmasını təmin etmək, cinayətkarlıqla mübarizə aparmaq, milliyyətindən və dinindən asılı olmayaraq bütün vətəndaşların həyatını, əmlakını və hüquqlarını qorumaq, milli ordu, təhlükəsizlik qüvvələri ilə birlikdə ərazi bütövlüyümüzə və suverenliyimizə qəsd etməyə çalışan təcavüzkar qüvvələrə qarşı mübarizə aparmaqdan ibarət idi. Yəni Azərbaycan polisinin yarandığı gündən son zamanlaradək yürütdüyü başlıca xidmətlərdən biri də ərazi bütövlüyümüzün qorunması olub. Fətəli xan Xoyskinin təməllərini atdığı müasir polis təşkilatı 1918-ci il 2 iyulunda Xalq Cümhuriyyəti 24 iyun tarixli 178 saylı qərarı ilə qanuniləşdirildi və 2 iyunda Gəncə vilayətində ilk milli nizami polis orqanları yaradıldı.

Həmin illərdə Azərbaycan polisi təkcə Gəncədə və daha sonra digər vilayətlərdə asayişi qorumaqla məşğul deyildi. Qəhrəman polislərimiz o zaman da erməni separatizminə qarşı ağır mübarizələr aparır və ölkəmizin ərazi bütövlüyünün qorunması uğrunda minlərlə şəhid verirdi. Daha sonra Sovet Rusiyasının işğalı ilə ləğv olunan polis orqanlarımızın yerində milis qurumları yaradıldı və 70 il ərzində ölkəmizin taleyi yeni adlı asayiş keşikçilərinə tapşırıldı.
 


Müstəqiliyimizin ilk illərində və ondan əvvəl SSRİ-nin dağılma prosesində yenə Azərbaycan polisinin üzərinə həm də ordu funksiyası düşmüşdü. Birinci Qarabağ savaşında Rusiyanın erməniləri dəstəkləməsi nəticəsində məğlubiyyətə uğrasaq da, düşmənə ən ağır zərbə vuranlardan biri də Azərbaycan polisi olmuşdu. Qəhrəman polislərimizin şücaəti sayəsində Azərbaycan düşmənə ağır zərbələr endirir və bu sahədə yenicə yaradılan ordu mənsublarımızdan az iş görmürdü. Azərbaycanın müdafiəsi naminə qurbana çevrilən ilk şəhidlər məhz polislər olub. 1988-ci ilin məlum Şəki, Sumqayıt ixtişaşlarından sonra polislərdən ibarət Şəki, Zaqatala, Qax üzrə yaranmış könüllülər dəstəsi Vətən uğrunda mübarizədə fəal, əzmlə və qəhrəmancasına vuruşmağa yollanmışdılar. Onlardan biri də Azərbaycan və Fransa Qəhrəmanı Əhmədiyyə Cəbrayılovun övladı polis leytenantı Mikayıl Cəbrayılov idi. Zaqataladakı xidməti vəzifəsini buraxıb vətən uğrunda döyüşlərə qatılan Mikayıl Cəbrayılov 1990-cı ildə Qazax rayonunun Kosalar kəndinin müdafiəsində qərhəmancasına döyüşərək həmkarı Arzu Əliyev ilə birlikdə şəhadət zirvəsinə ucalmışdı. Bu qəhrəmanlar şəhid olduğu zaman Azərbaycanda hələ Milli ordu yaranmamışdı. Ölümlərindən sonra leytenant rütbəli polis Mikayıl Cəbrayılov Milli Qəhrəman adına layiq görülmüş, Arzu Əliyev isə şəhadətindən sonra Vətən bayrağı ordeni ilə təltif edilmişdi. Ümumilikdə isə, Birinci Qarabağ müharibəsində Daxili İşlər orqanları və daxili qoşunlar 931 şəhid vermişdi. Rəşadətli polislərimizdən 67 nəfəri bu şücaəti ilə dövlətimizin ən yüksək mükafatını – Azərbaycan Milli Qəhrəmanı adını almışdır. 

Azərbaycan polisi II Qarabağ döyüşlərində də misilsiz xidmətləri ilə yadda qaldı. Onlardan bəziləri ordu sıralarında döyüşlərdə iştirak etməklə yanaşı, ön cəbhədən heç də az əhəmiyyət daşımayan daxili sabitliyin qorunmasında sayıqlıqlarını bir an olsun itirmədi. Təsadüfi deyil ki, Prezident İlham Əliyev 44 günlük müharibə dövründə komendant saatının tətbiq edildiyi ərazilərin komendantlığı vəzifəsini daxili işlər naziri Vilayət Eyvazova tapşırdı. Bu, cənab nazirə göstərilən ən böyük etimaddır.



Cənab Prezidentimizin polis orqanlarına bəslədiyi bu etimad yeni də deyil. O, hələ 2013-cü ildə Azərbaycan polisinin yaranmasının 95-ci ildönümünə həsr olunmuş mərasimdə çıxış edərək asayiş keşikçilərimizə nə qədər böyük qiymət verdiyini bu sözlərlə dilə gətirmişdi:

“Polisə olan hörmət dövlətə olan hörmətdir. Polis əməkdaşları qanunun keşiyində dayanırlar. Polis əməkdaşları cinayətkarlığa qarşı mübarizə aparırlar. Onlar öz həyatlarını risk altına qoyurlar və vətəndaşlar bunu unutmamalıdırlar. Yəni, cəmiyyətin, ölkəmizin rahat, təhlükəsizlik şəraitində yaşamasını polis orqanları təmin edirlər. Onların çox böyük funksiyaları, çox böyük zəhmətləri vardır. Mən görülmüş bu işləri yüksək qiymətləndirirəm və bilirsiniz ki, polis orqanlarını daim müdafiə edirəm və müdafiə edəcəyəm”.

Bu gün ictimaiyyət nümayəndəsi kimi mən də asayişimizin və ölkəmizin keşiyində dayanan, dünyanın bəlkə də ən ağır sınaqlarından üzü ağ çıxan polislərimizə dərin məhəbbətimi bildirir və onları peşə bayramı münasibətilə təbrik edirəm.





Ana səhifəyə qayıt        Baxış: 4 171          Tarix: 1-07-2021, 13:35      

Xəbəri paylaş


Paylaş:   

Prizma