Xəbər lenti

 
“Taliban” Çin-Pakistan İqtisadi Dəhlizinə (Bundan sonra Çin-Pakistan dəhlizi) qoşulmaq istədiyini açıqlayıb.
 
Ovqat.com-un məlumatına görə, bunu Pakistanın Daxili İşlər naziri Şeyx Rəşid Əhməd dünən keçirdiyi mətbuat konfransında bəyan edib və “Taliban”ın qərarını alqışlayıb.
 
Şeyx Rəşid Əhmədin dilə gətirdiyi bu fikirlər əslində ABŞ-ın Əfqanıstan projesi üzərində rəsmi İslamabadın zəfərinin də bəyanı kimi səslənir. Belə ki, ABŞ-ın 2001-ci ildə 11 sentyabr terror aktını bəhanə edərək Əfqanıstana girməsinin təməl səbəblərindən biri Mərkəzi Asiya ölkələrini Çinə bağlayan xəttin kəsilməsi idi. Bu xətt təkcə enerji kəmərlərinin Çinə çəkilməsini təmin etmir, eyni zamanda Mərkəzi Asiya ölkələrinin okeanlara çıxışını, dolayısıyla dünyaya açılışını asanlaşdırırdı. Zəngin karbohidrogen yataqlarına malik olan Orta Asiya ölkələrinin bu sərvətini sənayeləşməyə yönəldəcəyi təqdirdə, öz məhsullarını istehlak bazarına çıxarmaq üzərində düşünməli idilər və onların qarşısında 3 yol vardı: bunlardan biri Əfqanıstan vasitəsilə indiki Çin-Pakistan İqtisadi Dəhlizinə qoşulmaq və Oman körfəzinə açılmaq; digəri İran üzərindən Fars köfrəzinə çıxış; üçüncüsü isə Xəzər dənizi vasitəsilə Azərbaycan-Gürcüstan-Türkiyə xətti ilə Qərbə yönəlmə. Başda ABŞ olmaqla, bir sıra Qərb ölkələri də məhz sonuncu projeni dəstəkləyirdilər. Baxmayaraq ki, Çinin 2007-ci ildə açıq bəyan etdiyi “Bir Yol, Bir Kəmər” layihəsinin Orta Dəhliz adlandırılan xətlərindən biri də məhz bu idi. ABŞ Əfqanıstanı işğal etməklə əslində bu xəttin Çinə qədər uzanmasının da qarşısını almış və Orta Asiyanı tamamilə Qərbə bağlamaq istəmişdi. Di gəl ki, bu layihədə o, təkcə Çinlə deyil, həm də Rusiya ilə qarşı-qarşıya gəlmiş, Orta Asiya ölkələrində Pekin, Moskva və Vaşinqtonun gizli nüfuz savaşının önü açılmışdı. Rusiya bu ölkələrdəki siyasi hakimiyyətə gətirdiyi qüvvələr vasitəsilə Orta Asiyanı özünə bağlamağa çalışır, Çin iqtisadi yatırımlarla onları özündən asılı vəziyyətə salır, ABŞ isə Əfqanıstanı işğal etməklə bölgənin Çinlə əlaqəsini kəsir, Avropanı Rusiyadan qaz və neft məhsulları almasının azaltmağa vadar edərək Orta Asiyanın Rusiya vasitəsilə Qərbə bağlanması qarşısında ciddi əngəl yaradırdı. 


 
Gəlinən indiki nöqtədə dünyanın qəlbi hesab olunan Orta Asiya üzərindəki nüfuz müharibəsinin böyük ölçüdə Çinin qələbəsi ilə tamamlandığı müşahidə olunur. Bunun əsas səbəbi isə Pekinin son 20 ildə onun qarşısına çıxarılan dezavantajları avantaja çevirməyi bacarmasıdır. ABŞ-ın Əfqanıstanı işğal müddətində ruhdan düşməyib Orta Asiyada böyük layihələrə ciddi investisiya qoyan Pekin həmin ölkələri iqtisadi cəhətdən özünə bağlaya bilmiş və “Bir Yol, Bir Kəmər” projeləri ilə onların qarşısında yeni imkanlar yaratmışdır. Bu layihələrdən biri də, sözsüz ki, Çin-Pakistan Dəhlizidir.
 
Əslində ABŞ Əfqanıstanı işğal edərkən yardımına ən çox bel bağladığı ölkələrin başında Pakistan gəlirdi. İslamabadı özünə bağlamaq üçün 2001-ci ildən başlayaraq, Pakistana hər il böyük hərbi yardımlar verən ABŞ cəmi 10 ildən sonra bu sahədə də üstünlüyünü Çinə dövr etmək məcburiyyətində qalmışdı. Məlumata görə, 2011-ci ildə ABŞ və Çinin Pakistan ordusuna verdiyi hərbi yardım demək olar ki, eyni səviyyəyə çatmışdı. 2016 -cı ildə isə Çinin Pakistana hərbi dəstəyi 63 faizi keçmişdi. Bu səbəbdən də Pakistan silahlanma sahəsində tamamilə Çindən asılı bir ölkəyə çevrilmişdi. ABŞ isə Pakistanı artıq itirdiyinin fərqinə vararaq, 2018-ci ildə ona vəd etdiyi hərbi yardımları dayandırmışdı. Səbəbini də gizlətməmiş, “Pakistanın bölgədəki ekstremist qruplarla kifayət qədər mübarizə aparmaması” ilə əlaqələndirmişdi. Vaşinqton həmin vaxt 300 milyon dollarlıq hərbi yardım paketini ləğv etdiyini, belə davam edərsə, bunun 2 milyard dollara qədər yüksələ biləcəyini vurğulamışdı.


 
Görünən budur ki, Pakistan ABŞ-ın “Taliban”a qarşı mübarizəsində nəinki yaxın müttəfiqi olmamış, əksinə, bu  təşkilatı maddi, mənəvi cəhətdən dəstəkləyən əsas qüvvə kimi fəaliyyətə keçmişdi. Bunun da əsas səbəbi, sözsüz ki, Çindən aldığı hərbi dəstək idi.
 
Çin Pakistana təkcə hərbi dəstək verməklə də qalmamış, onu özünün yeni iqtisadi projesi “Bir Yol, Bir Kəmər” təşəbbüsünün əsas marşrutuna çevirmişdi. Bu marşrutun da adı Çin-Pakistan İqtisadi Dəhlizidir ki, ABŞ Əfqanıstanı tərk etdikdən cəmi 1 həftə sonra “Taliban” bu xəttə qoşulduğunu rəsmən dilə gətirmişdi.
 
Yeri gəlmişkən, iqtisadiyyatı əsasən kənd təsərrüfatı məhsullarının istehsalı məhdudlaşan Əfqanıstanın bu dəhlizə qoşulması heç öz daxili istehsal gücü tələbatından irəli gəlmir. Nədən ki, Əfqanıstanda kənd təsərrüfatı məhsulları dədə-baba üsulu ilə yetişdirildiyindən və saxlama anbarları olmadığından onları dərhal satmaq məcburiyyəti var. Əfqan kəndlilərinin əsas xarici istehlak bazarı isə yaxın sərhəd bölgələridir. Əsasən də Pakistan. Əfqanıstanın xaricə sata biləcəyi digər məhsulu isə xalçalarıdır, bunun da istehsal həcmi o qədər də böyük deyil. Göründüyü kimi, 1979-cu ildən bu yana davam edən müharibələr səbəbindən iqtisadiyyatı darmadağın olan və inkişaf mərhələsi keçməyən Əfqanıstanın Çin-Pakistan dəhlizinə bağlanmasının əsas səbəbi öz mallarını yeni istehlak bazarına çıxarmaq yox, Mərkəzi Asiyanı bu dəhlizə qoşulmasını təmin etmək üçündür.


 
Təkcə Çin və Əfqanıstanla kifayətlənməyib Mərkəzi Asiya ölkələrini də okeanlara bağlayan Çin-Pakistan Dəhlizi 2017-ci ilin may ayında Pekində dörd qitədən 28 dövlət başçısının və müxtəlif beynəlxalq təşkilatların nümayəndələrinin toplaşdığı Beynəlxalq Sammit zamanı açıq bəyan olunmuşdu. Sammit Avrasiya ərazisindən keçən quru və dəniz yolları ilə bağlı "Bir Kəmər və Bir Yol" təşəbbüsünə həsr olunmuşdu. Sammitin ən əhəmiyyətli məqamlarından biri Çin və Pakistan liderlərinin görüşü, həmçinin 46 milyard ABŞ dollarını əhatə edən yeni sazişin (Qarşılıqlı Anlaşma Memorandumu) imzalanması idi. Çin-Pakistan Dəhlizi Pakistanın şimalından cənubuna qədər uzanır və bu yolun keçdiyi coğrafiya üzərində dünya əhalisinin yarıdan çoxu – 4.4 milyard insan yaşayır. Maraqlıdır ki, həm Çin, həm də Pakistanla düşmən olmasına baxmayaraq, Hindistan layihəyə qoşulub. Dolayısyla, bu proyekt hətta dənizə çıxışını nəzərə almasaq belə, dünyanın ən böyük nəqliyyat marşrutu sayılır. Proyekt çərçivəsində dəmir yolu, avtomobil magistralı şəbəkələrinin və enerji infrastrukturunun qurulması planlaşdırılır. 
 
Çin-Pakistan İqtisadi Dəhlizinin yaradılmasının bəyan olunduğu 2017-ci il Pekin sammitində Pakistanın Baş naziri Nəvaz Şərif Qazaxıstan, Özbəkistan və Qırğızıstanın liderləri ilə görüşmüş, onları da bu proyektə investisiya yatırılmağa dəvət etmişdi. Sammitdə "Bir Kəmər, Bir Yol" təşəbbüsünün flaqman layihəsi kimi təqdim olunan Çin-Pakistan Dəhlizinin salınmasına 46 milyard ABŞ dollarından artıq vəsait ayrılacağı bildirilmişdi. Layihə çərçivəsində çəkilən avtomobil yolu layihələrinə, liman və sərbəst zona inşaatlarına 2020-ci ilə qədər yatırılan investisiyanın həcmi isə artıq 70 milyard dolları keçib. Bəzi mütəxəssislərin fikrincə, layihə tam başa çatanda bu rəqəm 4.4 trilyon dollara qədər yüksələ bilər. Layihə Pakistanı Çin məhsullarını dünya bazarına çıxarmaq üçün əsas logistik bazaya çevirmək məqsədi daşıyır.


 
Çinin şimal-qərbindəki Sincan Uyğur Muxtar Vilayətini Pakistanın cənubda yerləşən Qvadar və Qaraçi limanları ilə Ərəb dənizinə birləşdirməyi hədəfləyən Çin-Pakistan Dəhlizinə Əfqanıstanı və dolayısıyla Orta Asiyanı birləşdirmək üçün Pakistanın Pişavər  şəhəri ilə Şukkur şəhəri arasında yol salınmalıdır. Əslində marşrutun avtomobil magistralı hələ 2016-cı ildən fəaliyyətdədir. Bu fakt onu göstərir ki, Əfqanıstanın Çin-Pakistan xəttinə qoşulması ən azı 5 il əvvəl planlaşdırılıb. Deməli, hələ o vaxt belə, İslamabadda ABŞ-ın Əfqanıstanı tərk edəcəyinə və Mərkəzi Asiyanın sözügedən dəhlizə birləşəcəyinə əminlik var idi. Bu o zaman idi ki, Çinin Pakistana hərbi yardımları ABŞ-la eyni səviyyəyə çatmışdı.
 
Orta Asiya ölkələri də Çin-Pakistan İqtisadi Dəhlizinə böyük həvəslə yanaşırlar. Xüsusilə öz zəngin enerji resurslarına müştəri axtaran Türkmənistanın bu dəhlizə böyük maraq göstərdiyi bəllidir. Türkmənistan prezidenti Qurbanqulu Berdiməhəmmədov 2016-cı ilin mart ayında, yəni bu layihə rəsmən “doğulmamışdan” əvvəl Pakistan Baş naziri Nəvaz Şəriflə görüşündə dəhliz barədə müsbət fikirlər ifadə edərək onu “regionun inkişaf və tərəqqisini təmin edən edən mühüm layihə" adlandırmışdı. Bu da təsadüfi deyil. Pakistan  2016-cı ilin əvvəlində Türkmənistana Qvadar su limanından istifadə etməyə icazə vermişdi. Bundan əlavə, Pakistan Türkmənistanın ən mühüm qaz boru kəməri sayılan TAPI-nin (Türkmənistan-Əfqanıstan-Pakistan-Hindistan) reallaşdırılmasında da mühüm rol oynayır.


 
Tacikistan da bu dəhlizlə Qvadar limanına çıxmaq barədə düşünür. Tacikistanın Prezidenti İmaməli Rəhman 2017-ci ildə Pakistanı Baş naziri Nəvaz Şəriflə görüşü zamanı İslamabadın sözügedən dəhliz çərçivəsində həyata keçirdiyi infrastruktur layihələrini dəstəkləmiş, bu dəhliz vasitəsilə Pakistanla Tacikistan arasında böyük iqtisadi əlaqələrin təmin olunacağına inandığını vurğulamışdı. Amma Tacikistanın bu dəhlizə qoşulmasının qarşısında böyük əngəllər dayanır. Əsas əngəl isə Tacikistanla Əfqanıstan sərhədlərinin uca dağlarla əhatə olunması və Hindiquş zirvələrini aşan yolların inşasında yaranacaq problemlərdir. Mümkündür ki, bu maneələr qonşu Özbəkistan və Türkmənistan yollarından istifadə etməklə aşılsın. 
 
Özbəkistan da Çin-Pakistan Dəhlizinə böyük ümidlər bəsləyir. Ölkənin Baş nazirinin müavini Uluqbek Rozukulov 2016-cı ilin dekabrında İslamabad səfəri zamanı enerji resursları ilə zəngin olan Özbəkistanın Çin-Pakistan Dəhlizində iştirak payını qarşıdakı 6 il ərzində iki dəfə artırmaq potensialına malik olduğunu söyləmişdi. Bu isə, sözsüz ki, bölgə dövlətlərinin enerji tələblərini artırmasından asılıdır. 
 
Enerji resurslarını araşdırma qurumlarının hesabatlarına görə, illik 66,2 milyard kubmetr təbii qaz hasilatı ilə Özbəkistan dünyanın önəmli enerji hasilatçılarından sayılır. Ölkə bu ilin sonuna qədər enerji sektorunda həyata keçiriləcək 78 layihəyə 30 milyard dollardan çox sərmayə qoymağı planlaşdırır. Lakin onun da qarşısında bir sıra problemlər var. Ölkənin enerji infrastrukturu xeyli köhnəlib və çıxarılan təbii qazın Pakistana ötürməsinə imkan vermir. Buna görə də Özbəkistana öz hədəflərini reallaşdırmaq üçün xeyli vəsaitə ehtiyacı var və Daşkənd tələb olunan kapitalı Çindən almağa çalışır. İqtisadi hədəfləri və ticari əlaqələri Özbəkistanı da Çindən asılılığa sürükləyir.


 
Orta Asiyanın enerji rezervləri və torpaq sahəsi baxımından ən böyük ölkəsi sayılan Qazaxıstan da Pakistan-Çin Dəhlizinə xüsusi maraq göstərir. Ölkənin energetika nazirinin müavini Maqzum Mirzaqaliyevin 2019-cu ildə mətbuata verdiyi açıqlamasına görə, "Qazaxıstanda kəşf edilən təbii qaz ehtiyatı 3,9 trilyon kubmetrdir”. Bundan əlavə, onun 30 milyard barrel həcmində nefti də var. Qazaxıstan ticari münasibətlərini isə əsasən Çinlə əlaqəlidir. Çinin də bu ölkəyə böyük maraq göstərdiyini deyə bilərik. Qazaxıstan Baş nazirinin müavini Jenis Kasımbekin iddiasına inansaq, Mərkəzi Asiya bölgəsinə birbaşa xarici investisiyaların 75%-i Qazaxıstana yatırılıb. “Bir Kəmər, Bir Yol” kimi böyük beynəlxalq layihələrdə fəal rol oynayan Qazaxıstana əsas investisiyanı da elə Çin yatırıb. Çin kapitalının böyük hissəsi ölkənin neft və kimya sənayesinin inkişafına sərf olunub. Bildirilir ki, Qazaxıstanda 60-a yaxın sənaye layihələri Çin şirkətləri ilə birgə həyata keçirilir.
 
Çin Qazaxıstandakı yatırımlarını qorumaq üçün özünə bağlı məmur sinifi yaratmağı da yaddan çıxarmayıb. İndiyədək Çinin müxtəlif universitetlərində təhsil alan qazax gənclərin sayı 20 minə yaxınlaşıb. Onların bir çoxu Çinlə birgə qurulan şirkətlərin mühüm postlarında yerləşdirilib. Dolayısıyla, Qazaxıstanın da tədricən Çin təsir dairəsinə girdiyini söyləmək mümkündür. Son zamanlar Rusiyanı ən çox qıcıqlandıran səbəblərdən biri, bəlkə də birincisi məhz budur. 
 
Əslində Qazaxıstanın ən böyük bazarı olan Çinlə birbaşa əlaqəsi də mövcuddur və bu mənada Çin-Pakistan İqtisadi Dəhlizindən o qədər də ciddi asılılığı yoxdur. Qazaxıstandan Çinə avtomobil və dəmir yolu xətləri çəkilib. Hətta bu xüsusiyyətinə görə, o, daha çox “Bir Kəmər, Bir Yol” layihəsinin Azərbaycanı da ehtiva edən Orta Dəhlizinə aiddir. Bununla belə, Qazaxıstan öz məhsullarını Çin-Pakistan Dəhlizində yer alan coğrafiyalara nəql etməyə çalışır. Görünür, bu səbəbdən 2015-ci ildə ölkənin keçmiş baş naziri Kərim Məsimov Çin-Pakistan Dəhlizinin Qazaxıstan və Mərkəzi Asiya regionu üçün böyük əhəmiyyət daşıdığını vurğulamışdı.


 
Orta Asiyanın digər ölkəsi Qırğızıstan da bu xətt üzərində yerləşir. Di gəl ki, Qırğızıstan da Tacikistan kimi regionun ən zəif həlqəsindən biridir və bu dəhlizə çıxaracaq çox ciddi məhsulları da yoxdur.
 
Göründüyü kimi, Pakistanı regionun mərkəzi gücünə çevirə biləcək Çin-Pakistan Dəhlizinin həyata keçirilməsi qarşısında yeganə əngəl qalmışdı – Əfqanıstan və qaynağını bu ölkədən alan terror qurşağı. ABŞ Əfqanıstandan çıxmaqla faktiki bu problemin əsas qaynağını ortadan qaldırdı. Bununla belə, terror qurşağının tam sıradan çıxarıldığını da iddia etmək olmaz. Pakistan bundan sonra Əfqanıstandakı terror ocaqlarını zərərsizləşdirməlidir, yəqin ki, bunu bacaracaq da.
 
Heydər Oğuz,
Ovqat.com


Ana səhifəyə qayıt        Baxış: 6 653          Tarix: 7-09-2021, 15:36      

Xəbəri paylaş


Paylaş:   

Prizma