Xəbər lenti

 

Asiya İnkişaf Bankının (ADB) Mərkəzi və Qərbi Asiya regionu üzrə yeni baş direktor təyin olunub.

"APA-Economics"in məlumatına görə, bu vəzifəyə Verner Lipak (Werner Liepach) təyin edilib.

V.Lipak Azərbaycan da daxil olmaqla Gürcüstan, Qazaxıstan, Qırğızıstan, Əfqanıstan, Pakistan, Tacikistan, Türkmənistan, Özbəkistan və Ermənistanda AİB tərəfindən 7 sektor üzrə icra olunan layihələrə nəzarət edəcək.

Ovqat.com-un bildirdiyinə görə, Lipakın nəzarəti altında ümumi dəyəri 18.9 milyard dollar olan 155 layihə olacaq. Bu layihələrə 10 Asiya ölkəsində, o cümlədən Azərbaycanda enerji və təbii ehtiyatların istismarı, ətraf mühitin mühafizəsi və kənd təsərrüfatı, nəqliyyat, ictimai idarəetmə, maliyyə sektoru və ticarət, regional əməkdaşlıqların əlaqələndirilməsi və bəzi sosial proqramlar daxildir. Onun idarə edəcəyi sahənin Asiya İnkişaf Bankının ən iri regional əməkdaşlıq proqramlarını əhatə etdiyi bildirilir.

Lipak  yeni vəzifəsində uğurlu addımlar ata biləcəyinə inanır. O bununla bağlı bildirib: "Mərkəzi və Qərbi Asiya böyük dəyişikliklər ərəfəsindədir. Bütün region ölkələrində ticarət genişlənir və yoxsulluğun azaldılması davam edir. AİB bu sahədə bütün region hökumətlər və inkişaf tərəfdaşları ilə əməkdaşlığını davam etdirəcək".

İndiki vəzifəsindən əvvəl Qadın Hüquqları və İnkişaf adlı beynəlxalq təşkilatın Baş direktorunun müavini və baş müşaviri vəzifəsini icra edən Verner Lipak 1992-ci ildən AİB-də işləyir. O, 2011-ci ildən-2017-ci ilinə qədər Asiya İnkişaf Bankının Pakistan üzrə direktoru olub.

Qeyd edək ki, 1966-cı ildə yaradılmış AİB öz fəaliyyətini Asiya və Sakit Okean ölkələrində yoxsulluğun azaldılması, iqtisadi artım, ekoloji cəhətdən davamlı inkişaf və regional inteqrasiyaya həsr edib.

Qadın Hüquqları və İnkişaf (CWRD) təşkilatının ən aparıcı şəxsinin Asiya İnkişaf Bankın ən mühüm sektoruna təyin edilməsi Azərbaycan da başda olmaqla Mərkəzi və Qərbi Asiya ölkələrinin iqtisadi inkişafında qadın əməyinə daha çox diqqət ayrılacağına işarədir.




Ana səhifəyə qayıt        Baxış: 1 055          Tarix: 9-02-2018, 11:47      

Xəbəri paylaş


Paylaş:   

Prizma