Xəbər lenti
Dünən, 22:50
Dünən, 21:23
Dünən, 20:40
Dünən, 12:41
Dünən, 11:56
Dünən, 09:42
24-11-2024, 23:30
24-11-2024, 22:24
24-11-2024, 21:36
24-11-2024, 20:30
24-11-2024, 19:40
24-11-2024, 18:55
24-11-2024, 18:39
24-11-2024, 17:54
24-11-2024, 15:58
24-11-2024, 14:34
Sabah İran İslam İnqilabı Keşikçiləri Korpusu Culfa-Aslanduz arasında Azərbaycanla sərhəd boyunca hərbi təlimlərə başlayacaq.
Təlimlərin keçirilmə zamanı və coğrafiyası diqqətçəkicidir.
Məlum olduğu kimi, rəsmi Bakının bütün xəbərdaqlıqlarına baxmayaraq, İran Qarabağa qanunsuz yük daşımalarına son qoymamış, sonunda Azərbaycan Silahlı Qüvvələri humanitar keçidlər üçün açıq saxladığı Gorus-Qafan yolunu nəzarət altına almışdır. Aparılan ilkin araşdırmalar onu göstərmişdi ki, İranın yükdaşıma şirkətləri Azərbaycanın humanist jestlərindən sui-istifadə edərək qeyri-qanuni fəaliyyətlər üçün faydalanır və ərazimizi bu ölkədən Ermənistana və Qarabağa uzanan enerji dəhlizi kimi istifadə edir. Bundan əlavə, həmin yolla bəzi şübhəli malların aparıldığı da müəyyənləşdirilmişdi. Ölkəmizin təhlükəsizlik maraqlarını təhdid altında qoyan və gömrük rüsumundan yayınan İrana məxsus yük maşınlarının fəaliyyətini tənzimləmək üçün Azərbaycan polisi və gömrük əməkdaşları Gorus-Qafan yolu üzərində nəzarət-buraxılış xidmətlərini möhkəmləndirmiş, keçiddən qeyri-humanitar məqsədlər üçün faydalanan İran maşınlarını qanuni rüsum ödənişinə cəlb etmişdir. Sözsüz ki, Qarabağa qanunsuz yük daşımalarına da icazə verilməmişdir.
Qəribədir ki, bizim ərazimizdən ermənilərə yük daşıyan İran sürücüləri isə “torpaqbasdı” rüsumunu belə, düşmən dövlətə ödədikləri halda, Azərbaycanın qanuni tələblərini yerinə yetirmək istəmirlər, beləcə, dövlət sərhədimizdə xeyli sayda nəqliyyat vasitələri yığılır. İran SEPAH-nın məhz belə bir zamanda cənub sərhədlərimizdə hərbi təlimlər keçirməsi Azərbaycana qarşı təhdid kimi qiymətləndirilə bilər.
Təlimlərin keçirilmə məkanına gəlincə, bu ərazinin bir ucu Aslandüz adlanan məntəqədən başlayıb, Culfaya qədər uzanır. Aslandüz Horadizlə, Culfa isə Naxçıvanın eyni adlı rayon mərkəzi ilə həmsərhəddir. Təxminən 190 km-lik məsafəni əhatə edən bu iki bölgənin Azərbaycana düşən hissəsinin hardasa 100 km-i son Qarabağ döyüşlərində işğaldan azad edilib və ərazidə dəmir yolu salınmasına başlanılıb. Yolun qalan 40 km-i isə Ermənistanın Megri rayonundan keçir. Naxçıvanın Culfa və Ordubad rayonları arasındakı məsafə isə 50 km-dir. İran SEPAH-ı bu bölgədə hərbi əməliyyat keçirməklə, görünür, Azərbaycanın ötən il işğal etdiyi ərazilərlə razılaşmadığı və lazım gələrsə ermənilərin xeyrinə müdaxilə edə biləcəyi mesajı verir.
Bəs İranı nədən narahatdır?
Zənnimizcə, bu narahatlığın əsas səbəbi Azərbaycanın həmin ərazidə bərpa etməyə çalışdığı avtomobil və dəmir yolu ilə bağlıdır. Çindən Türkiyəyə qədər uzanan Orta Dəhlizin bu ayağında yeganə problem kimi 40 km-lik Zəngəzur dəhlizi qalıb. Ötən ilə qədər Horadizdən Mehri rayonunun qərb hissəsinə qədər hardasa 140 km-lik ərazinin ermənilərin əlində qalması İrana həm özünün cənubundakı Oman körfəzindən Ermənistana, ordan da Gürcüstana uzanan Cənub-Şimal dəhlizinə, həm də Azərbaycandan keçməsi planlaşdırılan Şərq-Qərb dəhlizinə nəzarət imkanı verirdi. İran rəsmiləri hələ 2014-cü ildə Hordizdən Aslandüzə çıxmaqla Culfaya qədər çəkiləcək dəmir yolu layihəsi hazırlamış və bizə təqdim etmişdilər. Uzunluğu 220 km. təşkil edən layihəni reallaşdırmağı isə bizim boynumuza qoymaq istəyirdilər. İranın Şərqi Azərbaycan əyaləti başçısının siyasi-təhlükəsizlik məsələləri üzrə müavini Səid Şəbestəri həmin vaxt “Trend” xəbər agentliyinə verdiyi açıqlamada tikilməsi planlaşdırılan yeni dəmiryolu xəttinin həm Naxçıvan MR-ni İran ərazisi vasitəsi ilə Füzuli rayonunun dəmir yoluna birləşəcəyini, həm də İran üçün Qafqaz ölkələri və Rusiya ilə iqtisadi əlaqələri inkişaf etdirmək üçün geniş potensial yaradacağını vurğulayırdı.
Ən maraqlısı isə nə olsa yaxşıdır? İran rəsmisi bu xəttin yenə Azərbaycandan keçməsi planlaşdırılan Cənub-Şimal dəhlizinə ən yaxşı alternativ olacağını da gizlətmirdi. "Culfa-Qulubəyli-Aslandüz dəmir yolu, həmçinin Şimal-Cənub dəhlizi çərçivəsində Qəzvin-Rəşt-Astara (İran)- Astara (Azərbaycan) dəmir yoluna alternativ ola bilər. Belə ki, bu dəmir yolu ilə həm məsafə, həm də xərclər azalar. Bu da hər iki ölkənin tacirləri üçün ixracat və idxalatı əlverişli edər".
Bir sözlə, görünür, bizimkiləri yaxşıca “xamlayacağını” düşünən İran Azərbaycanın Şərq-Qərb dəhlizini ələ keçirməyə çalışmaqla qalmır, həm də Cənub-Şimal dəhlizini də sıradan çıxarmağı planlaşdırırdı. Bunun əvəzinə isə Cənub-Şimal dəhlizini də özünün sevimli vassalı Ermənistan üzərindən keçirmək xülyasını qururdu.
Üstəlik bizim iki strateji layihəmizin ikisini də yenə özümüzün investisiyası ilə sıradan çıxarmağı düşünürdü. Səid Şəbestəri sözügedən açıqlamasında Azərbaycan iş adamlarına səslənərək deyirdi: "Azərbaycanlı investorları Araz çayı boyu Culfa-Qulubəyli-Aslandüz dəmir yolunun tikintisinə sərmayə yatırmağa dəvət edirik". Başqa sözlə, gəlin, tikin, öz perspektivinizi yelə verin, sizin pulunuzla ərsəyə gələn layihə bizə tranzit haqqı qazandırsın.
Azərbaycanın ötən il başlatdığı və böyük qələbə ilə nəticələnən 44 günlük savaş İranın bu arzularının üzərindən qalın bir xətt çəkdi. Şərq-Qərb dəhlizinin erməni işğalı altında qalan 140 km-lik məsafəsinin 100 km-i azad edildi və Naxçıvana çıxış üçün cəmi 40 km-lik məsafə qaldı. O da ibarətdir Mehri dəhlizindən.
Ermənistan, Azərbaycan və Rusiya liderlərinin ötən il 10 noyabrda imzaladıqları atəşkəs Bəyanatının 9-cu maddəsinə əsasən, İrəvan Zəngəzur dəhlizinin açılmasını öhdəlik kimi boynuna götürməklə faktiki olaraq bu problemin də çözümünə razılıq vermişdi. Razılığa əsasən, Zəngəzur dəhlizinə belə, Ermənistan yox, Rusiya nəzarət edəcək. Dolayısıyla bu dəhlizdən gələn qazanc da Rusiyaya qalacaq.
Belə görünür ki, yürütdüyü tərs siyasətlə 44 günlük savaşın ən böyük məğlublarından biri Ermənistan, digəri İrandır. Qazanan isə Ermənistanla aralarında sərhəd belə olmayan Rusiya, Türk dünyasına daha qısa məsafə ilə bağlanmaq imkanı əldə edən Türkiyə və nəqliyyat dəhlizinin ən həlledici xəttinin keçdiyi Azərbaycan olacaq.
Sözsüz ki, nəqliyyat dəhlizi oyununun iki məğlubu - İranla Ermənistan yaranmış yeni status-kvo ilə razılaşmaq istəmir, nəyin bahasına olursa olsun əldə edilən razılaşmanı pozmağa çalışırdılar. Məhz bu məqsədlə də İrandan Ermənistana və Qarabağa gizli yüklər daşınır və növbəti təxribatçı ssenarilərə hazırlıq işləri gedirdi. Halbuki, Azərbaycan Qarabağa Laçın nəfəsliyini sırf humanitar məqsədlərlə bölgənin erməni sakinlərinin ixtiyarına buraxmış və onlara birgə yaşayış üçün özlərini hazırlamaq möhləti vermişdi. Qarabağ erməniləri isə İrəvanın və Tehranın yol uğrundan mübarizəsinə aldanıb bu şanslarını da itirmək durumuna yaxınlaşıblar. Bundan sonrakı talelərini artıq özlərinin mövqeyi müəyyənləşdirəcəklər. Sözsüz ki, Azərbaycanın onlara tövbə haqqı verməsinin də bir limiti var və bu limit getdikcə tükənməkdədir.
Rəsmi Bakı İran və Ermənistanın bu təxribatçı planlarının qarşısını almaq üçün sonunda Qafan-Gorus dəhlizini nəzarətə götürmək qərarına gəldi. Dəhlizdən keçən İran maşınlarının qeyri-qanuni yükdaşımalarını dayandırmaqla yanaşı, qanuni yükdaşımalarında gömrük rüsumu da tələb etməyə başladı. Beləcə Ermənistan-Gürcüstan dəhlizinə həm də Azərbaycan əlavə olundu. Hər 3 tərəfə gömrük haqqı ödəmək məcburiyyəti Qafan-Gorus dəhlizini İran üçün tamamilə səmərəsiz duruma gətirə bilər. Ən əsası isə, Azərbaycanın tələb etdiyi 40 km-lik Zəngəzur dəhlizinin açılmaması da sabah rəsmi Bakıya Qafan-Gorus yolunu da bağlamaq fürsəti verir.
Digər tərəfdən, Zəngəzur dəhlizinin açılması təkcə Azərbaycanın da istəyi deyil. “Bir Kəmər, Bir Yol” layihəsinin “Orta Koridor” qolunda iştirak edən bütün beynəlxalq güclər bu dəhlizin açılmasında maraqlıdırlar. Hətta bölgəylə heç bir əlaqəsi olmayan Rusiya belə, Şərq-Qərb marşrutunu İranın əlindən qoparmaq üçün Zəngəzur dəhlizinin fəaliyyətinə ciddi maraq göstərir. Ən azı ona görə ki, dəhlizdən əldə ediləcək gəlir ona qalacaq. Ermənilər isə Türk düşmənçiliyinin ən ağır zərbəsini sığındıqları qucaqdan alacaqlar.
ABŞ və İsrailin 3 tərəfdən sıxışdırdığı İran ona ən yaxın müttəfiq ola biləcək Azərbaycanı öz əliylə özündən uzaqlaşdırdı. Bundan sonra yüzillər keçsə də, İranın son 30 illik fəaliyyəti nəticəsində ürəyimizə vurduğu yara ya qiyamətə qədər bitişməyəcək, ya da bitişsə belə, izi qalacaq.
Heydər Oğuz,
Ovqat.com
Xəbəri paylaş
Paylaş:
Bənzər məqalələr
Seçilənlər
Prizma
Söhbət
Ədəbiyyat və mədəniyyət
Video
Ən çox oxunanlar