Xəbər lenti
Bu gün, 22:50
Bu gün, 21:23
Bu gün, 20:40
Bu gün, 17:20
Bu gün, 12:41
Bu gün, 11:56
Bu gün, 09:42
Dünən, 23:30
Dünən, 20:30
Dünən, 19:40
Dünən, 17:54
Dünən, 14:34
Bakı buna gedərmi?
Azərbaycanın Baş nazirinin müavini Şahin Mustafayev İrana təcili səfər edib.
Ovqat.com-un məlumatına görə, Baş nazirin müavini səfər çərçivəsində İranın yol və şəhərsalma naziri Rüstəm Qasimi və digər yüksək vəzifəli şəxslərlə görüşəcək.
Qeyd edək ki, Şahin Mustafayevin bu səfəri İrandan Naxçıvana idxal olunan qaz tədarükünün kəsilməsi fonunda baş verib. Bəzi İran nəşrləri də səfərin enerji mübadiləsi ilə əlaqədar olduğunu təsdiqləyiblər. İddiaya görə, Şahin Mustafayev İranın Enerji naziri Cavad Oci ilə görüşüb. Tərəflər iki ölkə arasında qaz sahəsində əməkdaşlığın artırılması perspektivi barədə danışıblar. Cavad Oci Azərbaycan baş nazirinin müavini ilə görüşdən sonra deyib: “Azərbaycanın enerji sektorunda yaxşı potensialı var və bu gün qaz sahəsində Azərbaycanla yaxşı razılaşmalar əldə olunub”.
Nazir həmçinin vurğulayıb ki, görüşdə Xəzər dənizində neft yataqlarının işlənməsindən də danışılıb. O, ümid etdiyini bildirib ki, bugünkü ekspert görüşü yaxın həftələrdə müqavilənin imzalanmasına səbəb olacaq.
Şahin Mustafayev də görüşdən sonra keçirilən mətbuat konfransında İran və Azərbaycan arasında bütün sahələrdə, xüsusilə enerji sektorunda uğurlu əməkdaşlıqların mövcudluğundan da danışıb. O qeyd edib ki, İran və Azərbaycan bir sıra planlar barədə razılığa gəliblər və yaxın gələcəkdə danışıqlar nəticəsində yeni sənədlər imzalanacağını bildirib.
Zənnimizcə, istər Şahin Mustafayevin, istərsə də İranın Enerji naziri Cavad Ocinin daha geniş miqyaslı əməkdaşlıq perspektivindən bəhs etməsi danışıqların əsl mahiyyətinə pərdə salmaq məqsədi daşıyır. Ən azı ona görə ki, beynəlxalq sanksiyalara məruz qalan İrana Azərbaycan istəsə belə, heç bir kömək edə bilməz. Əvvəla, biz qaz idxal edən ölkə deyilik ki, İrandan daha artıq qaz alaraq ona qarşı tətbiq olunan embarqonu yaraq. İkincisi, Azərbaycan öz enerji xətləri ilə İran qazını və ya neftini ixrac etmək qüdrətində də deyil. Bunun üçün ilk növbədə müştəri lazımdır və qlobal enerji bazarında yeni alıcı tapmaq iqtisadi fəaliyyət deyil, həm də geosiyasi məsələdir. Heç kim böyük güclərin sanskiyalarını gözardı edib və bu riskin altına girib İrandan qaz almaz. Azərbaycanın İranla yeganə enerji alış-verişi isə Naxçıvana tədarük olunan qazla əlaqədardır. Zənnimizcə, son zamanlar İrandan Naxçıvana verilən qazın dayandırılması Şahin Mustafayevin bu təcili səfərinin yeganə səbəbi kimi görünür.
İran isə bundan maksimum səviyyədə yararlanmağa çalışacaq. SEPAH-a bağlı bir sıra media qurumlarının səfər barədə yazdığı şərhlərdən də bu açıq-aydın sezilir. Nornews saytı Şahin Mustafayevin təcili səfərini bəzi “iblisani qüvvələrin” “Tehran-Bakı ayrılması ssenarisi”nin uğursuzluğu kimi qiymətləndirib. Elə bu fikrin özü İranıb zəif durumumuzdan yararlanıb siyasi oriyentasiyamızı dəyişdirməyə çalışacağından xəbər verir. Sayt həmçinin bildirir: “Azərbaycan baş nazirinin müavininin Tehrana səfəri iki ölkə arasındakı əlaqələrin bərpası prosesində mühüm və əlamətdar başlanğıc ola bilər. Həmçinin bu səfər Tehran-Bakı münasibətlərini pozmaq üçün bütün səylərini əsirgəməyən iblislər üçün həyəcan təbilinə bənzəyir”.
“Nornews” xatırladıb ki, səfər iki ölkə arasında baş verən son anlaşılmazlıqlardan sonra Azərbaycan rəsmilərinin İrana ilk gedişidir:
“Xəbərlərə görə, dekabrın 7-də Türkmənistanın paytaxtı Aşqabadda keçirilməsi planlaşdırılan ECO sammiti çərçivəsində iki ölkə prezidentləri arasında da görüş keçiriləcək”.
Mustafayevin İran Yol və Şəhərsalma Nazirliyi, Neft Nazirliyi və Xarici İşlər Nazirliyinin rəsmiləri ilə görüşəcəyini yazan sayt xatırladıb ki, iki ölkə arasında qarşılıqlı faydalı əməkdaşlığın perspektivlərini araşdırmalı olan bu səfər ərəfəsində şənbə günü İranın Bakıdakı səfiri Seyid Abbas Musəvi və Şahin Mustafayev siyasi və iqtisadi münasibətlərdəki son hadisələri müzakirə etmək üçün görüşmüşdülər: “Musəvi görüşlə bağlı özünün Tvitter hesabında yazmışdı: “Bu görüşdə ikitərəfli siyasi və iqtisadi əlaqələrdəki son inkişaflar, xüsusilə də ortaq layihələr nəzərdən keçirilib. Ortaq iqtisadi komissiyanın keçirilməsi, maneələrin aradan qaldırılması, ticarətin artırılması, və genişləndirilməsi, habelə regional əməkdaşlıq ilə bağlı danışıqlar aparılmışdı””.
Nəşr həmçinin qeyd edib ki, Azərbaycan baş nazirinin müavininin Tehrana bugünkü səfəri bir neçə cəhətdən əhəmiyyətlidir:
“Birinci; ötən il Dağlıq Qarabağda baş verən toqquşmalardan sonra bəzi regional və regionlararası aktorların dağıdıcı rolu ucbatından iki ölkə arasında müəyyən anlaşılmazlıqlar yaranıb, son vaxtlar bəzi şərhlərə görə də ritorik gərginlik artıb. Bu diplomatik insident onu göstərir ki, iki xalqın düşmənləri daş-qalaq edilib və iki ölkə əvvəlki yoluna qayıdıb. Tehranla Bakı arasında isti və tarixi münasibətlər inkişaf edir.
İkinci; təbii ki, İran və Azərbaycan arasında son anlaşılmazlıqların yaranmasında əsas rol oynamış sionist rejim bu səfərdən çox narazıdır, çünki son bir neçə ildə iki qonşunu ayırmaq üçün göstərdiyi bütün səylər, əsasən nəticəsiz qalıb və buna görə də rejimin Bakıdakı səfiri dünən öz ritorikasını təkrar edərək, Tehran-Bakı münasibətlərini pozmaq istiqamətində son gülləsini atmağa çalışıb...
Üçüncü; Bu səfər göstərir ki, İranın xüsusi geosiyasi və mədəni mövqeyini, onun regional və qlobal sahələrdə fəaliyyət göstərən qüdrətini inkar etmək olmaz. Xarici qüvvələrin bu mövqeyə meydan oxumaq və qonşularını İrana qarşı qızışdırmaq gücü yoxdur.
Dördüncü; İran İslam Respublikası ötən illərdə və xüsusilə də ABŞ və sionist rejim olmaqla Qərbin regionda yaratdığı bütün böhranlarda və onların meydana gətirdiyi geniş psixoloji müharibəyə baxmayaraq göstərdi ki, bölgəyə təsir baxımından hər hansı ölkədən geri qalmır. Daha doğrusu o, bütün gücü ilə bölgədə daimi sülh və əmin-amanlıq bərqərar etmək istəyir və buna nail olmaq üçün bütün gücünü səfərbər edib”.
Qısası, Şahin Mustafayevin bu səfərindən İranın qeyri-adi geosiyasi nəticələr çıxarması onu göstərir ki, Tehran Bakı qarşısında heç də asan olmayacaq şərtlər qoymağa hazırlaşır. Halbuki Azərbaycanın yaxınlaşan qış fəslində İrandan yeganə gözləntisi Naxçıvanı qazsız buraxmamaq, əvvəlki qaydada enerji mübadiləsi etmək ola bilər. Görünür, Naxçıvanın sərt kontinental iqlimə malik olduğunu bilən İran Muxtar Respublikanın qışa hazırlıq səviyyəsinin aşağı olduğundan xəbərdardır və bundan maksimum faydalanmağa çalışır. Amma unudur ki, Naxçıvan əhli son 30 ildə çox soyuqlara dözüb, ağacını kəsib istisinə qızışıb, lakin öz dövlətçilik mövqeyindən bir addım da geri çəkilməyib, ən ağır günündə belə, onun milli maraqlarına düşmən gözüylə baxanların istisinə sığınmayıb. Həmin Naxçıvan qarşıdakı 6-7 ay da bu çətinliklərə dözər, amma ölkəsinin ərazi bütövlüyünü özünün qırmızı cizgisi kimi görənlərin təzyiqinə boyun əyməz.
Xəbəri paylaş
Paylaş:
Bənzər məqalələr
Seçilənlər
Prizma
Söhbət
Ədəbiyyat və mədəniyyət
Video
Ən çox oxunanlar