"Kaspi" qəzetinin bizim saytda dərc olunan bir yazıya - müəllifin qeyd etdiyi kimi, “şeirfason cızmaqara"ya cavabından, təəssüf ki, indi xəbərdar olmuşuq. Zamanında xəbərimiz olsaydı, alternativ fikrə hörmət xatirinə, yazı dərc olunduğu anda biz də onu öz oxucularımızla paylaşardıq.
Bununla belə, “gec, heçdən yaxşıdır” məntiqinə inandığımızdan “Kaspi”nin “Jurnalistlərə ev bölgüsü haqqında ballada”ya cavabını Ovqat.com oxucularının ixtiyarına buraxırıq:
Böhtanlara ən yaxşı cavab dövlətin ədalətinin təntənəli nümayişi olacaq
Azərbaycan Prezidenti İlham Əliyevin müvafiq sərəncam əsasında Bakı şəhərində 2 binanın tikilməsi və nəticədə ümumilikdə, 411 evsiz, çətin sosial vəziyyətdə yaşayan jurnalist ailəsinin (2000 nəfər civarında insan) evlə təmin olunması məsələsi bəzilərinin yuxusuna haram qatıb və müxtəlif əsassız bəhanələr və uydurma iddialarla çıxış edirlər.
Bunların əksəriyyəti mənzil almaq üçün qoyulan kriteriyalara (mətbuatda iş stajı, evin olmaması, reket mətbuatda çalışmaması və s) cavab vermədiklərindən bu kriteriyalara malik olan həmkarlarının mənzillə təmin olunmasını paxıllıqla qarşılayır, hər vəchlə onları dövlətə işləməkdə (?) günahlandıraraq ağır ifadələrlə təhqir edirlər. Digər qismi isə, xarici dairələrdən idarə olunan adamlardır ki, Azərbaycanda KİV-lə dövlət arasında normal münasibətlərin mövcudluğu onları narahat edir, çünki bu halda onları öz sıralarına qatıb xalq və dövlət əleyhinə fəaliyyətə cəlb etmək şanslarını itirirlər. Bu yazıda 1-ci kateqoriyaya daxil olan böhtançıların iddialarına cavab verəcəyik, digər kateqoriya 2-ci yazımızı gözləsin.
"Bir nəfər zəng edib mənə dedi ki...”
Bu günlərdə 1-ci kateqoriyaya daxil olduğu ehtimalı yüksək olan daha biri özünün tanınmamış saytında və sosial şəbəkədə böhtan xarakterli fikirlərlə çıxış edib.
Adam iddia edir ki, guya ona kimsə zəng edib bildirib ki, "kampaniyanın maksimum ədalətli aparılması görüntüsünün yaradılmasına çalışılır. Əslində isə, jurnalistlərin evinə bir çox dövlət qurumlarında işləyən adı jurnalist olanlar da göz tikib. Bəzilərinin hətta villaları, bahalı maşınları, bir neçə evləri var”.
Birinci cümlədəki fikrin nə qədər əsassız və absurd olduğu aydınca ortadadır. Əvvəla, görüntü yaradılmır, proses bütün jurnalistlərin gözü qarşısında tam şəffaf və açıq şəraitdə gedir. Belə ki, dövlət və KİV-lə bağlı orqanlar (MŞ, KİVDF) redaksiyaların namizəd seçiminə heç qarışmayıblar, sadəcə tələb ediblər ki, namizədlər yalnız elan olunan kriteriyalara uyğun olan jurnalistlər arasından irəli sürülsün. Bundan ədalətli nə ola bilər? Redaksiya kollektivlərinə tam müstəqil seçim imkanı verilib. Bütün namizədlər də MŞ və KİVDF rəhbərliyinin də iştirak etdiyi ümumi iclasda səsə qoyularaq hamının razılığı əsasında müəyyənləşdirilib. Yəni, "haqqı, xidməti və ehtiyacı” prinsipinə cavab verənlər seçilib.
Digər cümlədə "həmkarımız” qeyd edir ki, jurnalistlərin evinə bir çox dövlət orqanlarında işləyən, adı jurnalist olanlar da göz dikib ki, bunların da evi, villası filanı var. Bəli, belə hallar da olmamış deyil. Çünki qaydalarda göstərilib ki, dövlət və qeyri-dövlət orqanlarının mətbuat xidmətində çalışan jurnalistlər də müraciət edə bilərlər. Bu da çox məntiqli və ədalətli yanaşmadır. Hamıya məlumdur ki, mətbuat xidmətlərinə KİV-də uzun müddətli iş təcrübəsi olan jurnalistlər seçilir. Onlar 15-20-30 il peşəkar KİV-də çalışıblar və indi öz fəaliyyətini hansısa orqanın mətbuat xidmətində davam etdirir, hansı ədalətə, hansı prinsipə söykənərək ömrünü jurnalistikaya həsr etmiş, kirayədə yaşayan adama namizədliyini belə verməyi qadağan etmək olar? Bunda dövləti niyə ittiham edirsiniz? Axı bu namizədləri dövlət müəyyən etmir, özləri irəli sürürlər və onların arasında evi, villası olanlar da ola bilər. Namizədliyini kim hara istəsə irəli sürə bilər, amma bu o demək deyil ki, onların sənədləri qəbul olunacaq və mütləq o namizədə üstünlük veriləcək. Xeyr, belə olmayacaq. Niyəsini axırda yazacağam. Hələlik, başqa qərəzli iddialara və təhqirlərə cavab verək.
Jurnalistləri "it” adlandıran "jurnalist”
Qərəzli iddiaları ilə kifayətlənməyən müəllif daha da irəli gedərək heç bir əsas olmadan bizi (jurnalistləri) ağır formada təhqir edir, onları "sümük üstündə boğuşan it” adlandırır. Etikadan kənar olsa da, oxucularda düzgün qənaət hasil olması üçün bu mövzuda yazdığı şeirfason cızmaqaranın başlığını bura yazıram- "İki itə para sümük atsalar"- Jurnalistlərə ev bölgüsü haqqında ballada...
Bu "şeirin” bir iki bəndinə baxmaq kifayətdir ki, müəllifin nə qədər qərəzli olduğunu, öz həmkarlarını heç bir əsas olmadan necə ağır təhqir etdiyini anlayasan. Sonrakı bəndlərdə hətta, jurnalistlərin ailəsinə sataşılır ki, onu da bura əlavə etməyə peşə etikam imkan vermədi.
Bəli, bütün sahələrdə olduğu kimi jurnalistlərin də arasında layiqli olmayan şəxslər ola bilər. Amma bu bir neçə nəfərə görə minlərlə vicdanlı jurnalisti niyə təhqir edir, it adlandırırsınız? Hüquqlarınızı kimsə pozanda, probleminizi ictimailəşdirmək istəyəndə həmin jurnalistlərə üz tutursunuz, bilirsinizmi ki, o jurnalist sizin üçün yazı hazırlayanda beynində "axşam yenə ev sahibi zəng edəcək, kirayə pulunu necə verəcəm, nə deyəcəm” deyə düşünür.
Jurnalistlər dövlətə şərtmi qoyub ki, bizə ev ver, yalnız siz dediyinizi yazaq? Ya da, dövlət jurnalistə şərtmi qoyur ki, sənə ev veririk, indi biz deyəni yazmalısan? Axı belə deyil, bunu əyani təcrübədə görmüşük- keçən binada ev alanlar arasında ən radikal müxalifət qəzetlərinin əməkdaşları da var idi ki, onlar yenə həmin ampluadadırlar, heç nə dəyişməyib - kim hansı prinsiplə işləyirdisə, elə də davam edir. Bu mənzillər şəxsi əmlak kimi verilir, yəni dövlət istəsə belə, o mənzili geri ala bilməz. Ona görə də, heç bir təsir və təzyiqdən söhbət belə gedə bilməz. 156 nəfər jurnalistdən ev aldıqdan sonra mövqeyini dəyişən bircə nəfərin adını çəkə bilərsinizmi?
Evsiz jurnalistlərə dövlət niyə ev verir?
Dövlətimiz ağır sosial vəziyyətdə olan təbəqələrə hər il minlərlə mənzil verdiyi kimi, jurnalistlərə də iki bina tikib ki, az maaşla bütün ömürlərini kirayələrdə yaşamasınlar. Dövlət təkcə jurnalistlərəmi ev verir? Xeyr! Hərbçilərə, neftçilərə, yazıçılara, alimlərə, mədəniyyət xadimlərinə, idmançılara, hüquq-mühafizə və təhlükəsizlik də daxil bir sıra dövlət orqanlarının işçilərinə, qaçqınlara, köçkünlərə, müharibə veteranlarına, əlillərinə və şəhid ailələrinə…
Gördüyünüz kimi siyahı çox genişdir və yüz minlərlə vətəndaşımızı əhatə edir. Bilirsinizmi niyə? Çünki Azərbaycan sosial dövlətdir. Və aztəminatlı kateqoriyalara imkan daxilində hər cür yardım edir. Deyirsiniz, olmazmı ki, hamının ev almağa imkanı olsun, dövlət verməsin. Xeyr, olmaz, çünki mümkün deyil. Tarixdə belə dövlət olmayıb, indi də yoxdur, belə getsə, heç vaxt da olmayacaq. Hətta, əhalinin ev təminatı məsələsində ən üstün vəziyyətdə olan keçmiş SSRİ-də belə hamının evi yox idi. Siz mənə elə ölkə göstərə bilərsinizmi ki, orda hamının evi var? Xeyr göstərə bilməzsiniz. Çünki yoxdur.
Azərbaycan dağıdıcı müharibədən çıxmış, hələ də müharibə şəraitində yaşayan, 1 milyon qaçqın, köçkün saxlayan, öz gəlirlərinin əhəmiyyətli bir hissəsini müdafiə və təhlükəsizlik sahələrinə ayırmağa, vaxtilə ağır vəziyyətdə xalqı yaşatmaq üçün aldığı xarici borcları qaytarmağa məcbur vəziyyətdədir. Bəli, bütün bunlar olmasaydı, bəlkə də hamının evi olduğu ilk ölkə biz ola bilərdik...
Bəs jurnalist niyə aztəminatlı sosial qrupa daxildir?
Əvvəla, hamıya məlumdur ki, jurnalistlər 200-300 manat maaşa işləyir, bəzi ən nüfuzlu yerlərdə işləyənlər yaxşı halda 500 manat maaşa. Bunun da yarısını kirayəyə verir. Yerdə qalan kiçik məbləğlə kommunal xidmətləri, ailəsinin ehtiyaclarını necə ödəsin? Bu, mümkün deyil.
Bəs jurnalistlər niyə aztəminatlı sosial qrup olub? Maraqlı sualdır. Amma cavabı sarsıdıcıdır. Çünki siz qəzet almırsınız, agentliklərə abunə olmursunuz, reklam vermirsiniz. Bəs media pulu haradan qazanmalıdır? Hansı gəlirlə yüksək maaş verməlidir işçilərinə ki, o da yığıb ev ala bilsin?
Jurnalist kirayə daxmalarda ac-yalavac oturub cəmiyyətə faydalı işlər görə bilərmi? Xeyr! Görsə də, bu, peşəkar və effektli olmaz. Nə qədər fədakarlıq etsən belə, olmaz. İndi dövlət bu problemi də həll edir ki, jurnalistikamız daha sağlam, daha yaradıcı olsun. Mətbuatın inkişafı, jurnalistlərin normal yaşaması pisdirmi? Əlbəttə, xeyr! Əksinə, lap əladır, mən deyərdim ki idealdır. Bəs onda nəyin davasını döyürsünüz?
Filan ölkələrdə dövlət ev vermir, jurnalistlər özü alır deməklə halva bişmir. Axı onlarda olan imkan bizdə yoxdur ki, öz gəlirimizlə ev alaq. "Vaşinqton post”un, "Pravda”nın, "Qardian”ın gəliri, ilə bizim qəzetlərinki eynidirmi? Onların mənsub olduğu ölkənin imkanları, oxucu auditoriyasının böyüklüyü ilə bizimki birdirmi? Bizdə o imkan hələ ki yoxdur, ona görə də, dövlət bacardığı qədər bu sahənin inkişafına yardım etməyə çalışır. Çünki informasiya müharibəsində KİV-in son dərəcə böyük, daha doğrusu, ən əsas rolunu sizdən fərqli olaraq dövlətdə daha yaxşı başa düşürlər.
Jurnalistlərin mənzilləri ədalətli bölünəcəkmi?
Bir iddianız da budur ki, bölünmə ədalətli olmayacaq. Haradan bilirsiniz? Axı baş verməmiş hadisə haqda necə xəbər vermək olar? Narahat olmayın. Bu proses həm dövlət başçısının, PA-nın müvafiq şöbəsinin, həm KİVDF və MŞ-nin, həm də mətbu ictimaiyyətin nəzarəti altında gedir. Hamı hər şeyi görür, bilir. Hələlik, heç bir problem qeyd alınmayıb. Sənədlərin qəbulu çox ciddi qaydada aparılıb, yalnız tələblərə tam cavab verən namizədlərin sənədləri qəbul olunub. Çox adam müraciət edə bilər, iddia edə bilər və onları bəzilərinin evi də ola bilər. Lakin arzu başqa şeydir, sənədlərlə təsdiq olunan həqiqət başqa. Sənədlərdən əlavə, bu balaca ölkədə hamı hamını tanıyır, kimin nəyi var nəyi yox, harda, necə, nə qədər işləyib hamı bilir.
Bu məsələ birbaşa dövlətin ədalətinin əyani nümayişidir və bu səbəbdən həddən artıq ictimai çəkiyə malikdir. Bunu bu işə məsul şəxslər sizdən, bizdən daha yaxşı bilirlər və dediyiniz beş-üç dələduza, yalançıya görə dövlətin ədalətinin, ictimai nüfuzunun şübhə altına alınmasına imkan verməzlər. Çay gəlməmiş çırmanmaq, baş verməmiş hadisə haqda "şok xəbər” yazmaq, əsassız proqnozu həqiqət kimi qələmə vermək lazım deyil. Buna sərf etdiyiniz vaxtın əvəzində qlobal informasiya təbliğat müharibəsində dövlətə və jurnalistlərə kömək edin ki, bu müharibədə qalib gələk. Çünki hər bir dövlət üçün informasiya müharibəsi və təhlükəsizliyi ümummilli məsələdir, heç olmasa ümummilli məsələlərdə dövlətin yanında olacaq qədər vicdanınız olsun…
Elçin Bayramlı
"Kaspi"
Paylaş: