Koronavirusun dünya iqtisadiyyatına təsiri
Koronovirusun qlobal səviyyədə yaratdığı iqtisadi problemlərin miqyası böyük olsa da fundamental iqtisadi əsaslara malik olmadığından onun təsirini xarici amil kimi qiymətləndirmək olar. Buna görə də ehtimal etmək mümkündür ki, virus aradan qalxdıqdan sonra dünya iqtisadiyyatı sürətlə toparlana biləcək. Lakin, virusun yaratdığı problemlərin iqtisadi zərərləri də az olmayacaq.
Virusun iqtisadi problemlər yaratmasının əsas səbəbi qlobal dəyər zəncirində təmərküzləşmənin yüksək olmasıdır. Bildiyimiz kimi, Çin bu dəyər zəncirinin ən vacib oyunçularından biridir və onun iqtisadiyyatında yaranan ciddi problemlər bu zəncirin pozulmasına yol açır. Bu da nəticədə yayılma effekti ilə digər ölkələrin iqtisadiyyatlarına da təsir edir. Misal üçün, virusun təsiri nəticəsində Çindən istehsal üçün lazım olan hissələri əldə edə bilməyən Nissan və Hunday şirkətlərinin digər ölkələrdə yerləşən zavodlarının əksəriyyəti bağlanmışdır.
Bununla yanaşı Çinin dünya iqtisadiyyatında payının yüksək olması (ÜDM-in 18%-dən çoxu) və bir çöx məhsulların ixracı üçün ən böyük bazar xarakteri daşıması onun yaşadığı iqtisadi geriləmənin digər ölkələrə də təsirini qaçılmaz edir. Onsuz da ötən il ABŞ və Çin arasında ticarət müharibəsi çərçivəsində ixrac yönümlü bir çox ölkələr zərər görmüşdü. Virusun yayılması isə bu zərərin daha da artmasına imkan yaradır. Təkcə yanvar ayında Çində əsas avtomobil istehsalçılarının satışı ötən ilin eyni dövrü ilə müqayisədə 18% azalmışdır. Bu mənada Avrozonanın ən böyük və ixrac yönümlü iqtisadiyyatı olan Almaniya böyük zərər görür ki, bu da ümumilikdə Avrozonanın iqtisadiyyatına mənfi təsir edir.
Virusun iqtisadi təsiri ilə bağlı vacib olan, lakin az müzakirə edilən məqamlardan biri də onun ticarət müharibəsinə təsiridir. Ticarət müharibəsi çərçivəsində ABŞ və Çin arasında əldə edilmiş Mərhələ 1 razılaşmasına görə, Çin növbəti iki əl ərzində ABŞ-dan 40 milyard ABŞ dolları həcmində əlavə kənd təsərrüfatı məhsullarını, 50 milyard dollar həcmində isə nefti və qaz idxal etməlidir. Koronavirusa görə Çində müşahidə edilən geriləmə qeyd edilən məhsullara olan tələbatı azaltmaqla Çin üçün razılaşmanın şərtlərinin yerinə yetirilməsinə mane ola bilər. Buna görə də ABŞ-Çin münasibətlərinin və ticarət müharibəsinin gələcəyində bu faktorun rolu böyük olacaqdır. Əgər koronavirusa görə ABŞ Çin hökumətinə güzəştə gedərsə, bu razılaşmanın növbəti mərhələlərində Çin daha çox güzəştə gedən tərəf kimi çıxış etmək məcburiyyətinə qalacaqdır. Əgər ABŞ belə güzəştə getməsə və Çin də öz öhdəliklərini yerinə yetirə bilməsə, bu, ticarət müharibəsinin uzanmasına və ikitərəfli münasibətlərin mürəkkəbləşməsinə səbəb ola bilər.
Koronavirusun yaratdığı iqtisadi geriləmələr eyni zamanda neftə olan tələbatı azaltmaqla onun qiymətinin də ucuzlaşmasına zəmin yaradır. Çin dünyanın ən böyük neft idxalatçılarından biri kimi bu prosesdə əsas rol oynayır. Neftin qiymətinin azalması isə iqtisadiyyatları neftdən asılı olan ölkələrin gəlirlərinə mənfi təsir etməklə yanaşı siyasi gərginliyin artmasına imkan yaradır. Rusiyanın OPEC+ razılaşmasından çıxması və bu yolla ABŞ-ın şist neft istehsalçılarını cəzalandırmağa çalışması və belə durumda Səudiyyə Ərəbistanını neft bazarında öz payını artırması ilə qiymət savaşına başlaması bu siyasi gərginliyin əsas komponentləridir. Onsuz da virusun yayılmasının təsiri ilə neftin qiymətinin azalması baş verirdi. Yaranmış bu siyasi gərginlik isə neftin qiymətinin kəskin şəkildə (30) azalmasına yol açdı. Lakin, müxtəlif siyasi ambisiyaların olmasına baxmayaraq, qiymətlərin aşağı səviyyəsi qarşıdurmada iştirak edən tərəflərin heç biri üçün iqtisadi baxımdan sərfəli deyil. Ona görə də bununla bağlı hər hansı bir formada razılığın qısa zamanda əldə ediləcəyini proqnozlaşdırmaq olar.
Aydındır ki, koronavirusun iqtisadi təsirləri tam aradan qalxmayana qədər neftə olan tələbat əvvəlki səviyyəyə yüksəlməyəcək və bu da neftin qiymətinə azaldıcı təsir edəcəkdir. Lakin, Rusiya və Səudiyyə Ərəbistanı arasında əldə ediləcək hər hansı bir razılaşma neftin qiymətinin qismən artmasına və ən pis halda 40-50 dollar aralığında, yaxşı halda isə 55 dollara qədər yüksəlməsinə təkan verə bilər.
Orxan Bağırov
Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin aparıcı məsləhətçisi
Paylaş: