Son dövrlər Avropada müşahidə olunan hadisələr fonunda enerji böhranının yaşandığı dövrdə Azərbaycanın “köhnə qitə” üçün əhəmiyyəti daha da artmaqdadır. Təbii ki, bir neçə il bundan əvvəl Cənub Qaz Dəhlizinin işə düşməsi Azərbaycanı Avropanın enerji təminatında mühüm aktorlardan birinə çevirib. Bu gün isə Avropa Azərbaycanla münasibətlərə xüsusi həssaslıqla yanaşır. Bu il iyulun 18-də Azərbaycan ilə Avropa İttifaqı arasında “Azərbaycan Respublikası ilə Avropa Komissiyası tərəfindən təmsil olunan Avropa İttifaqı arasında enerji sahəsində Strateji Tərəfdaşlığa dair Anlaşma Memorandumu” imzalanması bunu bir daha sübut edir. Avropada Azərbaycan təbii qazından faydalanacaq ölkələrdən biri də Bolqarıstandır. Sabah rəsmi açılışı olacaq və Azərbaycan təbii qazını Bolqarıstana çatdıracaq Yunanıstan-Bolqarıstan İnterkonnektoru (Interconnector Greece – Bulgaria, IGB) bu ölkənin Azərbaycan qazı ilə təchizatı baxımından mühüm əhəmiyyətə malikdir. Beləliklə, Azərbaycan təbii qazının Bolqarıstana çatdırılması ilə ölkələrimiz arasında münasibətlər yeni mərhələyə yüksələcək.
AZƏRTAC Azərbaycan-Bolqarıstan münasibətlərinin tarixinə nəzər salır.
Son illərdə Azərbaycan-Bolqarıstan əlaqələrində dinamik inkişaf müşahidə olunur. Prezident İlham Əliyevin sentyabrın 30-da bu ölkəyə rəsmi səfəri bunu bir daha sübut edir. Bolqarıstan Respublikasının Prezidenti Rumen Radevin rəsmi dəvəti əsasında həyata keçirilən bu səfər iki ölkə arasında diplomatik münasibətlərin qurulmasının 30-cu ildönümünə təsadüf edir. Səfərin məqsədi ölkələrimiz arasında yüksək səviyyədə olan əlaqələri daha da inkişaf etdirməyə və qarşılıqlı maraq doğuran sahələrdə əməkdaşlığı gücləndirməyə töhfə verməkdir. Səfər çərçivəsində ikitərəfli münasibətlərin gündəliyində yer alan aktual məsələlərin müzakirəsi məqsədilə Azərbaycan Prezidentinin bolqarıstanlı həmkarı ilə təkbətək və geniş tərkibdə, həmçinin bu ölkənin bir sıra yüksək dövlət rəsmiləri ilə görüşləri nəzərdə tutulur.
Qeyd edək ki, bu, Prezident İlham Əliyevin Bolqarıstana sayca dördüncü səfəridir. Bundan əvvəl Azərbaycanın dövlət başçısı bu ölkəyə iki dəfə rəsmi (2005-ci və 2015-ci illərdə), bir dəfə isə işgüzar (2009-cu ildə) səfər edib.
Ümumilikdə Mərkəzi və Şərqi Avropa ölkələri, o cümlədən Bolqarıstanla ikitərəfli və çoxtərəfli əməkdaşlığın inkişaf etdirilməsi ölkəmizin xarici siyasətinin vacib istiqamətlərindən biridir. Bu mənada Azərbaycan ilə Bolqarıstan arasında münasibətlər hər zaman yüksək səviyyədə olub və müsbət dinamikası ilə seçilib. Dövlətlərarası əlaqələrimizin zəngin tarixi var. Ölkələrimiz arasında diplomatik münasibətlər 1992-ci il iyunun 5-də qurulub. Bu il ölkələrimiz arasında əlaqələrin yaradılmasının 30-cu ildönümü qeyd olunur və bu münasibətlə iki ölkə arasında ali səviyyədə təbrik məktublarının mübadiləsi həyata keçirilib.
Xüsusi olaraq vurğulaya bilərik ki, qarşılıqlı hörmət və etimad üzərində qurulmuş Azərbaycan-Bolqarıstan əlaqələri ötən müddət ərzində siyasi, iqtisadi, enerji, mədəni və digər sahələrdə dinamik şəkildə inkişaf edib və ölkələrimiz arasında səmərəli əməkdaşlıq formalaşıb.
Xatırlatmaq yerinə düşər ki, 1995-ci ildə ümummilli lider Heydər Əliyev Bolqarıstan Respublikasının Prezidenti Jelyu Jelevin dəvəti ilə Sofiyaya rəsmi səfər edib. Həmin səfər zamanı iki ölkə arasında dostluq və əməkdaşlıq haqqında saziş imzalanıb. Dövlətlərarası əlaqələrimizə təkan vermiş bu səfərdən sonra Azərbaycan-Bolqarıstan əlaqələri yüksələn xətlə inkişaf edib. Bundan sonra ali və yüksək səviyyələrdə çoxsaylı qarşılıqlı səfərlər baş tutub, iki ölkə arasında 60-dan çox sənəd imzalanıb. 1999-cu ildə Bolqarıstanın Bakıda səfirliyi, 2005-ci ildə isə Azərbaycanın Sofiyada səfirliyi fəaliyyətə başlayıb.
Azərbaycan-Bolqarıstan münasibətləri Prezident İlham Əliyevin 2015-ci ildə Sofiyaya rəsmi səfəri zamanı imzalanmış Strateji tərəfdaşlıq haqqında Birgə Bəyannamə ilə keyfiyyətcə daha yeni səciyyə qazanıb. Bu son dərəcə mühüm sənədlə tərəflər qarşılıqlı maraq doğuran sahələrdə həm ikitərəfli formatda, həm də beynəlxalq aləmdə iki ölkə arasında əməkdaşlığı dərinləşdirmək və genişləndirmək məqsədilə strateji tərəfdaşlığa daxil olduqlarını bəyan ediblər. Birgə Bəyannaməyə əsasən, xarici işlər nazirlərinin sədrliyi ilə Azərbaycan-Bolqarıstan Strateji Dialoqu təsis olunub. Strateji Dialoqun birinci iclası 2018-ci ildə, ikinci iclası isə 2022-ci ildə keçirilib.
Qeyd olunmalıdır ki, Bolqarıstan Azərbaycanı Cənubi Qafqazda və Qara dəniz regionunda prioritet, strateji və etibarlı tərəfdaş hesab edir. Azərbaycan da Bolqarıstanla dostluq və əməkdaşlıq əlaqələrinin gücləndirilməsində maraqlıdır.
İki ölkə arasında əlaqələrin gücləndirilməsində təbii ki, qarşılıqlı səfərlər mühüm əhəmiyyət daşıyır. Bu mənada Bolqarıstan Respublikasının dövlət və hökumət başçıları, müxtəlif rəsmi nümayəndə heyətləri ölkəmizə mütəmadi səfərlər həyata keçiriblər. Bolqarıstan Prezidenti Rumen Radevin Azərbaycana son səfəri 2017-ci ildə olub.
Bu il də ölkələrimizin nümayəndə heyətlərinin qarşılıqlı səfərləri baxımından zəngin olub. Belə ki, Azərbaycanın energetika, xarici işlər və daxili işlər nazirləri Bolqarıstana, sonuncunun energetika və iqtisadiyyat nazirləri isə ölkəmizə səfərlər ediblər. Onlar arasında ən önəmlisi isə Bolqarıstan Respublikasının Baş naziri Kiril Petkovun iyul ayında ölkəmizə səfəri olub.
Ötən il Bolqarıstan Azərbaycanın 40-cı xarici ticarət tərəfdaşı olub. 2021-ci ildə iki ölkə arasında ticarət dövriyyəsi 73 milyon ABŞ dolları təşkil edib, ikitərəfli ticarət saldosu 35 milyon ABŞ dolları ilə Azərbaycanın xeyrinə olub. 2022-ci ilin yanvar-iyul aylarında ikitərəfli ticarət dövriyyəsi 80 milyon ABŞ dollarını keçib.
Enerji sahəsində əməkdaşlığa gəlincə, bu, iqtisadi əlaqələrimizin əsas istiqamətlərindən biridir. 2013-cü ildə imzalanmış qaz satışı müqaviləsinə əsasən, Azərbaycanın “Şahdəniz” yatağında hasil olunan 1 milyard kubmetr təbii qaz Cənub Qaz Dəhlizinin sonuncu seqmenti Trans-Adratik Boru Kəməri (TAP) və Yunanıstan-Bolqarıstan qaz interkonnektoru vasitəsilə Bolqarıstana çatdırılacaq.
Bundan başqa, iki ölkə arasında ticarət, nəqliyyat, xüsusilə yük daşımaları, sərmayələr, yüksək texnologiyalar, turizm və digər sahələrdə əməkdaşlığın inkişafı üçün geniş perspektivlər mövcuddur. Əminliklə söyləmək olar ki, bu rəsmi səfər bu perspektivlərdən istifadə imkanlarının araşdırılması baxımından da müstəsna əhəmiyyət kəsb edəcək.
Humanitar sahədə əməkdaşlığı da xüsusi vurğulamaq lazımdır. Balkan yarımadasında açıq səma altında ən böyük muzey kompleksi olan, Bolqarıstanın Veliko Tırnovo şəhərində yerləşən “Trapezitsa” Memarlıq Muzeyi Qoruğu Heydər Əliyev Fondunun dəstəyi ilə bərpa olunub. 2016-cı il sentyabrın 22-də Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva və Fondun vitse-prezidenti Leyla Əliyeva bu qoruğun açılış mərasimində iştirak ediblər.
Eyni zamanda, dahi Azərbaycan şairi Nizami Gəncəvinin şeirləri hələ XIX əsrdə bolqar dilinə tərcümə edilərək nəşr olunub. Həmçinin bolqar ədəbiyyatının klassikləri İvan Vazov, Xristo Botev, Emiliyan Stanev və bir çox başqalarının əsərləri Azərbaycan dilinə tərcümə edilib.
Azərbaycanla Bolqarıstan arasında elm və təhsil sahəsində də geniş əlaqələr mövcuddur. Bakı Slavyan Universitetində bolqar dili, tarixi, mədəniyyəti tədris edilir, 2004-cü ildən isə bolqar dili və mədəniyyəti mərkəzi fəaliyyət göstərir. 2013-cü ildə Sofiya Universitetində Azərbaycan dili və mədəniyyəti mərkəzi yaradılıb.
Azərbaycanla Bolqarıstan arasında informasiya sahəsində də əməkdaşlıq uğurla inkişaf edir. Belə ki, 2004-cü il oktyabrın 7-də Bakı şəhərində Azərbaycan Dövlət İnformasiya Agentliyi (AZƏRTAC) ilə Bolqarıstanın Xəbər Agentliyi (BTA) arasında Əməkdaşlıq haqqında Saziş imzalanıb. Agentliklərimiz beynəlxalq informasiya qurumlarında bir-birini daim dəstəkləyir və xəbər mübadiləsi həyata keçirirlər.
Həmçinin vurğulanmalıdır ki, Bolqarıstanın paytaxtı Sofiya şəhərində “Bakı” küçəsi var. Bu küçənin açılışı 2005-ci ildə Prezident İlham Əliyevin Bolqarıstana rəsmi səfəri zamanı olub.
Bundan əlavə, Qabrovo ilə Şəki, Varna ilə Gəncə, Burqas ilə Sumqayıt və Veliko Tırnovo ilə Naxçıvan arasında qardaşlaşmış şəhər münasibətləri qurulub.
Bütün bunlar onu deməyə əsas verir ki, dərin köklərə malik Azərbaycan-Bolqarıstan əlaqələri bundan sonra daha da genişlənəcək və dərinləşəcəkdir.
Paylaş: