Xəbər lenti

Azərbaycanla ABŞ arasında siyasi gərginliyin yüksələn dozası Cənubi Qafqaz regionunda Ermənistan üzərindən qurulan tətbiqlərlə əlaqədar nəzərə çarpır.

Məsələ təkcə ABŞ-Azərbaycan münasibətlərindəki hədlərlə əlaqədar deyil, o, daha böyük ölçü və geostrateji rəqabətə sıx bağlıdır.

Birincisi, diqqətdən yayınmamalıdır ki, ABŞ-nin qlobal siyasətinin spesifikası alternativ münaqişəli cəbhələri Rusiya və Çinə qarşı formalaşdırmaq təcrübəsi üzərində inkişaf edir.

İndi üçün də ABŞ-nin Cənubi Qafqazda öz gündəliyi əsasında proqram tətbiq etməsi qorxulu bir ssenariyə doğru yön alır.

Söhbət onda deyil ki, Azərbaycanla ABŞ-nin münasibətlərindəki siyasi gərginlik zirvəsi “fəth olunur”.

Burada ən böyük problem regionun geosiyasi qarşıdurmanın hərbi poliqon formasına salınması üçün Ermənistandan istifadə edilməsi və bunun ərsəyə gətirə biləcəyi təhdidlərdir.

Bu dəfə ABŞ-nin Cənubi Qafqazda iddialı gündəlik tərtib etmək cəhdi Vaşinqtonun qlobal lövhədə təkbaşına hökmranlığa sahib olmaq arzularının reallaşmaması ilə əlaqəli formada inkişaf edir.

Bəli, ABŞ-nin qlobal teatrda birqütblü siyasi sistem dünyaya gətirmək səyləri sürətlə fiaskoya məruz qalır və Vaşinqtona qarşı yaranan boşluqlara Çin kimi alternativ güc böyük bir ustalıqla daxil olur.

Fikrimcə, Ağ Ev beynəlxalq siyasi hissələri birləşdirən ayrı-ayrı regionlarda məğlubiyyət acısını hiss etdikcə Cənubi Qafqazdakı gündəliyini aktiv hərəkətə gətirir. Bununla həm Rusiyaya, həm də Çinə qarşı alternativ müqavimət oxu formalaşdırmağa can atır.

Amma etiraf etmək vacibdir ki, ABŞ rəqiblərinə məğlub olmayıb, sadəcə olaraq, qalibiyyətin əlindən çıxma riskləri ilə qarşı-qarşıyadır.

Ağ Ev risklərin böyüyüb özünə qarşı metastaz verməməsi üçün heç olmasa, mövcud gücünü möhkəmlətməlidir, belə möhkəmlənmə mexanizmində Cənubi Qafqazın rolu artır.

ABŞ-nin Qafqazda mürəkkəb geosiyasi cərəyanları idarə etmək üçün yaxşı vəziyyət axtarışları Ermənistandan istifadə etməklə asanlaşır.

Amma ABŞ-nin regional çərçivələrdə kobud bərabərsizlik ərsəyə gətirməsi cəhdini Azərbaycana qarşı təzyiq orbitinə çevirməsi Bakı ilə Vaşinqton arasındakı uyğunlaşma rejiminə xələl gətirir.

Bu səbəbdən də Azərbaycan tərəfi Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin Vaşinqtonda keçiriləcək görüşündən imtina etmək kimi müstəsna hüququndan istifadə etdi.

Çünki rəsmi Bakıda belə bir diplomatik-kəşfiyyat məlumatları ola bilər ki, Vaşinqtonda qurula biləcək masa ABŞ-nin Ermənistana həyan olmasını sürətləndirəcək dəyərləri təlqin edəcək. Belə bir keyfiyyət, bəlkə də, ABŞ üçün indikatordur, Azərbaycan üçün isə əhəmiyyətsizdir.

Mənə görə, ABŞ Konqresində anti-Azərbaycan dinləmələri, dövlət katibinin köməkçisi Ceyms O’Brayanın “907-ci düzəliş”in icrasının müvəqqəti dayandırılması məsələsini qaldırmasını başqa bir amil də izah edir.

Düşüncəmə əsasən, Azərbaycan Xarici İşlər Nazirliyinin ABŞ-yə cavabında gərginliyin digər bir gizlədilən səbəbinə eyham vurulur.

Bu, İran-Azərbaycan münasibətlərinin yoluna qoyulması üçün atılan addımların Vaşinqtonun sinir nöqtələrinə toxunması ilə bağlı situasiyadır.

Azərbaycan XİN-in bəyanatında bunu aşkara çıxaran sitat var və onu olduğu kimi təqdim edirik:

“Qonşu dövlətlərlə kommunikasiya xətlərinin çəkilməsi qaydasının razılaşdırılması, o cümlədən İranla Naxçıvan Muxtar Respublikasına marşrutla bağlı müqavilə Azərbaycanın suveren hüququdur. Bunun fonunda Azərbaycan da regionun təhlükəsizliyi üçün “3+2” formatının (Azərbaycan-Ermənistan-Türkiyə-Rusiya-İran) prioritet olduğunu bir daha təsdiqləyir. Bu istiqamətdə, sözügedən səylərə xələl gətirən hər hansı bir şərh yersizdir”.

Deməli, Azərbaycan-İran yaxınlaşması ABŞ-nin maraqları əhəmiyyətli dərəcədə bir kənarda saxlanılaraq reallaşır, hərçənd ki, Vaşinqton Bakı ilə strateji tərəfdaşlıq xəttindən qopmaqda maraqlı deyil.

Çünki Azərbaycanın qlobal enerji bazarlarındakı potensialı və layihələndirmələri, Xəzər dənizinin təhlükəsizliyi mövzusundakı yeri, Cənubi Qafqazdan Mərkəzi Asiyaya uzanan pəncərədəki mövqeyi ABŞ üçün cəlbedici faktorlar olaraq qalır.

Yəqin, bu səbəbdəndir ki, ABŞ Dövlət Departamentinin sözçüsü Metyu Millerin Azərbaycan-Ermənistan münasibətlərinin normallaşmasında Vaşinqtonun vasitəçilik səylərini bir daha qabartması Bakıya ünvanlanan bir jest kimi qiymətə minir. Çünki onun açıqlaması Bakıya qarşı təzyiq dili ilə xitab etməkdən uzaq idi.

NƏTİCƏLƏR

ABŞ-nin Cənubi Qafqazda koalisiyalar qurmaq və problemləri idarə etmək bacarıqlarını inkişaf etdirməsində konstruktivlik olmasa, regionda Ermənistana qarşı cəbhədən “silah səsləri” gurlaşacaq.

Ancaq Azərbaycanla ABŞ-nin münasibətlərində formalaşan təhlükəsizlik çalarlarına zərər vurulacağı o qədər də inandırıcı bir variant kimi səslənmir, lap Vaşinqton İrəvanı dəstəkləməyə davam etsə belə.

Hərçənd, Vaşinqton-İrəvan xəttindəki dəstək mərkəzli canlanma Bakı üçün qırmızı cizgilərin tapdalanması həddinə çatsa, Azərbaycan ABŞ-nin regiondakı təhlükəsizlik yastıqlarına problemlər yaratmaq hüququna müraciət edə bilər.

Bunların olmaması üçün yaxın zamanlarda Azərbaycanla ABŞ arasında dialoqun baş tutacağına ümid yaranır. Gündəlik isə təkcə Azərbaycan-Ermənistan münasibətləri deyil, Bakının Vaşinqton üçün əhəmiyyətli bir pəncərə olmasına dair geniş spektrə söykənə bilər.

oxu.az 

Aqşin Kərimov




Ana səhifəyə qayıt        Baxış: 5 409          Tarix: 17-11-2023, 13:52      

Xəbəri paylaş


Paylaş:   

Prizma