Azərbaycanın Avropa Şurası Parlament Assambleyasındakı (AŞPA) nümayəndə heyətinin üzvü, Milli Məclisin deputatı Könül Nurullayeva rəsmi Bakının bütün dünyaya milli maraqların hər şeydən üstün olduğunu sübut etdiyini bildirib.
O, “Report”a açıqlamasında deyib ki, Azərbaycan nümayəndə heyətinin etimadnaməsini ratifikasiya etməkdən imtina ilə bağlı təklif bütövlükdə Avropa Şurasının qərəzsizliyinə ciddi zərbədir.
Deputat vurğulayıb ki, bunun ciddi və geri dönməz nəticələrinə görə məsuliyyət tamamilə onun təşəbbüskarlarının üzərinə düşür: “Azərbaycan nümayəndə heyətinin bəyanatında da qeyd edildiyi kimi, 2001-ci ildən 2020-ci ilə qədər olan 19 il ərzində AŞPA işğalçı Ermənistanı Avropa Şurasının əsas dəyər və prinsiplərinə zidd hərəkətlərinə görə cavab vermək barədə qınamadı. Burada söhbət xüsusilə etnik təmizləməyə məruz qalmış azərbaycanlı qaçqın və məcburi köçkünlərin insan haqlarına qarşı açıq-aşkar hörmətsizlikdən gedir. AŞPA Azərbaycanın öz suveren ərazilərində beynəlxalq hüquq norma və prinsipləri əsasında həyata keçirdiyi tədbirləri “etnik təmizləmə” kimi qələmə verərək, yenə anti-Azərbaycan mövqeyindən çıxış edir. Reallıq göz önündədir. Azərbaycan 30 illik işğala son qoyaraq, regionu sülh bölgəsinə çevirməkdədir. Amma AŞPA başda olmaqla əksər Qərb institutları bu planı pozmağa, regionu yenidən münaqişə bölgəsinə çevirməyə çalışır”.
K.Nurullayevanın sözlərinə görə, ümumiyyətlə, Qərbdəki anti-Azərbaycan qüvvələr həmişə AŞPA-dan, Avropa Parlamentindən rəsmi Bakıya qarşı təzyiq vasitəsi kimi istifadə ediblər və bu gün də eyni siyasət davam edir:
Deputat vurğulayıb ki, Azərbaycanın ərazi bütövlüyü və suverenliyini bərpa etməsini həzm edə bilməyənlər Bakı ilə diktə dilində danışacaqlarını zənn edirdilər: “Lakin Azərbaycan nümayəndə heyəti çox haqlı qərar verdi və bu qərəzli qurumla əməkdaşlığı dayandırdı. Bu tarixi qərarla biz sübut etdik ki, Azərbaycana qarşı səslənən ittihamların heç bir əsası yoxdur. Heç kim Azərbaycanın milli maraqlarına qarşı çıxış edə, bizimlə təzyiq dilində danışa bilməz. Azərbaycan qalib və ədalətli ölkə kimi bundan sonra da öz nüfuzunu qoruyub saxlayacaq”.
K.Nurullayeva deyib ki, AŞPA-nın qərəzli qərarının insan hüquqları ilə heç bir əlaqəsi yoxdur. Onun fikrincə, bu, öz suverenliyini və ərazi bütövlüyünü bərpa etmiş Azərbaycana qarşı qisas cəhdidir: “Azərbaycan nümayəndə heyətinin ötən gün qurumun iclasında çıxış etdiyi bəyanatda da qeyd edildiyi kimi, beynəlxalq hüququn selektiv şərhi, dövlətlərin ərazi bütövlüyü və suverenliyi ilə bağlı məsələlərə fərqli yanaşma bu biabırçı təklifin müəlliflərinin rüsvayçı və ikiüzlü xarakterini nümayiş etdirir”.
Paylaş: