Xəbər lenti

Qərbi Avropa müasir dünyanın sivilizasiya mərkəzi sayılır. Dünyanın bu bölgəsində insanlar daha rahat və təminatlı yaşadıqlarını, hüquqlarının qorunduğunu hesab edirlər. Bu və başqa üstün göstəricilərinə görə qitə digər qütblər üçün cəlbedici görünür. Ona görə planetin müxtəlif ölkələri və bölgələrinin sakinləri orada yaşamağa, azından o yerləri görüb-gəzməyə can atır.

Ancaq nə qədər cəlbedici və rahat yaşayış olsa da, bu qitə də təhlükələrdən, terrordan, habelə digər cinayətlərdən tamamilə qoruna və sığortalana bilmir. Belə ki, burada adi məişət hadisələri ilə yanaşı, tez-tez siyasi motivli cinayətlər törədilir. Bu günlərdə Belçikanın paytaxtı Brüsseldə terror aktının qarşısı alınıb. Paytaxtda konsert zalında terror aktı planlaşdıran 4 silahlı həbs edilib. Terror hücumu bir neçə həftəyə reallaşacaqmış. Avropa İttifaqının mərkəzi sayılan bu ölkədə 2023-cü il oktyabrın 16-da da terror hadisəsi törədilib. Nəticədə terrorçu da daxil olmaqla 3 nəfər ölüb. Hadisə qurbanları stadiona futbol matçına baxmağa gedirmiş. Hücumun məsuliyyətini İŞİD terror qruplaşması üzərinə götürüb.

Belə təhlükələrin hər an real olduğunu Avropada müxtəlif illərdə törədilən başqa terror hadisələri ilə də yada salmaq istərdik;

2016-cı il iyulun 15-də Fransada terror hadisəsi törədilib. Nitsa şəhərində naməlum şəxslər yük avtomobilini küçədə bayram şənliyi ilə əlaqədar gəzişən insanların üzərinə sürüb. Hadisə nəticəsində 84 nəfər ölüb, 100-dən çox insan isə yaralanıb. İŞİD qruplaşması Nitsada törədilən terrora görə məsuliyyəti öz üzərinə götürüb.

2011-ci il iyulun 22-də Norveçin Uteya adasında Anders Beinq Breyvik adlı vətəndaşın törətdiyi terror aktı nəticəsində 77 nəfər ölmüş, 151 nəfər isə yaralanmışdı. Breyvik bu cinayəti islama qarşı dözmsüzlüyünə görə törətdiyini bildirmişdi.

2005-ci il iyulun 7-də London metrosuna terror hücumu nəticəsində 52 nəfər həlak olmuş, 700-dən çox sərnişin xəsarət almışdı. Bu hadisəni də din adı altında fəaliyyət göstərən fundamentalistlərin törətdiyi bildirilib.

1986-cı il fevralın 28-də İsveçin Baş naziri Sven Olaf Yoakim Palme Stokholmda qətlə yetirilib. Bu qətlin üstü hələ də açılmayıb, müasir İsveç tarixinin müəmmalı hadisələrindən biri olaraq qalır. Qətldə əsas şübhəli Christer Pettersson sayılıb, 1989-cu ildə ömürlük həbs cəzasına məhkum edilsə də, sonradan dəlil yetərsizliyi səbəbindən sərbəst buraxılmışdı.

1972-ci ildə Qərbi Almaniyanın Münxen şəhərində keçirilən Yay Olimpiya Oyunları zamanı Qara sentyabr təşkilatının üzvləri tərəfindən terror aktı törədilib. Həmin cinayət zamanı İsrail Olimpiya millisinin 11 üzvü girov götürülüb.

Həmin ilin avqust-sentyabr aylarında keçirilmiş sayca XX Yay Olimpiya Oyunları zamanı törədilən qətliam olimpiadanın yarıda dayandırılmasına səbəb olmuşdu. Təhlükəsizlik tədbirləri zəif təşkil olunduğu üçün bəzi ölkələr olimpiadanı yarımçıq tərk etmişdi. Hadisələr nəticəsində 11 israilli idmançı və məşqçi, almaniyalı bir polis və 5 terrorçu ölmüşdü.

Bu il iyulun 26-dan avqustun 16-dək Fransada Yay Olimpiya Oyunları keçiriləcək. Yarışlar zamanı Parisə 20 milyona qədər turistin səfər edəcəyi gözlənilir.

Ötən illərin hadisələrinə nəzərə yetirəndə bir daha təsdiq olunur ki, terror özünə güvənən istənilən ölkədə törədilə bilər.

Avropada, xüsusilə qitənin qərb hissəsində bu hadisələr hansı səbəblərdən baş verə bilər? Bunun bir sıra silsilə, bir-birindən törəyən səbəbləri var.

Birincisi, Avropa Afrika və Asiya ölkələrinə, onların problemlərinə ikili standartdan yanaşır, vasitəçilik zamanı daha çox öz maraqlarının təmin olunmasına çalışır.

İkincisi, bu müstəmləkəçi qitə təsir dairəsində olan bölgələrə və onların əhalisinə ikinci sort insan kimi yanaşılır. Avropanın bəzi güclü dövlətləri bir sıra bölgələrin müstəqilliyini tanısalar da, hegemonluq iddialarından əl çəkmirlər.

Üçüncüsü, Avropa ölkələri təxminən 100-150 il əvvəl digər qitələrdən insanları alıb-satıblar. Həmin regionların sakinlərinə qarşı quldar-qul münasibəti hələ də qalmaqdadır.

Dördüncüsü, Avropa Qərb bloku daxilində rəqabət apara bilmir. Bu, ona təhlükəsizliyini təmin etməyə mane olur. Planetin bu qitəsi təhlükəsizliyini daha çox ABŞ və NATO-ya həvalə edib. Bu da qlobal qarşıdurmalarda özünü daha çox büruzə verir.

Beşincisi, Avropa Asiya, Afrika, o cümlədən müsəlman ölkələrində baş verən hadisələrə daha çox dini kontekstdə, fərqli sivilizasiyalar fonunda yanaşır. Halbuki, həmin ölkələrdə də demokratik dəyərlər uğrunda mübarizə gedir. Qərb isə buna bu hərəkatların deyil, öz maraqları acısından yanaşır. Bu da yekunda etirazlara səbəb olur.

Altıncısı, Avropada islamın düşmən elan edilməsi, islamofobiya, multikulturalizmdən imtina olunması, baş verənlərin isə sivilizasiyaların toqquşması kimi təqdim edilməsi vəziyyətin real dəyərləndirilməsinə mane olur.

Yeddincisi, islam adı atında terror qruplaşması qurucularının açıqlanmaması Qərb-Şərq ayrılığı yaradır.

Səkkizincisi, Avropanın təhlükəsizlik sistemlərinin "təhlükənin daim islamdan gəldiyi" iddiası ilə çıxış etməsi cəmiyyətdə parçalanmanı süni şəkildə sürətləndirir və s.

Bu və başqa amillər, Qərb blokunun, o cümlədən Avropanın məsələlərə dini, siyasi, milli, mədəni ayrı-seçkiliklə yanaşması terror təhlükəsini qitə üçün həmişə aktual edəcək. O, özünün irəli sürdüyü standart yanaşmalardan imtina etmədikcə bu bəlanın onu izləyəcəyi istisna deyil.

Report.az




Ana səhifəyə qayıt        Baxış: 3 742          Tarix: 5-03-2024, 16:35      

Xəbəri paylaş


Paylaş:   

Prizma