Azərbaycanın xarici siyasəti hər zaman praqmatikliyi ilə seçilib. Bu illər ərzində ölkəmiz regionda daim sabitləşdirici mövqedən çıxış edərək region ətrafında qlobal güclər arasında ziddiyyətlərin aradan qaldırılması üçün əlindən gələni edib. Balanslı siyasət nəticəsində sabit bölgə üçün daim vuruşan rəsmi Bakı müxtəlif beynəlxalq aktorlar arasında daim orta xətti qoruyub. Azərbaycanın Qərb, Rusiya və İranla münasibətlərində bizim milli maraqlarımızın nəzərə alınması daim ən ali məqsəd olub.
Məlum olduğu kimi, Azərbaycan prezidenti İlham Əliyev dünən Moskvaya səfər etdi. Bu, fevralda baş tutan prezident seçkilərindən sonra Moskvaya baş tutan ilk səfər idi. Sözsüz ki, həmişə olduğu kimi, bu dəfə də Kremldə baş tutan görüşə nəinki Qafqazda, ümumilikdə Qərbdə və region ətrafında diqqət böyük idi.
İlk növbədə onu qeyd etmək lazımdır ki, Moskva görüşünün rus sülhməramlılarının vaxtından əvvəl dinc şəkildə bölgəni tərk etməsi fonunda baş tutması, Azərbaycan və Rusiya arasında əməkdaşlığın hazırda qarşılıqlı anlayış şəraitində olmasının bariz nümunəsidir. Bakı və Moskva son addımları ilə siyasətdə vəd və sözünə sadiqliyin nə olduğunu göstərmiş oldular.
Ümumilikdə, qeyd edilməlidir ki, Azərbaycan lideri MDB məkanında ən çətin bölgədə yerləşməyimizə baxmayaraq Rusiya ilə münasibətlərdə müstəqilliyini qoruyan, dövlət və milli maraqları tam olaraq həyata keçirməyi bacaran yeganə lider olmağı bacardı. Bir neçə il əvvəl Rusiyada baş tutan Kazan görüşü, o zaman prezident Medvedevin bəyanatı, Qarabağda status-kvo ilə bağlı arzuları fonunda rəsmi Bakı reallığın tamam fərqli olduğunu dialoq yolu ilə göstərdi. Cənubi Qafqazda 200 ildən sonra ilk dəfə olaraq bölgənin geosiyasi konfiqurasiyası dəyişdi, Qara dəniz - Xəzər regionunda Azərbaycanın başçılığı ilə yeni dönəmə başlanıldı.
Təbii ki, yaranmış mövcud reallıqlar bizə qonşu olan dövlətlərin Azərbaycana yanaşmasında yeni baxış bucaqları və davranışlar sistemini tələb edirdi ki, Moskvanın Bakıya yanaşmasında bunu son zamanlar xüsusilə görməkdəyik. 19-20 sentyabr 2023 hadisələri, BMT TŞ-da 2022 və 2023-də baş verənlər aysberqin görünən tərəfi idi.
Azərbaycanın bölgədə yeni reallıq yaratması və Qafqazın real siyasi mərkəzinə çevrilməsi fonunda Ermənistanda baş verənlər regionla bağlı yuxarıda qeyd edildiyi kimi, Rusiya hökumətinin baxış bucağında korrektələrlə müşahidə olunurdu. Burada, xüsusilə onun üzərində dayanmaq lazımdır ki, şimal qonşumuzun xarici siyasət davranışı birbaşa olaraq, həm də, Ukrayna, əslində isə, ABŞ və bəzi Qərb dairələri ilə ziddiyyətlərin həlli nəticəsindən və liderlik kürsüsündə kimin olmasından asılıdır. İndiki vəziyyətdə son 4 il ərzində Qafqazda cərəyan edən hadisələr hər kəsə məlumdur.
4 kəndin qaytarılması, delimitasiya-demarkasiya, Zəngəzur dəhlizi, sülh müqaviləsi kimi Azərbaycan və Ermənistan arasındakı mövzular, sözsüz ki, Moskvanın diqqət mərkəzindədir. Məlumdur ki, Ermənistan delimitasiyanın 1991-ci il Almatı sazişinə müvafiq olaraq o dövrün xəritələrinə əsasən aparılmasını istəyir. (Hərçənd orada dəqiq xəritələrdən və xətlərdən söhbət getmir) Lakin məlumdur ki, xəritələrlə bağlı tərəflər arasında fikir ayrılığı var. Eyni zamanda, Zəngəzur dəhlizi ilə bağlı Paşinyan hələ də vaxtı uzatmaqla məşğuldur.
Hazırda Moldova və Ukraynada baş verənlər onu deməyə əsas verir ki, Qafqaz da daxil olmaqla Avrasiyada yeni reallıqlar (dövlətlərin xəritələri, sərhəd xətləri, Avropanı Asiya ilə birləşdirən nəqliyyat yolları) qaçılmazdır və bu yeni reallıqlar, həm də köhnə xəritələrlə bağlıdır. Beləcə, Azərbaycan və Ermənistan arasında 1920-1991-ci illər arası xalqların öz müstəqilliyini elan etməsi, hansı ərazilərdə yaşaması, hansı ərazilərin "hədiyyə" verilməsi və bu gün hansı xəritələrin əsas götürülməsi kimi mövzular aktuallıq təşkil edir. Sözsüz ki, 100 il əvvəl olduğu kimi, bu gün də bu mövzularda Rusiyanın mövqeyi vacibdir. Təsadüfi deyil ki, son 4 ildə mütəmadi olaraq İran və bəzi Qərb dairələri "sərhədlər dəyişilməzdir", "Zəngəzur dəhliz deyil" bəyanatlarını verirlər. Və yenə də, heç də təsadüfi deyil ki, Aİ-nın xüsusi missiyasının Qərbi Zəngəzura Azərbaycanı dayandırmaq üçün gəlməsindən əvvəl İran da lazım gələrsə, ordusunu Sünikə göndərə biləcəyi haqqında bəyanatlar verirdi.
Dünən Moskvada baş tutan görüş, sözsüz ki, aktualdır, lazımlıdır və gələcəyə istiqamətlənəndir. Onun görünməyən tərəfləri isə çox dərindədir.
Keçək digər məsələlərə.
İqtisadiyyat
2017-ci illə müqayisədə iki ölkə arasında ticarət dövriyyəsi iki dəfədən çox artaraq, ötən il 4,5 milyard ABŞ dollarına çatıb. Bununla yanaşı, 2023-cü ildə iki ölkə arasında ümumi yük daşımalarının həcmi 2017-ci illə müqayisədə 87 faiz, o cümlədən tranzit yüklərin həcmi dörd dəfəyə yaxın artıb. Həmçinin Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizi ilə yük daşımaları 2017-ci illə müqayisədə 44 faizdən çox olub.
Ölkələrimiz arasında əlaqələrin sürətli inkişafının qarşıdakı dövrdə də uğurla davam etdirilməsi və daha da genişləndirilməsi məqsədilə bu ilin yanvarında “Azərbaycan-Rusiya əməkdaşlığının inkişafının əsas istiqamətləri üzrə 2024-2026-cı illər üçün Yol Xəritəsi” imzalanıb.
Bundan başqa, Azərbaycan Rusiyanın ayrı-ayrı regionları ilə ikitərəfli ticarət əlaqələrini genişləndirməkdədir. Ticarət evləri, humanitar sahədə regionlarla əməkdaşlıq, şəhərlərin qardaşlaşması və s. buna misaldır.
Humanitar əlaqələr
Humanitar əlaqələr Azərbaycan-Rusiya əməkdaşlığında mühüm yer tutur. Hazırda Azərbaycanın 26 ali məktəbində rus dilində təhsil həyata keçirilir, 16 min Azərbaycan vətəndaşı olan tələbə rus dilində təhsil alır. Həmçinin 324 orta məktəbdə təhsil rus dilində aparılır.
Baykal-Amur Magistralı
Bu səfərin ən yaddaşlarda qalam məqamı liderlərin Baykal-Amur Magistralının 50 illik yubiley tədbirində iştirakı oldu. Bu, Ulu Öndər Heydər Əliyevin bu nəhəng layihənin ərsəyə gəlməsində mühüm xidmətlərinin yad olunması ilə yanaşı, dövlətlərimizin və xalqlarımızın əməkdaşlığının və dostluğunun da növbəti ifadəsi idi.
Dövrünün ən böyük infrastruktur layihələrindən olan Baykal-Amur Magistralı (BAM) dünyanın ən uzun dəmir yolu xətlərindən biridir. Elə buna görə də BAM xəttini “Əsrin layihəsi” adlandırırdılar.
Lakin müxtəlif çətinliklər dəmir yolunun inşasının uzun illər davam etməsinə səbəb oldu. Həmin dövrdə Heydər Əliyev Baykal-Amur Magistralının həyata keçməsinə dəstək verən Siyasi Büro üzvlərindən biri idi. Sovet İttifaqında nəqliyyat sisteminin inkişafına xüsusi diqqət yetirən və bu sahəni ölkənin “arteriya damarı” adlandıran SSRİ Nazirlər Soveti Sədrinin birinci müavini Heydər Əliyevin 1984-cü ildə magistral boyunca 10 günlük səfər etməsi ilə BAM-ın tikintisində ciddi dönüş yarandı. Ulu Öndər sovet dövlətinin magistral boyu bir neçə günlük səfərə yollanan ilk yüksəkvəzifəli şəxsi idi. Moskvaya qayıdan Heydər Əliyev iyulun 5-də Sov. İKP MK Siyasi Bürosunun iclasında Baykal-Amur dəmir yolunun tikintisi ilə əlaqədar geniş məruzə ilə çıxış etdi. Məruzədə tikintinin sürətləndirilməsi üçün yeni ideya irəli sürərək onun həyata keçməsinə nail oldu.
Moskva səfəri zamanı BAM-ın 50 illiyi münasibətilə təşkil olunan tədbirdə layihənin ərsəyə gəlməsində məhz Heydər Əliyevin rolunun xüsusi vurğulanması sıradan hadisə kimi qəbul olunmamalıdır.
Yekun olaraq qeyd etmək yerinə düşər ki, Moskva səfəri iki tərəf arasında əməkdaşlıqda pozitiv nəticələrdən xəbər verir, eyni zamanda qarşıdakı aylar ərzində münasibətlərdə müsbət trendin davam edəcəyini söyləməyə əminlik yaradır.
Bakı Politoloqlar Klubunun sədri Zaur Məmmədov
Paylaş: