Xəbər lenti

Azərbaycan və Ermənistanın ikitərəfli danışıqlarının növbəti ünvanı bəlli oldu; ABŞ-dan reaksiya gəldi; ekspertlər deyir ki, sülh müqaviləsinin vasitəçisiz, şərti sərhəddə, yaxud artıq delimitasiya olunmuş ərazidə imzalanması iki halda mümkündür...

Postmüharibə dövründə Azərbaycan sülhün ən qısa zamanda baş tutması üçün bütün imkanları ilə çalışdı və çalışmaqdadır: Bakı sülh danışıqları üzrə bütün platformalarda görüşlərdə konkret mövqe ilə çıxış etdi, baza prinsipləri təklifini irəli sürdü. Ermənistan isə sülh müqaviləsindən yayınmaq üçün bütün imkanları ilə çalışdı və bu prosesdə xarici təsir dairələrinin boyunduruğundan çıxa bilmədi. 

Azərbaycan tərəfi ən effektiv variantı da təklif etdi: Vasitəçisiz, birbaşa danışıqlar məhz rəsmi Bakının təşəbbüsüdür. Bəyan edildi ki, konkret nəticə yalnız birbaşa təmaslarda mümkündür. Bugünədək delimitasiya və demarkasiya ilə bağlı əldə edilmiş razılaşmalar da məhz birbaşa təmasların nəticəsidir. Qeyd edək ki, bu yaxınlarda ABŞ-ın dövlət katibi Entoni Blinken də ikitərəfli danışıqların ABŞ tərəfindən dəstəkləndiyini bildirib. Düzdür, Blinken bunu Rusiyanın iştirakçılığının olmaması kontekstində qeyd edib. Ancaq hər halda, Azərbaycanın rəsmi mövqeyi odur ki, istər ABŞ, istər Aİ, istər Rusiyanın iştirakı olmadan keçirilən müzakirələr prioritetdir. “Azərbaycanın tərəfdarı olduğu ikitərəfli və birbaşa sülh danışıqları Cənubi Qafqazda dayanıqlı sülh və sabitliyə hesablanıb”. Bunu aprelin 30-da xarici işlər naziri Ceyhun Bayramov Ərəb Dövlətləri Liqası - Mərkəzi Asiya - Azərbaycan Respublikası Əməkdaşlıq və İqtisadi Forumunun 3-cü iclasında deyib. Ceyhun Bayramov həmçinin postmünaqişə dövründə bölgədə mövcud vəziyyət, işğaldan azad olunmuş ərazilərdə aparılan genişmiqyaslı bərpa və quruculuq işləri, bu fəaliyyətə təhdid törədən mina təhlükəsi, habelə Azərbaycan və Ermənistan arasında normallaşma prosesi barədə ətraflı məlumat verib. Xarici işlər naziri delimitasiya komissiyaları arasında əldə olunmuş son razılıqların da nümayiş etdirdiyi kimi, qarşılıqlı şəkildə qəbul oluna bilən nəticələrin əldə edilməsi baxımından bunun ən effektiv və uğurlu xətt kimi özünü doğrultduğunu bildirib. İkitərəfli müzakirələr yaxın vaxtlarda Qazaxıstanda planlaşdırılır.

Qazaxıstan Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Aibek Smadiyarov çərşənbə axşamı "RİA Novosti"yə bildirib ki, Ermənistan və Azərbaycan Qazaxıstanda danışıqlarda iştirak edəcəklərini təsdiqləyiblər. Musavat.com-un məlumatına görə, Smadiyarov deyib ki, danışıqların keçirilmə tarixi daha sonra açıqlanacaq. “Azərbaycan və Ermənistan xarici işlər nazirləri arasında danışıqlar Almatıda keçiriləcək. Hər iki tərəf iştirakını təsdiqləyib. Tədbirin vaxtı əlavə olaraq açıqlanacaq”, - Smadiyarov bildirib. Çərşənbə axşamı Qazaxıstanın xarici işlər nazirinin müavini Alibek Bakaev "RİA Novosti"yə bildirmişdi ki, Ermənistan iştirakını hələlik təsdiqləmədiyinə görə görüşün tarixi müəyyən edilməyib.

Qeyd edək ki, iki ölkə arasında danışıqların Qazaxıstanda aparılması ideyası respublika prezidenti Kasım-Jomart Tokayev tərəfindən Ermənistan və Azərbaycana son səfərləri zamanı irəli sürülüb.

Bu arada, ikitərəfli danışıqlara Vaşinqtondan da reaksiya gəlib. ABŞ dövlət katibi Entoni Blinken İrəvanla Bakı arasındakı böhranın həllində şəxsən iştirak edir, ABŞ Dövlət Departamentinin sözçünün müavini Vedant Patel brifinqdə deyib. “Bu, dövlət katibinin problemlərin həllində şəxsən dərindən iştirak etdiyi dünyanın bir hissəsidir. O, fəaliyyəti dövründə hər iki ölkə ilə daim əlaqə saxlayıb” deyən Patel iki ölkə arasında sülhün mümkün olduğuna inanmaqda davam etdiklərini bildirib.

Birbaşa təmaslar, sülh danışıqları növbəti mərhələdə Azərbaycan-Ermənistan sərhədində, yaxud Bakıda, Gəncədə, daha sonra İrəvanda aparıla bilərmi?

Sosial Tədqiqatlar Mərkəzinin icraçı direktoru Sahib Məmmədov “Yeni Müsavat”a bildirdi ki, əslində bu praktika artıq mövcuddur: “Sərhədlərin delimitasiyası ilə bağlı danışıqlar Ermənistanla şərti sərhəd zonasında keçirilib və artıq nəticə də var. Kiçik də olsa, bəzi ərazilərdə nəinki delmitasiya, hətta demarkasiya işləri də həyata keçirlib və sərhəd dirəkləri basdırılıb. Biz əvvəlki şərhlərimizdə də qeyd etmişdik ki, sülh danışıqları üçün ən yaxşı platforma elə danışıqlar aparan tərəflərin əraziləridir. Bunu növbəlilik əsasında Azərbaycan və Ermənistan ərazisində etmək də olar. Əvvəlcə şərti sərhəddə yaxın olan inzibati ərazi vahidlərində, daha sonra digər şəhərlərdə, o cümlədən paytaxtlarda aparıla bilər”. 

S.Məmmədovun fikrincə, danışıqların qarşılıqlı olaraq Azərbaycan və Ermənistan ərazilərində aparılması həm də ona görə əhəmiyyətlidir ki, bu, tərəflər arasında münasibətlərin daha da yaxşılaşmasına, qarşılıqlı etimad mühitin yaranmasına müsbət təsir edəcək: “Qazaxıstan görüşündən sonra məsələn, xarici işlər nazirləri səviyyəsində görüşlərdən birinin şərti sərhədə yaxın olan ərazilərdə təşkili çox yaxşı olardı. Bununla belə, hadisələrin indiki gedişi optimizmə bir qədər əsaslar yaratsa da, proseslərin müsbət dinamika ilə inkişafına tam ümidlər də yoxdur. 4 kəndin qaytarılması ilə bağlı razılaşmadan sonra Ermənistanın daxilində baş verənlər də bunu göstərir. Daxili etirazların xarici ölkələrdən idarə olunması, dini institutların etiraz dalğasına rəhbərlik etmək cəhdləri də bunu göstərir ki, bu ölkənin vətəndaş cəmiyyəti, o cümlədən qeyri-hökumət təşkilatları, siyasi partiyaların bir çoxu, kilsə daha çox kənardan idarə olunur. Hər halda, danışıqların ikitərəfli müstəviyə keçirilməsi və danışıqlar platforması olaraq tərəflərin ərazilərindən istifadə praktikası tam təşəkkül tapsa, müsbət nəticələrin olacağına ümidlər var”. Ekspert bildirdi ki, digər bir məsələ həm Azərbaycanda, həm Ermənistanda keçirilən beynəlxalq tədbirlərdə daha yüksək səviyyəli təmsilçiliyin reallaşmasıdır: “Fikrimcə, COP29 tədbiri bu məsələdə yaxşı başlanğıc ola bilər. Nəzərə alaq ki, COP29 tədbiri ilə bağlı Ermənistan pozitiv mövqe nümayiş etdirib və veto hüququndan imtina edib. Bu, səhv etmirəmsə, bütün münaqişə dövründə ilk belə hal idi ki, beynəlxalq münasibətlərdə Ermənistan və Azərbaycan bir-birini qarşılıqlı dəstəklədi. Daha sonra ya elə sülh danışıqlarına paralel olaraq xalqları barışdırmaq istiqamətində müəyyən addımlar atıla bilər. Bu halda hər iki ölkənin vətəndaş cəmiyyətlərinin üzərinə mühüm vəzifələr düşəcək. Əlbəttə, qeyd etdiklərim Azərbaycan dövlətinin, hakimiyyətinin və cəmiyyətin istədikləridir. Təəssüf ki, Ermənistanın nə hakimiyyəti, nə də cəmiyyəti hələ həqiqi sülhə və barışığa hazır deyil, əksinə, dəfələrlə qeyd etdiyimiz kimi, bizə qarşı qlobal informasiya cəbhəsində və beynəlxalq məhkəmələrdə müharibəni davam etdirir. Beləliklə, Azərbaycan dövləti və cəmiyyəti sülhə aparan, xalqlar arasında münasibətləri yaxşılaşdıran və bu zaman hər iki dövlətin suveren hüquqlarına xələl gətirməyən istənilən addıma hazırdır. Ermənistan barədə bunu deyə bilmirik. Çünki Ermənistan müstəqil dövlət deyil, hakimiyyət təkbaşına qərarlar qəbul edə bilmir, ölkə daxilində və xaricidən olan təsirlər və təzyiqlər kifayət qədər böyükdür”.

Azad Vətən Partiyasının sədri Akif Nağı hesab edir ki, xarici güclər Azərbaycanla Ermənistan arasında vasitəçisiz danışıqlarda, nəticənin əldə olunmasında maraqlı deyil: “Çünki istər Rusiya, istərsə Qərb vasitəçilik missiyasından regionda təsir imkanlarını saxlamaq üçün istifadə etmək niyyəti güdür. Ona görə də başqalarının bu prosesə qoşilmasına imkan vermirlər. İndi Astana təşəbbüslə çıxış edib, amma ya nəticənin əldə olunmasına imkan verməyəcəklər, ya da şərik çıxacaqlar. Azərbaycan bunu görür və prosesin vasitəçisiz aparılmasına səy göstərir. Üzdə hər kəs başqasının müdaxiləsini pisləyir. Rusiya regiona kənar qüvvələrin müdaxiləsini pisləyir, amma bununla özünün hegemonluğunu təsbit etməyə çalışır. ABŞ vasitəçisiz danışıqların əleyhinə olmadığını nümayiş etdirir, amma əslində bununla Rusiyanı kənarlaşdırıb, onun yerini tutmaq istəyini büruzə verir. Ermənistan da vasitəçisiz danışıqlarda maraqlı deyil, çünki üzərinə götürəcəyi öhdəliyi yerinə yetirəcəyinə əmin deyil, əldə olunacaq razılaşmaya kiminsə qarant durmasını istəyir, ən əsası isə odur ki, onların qərarı kənarda qəbul olunur, istədikləri qərarı qəbul etmək iqtidarında deyillər”. 

A.Nağı bildirdi ki, Azərbaycan ermənilərin nail olmadıqlarına sahibdir, hərbi və iqtisadi gücü, siyasi iradəsi yetərincədir: “Sülh müqviləsinin vasitəçisiz, şərti sərhəddə, yaxud artıq Qazax tərəfdə delimitasiya olunmuş ərazidə imzalanması iki halda mümkündür. Birincisi, Ermənistan rəhbərliyi tam şəkildə Azərbaycanın himayəsinə sığınır, biz də onları mümkün daxili və xarici təhlükələrdən qorumağı təmin edirik. İkincisi, Azərbaycan hərbi gücünə söykənərək, hərəkətə keçir, bu hərəkətlənmədən sülh doğulur. Hər iki variant eyni şansa malikdir. Amma bir şey də var ki, qədim deyimlərə görə, "sülhün əldə olunması üçün müharibə olmalıdır"".




Ana səhifəyə qayıt        Baxış: 3 296          Tarix: 2-05-2024, 09:35      

Xəbəri paylaş


Paylaş:   

Prizma