Azərbaycan Respublikası BRICS-ə (Braziliya, Rusiya, Hindistan, Çin və Cənubi Afrika) daxil olmaq üçün rəsmi müraciət edib. Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin açıqlamasında bildirilib.
Xatırladaq ki, bu il iyulun 3-də Şanxay Əməkdaşlıq Təşkilatının Astanada keçirilən Zirvə toplantısı çərçivəsində "Azərbaycan Respublikası ilə Çin Xalq Respublikası arasında strateji tərəfdaşlığın qurulması haqqında Birgə Bəyannamə" qəbul olunub. Bəyannamədə Azərbaycan BRICS-ə daxil olmaq arzusunu ifadə edib və Çin BRICS əməkdaşlığında Azərbaycanın iştirakını alqışlayıb.
Azərbaycan BRICS-ə üzv olmaqla xarici siyasətində çoxtərəfli ticarət sistemini böyütməyi hədəfləyir. Bundan başqa, Bakı üzvlüklə özünə dünya iqtisadiyyatında qlobal böhranların nəticələri ilə bağlı təhdidlərə qarşı immunitet qazanmış olur.
Mövzu ilə bağlı "Kaspi" qəzetinin məqaləsini təqdim edirik.
BRICS tarixi dönüş yaradacaq genişlənməyə başlayacağını elan edən prioritetlərini 2023-cü ilin avqustunda Yohannesburqda keçirilən zirvə görüşündə açıqlayıb. Zirvə Bəyannaməsinə əsasən, Misir, Efiopiya, İran, Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmirlikləri, Argentina təşkilata üzv qoşulmağa dəvət edildi (Argentina sonradan bu təklifi qəbul etmədi, Səudiyyə Ərəbistanı isə hələ müraciəti nəzərdən keçirir).
BRICS hələ genişlənməmişdən öncə inkişaf edən iqtisadiyyatlar qrupu kimi yaxşı göstəricilərə malik olub. BRICS qlobal Ümumi Daxili Məhsulun 26 faizini və dünya əhalisinin təxminən 41 faizini təşkil edirdi. BRICS-in genişlənməsi ilə proqnozlaşdırılır ki, bu, təşkilata ÜDM baxımından əlavə 2.6 trilyon ABŞ dolları qazandıracaq. Bu da 28.5 trilyon dollarlıq ümumi BRICS iqtisadiyyatını və qlobal məhsulun 28 faizini təşkil edir.
Ticarət prizmasından genişlənmiş BRICS qlobal neft hasilatının 43 faizindən çoxunu təşkil etməklə gücünü ikiqat artırır. BRICS həm də Səudiyyə Ərəbistanı, İran və BƏƏ-ni öz sıralarına qatmaqla Yaxın Şərqdə geostrateji imkanlarını genişləndirir.
Strateji qazanclar
Göründüyü kimi, BRICS iqtisadiyyatdan da artıq bir təşkilatdır və əlavə strateji qiymətə malik olan platforma kimi rolunu artırır. Çünki BRICS-in iqtisadiyyatda çeviklik qazanması onun qlobal idarəetməyə və geosiyasətə təsirlərini maksimallaşdırır. Bu səbəbdəndir ki, BRICS geosiyasi və geoiqtisadi cəhətlərin harmoniyasında strateji cəhətdən Qərbin üstünlüklərini əvəz edən əks çəki qazanmaqdadır.
BRICS-in forma və məzmun tutumu qlobal gücün bölüşdürülməsini balanslaşdıran zəruri prioritetlər meydana çıxarır. Azərbaycan üçün bu təşkilatın gücü və imkanları məqbuldur, çünki Bakı iqtisadiyyatdakı vitrinlərdə özünün "məhsullarını" yerləşdirməyə imkanlar qazanır. Bu, Azərbaycanın genişlənən xarici siyasətinə mənfəət gətirir və Bakının məruz qala biləcəyi siyasi-iqtisadi təzyiqləri minimallaşdırmağa yardımçı olur.
Söz yox ki, Azərbaycan bununla geosiyasi mülahizələrə yol açan tənqidlərlə qarşılaşır. Çünki Bakının strateji seçim imkanlarını əhəmiyyətli dərəcədə çoxaldacaq BRICS faktoru kimlərinsə kürkünə birə salıb. Ona görə ki, Azərbaycan beynəlxalq münasibətlərin getdikcə kəskinləşdiyi zamanda real qüvvətli rıçaqlar əldə edir və bu, onun Ermənistan üzərindən təzyiqlərindən tutmuş Cənubi Qafqazdan Mərkəzi Asiyaya, Yaxın Şərqə qədər uzanan strateji cığırında əmsallarını artırır.
Eyni zamanda, Azərbaycan Qərb-Rusiya-Çin arasındakı dağınıq nizamda geosiyasi sütunlarını ucaltmaqla regional qüdrət indeksindəki yerini yüksəklərə qaldırır. Məsələnin başqa aspektləri Azərbaycan-Türkiyə strateji tandeminin çəkisini qaldırmaqla əlaqəli şəkildə təhlil edilə bilər.
Çünki Türkiyə də BRICS-ə qoşulmaq istəyini ifadə edib, beləliklə, Bakı və Ankara:
- Türk Dövlətləri Təşkilatında strateji tandemi qüvvətləndirən və dərinləşdirən prioritetlər qazanır,
- Cənubi Qafqaz və Mərkəzi Asiyadan yola çıxaraq beynəlxalq arenada danılmaz sürət qazanırlar və böyükmiqyaslı genişlənmə əməliyyatlarını prioritetləşdirirlər.
BRICS-də iştirak Azərbaycan üçün vacib strateji məqsəd olan Orta Dəhlizdəki və Zəngəzur dəhlizi layihəsindəki prioritetlərini irəlilətmək baxımından faydalıdır. Çünki regionda dünyanın alternativ qüdrəti kimi formalaşmış Çin Avropa ilə əlaqədar maraqlarını Orta Dəhliz üzərindən qurur və Azərbaycanın bu koridordakı iştirakının ərsəyə gətirəcəyi səmərələri qiymətləndirir. BRICS-də təmsil olunan Hindistanın Cənubi Qafqazda Azərbaycan əleyhinə Ermənistanı ayaqlandırmasına qarşı olaraq Çin amilindən istifadə də Bakı üçün yaxşı seçimdir. Yəni, Azərbaycanın BRICS-də həm də onun qarşısında dayanan Hindistanın ambisiyalarına Çin üzərindən nəzarət ediləcək diplomatiyanı həyata keçirmək planını əks etdirə bilər.
Ancaq BRICS-də Azərbaycanın təmsilçiliyi onun Hindistanla əlaqələrinə də müsbət təsir edəcək bir ipdir. Bununla avtomatik olaraq Ermənistan amili Hindistanın nəzərində diqqətdən kənarda qala bilər.
Buna görə də, BRICS-dəki təmsilçiliyin Azərbaycana yalnız faydalar gətirəcəyini proqnozlaşdırmaq mümkündür. Həmçinin, Azərbaycan yeni siyasi təşəbbüslər üçün fərqli tribuna qazanacaq. Bu, Azərbaycanın beynəlxalq güclər arasında nizam-intizamla məsafə saxlaması xəttinin davam edəcəyinə və təzyiqlərə qarşı müqavimət formasını təcəssüm etdirməsinə güc verəcək.
Paylaş: