Xəbər lenti

Yarıtmaz idarəçilik, xarici və daxili siyasətdə uğursuzluqlar Fransa prezidenti Emmanuel Makronun reytinqinə təsirsiz ötüşmür. Ölkənin ictimai rəy institutunun sorğusunun nəticələrindən bəlli olub ki, respondentlərin 78%-i Makronun fəaliyyətindən narazıdır. Onun işini sorğuda iştirak edənlərin yalnız 22%-i müsbət qiymətləndirir.

Fransızlar yeni baş nazir Mişel Barnyenin işindən də narazıdırlar. Respondentlərin sadəcə 40%-i onu dəstəkləyir, 60% onun fəaliyyətini bəyənmir.

İnsanları narazı salan daha çox Makron hökumətinin başqa ölkələrin daxili işlərinə qarışmasıdır. Ölkənin daxili sosial problemləri günbəgün artdığı halda, milyonlarla dollar vəsait həmin ölkələrin silahlanmasına sərf edilir. Ermənistanla bağlı siyasət də buna bariz nümunədir. Ölkənin strateji maraqları adı altında milyonlarla dollar vəsait ermənilərin silahlandırılmasına sərf edilir. Keçmiş müstəmləkələrdə də analoji vəziyyətdir.

Görünən odur ki, Afrikadan və digər bölgələrdən biabırcasına qovulan, Yeni Kaledoniyada iğtişaşlara rəvac verən Fransa hakimiyyəti baş verənlərdən dərs çıxarmağa tələsmir. “Azadlıq, bərabərlik və qardaşlıq” şüarı Fransa haqqında çox yanlış assosiasiyalar yaradır və fikirlər formalaşdırır. Bu ifadələr Böyük Fransa İnqilabı dövründən yaranıb, lakin ölkənin müstəmləkəçilik siyasəti tamamilə bunun əksi – köləlik, qaniçənlik və qəddarlıq üzərində qurulub.

Zaman belə müstəmləkəçi Fransanın cinayətləri ilə üzləşən xalqların yaralarını sağalda bilməyib. Belə ölkələrdən biri də Mərakeşdir. Oktyabrın sonlarında Makron keçmiş müstəmləkəsi, soyqırımılar törətmiş Mərakeşə səfər etmək qərarına gəlib. Məhz bu ölkə Fransa müstəmləkəçiliyinin acılarını yaşayan dövlətdir.

Fransız müstəmləkəçiliyinin izi

Mərakeş ərazisində fransız müstəmləkəçiliyinin izləri bu gün də mətbuat səhifələrində aydın görünür. Fransanın müstəmləkəsi olan ölkələrin əksəriyyətində xalqın dilində “edam meydanı” deyimi var. Bu, fransızların yerli xalqa qarşı tətbiq etdikləri edamlarla əlaqədardır. Əlcəzair, Seneqal, Madaqaskar, Kamerun, Ruanda, Çad və Mərakeş - bu ölkələrin hamısının tarixində Fransa öz qanlı izini qoyub. 2020-ci ilə kimi “qara qitə”də Fransanın işğalı altında olan 29 ölkə hələ də cinayətlərə görə təzminat tələb edir və torpaqlarından talan edilmiş sərvətlərin geri qaytarılmasını gözləyir. Fransızlar isə tarixlərinin bu qara ləkələrini hər vəchlə gizlətməyə çalışırlar.

Bəs Makronun gözlənilmədən Mərakeşə - keçmiş müstəmləkəyə səfər etmək qərarı nə ilə bağlıdır?

Birincisi, Fransa neçə illərdir ki, bu ölkə ilə diplomatik gərginlik yaşayır. Yayılan xəbərlərə görə, səfər Mərakeş kralı VI Məhəmmədin dəvəti ilə reallaşsa da, təşəbbüsün Makrondan gəldiyi vurğulanır. Fransa bu səfərlə keçmiş müstəmləkəsində mövqelərini möhkəmləndirməyə çalışır.

İkincisi, Paris bu səfərlə Qərbi Saxaraya muxtariyyət verilməsi ilə bağlı planı dəstəkləməyə çalışır. Qərbi Saxaradakı vəziyyət uzun onilliklər ərzində beynəlxalq mübahisələrə səbəb olub. Əlcəzair və Mərakeş arasında bir neçə ildir ki əsas maneə iki qonşu ölkənin əks mövqe tutduğu Qərbi Saxara problemi hesab edilir. Rabat keçmiş ispan mülklərini ərazisinin bir hissəsi hesab edir, Əlcəzair isə Qərbi Saxaranın müstəqilliyini dəstəkləyir. Fransa mediası iddia edir ki, bu səfərlə Makron mübahisələri ləğv edəcəyinə ümid edir.

Fransa Mərakeşdən nə istəyir?

İki ölkə arasında münasibətlərdə dönüş nöqtəsi 2024-cü ilin iyulunda baş verib. Emmanuel Makron Fransanın indi rəsmi olaraq Qərbi Saxaranın muxtariyyəti üçün Mərakeş planını dəstəklədiyini elan edib. Mərakeşdə aparıcı xarici investor olan və sənaye, kənd təsərrüfatı və texnologiya sektorlarında əhəmiyyətli iştirakı olan Fransa, Şimali Afrikada əsas oyunçuya çevrilən ölkədə iqtisadi maraqlarını möhkəmləndirməyə çalışır. İqtisadiyyat və təhlükəsizlik məsələləri müzakirələrin mərkəzində olacaq. 2023-cü ildə Fransa ilə Mərakeş arasında ticarət dövriyyəsi rekord həddə - 14 milyard avroya çatıb və Paris bu ölkədə 1000-dən çox şirkətinin törəmə şirkətləri ilə aparıcı xarici investor olaraq qalır. "Royal Air Maroc" şirkəti tərəfindən başladılan "Airbus" təyyarələrinin tədarükü üçün tender və "Caracal" helikopterlərinin alınması üçün müqavilələr də daxil olmaqla yeni layihələr müzakirə olunur.

Təhlükəsizlik məsələləri, xüsusən də Fransada həssas məsələ olan fransız ərazisini tərk etmək öhdəlikləri də nəzərdən keçiriləcək.

Mərakeş 2021-ci ildən Əlcəzairlə əlaqələrin kəsilməsi səbəbindən diplomatik cəhətdən təcrid olunmuş həssas regional vəziyyətdə qalıb. Emmanuel Makronun bu səfəri Rabat və Əlcəzair arasında gərginliyin yüksək qaldığı bir vaxtda baş verir və Qərbi Saxara məsələsi ilə daha da kəskinləşir. Fransanın Mərakeşin muxtariyyət planına dəstəyi Əlcəzairin qəzəbinə səbəb olub və etiraz əlaməti olaraq Parisdəki səfirini geri çağırıb.

Maraqlıdır ki, Makronu bu dəfə xanımı Bricit Makron da müşayiət edəcək. Mərakeşlə barışıqda mühüm vasitəçilik rolu oynayan bu xanım keçən ilin fevralında kral VI Məhəmmədin bacılarını Yeliseydə qəbul edib.

Bəs Makronun Mərakeş turnesini necə proqnoz etmək olar? Şübhəsiz ki, keçmiş müstəmləkəsinə münasibətdə səmimi ola bilməz. Xalqlar arasında nifaq salmaq, sülh prosesinə qarşı çıxmaq və “parçala, hökm et” siyasəti müasir Fransa hakimiyyətinin mahiyyətini təşkil edir. Bu səbəbdən də Mərakeşin növbəti dəfə qurban seçildiyinin şahidi ola bilərik.

Report.az




Ana səhifəyə qayıt        Baxış: 4 300          Tarix: 21-10-2024, 17:35      

Xəbəri paylaş


Paylaş:   

Prizma