Xəbər lenti
Dünən, 18:46
Dünən, 11:23
Dünən, 10:54
21-11-2024, 23:44
21-11-2024, 22:59
21-11-2024, 21:44
21-11-2024, 20:54
21-11-2024, 19:23
21-11-2024, 18:30
21-11-2024, 17:45
21-11-2024, 16:14
21-11-2024, 14:30
21-11-2024, 14:00
21-11-2024, 11:47
Azərbaycan və Türkiyə ədəbiyyatını bir-birindən ayırmaq çətindir. Xüsusilə qədim dövrlərdən 20-ci əsrə qədər davam edən zaman kəsimində hər iki türk xalqının ortaq ədəbiyyatı mövcud olub. Füzuli, Nəsimi nə qədər bizimdirsə, bir o qədər də Türkiyə ədəbiyyatının dahiləri sayılır, orta məktəblərində tədris olunur, universitetlərində tədqiq edilirlər. Bu da başadüşüləndir. Nədən ki, uzun əsrlər boyu Anadolu torpaqlarında yaşayan ədiblər bu şairlərin təsiri altında qalmış, onların ərsəyə gətirdiyi şeir ənənələrinin işığında formalaşmışlar. Eynilə Anadolu şairi sayılan Yunis İmrə də bizim ləhcəmizə daha yaxın bir dildə şeirlər qələmə almışdır.
Bir çox ədəbiyyatşunasın da etiraf etdiyi kimi, istər Anadolu türklərinin fəlsəfi düşüncəsinin formalaşmasında, istərsə də ədəbiyyat əsərlərinin yaranmasında Orta Asiya və Azərbaycan türklərinin böyük xidmətləri olmuşdur. Xüsusilə indiki İran ərazisində yaşayan türklərin bu sahədəki təsirləri inkarolunmazdır. Bu təsirlərin başlıca səbəbi isə orta əsrlərdə ədəbi yaradıcılığa təbliğat vasitəsi kimi baxmaq olmuşdur. İstər hürufilik, istər qızılbaşlıq, istərsə digər təriqətlərin ideoloji təbliğatlarının yayılmasında ürfani ədəbiyyatdan istifadə edilməsi istər-istəməz Azərbaycan türklərinin Anadolu coğrafiyasında aktiv fəaliyyətini şərtləndirmişdir.
Orta əsrlər çağında Azərbayacan ədəbiyyatının Anadoluda yaranmış ədəbiyyata təsirinin digər səbəbi, sözsüz ki, farslara daha yaxın ərazilərdə yaşamağımızla bağlıdır. Hazırda yaşayan böyük Türk alimi İlber Ortaylı da Türk ədəbiyyatına fars təsirini açıq şəkildə etiraf edərək deyir: “Bizim xocamız farslar olmuşdur”.
Təsadüfi deyildir ki, divan ədəbiyyatı dediyimiz orta çağ yazılı əsərlərimiz ərəb ədəbi gələnəklərindən gələn əruz vəzni üzərində yayılsa da, türklər onlardan çox farslardan təsirlənmişdir. Azərbaycan türkləri farslarla daha yaxın coğrafiyada yaşadıqlarından onlardan yeni tərz ədəbi ənənələrini ilk öyrənən və türk xalqları arasında yayan da biz olmuşuq.
19-cu əsrin sonlarına doğru İslam mədəniyyəti tənəzzülə uğrayıb Qərb mədəniyyəti parlayınca təsiredici amil də öz coğrafiyasını dəyişdi. Bu səfər Qərbə daha yaxın olan Anadolu coğrafiyası yeni Türk mədəniyyətinin beşiyinə çevrildi. Osmanlı imperiyasının son dövründə meydana gələn Tənzimat ədəbiyyatı tezliklə Azərbaycan şairlərini öz təsiri altına almağa başladı. 19-cu əsrin sonları, 20-ci əsrin əvvəllərində yaşayan bir çox şairlərimizin şeirlərində bu təsirləri çox aydın görə bilərik. Xüsusilə Molla Nəsrəddinçi şairlər yeni dövrün ruhuna uyğun əsər yaradıcılığında Tənzimatla başlayan novator Türk ədəbiyyatının təsiri altında idilər. Məsələn, Mirzə Ələkbər Sabirin bir sıra şeirlərinin əslində Namiq Kamalın əsərlərinə yazılmış nəzirələr olduğunu desək, yanılmarıq. Novator Türk ədəbiyyatının təsirində qalan digər şairlərimizdən biri kimi Hüseyn Cavid, Məhəmməd Hadi, Cəfər Cabbarlı, Almaz İldırım, Əhməd Cavad və digər söz adamlarımızı göstərə bilərik.
70 il sərhədlərini bütün dünyaya bağlayan Sovet imperializminin ən ciddi zərbə vurduğu sahələrdən biri də Türk dünyasının ortaq ədəbiyyat və mədəniyyəti olmuşdur. SSRİ-nin yürütdüyü məqsədyönümlü siyasətlər nəticəsində nəinki ədəbiyyat və mədəniyyət nümunələrimiz fərqli cizgidə inkişaf etdi, hətta bir-birimizi rahat başa düşməyək deyə, bütün türkdilli xalqların əlifbaları dəyişdirildi. Hamımız krill əlifbasına keçsək də, müəyyən hərflərin yazılışları fərqli coğrafiyalarda fərqli şəkillərə salındı. Bu da ərəb əlifbasında ortaq ədəbi dil və yazı özəllikləri daşıyan ortaq türk ədəbiyyatını həqiqətən də müxtəlif sahələrə parçalaya bildi. Xüsusilə ortaq ədəbiyyatımızın formalaşmasında misilsiz xidmətlər göstərmiş klassik ədiblərimizin dilinin deyil, yaşadığı coğrafiyanın əsas götürülərək təsnif edilməsi ortaq Türk ədəbiyyatının parçalanmasında mühüm rol oynadı. Məsələn, orta əsrlərdə geniş türk coğrafiyasının ortaq ədəbi şəxsiyyətlərindən sayılan Əlişir Nəvaini yalnız özbəklərə, Füzulini azərbaycanlılara, Əhməd Yəsəvini qazaxlara öyrədən sovet ədəbiyyatşunaslığı yeni dövr ədiblərini də lokallaşdırmağı bacardı.
Sovet imperializmi dağıldıqdan sonra ortaq türk mədəniyyətini parçalayıcı xarakterə sahib olan qüvvə də yox oldu. Fəqət mədəniyyətimizdə açılan dərin yaralar hələ də tam qaysaq bağlanmayıb. Hələ də biz öz şairlərimizin əsərlərinə yalnız Azərbaycan ədəbiyyatının nümunəsi kimi baxırıq. Eynilə Özbəkistan türkləri özbək, Türkmənistan türkləri türkmən, Qazaxıstan türkləri isə qazax ləhcəliləri üçün əsərlər yaradırlar.
Bununla belə bu sovetdən qalma ənənəni pozmağa çalışan şair və yazıçılarımız da zaman-zaman ortaya çıxırlar. Vahid türk ədəbi dili formalaşmadığından bu şairlərimiz daha çox Türkiyə ləhcəsinə həvəs göstərir, Anadolu şivəsində əsərlər yaratmağa çalışırlar. Əsərləriylə yaxından tanış olduğum, hətta bəzilərini hər kəsdən öncə oxuduğum İltimas İsmayıl da bu cür şairlərdəndir.
İltimas xanımın şeirləri Türkiyə ləhcəsində hətta türkiyəli çox şairlərin yaza bilmədiyi keyfiyyətdədir. O, xalq ədəbiyyatı nəzəriyyəsinin qaydalarına o qədər bağlıdır ki, son zamanlar Azərbaycan şeirlərində tez-tez müşahidə etdiyimiz qulaq qafiyələrindən belə, faydalanmamağa çalışır, hər sözü etina ilə seçir, bəzən çox türkiyəlinin unutduğu sözləri nəzmə çəkməyi bacarır.
İltimas xanımın öz yaradıcılığında xalq ədəbiyyatı tərzinə xüsusi əhəmiyyət verməsi onu bugünkü Türkiyə ədəbi mühitində yetişən əksər şairlərdən ayıran, fərqləndirən əsas özəlliklərindəndir. Sirr deyil ki, bu gün Türkiyə ədəbiyyatı daha çox sərbəst şeirin işığında inkişaf edir, xalq ədəbiyyatı tərzində yazanların sıraları getdikcə daralır. Sərbəst şeir tərzi fikrin ifadəsində müəlliflərə nə qədər rahatlıq gətirsə də, ortaq ədəbiyyatın formalaşmasında heca vəzni daha doğma göründüyündən İltimas xanımın əsərlərinin Türkiyəli pərəstişkarları tərəfindən xüsusi rəğbətlə qarşılandığının dəfələrlə şahidi olmuşam.
Türkiyə ləhcəsində yazsa da, İltimas xanımın şeirlərində Azərbaycan türkünün saf ruhu, təmiz dili xeyli aydın sezilir. Məsələn, şairə şeirlərindən birində yazır:
Sevdigim, bu, sana yeminim olsun,
Gözlerim gözünde batmadan ölmem,
İsterse yüregim çileyle dolsun,
Ben senin dizinde yatmadan ölmem.
Bu bənddəki “gözlerim gözünde” ifadəsi istər-istəməz oxucuda məşhur Azərbaycan xalq mahnılarından birini xatırladır:
Əzizim bəxti yarım,
Baxtımın taxtı, yarım
Üzündə göz izi var,
Sənə kim baxdı, yarım?
Yaxud, onun bir başqa şeirindən iki misraya baxaq:
"Hasret yakan zaman oda kalandım
İçime atarak dertten talandım"
Bildiyimiz kimi Türkiyə türklərində od kəliməsi artıq unudulmaqdadır. Türkiyəlilər gündəlik danışıqlarında və yazılarında əsasən bu sözün farsca sinonimindən-atəş kəliməsindən istifadə edirlər. Halbuki, öz dilimizdə olan “od” kəlməsi həmin lakonikliyi, həm ahənk qanuna tabeliyi, həm də müxtəlif yüklü hecaların yoxluğu baxımından daha doğmadır. İltimas xanım da məhz bu doğmalıqdan gələn hərarətini nəzərə alıb “od”dan yapışıb.
Şairənin yaradıcılığı barədə xeyli danışmaq olar. Mənim məqsədim isə onun yaradıcılığının ədəbi təhlili deyil, “ortaq Türkçə” adına aramsız çalışmasını göstərməkdir.
Hesab edirəm ki, şairə bir çoxlarının ağız büzdüyü, “niyə öz ləhcəsində yazmır” deyə qınadığı yolda uğurlu addımlar atır. Ona bu yolda başarılar diləyir, ortaq Türkçə yaratmaq yolunda qatqılarına görə təşəkkür edirəm.
Heydər Oğuz
Strateq.az
Xəbəri paylaş
Paylaş:
Bənzər məqalələr
Seçilənlər
Prizma
Söhbət
Ədəbiyyat və mədəniyyət
Video
Ən çox oxunanlar