Bakı Hərbi Məhkəməsində ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin İstintaq Baş İdarəsinin 2-ci istintaq şöbəsinin rəisi Vüsal Ələkbərovun cinayət işi üzrə növbəti məhkəmə prosesi keçirilib.
Ovqat.com Musavat.com-a istinadən xəbər verir ki, sahibkarlara hədə-qorxu gəlməkdə, onların külli miqdarda əmlakını ələ keçirməkdə ittiham olunan MTN zabitinin məhkəməsi hakim Siyavuş Hacıyevin sədrliyi ilə keçirilib.
Məhkəmənin bu mərhələsinə qədər ifadə verməkdən imtina edən Vüsal Ələkbərov bugün baş tutan iclasda ifadə vermək istədiyini deyib.
İstintaqa verdiyi ifadəsini təsdiqləyən Vüsal Ələkbərov deyib ki, bu iş üzrə zərərçəkmiş kimi göstərilən şəxslərin qərəzli ifadələri ilə ona qarşı ittiham qurulub.
Əvvəlcə xidməti fəaliyyətindən danışan Vüsal Ələkbərov deyib ki, nazirlikdə çalışdığı müddətdə ondan heç kim şikayətçi və narazı olmayıb. O, fəaliyyətinə görə mükafatlandırıldığını və rəhbərlik tərəfindən təltif olunduğunu deyib.
Hazırda həbsdə olan “Texnikabank”ın “Bakı” filialının rəhbəri olmuş Zal Yusifov barəsində açılmış 613-saylı cinayət işinin istintaqından danışan Vüsal Ələkbərov söyləyib ki, Zal Yusifovla yanaşı bankda pulları olan və bu iş üzrə zərərçəkmiş kimi tanınan Nizami Kazımov və Hüseyn Səfərovun barəsində də Cinayət Məcəlləsinin 178.3.2-ci (külli miqdarda dələduzluq törətmək) maddəsi ilə cinayət işi başlanıb.
V.Ələkbərov daha sərbəst ifadəsində ona qarşı irəli sürülən ittihamlarla bağlı bunları əlavə edib:
“Nizami Kazımov və Hüseyn Səfərov bir qrup vətəndaşdan topladığı pulları Zal Yusifova verib. Zal Yusifov da həmin vəsaitləri bankın balansına köçürmək əvəzinə, öz şəxsi maraqlarına sərf edib. Nizami Kazımov və Hüseyn Səfərov bu vəsaitlərin müqabilində Zal Yusifovdan 6 faiz gəlir götürüblər. Onlar həmin gəlirin 2 faizini əmanətçiyə, qalan 4 faizini isə özlərinə götürüblər.
Həmin ərəfədə Nizami Kazımov kürəkəni Samir Nadirliyə məxsus olan 704 min avronu da Zal Yusifova verib. Nizami Kazımov bu vəsaitlə bağlı Zal Yusifovdan 6 faiz gəlir götürüb. Həmin gəlirin 2 faizini kürəkəninə verib, qalan 4 faizini isə özünə götürüb. Sonradan əlavə gəlir verilmədiyi üçün Samir Nadirli və digər pulu depozitdə olan şəxslər şikayət etməyə başladı. Zal Yusifovun cinayət işi ilə bağlı Nizami Kazımov da məsuliyyətə cəlb edildi, barəsində ittiham elan edildi. Məhkəmənin qərarı ilə Nizami Kazımovun barəsində həbs qətimkan tədbiri seçildi. İstintaq dövründə Nizami Kazımovu mən dindirməmişəm. Onu istintaq şöbəsinin müstəntiqləri dindirib. O, həmin zaman ifadəsində vətəndaşlardan pul topladığını, həmin pulları Zal Yusifova verdiyini etiraf edib. Nizami Kazımovla istintaqdan kənar söhbətim olmayıb”.
İfadəsini davam etdirən Vüsal Ələkbərov daha sonra iş adamı Nizami Kazımovun qardaşı Arzu Kazımovun sabiq milli təhlükəsizlik naziri Eldar Mahmudovun qəbuluna gəlməsindən də danışıb: “General Mövlam Şıxəliyev mənə zəng vurdu və bildirdi ki, nazirin qəbul otağında bir nəfər var, onu mənim yanıma gətir. Mən də onu gətirməyə getdim. Mövlam Şıxəliyevin otağına gedən zaman bildim ki, bu şəxs Nizami Kazımovun qardaşı Arzudur. O, Nizami Kazımov və Hüseyn Səfərovun həbsdən azad edilməsini istəyib. Mövlam Şıxəliyevdə zərərçəkmişlərə dəymiş ziyan ödənildiyi halda qətimkan tədbirinin dəyişdirilməsinə baxılmasının mümkün olduğunu dedi. Bundan sonra Arzu Kazımov getdi. Bir neçə gündən sonra Arzu Kazımov 500 min manat ödəmək imkanlarının olduğunu, qalan ziyanı ödəyə bilməyəcəyini söylədi. Mövlam Şıxəliyev də bildirdi ki, zərərçəkmişlərə dəymiş ziyan ödənilmədiyi halda qətimkan tədbirinin dəyişdirilməsindən söhbət gedə bilməz. Samir Nadirli və digərləri dəymiş ziyanı ödəyəndən sonra Nizami Kazımovun barəsində başqa yerə getməmək barədə qətimkan tədbiri seçildi. Mən hədə-qorxu yolu ilə Nizami Kazımovdan, başqalarından pul tələb etməmişəm. MTN-nin düşdüyü vəziyyətdən istifadə edirlər, mənə böhtan atırlar, bu yolla qazanc əldə etməyə çalışırlar. Onlar məndən qisas alırlar”.
Təqsirləndirilən MTN zabiti Vüsal Ələkbərov digər zərərçəkmiş Hüseyn Səfərovun da ona böhtan atdığını deyib və əlavə edib: “Zal Yusifovla Namil Rzayev, Elşən Mədətov və digərlərini Hüseyn Səfərov əlaqələndirmişdi. Bütün bunlar 615 saylı cinayət işində öz təsdiqini tapıb. Həmin cinayət işinə baxış keçirilməsə, özümə qəsd edəcəm. Bunun da günahı məhkəmənin üzərində olacaq”.
Hakim Vüsal Ələkbərovun bu ifadəsini məhkəməni şantaj etmək kimi qiymətləndirib.
MTN zabiti isə məhkəməni şantaj etmək fikrinin olmadığını bildirib və qeyd edib ki, “Texnikaban” işi üzrə açılmış 615 saylı cinayət işinin tədqiq olmasını, araşdırılmasını istəməyənlər var. V.Ələkbərov iddia edib ki, həmin şəxslər onlar mənə sui-qəsd edəcəklər.
Daha sonra ifadəsini davam etdirən Vüsal Ələkbərov qeyd edib ki, Hüseyn Səfərovun həmin dövrdə dələduzluq əməli tam sübuta yetirilib: “Amma onun xəstəliyi ilə bağlı qətimkan tədbiri dəyişdirilib. Həmin işdə 100-dən çox şikayətçi var idi. Həmin şikayətçilər aksiyalar keçirdilər. Həm prezident aparatından, həm də Baş Prokurorluqdan aksiya keçirən şikayətçilərə dəymiş ziyanın ödənilməsini tələb edirdilər. Buna görə də həm Hüseyn Səfərovun, həm də Nizami Kazımovun barəsində seçilmiş həbs qətimkan tədbirinin dəyişdirildi ki, zərərçəkmişlərə dəymiş ziyan ödənilməsi məqsədi olub”.
Vüsal Ələkbərov ifadəsində Hüseyn Səfərovun ona bağışladığı silahı geri tələb etməsi ilə bağlı ittihama münasibət bildirib: “Hüseyn Səfərovun bağışladığı ov tüfəngi istifadəyə yararsız olub. Buna görə də həmin silahı atmışam. Bu silahla bağlı mənə ittiham vermək lazım deyil. Ona həmin silahın təzəsini ala bilərəm”.
Vüsal Ələkbərov qeyd edib ki, 2009-cu ildə ev növbəsinə dayanıb: “Amma mənə ev verən olmadı. Məcbur qalaraq ipoteka götürərək özümə iki otraqlı ev aldım. 2009-cu ildən 2015-ci ilədək müddətə hər ay maaşımdan 400 manat kredit ödəmişəm”.
Növbəti məhkəmə prosesi mayın 12-nə təyin edilib.
Paylaş: