Xəbər lenti

 

Bu ilin noyabrın 3-də "Bakı Xəbər" qəzetində Azərbaycan İnformasiya Mərkəzinin rəhbəri və www.azim.az internet portalının baş redaktoru Təbriz Vəfalı bir qrup jurnalistin Bakı-Tiflis-Qars qatarı ilə səfərinin təşkil olunması ilə bağlı təklif irəli sürmüşdü.
Xatırladaq ki, baş redaktorumuz bildirmişdi ki, Bakı-Tiflis-Qars dəmir yolu turizmin inkişafı baxımından həm Azərbaycan, həm də sözügedən xəttin keçdiyi ölkələr üçün çox böyük imkanlara malikdir. Digər tərəfdən, BTQ özünün siyasi çəkisinə görə də respublikamız üçün çox dəyərlidir: “Şübhəsiz ki, xarici ölkələrin vətəndaşlarının Azərbaycana gəlməsi, belə turistlərin sayının ilbəil artması respublikamızda turizmin inkişafının sürətləndirilməsi yolu ilə dövlət büdcəmizin zənginləşdirilməsinə xidmət edəcək. Xarici ölkə vətəndaşları ölkəmizin adət-ənənələri, tarixi-mədəni və memarlıq abidələri, xüsusilə də Azərbaycan həqiqətləri barədə ətraflı məlumata malik olacaqlar. Sualınızın cavabına gəlincə, demək istəyirəm ki, istənilən xarici ölkəyə səyahətə getmək, gəzməli-görməli yerləri görmək, insanlarla təmas qurmaq, asudə vaxtı səmərəli keçirmək və s. insanların dünyagörüşünün formalaşmasında, onların intellektual səviyyəsinin təkmilləşməsində və öz fəaliyyətlərini daha yüksək səviyyədə qurmasında böyük rol oynayır. Bu baxımdan, Gürcüstan və Türkiyə boyunca keçəcək Bakı-Tiflis-Qars qatarından istifadə etməklə adıçəkilən ölkələrdə səyahətdə olmaq istərdim. Təklif edirəm ki, ölkə ictimaiyyətindən əvvəl BTQ ilə bir qrup jurnalistin səyahəti təşkil olunsun. Çünki bu səyahətdən sonra ayrı-ayrı yazılı və elektron KİV-lərin nümayəndələrinin oxuculara təqdim edəcəyi çeşidli məlumatlar, reportajlar Bakı-Tiflis-Qars haqqında Azərbaycan ərazisində müəyyən qədər informasiya bazasının formalaşmasında və cəmiyyətdə BTQ barədə müsbət fikirlərin yaranmasında əhəmiyyətli rolunu ortaya qoyacaq”.
Qeyd edək ki, Təbriz Vəfalının məlum açıqlaması bir neçə internet portalında və qəzetlərdə yayımlandı və sosial şəbəkələrdə ciddi müzakirə mövzusuna çevrildi. Təklif jurnalist həmkararımız tərəfindən yüksək qiymətləndirildi. Bunun nəticəsidir ki, artıq "Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyəti sözügedən təklifin dəstəklənməs ilə bağlı rəsmi mövqe bildirib. Belə ki, Səhmdar Cəmiyyətinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Sevinc Qədirova Modern.az-a açıqlamasında bildirib ki, Bakı-Tibilisi-Qars dəmir yolu qatarının ilk sərnişinləri jurnalistlər olacaq. S.Qədirova sərnişinlərin daşınacağı vaxtın hələlik dəqiqləşmədiyini bildirib: “Hələlik vaxtını bilinmir. Amma dəqiq bilinən odur ki, ilk sərnişinlərimiz jurnalistlər olacaq. Cənab sədr Cavid Qurbanov da müzakirələrimiz zamanı bu fikrə müsbət rəy verib”.
Təbriz Vəfalı da irəli sürdüyü təklifin müsbət qarşılanmasından və dəstəklənməsindən məmnun olduğunu bildirib. Ancaq bununla belə ciddi problemlərin yarana biləcəyini də deyiıb: "Sevinc Qədirova ilə təklifim barədə danışmışdıq. Müzakirələrimiz zamanı təklifimizi yüksək dəyərləndirdiyini deyən Sevinc xanım bəzi problemlərin ola biləcəyini də söyləmişdi. Bildirmişdi ki, havalar soyuq olduğundan səfərin ilin sonunadək reallaşması mümkün deyil. Yəni, səfər havaların xoş keçəcəyi dövrə təsadüf edəcəyi üçün konkret vaxtı bəlli deyil. Digər tərəfdən, Bakı-Tiflis-Qars qatarı ilə səyahət etmək istəyən jurnalistlərin sayı kifayət qədər olacaq. Onların sayı və kimlərin gedəcəyi ilə bağlı konkret qərar qəbul etmək çox çətindir. Həqiqətən də Facebook-da və digər sosial şəbəkələrdə təklifimlə bağlı aparılan müzakirələrdə və saytımızda təklifimlə bağlı keçirdiyim sorğularımızda iştirak edən xeyli sayda jurnalistin bu səfərdə iştirak etmək arzusunda olduğuna şahidlik etdim. Amma həmkarlarım inciməsinlər. Təklifimdə dediyim kimi, bu səfərdə yalnız BTQ-nin fəaliyyəti, dəmir yolu xətti, stansiyaların vəziyyəti və sair barədə operativ xəbərlər, məqalələr və reportajlar hazırlaya bilən jurnalistlər bu səfərdə iştirak edə bilər. Səfər təkcə kiminsə gəzintisi üçün təşkil olunmayacaq. Üstəlik, bu səfərin təşkili üçün kifayət qədər maliyyə vəsaitinin sərf olunacağını da həmkarlarımızın diqqətinə çatdırmaq istəyirəm. İndi soruşşaq ki, kim hansı jurnalistin bu səfərdə iştirakına razıdır. Birinin lehinə, birinin əleyhinə kampaniyalar aparılacaq. Bir həmkarım deyəcək ki, mənim haqqım çoxdur. O birisi də başlayacaq onların əleyhinə yazmağa və danışmağa. Nəticədə konkret məqsəd və nəticə yaddan çıxacaq. Üstəlik, seçimdən kənarda qalanlar sosial şəbəkələrdə və saytlarda kampaniya aparacaqlar ki, bəs "Azərbaycan Dəmir Yolları” səfərə ancaq öz adamlarını aparır. İndi gərək vicdanlı qərarı jurnalist həmkarlarımız versinlər".


Nicat Baxşəliyev




Ana səhifəyə qayıt        Baxış: 741          Tarix: 20-12-2017, 18:57      

Xəbəri paylaş


Paylaş:   

Prizma