ABŞ prezidenti Donald Tramp PKK-nın Suriya qolunun (YPG) hərbi qanadının liderlərindən biri, “Şahin Cilo” ləqəbli Fərhad Abdi Şahinə zəng vurub. Virtualaz.org xəbər verir ki, bu məlumatı nüfuzlu respublikaçı senator Lindsi Qrem (Lyndsey Graham) açıqlayıb. Senator Trampın Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla danışandan sonra “Şahin Cilo” ya zəng vurduğunu bildirib. Lindsi Qrem hər iki telefon danışığı zamanı prezidentin yanında, Oval ofisdə olduğunu deyib.
“ABŞ prezidenti Türkiyə ordusunun Suriyanın şimalında hücumunu dayandırmağa və atəşkəs əldə etməyə çalışır”,-o əlavə edib.
Senatorun sözlərinə görə, prezident Donald Tramp telefon danışığında kürd yaraqlılarının liderinə bir sıra mesajları verib. Bildirib ki, Ərdoğanla telefon danışığında ona Suriyanın şimalında başladılan əməliyyatın ABŞ-a qətiyyən dəstəklənmədiyini, bu əməliyyatın bölgədə qeyri-stabilliyi artırdığını, İŞİD-ə qarşı əldə edilmiş nailiyyətləri təhlükəyə atdığını və sonda ancaq İranın işinə yarayacağını bildirib.
Tramp onu da çatdırıb ki, Türkiyə ordusu Kobaniyə hücum etsə bu, beynəlxalq miqyasda böyük qəzəbə yol açacaq.
Senator qeyd edib ki, Tramp PKK yaraqlılarının liderinə Türkiyənin hərbi əməliyyatlarını əngəlləmək üçün əlindən gələni etdiyini çatdırıb. Ondan xahiş edib ki, İŞİD-çiləri sərbəst buraxmasın.
Ferhad Abdi Şahin Türkiyə Daxili İşlər Nazirliyinin ən çox axtarılan terrorçular siyahısında 9-cu sırada yer alır. Nazirlik onun tutulmasına və ya məhv edilməsinə kömək edəcək informasiya üçün 4 milyon TL pul mükafatı təyin edib. İlk dəfədir ki, ABŞ prezidenti postunu tutan şəxs PKK-nın silahlı qanadının liderlərindən biri ilə birbaşa telefon danışığı aparır.
Xatırladaq ki, ötən gün Tramp Türkiyəyə qarşı sanksiyalar tətbiq ediləcəyini bildirib. Bunun ardınca Maliyyə Nazirliyi Türkiyənin energetika, müdafiə və daxili işlər nazirlərinə qarşı fərdi sanksiyaların tətbiq olunduğunu açıqlayıb. Lakin ABŞ-ın Türkiyəyə qarşı daha sərt və əhatəli sanksiyalar tətbiq etməyə hazırlaşdığı bildirilir.
Tramp özü oktyabrın 14-də Tvitterdə Türkiyə ilə ticarət danışıqlarının dayandırıldığını, bu ölkədən polad idxalına rüsumun artırıldığını açıqlayıb. “Əgər türk liderləri bu dağıdıcı və təhlükəli yolla getməkdə davam etsələr, mən Türkiyə iqtisadiyyatını sürətlə məhv etməyə tamamilə hazıram. Suriyada kürdlərə kömək etmək istəyən kim varsa mənimlədir, istər Rusiya olsun, istər Çin və ya Napoleon Bonapart. Ümid edirəm ki, onlarda hər şey əladər, biz oradan 7 min mil uzaqdayıq”,-Tramp bildirib.
Paylaş: