Səudiyyə Ərəbistanı hökuməti İran İslam Respublikasının apardığı nüvə fəaliyyətində aldatma və fırıldaqçılıq siyasətini məhkum edib.
Bu barədə Səudiyyə Ərəbistanının nazirlər kabinetinin noyabrın 12-də keçirilən iclasında bəyanat səsləndirilib.
Rəsmi Ər-Riyadın məsələyə mövqe bildirməsi, İranın nüvə sazişinin icrası ilə bağlı üzərinə götürdüyü öhdəlikləri azaltmaq istiqamətində 4-cü addım atmasından və Beynəlxalq Atom Enerjisi Agentliyinin (MAGATE) İranın yeni gizli bir mərkəzində uran izlərinin tapılmasını bildirməsindən bir gün sonraya təsadüf edib.
Kral Salman bin Əbdüləzizin başçılığı ilə keçirilən nazirlər kabinetinin iclasında məsələ müzakirəyə çıxarılaraq bildirilib ki, rəsmi Ər-Riyad İranın nüvə proqramındakı davamlı aldatma və fırıldaqçılıq siyasətini pisləyir.
Həmçinin iclasda çıxış edən Səudiyyə Ərəbistanının informasiya naziri Torki Şəbanə jurnalistlərə açıqlamasında deyib ki, Ər-Riyad İrandan Beynəlxalq Atom Enerjisi Agentliyi ilə şəffaf şəkildə əməkdaşlıq etməsini və Agentlik ekspertlərinin toxunulmazlığına hörmətlə yanaşmasını tələb edir.
Son vaxtlar İran rəsmiləri nüvə sazişini imzalamış Avropa ölkələrini Tehrana verdikləri iqtisadi vədlərə əməl etməməkdə günahlandıraraq, sazişlə bağlı üzərinə götürdüyü öhdəlikləri mərhələli şəkildə azaltmağa başlayıb. İran həmçinin uranı yüksək səviyyədə zənginləşdirməklə bağlı əvvəlki fəaliyyətini yenidən bərpa edib.
Xatırladaq ki, Atom Enerjisi üzrə Beynəlxalq agentlik noyabrın 11-də İranın nüvə proqramı ilə bağlı yeni hesabat yayıb. Hesabatda bildirilir ki, agentliyin apardığı araşdırmalar nəticəsində İranın quruma barəsində məlumat vermədiyi gizli nüvə mərkəzində uran izləri tapılıb.
MAGATE həmçinin rəsmi Tehranın Fordu nüvə təsisatında uranı 2015-ci il razılaşmasında nəzərdə tutmuş həddən artıq faizdə zənginləşdirməyə başladığını təsdiqləyib.
A.M
Paylaş: