Çin hipersəs sürətli raketlər sahəsində Rusiyanı da geridə buraxaraq dünya lideri olub.
Ovqat.com virtualaz.org-a istinadən xəbər verir ki, bu ölkə sürəti saatda 34 min kilometrə çatan (28 MAX) DF-41 raketini sınaqdan keçirib. Nəticədə raket Rusiyanın bu yaxınlarda sınaqlarını başa vurduğu və dünyada ən sürətli raket hesab edilən “Avanqard” qanadlı blokunu geridə qoyub.
Rusiyanın “Avanqard” qanadlı döyüş blokunun elan edilən sürəti saatda 28 min kilometr (27 MAX) təşkil edir. Sınaqlaı davam edən “Sarmat” qitələrarası ballistik raketi isə 25 MAX sürətə malik olacaq.ABŞ isə ümumiyyətlə, hazırda hipersəs sürətli raketlərə malik deyil. Bu yaxınlarda Pentaqon belə raketlərin 2022-ci ildə hazır olacağını açıqlayıb, üstəlik onun sürəti Çin və Rusiyanın raketlərinin sürətləri ilə müqayisədə dəfələrlə aşağı olacaq-cəmi 8-9 MAX.
Çinin “Sina” agentliyinin xəbərinə görə, DF-41 raketi start anından etibarən saatda 34 min kilometr sürət yığıb. Hesablamalara görə raket Nyu-Yorka cəmi 18 dəqiqəyə, Londona 14 dəqiqəyə və Moskvaya 10 dəqiqəyə çata bilər. “Bu, dünyada mövcud olan ən sürətli raketdir!”,-agentlik bildirir.
Rəsmən Çin Xalq Respublikası hipersəs sürətli raketin sınaqlarını şərh etmir. Lakin əvvəllər Çin mənbələri raketin sürətinin 25 MAX olacağını bildirirdilər. İndi isə belə görünür ki, raket daha da təkmilləşdirilib.
Lakin Çinin sınaqdan keçirdiyi raketlə Rusiyanın "Avanqard" qanadlı bloku arasında fərq həm də bundan ibarətdir ki, DF-41 qitələrarası ballistik raketdir. "Avanqard" isə yüksək manevr qabiliyyətinə malikdir, yəni ballistik trayektoriya ilə uçmur və nəticədə istənilən raketdən müdafiə sistemini dəf edə bilər.
Paylaş: