“164 manat əlliliyə görə təqaüd alıram, 100 manat da prezident təqaüdü. Əvvəlcə təqaqüdümdən səbəbsiz 14 manatı kəsdilər, daha sonra 100 manat tutulmağa başladı. Əlil adamam, o pulla dolanıram. İynəm, dərmanım var, onları almalıyam”.
Bu sözləri Teleqraf.com-a Bakının Binəqədi rayonunu ərazisində yaşayan birinci qrup əlil Rövşən Cavadov deyib.
Qeyd edək ki, Rövşən Cavadov insult keçirib, bir ayağı iflicdir. Deyir ki, 3 aydır təqaüdündən məbləğ tutulur.
Müvafiq orqanlara şikayət edib, amma əsaslı cavab ala bilməyib.
Şikayətçinin sözlərinə görə, əhatəsində olan bütün təqaüdçülərin təqaüdü artırılsa da, o bu artımdan yararlana bilməyib: “Mənim təqaüdümdə artım olmadı. Bunu bildirdikdə dedilər ki, əlilliklə təqaüdə çıxmışam, artım iş təcrübəsi olanlara düşür. 11 il iş təcrübəmin olmasına baxmayaraq sistemdə 10 il 6 ay olaraq qeyd ediblər”.
Rövşən Cavadov bildirir ki, həyat yoldaşı ona baxdığı üçün ona da 50 manat prezident təqaüdü verilir. Lakin 5 aydır bu pulu da kəsiblər: “Şikayət edirik, deyirlər ki, aylıq təqaüdü birdəfəlik almışıq. Bəs hardadı 250 manat”?
Məsələ ilə bağlı Binəqədi Rayon Sosial Müdafiə fondu ilə əlaqə saxladıq. Fonddan bildirildi ki, Rövşən Cavadova 3 ay əlavə təqaüd yüklənib, fakt aşkarlandıqdan sonra 3 ay təqaüdündən 100 manat kəsilib: “Vətəndaşa 21.06.2019 tarxində I qrup əlillik dərəcəsi verilib. Daha sonra 1 aprel tarixindən ona prezident təqaüdü təyin edilməsi üçün bizə müraciət edib. Təqaüd kəsildi, lakin sonradan 21 İyun tarixinə kimi əlil olmadığı aşkarlandığı üçün bu vəsait təqaüdündən tutuldu”.
Eyni zamanda, bildirildi ki, şikayətçi dekabr ayının təqaüdünü tam şəkildə, yəni 250 manat olaraq alacaq. Təqaüdündən 14 manatın hansı səbəblə kəsildiyi barədə isə heç bir izah verilmədi. Rövşən Cavadovun əlillik təqaüdünün 150 manat olduğunu iddia etdilər.
Şikayətçi isə fondun cavabını təkzib edərək, prezident təqaüdü üçün özünün müraciət etmədiyini deyir: “Mənə 21 iyun 2019-cu il tarixində əlillik və prezident təqaüdü yazılıb. Yoldaşım avqust ayında 2 aylıq təqaüdü almaq üçün getdiyində, 400 manat yüklənmişdi. Növbəti aylardan da 100 manat tutulmağa başladı”.
Problemlə əlaqədar Dövlət Sosial Müdafiə Fondu ilə əlaqə saxladıq. Qurum məsələni araşdıracağını bildirərək, heç bir açıqlama vermədi.
Paylaş: