Xəbər lenti

 

Ermənistan Milli Təhlükəsizlik Xidmətində (MTX) sədr vəzifəsini icra edən Eduard Martirosyanın rəhbərliyi ilə genişləndirilmiş müşavirə keçirilib. Verilən məlumata görə, təhlükəsizlik çağırışlarına daha effektli cavab verilməsi məsələsi müzakirə edilib və müvafiq tapşırıqlar verilib.

16 dekabrda yayılan bu informasiya Nikol Paşinyanın ötən istirahət günlərində hökumətin iclasında bütün idarəçilik sisteminin inqilaba müqavimət göstərməsi haqqında etdiyi çıxış baxımından diqqətçəkicidir.

Milli Təhlükəsizlik Xidmətinin müşavirəsi bu fonda, həmçinin digər aspektdən, həqiqətən, simvolik görünür. Fakt budur ki,  hökumətin iclasından sonra, necə deyərlər, inqilabçı dairələrə yaxın olan təmsilçilər Baş nazirin qiymətləndirməsini təsdiqləyərək, onu da bəyan etdilər ki, inqilaba müqavimət göstərən həlqələrdən biri, məsələn, hüquq-mühafizə orqanları, o cümlədən MTX-dir.

Bu qiymətləndirmələr çərçivəsində, ola bilsin, sual yarana bilər: MTX-də keçirilən genişləndirilmiş müşavirə inqilaba “müqavimət”dir, yoxsa bu, müqavimətin “darmadağın edilməsi” kateqoriyasındandır?

Digər tərəfdən, təsbit etmək lazımdır ki, MTX-nin inqilaba müqavimət sıralarında yer almasını düşünmək, ən azı, qəribə və təhlükəlidir.

Durum hər iki halda da, həqiqətən, öz təbiəti etibarilə təhlükəlidir. Bu planda cəmiyyətin nə ilə qarşı-qarşıya olduğu müəyyən olunmalıdır. Çünki sonda, necə deyərlər, inqilab düşərgəsindən olan adamlar var ki, onlarla bir sırada dururlar, bir sıra hallarda isə hətta hakimiyyətə, hüquq-mühafizə sisteminə və MTX-yə yaxın olanları “əks-inqilab” qalası və ya ocağı elan edirlər. Bununla da müəyyən ictimai fikir və ya rəy formalaşdıraraq, kifayət qədər təhlükəli nəticələri və perspektivləri olan reallığı daha da dərinləşdirirlər.

Buna görə Baş nazir bu məsələ ilə bağlı müəyyən bir qiymətləndirmə və izahat verir ki, cəmiyyət, nəhayət, nə ilə qarşı-qarşıya olduğunu anlasın.

Bu sistemlərin islahata ehtiyacı olduğunu kimsə inkar edə bilməz. Lakin islahata ehtiyac başqa məsələ, cəmiyyət və hüquq-mühafizə sistemləri arasında inamsızlığın faktiki təbliğ olunması isə başqa məsələdir.

İnqilabadək müxtəlif subyektiv və obyektiv səbəblərdən, əlbəttə, dövlət üçün təhlükəli nəticələri və perspektivləri olan nələrsə olubdur. Lakin hesab edilirdi ki, bu, inqilab nəticəsində aradan qaldırılmış məsələdir və hüquq-mühafizə sisteminə etibar, sanki, bərpa olunma mərhələsindədir.

Hazırda mövcud olan mənzərə və ya trend dəyişikliyə meyl nümayiş etdirir və aydındır ki, burada problem vardır. Bunun dəqiqləşdirilməsinin məsuliyyəti siyasi hakimiyyətin üzərinə düşür. Çünki cəmiyyət və hüquq-mühafizə orqanları arasında inamsızlığın dərinləşməsi, istənilən halda, dövlətə və cəmiyyətə xidmət etməyəcək.

 Strateq.az




Ana səhifəyə qayıt        Baxış: 205          Tarix: 19-12-2019, 12:16      

Xəbəri paylaş


Paylaş:   

Prizma