Xəbər lenti
Dünən, 22:50
Dünən, 21:23
Dünən, 20:40
Dünən, 12:41
Dünən, 11:56
Dünən, 09:42
24-11-2024, 23:30
24-11-2024, 22:24
24-11-2024, 21:36
24-11-2024, 20:30
24-11-2024, 19:40
24-11-2024, 18:55
24-11-2024, 18:39
24-11-2024, 17:54
24-11-2024, 15:58
24-11-2024, 14:34
Dünya bazarında nefin qiymətinin aşağı düşməsi və koronavirusun ölkə iqtisadiyyatına təsiri Azərbaycanda dövlət büdcəsinə yenidən baxılmasına ehtiyac yaradıb.
Neftin dünya bazarındakı qiymətinin büdcədəki səviyyədən təqribən iki dəfə aşağı düşməsinin büdcəyə çətinlik yaradacağı ayrı-ayrı qurumlar tərəfindən ümumilikdə etiraf olunurdu. Amma büdcəyə dəyişikliyin vaxtının çatdığını ilk dəfə Prezident İlham Əliyev özü martın 31-də iqtisadiyyat nazirini qəbul edərkən bildirib.
Hesablama Palatasının sədri Vüqar Gülməmmədov mətbuata müsahibəsində büdcə dəyişikliklərinin bəzi istiqamətlərini açıqlayandan sonra isə məlum oldu ki, əsas maliyyə sənədinə dəyişiklik yaxın günlərin işidir.
Qeyd edək ki, məsələ təkcə, neftin qiymətinin azalması və koronavirus məhdudiyyətləri nəticəsində büdcənin gəlirlərdən məhrum olmasından getmir. Vergilərin ödənilməməsi bir yana, dövlət iqtisadi aktivliyi bərpa etmək üçün bu sahəyə əlavə vəsait ayırmalı, eləcə də koronavirus tədbirlərinə xeyli məbləğ xərcləməli olub.
Hər iki xərcin son məbləği məlum deyil və koronavirus problemi davam etdikcə bu xərclər də böyüyə bilər. Beləliklə, büdcədə nəyi kəsib, nəyi artırmaq olar?
2020-ci ilin büdcəsi necə olmalıydı?
2020-ci ilin dövlət büdcəsinin gəlirləri 24 milyard 134,5 milyon manat, xərcləri 26 milyard 894,7 milyon manat həcmində təsdiqlənib. Bu il büdcə kəsiri ən çoxu 2 milyard 760,2 milyon manat olmalıydı. Bundan başqa, büdcə ilə bağlı bir neçə əlavə çərçivə qoyulub.
Bunlara əsasən, 2020-ci ildə dövlətin daxili borclanması 400 milyon manatı, xarici borclanması 1 milyard manatı keçməməli, eləcə də, il ərzində veriləcək dövlət zəmanətlərinin məbləğinin yuxarı həddi (limiti) 1 milyard manatı keçməməliydi. Büdcə 2020-ci ilə 205 milyon manat kəsirlə keçmişdi.
Büdcənin bu günkü durumu
Nə qədər qəribə olsa da, sırf rəqəmlərə baxanda 3 aylıq göstəricilər o qədər də pis deyil. Maliyyə Nazirliyinin açıqladığı operativ məlumatlara görə, birinci rübdə dövlət büdcəsinin gəlirləri 7 milyard 811 milyon manat, xərcələri 5 milyard 255 milyon manat olub. Nəticədə birinci rübün sonunda büdcədə 2 milyard 556 milyon manar profisit – artıqlıq yaranıb.
Amma bu qədər böyük artım aldadıcıdır – sadəcə mart ayında ölkədə dollara tələbat kəskin artanda, Neft Fondu tələbat ödəmək üçün plandan daha artıq dollar satmalı olub, sadə desək, qarşıdakı ayların da dollar planını satıb. Əldə edilən manatlar isə büdcəyə vaxtından əvvəl köçürülüb.
Nəticədə büdcədəki 2 milyard 556 milyon manat artıq pulun 1 milyard 793 milyon manatı Neft Fondunun hesabınadır. Qalan 763 milyon manat büdcənin təmiz profisiti idi. Çünki vergi və gömrüyün xətti ilə əlavə vəsaitlər toplanmışdı.
1,4 milyard manat da büdcənin xərclərində nəzərə alınmalıdı
Amma indi büdcəyə yenidən baxmağa ehtiyac yaranıb.
Əsas məsələ - büdcəyə hansı dəyişikliklərin edilməsidir. Yəni hansı xərclər azaldılmalı və tələb olunarsa, əlavə vəsait haradan tapılmalıdır.
İqtisadçı-ekspert Rövşən Ağayev fed.az-a bildirib ki, büdcəyə əlavə vəsaitin lazım olduğu hökumətin qəbul etdiyi Tədbirlər Planıdan da görünür: «Tədbirlər Planının ümumilikdə 2,5 milyard manatı əhatə etdiyi bildirilir. Amma tədbirlərə ayrılan vəsaitlərin haradasa 1,4 milyard manata yaxındır. Qalan hissə bankların kredit dəstəyi vasitəsi ilə reallaşacaq. Ona görə də, bu planda sırf hökumətin üzərinə düşən yük hələ ki, 1,4 milyard manat ətrafındadır.
Başqa sözlə, həmin 1,4 milyard manat da büdcənin xərclərində nəzərə alınmalıdır, yəni büdcə həmin məbləğdə artırıla bilər".
İqtisadçının fikrincə ikinci versiya hökumətin mövcud büdcə daxilində manevr etməsi, yəni bəzi xərcləri ixtisar edib, əldə edilən vəsaitləri yeni ehtiyaclara yönəltmək ola bilər: «Bunun üçün hökumətin manevr imkanları var. Prezident İqtisadiyyat nazirini qəbul edərkən qeyd etdi ki, təcili olmayan xərcləri azaltmaq lazımdır. Büdcə təhlilçiləri yaxşı bilir ki, bunlardan biri investisiya xərcləridir ki, bu da cari ildə büdcənin təxminən dörddə biri qədər, yəni 25%-ə yaxın bir hissəsini təşkil edəcək».
Digər istiqamət əsas bölmələrə aid edilməyən xidmətlər bölməsidir ki, onun da büdcədə payı təxminən 5%-dir: «Hökumətin ixtisar edə biləcəyi əsas xərc maddələri bu iki istiqamətlərdir ki, bunlar da büdcənin ümumilikdə üçdə birini təşkil edir. Bu da az vəsait deyil – təqribən 8 milyard manat. Hökumət təxminən bu məbləğin içərisində manevr edəcək».
Qeyd edək ki, prezident investisiya layihələrinin ixtisarından danışarkən seçim aparılacağını bildirib. Hələlik ekspertlər söhbətin hansı layihələrdən getdiyini dəqiq bildirməyə çətinlik çəkirlər, amma bəzi məsələlər artıq məlumdur: «Əsas çətinlik ondadır ki, investisiya xərcləri şəffaf deyil. Hökumət investisiya proqramını ictimaiyyət üçün açıq saxlamır və biz 2020-ci ilin investisiya layihələrinin siyahısını görə bilmirik. Doğrudur, ümumi büdcə paketində investisiya istiqamətləri - təhsilə, səhiyyəyə, sosial müdafiəyə, kənd təsərrüfatına ayrılacaq vəsaitlər göstərilib, amma bu vəsaitin layihələr üzrə bölgüsü görünmür. 2017-ci ilin yanvar ayına qədər layihələri Nazirlər Kabineti bölüşdürürdü və onları əldə edə bilirdik, Həmin vaxtdan sonra qanunvericilikdə dəyişiklik edildi və investisiya xərclərinin layihələr üzrə bölüşdürülmə səlahiyyəti Prezidentə keçdi. Ona görə də belə bir situasiyada bilmirik ki, daha çox hansı layihələri ixtisar edəcəklər. Amma ehtimal olunur ki, müəyyən yol-nəqliyyat infrastrukturu, idman obyektləri, eləcə də məktəb tikintisi ilə bağlı layihələr ixtisara salına bilər. Çox güman ki, səhiyyə, kənd təsərrüfatı kimi layihələrə dəyməyəcəklər. Çünki bu layihələr çox önəmlidir».
Müəyyən xərclər öz-özünə ixtisar olunacaq
Ekspertin sözlərinə görə, büdcə sistemi haqqında qanuna görə, maaş və sosial ödənişlərə də toxunmaq olmaz: «Bunlara müdafiə olunan xərc maddələri deyilir. Sosial müdafiə fondunun xərclərin saymasaq, sırf dövlət büdcəsindən sosial müdafiəyə və əməkhaqqına ayrılan xərclər təxminən 9 milyard manat məbləğindədir. Buna toxunmayacaqlar, qanunvericiliyin tələbi kimi icra olunacaq. Geridə qalan xərclər içərisində də təhsil, səhiyyə, müdafiə xərclərinə dəyilməsi mümkün deyil».
Rövşən Ağayev hesab edir ki, müəyyən xərclər öz-özünə ixtisar olunacaq: «Məsələn, dövlət qurumları bir xeyli işləmədiyi üçün ezamiyə, kommunal kimi xərclərə qənaət olunacaq. Yəni təxminən bu cür qənaət maddələri də yaranacaq. Doğrudur, bunlar çox deyil, amma hər halda bir mənfəətdir. Hesab edirəm ki, büdcənin daxilində ixtisarlara getməklə xərcləri azaldıb Tədbirlər Planı üçün vəsait ayırmaq olar. Hətta büdcəni Tədbirlər Planında nəzərdə tutulan 1,4 milyard manatdan çox ixtisar etmək də mümkündür. Çünki 2020-ci ilin büdcəsində xüsusən gömrüyün, Vergilər Nazirliyinin qeyri-neft mənbələrindən daxilolmalırında da azalma gözlənilir. Çünki iqtisadiyyat dayanıb, üstəgəl, neftin qiymətinin düşməsi Dövlət Neft Şirkəti və xarici neft şirkətlərinin də vergi ödənişlərini azaldacaq. Belə bir situasiyada hökumət həm də çalışacaq ki, bu mənbələrdən azalan vergiyə uyğun da xərci azaltsın».
İqtisadçı-ekspert Xalid Kərimov isə bildirib ki, pandemiya ilə əlaqədar dövlətin əlavə maliyyə yükünə girdiyi məqamda neftin qiymətinin düşməsi bu sektordan gələn vergiləri azaldıb: «Eyni zamanda marta ayından başlayaraq şirkətlərin dövriyyələri və dövlət büdcəsinin gəlirləri aşağı düşüb. Dövlət büdcəsinin xərcləri artıb, gəlirləri isə azalıb. Bu məqamda büdcə xərclərini bir neçə mənbə hesabına maliyyələşdirmək olar. Birinci, sosial xarakter daşımayan və çox da vacib hesab edilməyən bəzi investisiya xərclərinin dayandırılması hesabına. Yəni investisiya xərclərinin strukturunun dəyişməsi ilə xərc maddələri dəyişdirilə bilər. İkinci mənbə Dövlət Neft Fondundan dövlət büdcəsinə transfertlərin həcmi artırıla bilər».
İqtisadçının fikrincə, büdcəni xilas etməyin 3-cü yolu isə devalvasiya ola bilər: «Üçüncü mənbə isə dövlətin devalvasiyaya getməsi hesabına formalaşa bilər. Əgər Dövlət Neft Fondunun və Mərkəzi Bankın rezervlərini qorumaq istəyirsə, manatın kursunu ucuzlaşdırmalıdır. Devalvasiya vasitəsilə ilə büdcə gəlirlərini maliyələşdirmək olar».
Ekspert bildirir ki, pandemiya dövrü bitmədən büdcə xərci üçün əlavə nə qədər vəsait lazım olduğunu demək çətindir: «İdxalın, dövriyyələrin nə qədər düşdüyünü bilmirik, hələlik büdcə gəlirləri haqqında da məlumatlar bəlli deyil. Burada ən önəmli məsələ pandemiyanın nə qədər davam edəcəyinə bağlıdır. Koronavirus ölkəyə öz təsirini artıq mart ayından göstərib. Karantin tədbirləri mart ayının ortalarından intensivləşdirilib, mart ayının axırlarında ümumiyyətlə, çölə çıxmaq qadağası qoyuldu. Bu vəziyyət demək olar ki, aprel ayını tam əhatə edir. Karantin rejiminin may, iyun aylarını da əhatə edəcəyini bilmirik. Buna görə dəqiq rəqəm söyləmək mümkün deyil. Dəymiş zərəri pandemiyadan sonra müəyyən etmək mümkün olacaq. Ancaq dövlət büdcədən kənar fondlar hesabına təqribən 2,5 milyard manat əlavə resurs xərcləyir. Təqribən 700 milyon manat büdcə gəlirlərinin azalmasını proqnozlaşdırmaq olar. Bu da ölkə iqtisadiyyatı üçün əlavə 3,2 milyard manatdan az olmayan zərər deməkdir. Bu ilkin hesablamalardır, dəqiq hesablama mövcud vəziyyət yekunlaşandan sonra bilmək olacaq. Əgər pandemiya aktuallığını may, iyun aylarında da qorusa, zərər daha da artacaq».
Xəbəri paylaş
Paylaş:
Bənzər məqalələr
Seçilənlər
Prizma
Söhbət
Ədəbiyyat və mədəniyyət
Video
Ən çox oxunanlar