Xəbər lenti
Dünən, 19:25


Azərbaycan hər zaman tarixi sirləri, qədim abidələri ilə seçilib. Əsrlər əvvəl olduğu kimi, bu gün də ölkəmizdə tarixi hələ də məlum olmayan abidələrə, qalalara, tikililərə və qəbir daşlarına rast gəlirik. Bu dəfə sizə qarşımıza çıxan və bu günə qədər sirri açılmayan qəbir daşları barədə danışacağıq.

Oxu.Az-ın əməkdaşları Bakının Sabunçu rayonu Bilgəh qəsəbəsində yerləşən qəbiristanlıqda olub.

Sözügedən qəsəbə özünün tarixi abidələri, hamamları, qəbir daşları ilə zəngindir. Təəssüf ki, bu barədə aidiyyəti orqanların, hətta kənd camaatının belə geniş məlumatı yoxdur.



Fotolarda gördüyünüz qəbirlərin nə az, nə çox, 500 ilə yaxın yaşı var. Amma dəqiq tarixi barədə heç bir məlumat yoxdur.

Bunu əməkdaşlarımızla söhbət zamanı Bilgəhdə yerləşən qəbiristanlıqlardan birinə nəzarət edən Adil Mirzəyev deyib.

Onun sözlərinə görə, rayon ərazisində, eləcə də qəsəbədə bir neçə qəbiristanlıq var:


“Qəbiristanlıqların hər birində tarixi abidələrə, qədimdən qalan qəbir daşlarına rast gəlmək olur.

Bəzi qəbirlər illər sonra çökür, torpağa qarışır. Onların tarixi bu günə qədər də öyrənilməyib. Belə qədim qəbirlərdən bir neçəsi də bu qəbiristanlıqda yerləşir. Qəbiristanlıq digər məzarlıqlardan çox fərqlənir.

Bilgəhin ən köhnə qəbiristanlığı sayılır”.

“Qəbirlərin uzunluğu təxminən 1-2 metr arasında dəyişir”

A.Mirzəyev qəbirlərin 400-500 ildən çox yaşı olduğunu söyləyib:



“Bu qəbirlərin dəqiq sayı bilinmir. Çünki qəbiristanlıqda olan bütün qəbirlərin sayını bilmək mümkün deyil.

Bəzisi yox olub, torpağa qarışıb. Əslində, bu ərazidə ayaq basılan hər yerdə qəbir var, sadəcə, torpaq altında itib.

Gözlə görünə bilən qəbirlərin sayı 50-dən çox olar. Deyilənə görə, illər əvvəl bu qəbirlər haqqında eşidən arxeoloqlardan biri əraziyə gəlib.

O, qəbirlərin üzərindəki yazılara əsasən, onların ən azı 500 il əvvələ aid olduğunu deyib.

Qəbirlərin tarixini öyrənmək üçün araşdırma aparıb

Bu səbəblə bir neçə qəbiri çıxarıb aparıb. Mənə isə bu barədə kəndin ağsaqqalları danışıb.


Bu qəbirlərin uzunluğu təxminən 2-2,5 metr olar. Eni isə təxminən 50-70 santimetrə bərabərdir. Amma bir-birinə nisbətən ölçüləri dəyişə bilir.

Elə qəbir var ki, uzunluğu bir metrdən də azdır, sanki uşaq qəbridir.

İlk baxışda sandığı xatırladır.

Üzərində ərəb hərfləri ilə yazılar qeyd olunub. Yazıların bir hissəsi silinib.

Amma ərəb dilini bilən adamlar bəlkə də yazıları müəyyən qədər başa düşə bilər”.


Onu da qeyd edim ki, Bilgəhdə ümumilikdə, 12 qəbiristanlıq var.

Burada məscidlərin demək olar ki, hər birinin həyətində 5-10 belə tarixi qəbir mövcuddur. 

“Məscidlərin həyətində də bir neçə qədimi qəbirlər var”

A.Mirzəyevin sözlərinə görə, qəsəbənin ağsaqqalları bu qəbiristanlığın yaşının məscidin üzərindəki qeydə əsasən 14 əsr olduğunu düşünür:



“Yaxınlıqdakı məscidin divarında 14-cü əsr yazılıb. Ağsaqqallar bunun həm məscidin, həm də bu qəbiristanlığın tarixi olduğunu deyirlər. 

Qəbirlərin sayılması isə mümkün deyil.

Qəbirlər var ki, 1870-ci, 1901-ci, 1967-ci illərə aiddir. Bu qəbirlərin statistikasını aparmaq mümkün deyil”.


Kənd camaatının sözlərinə görə, qəbirlərin bəzilərinin üzərində möhür, bəzilərinin üzərində isə qılınc şəkili təsvir edilib.



El arasında tarixən bu qəbirlərdə qiymətli əşyaların, hətta xəzinənin olduğuna dair rəvayətlər gəzsə də, heç kim qəbirləri açmağa risk etməyib.

Deyilənə görə, ölən şəxsin ruhunun onları cəzalandıracağından qorxublar.





Ana səhifəyə qayıt        Baxış: 1 439          Tarix: 27-05-2020, 17:50      

Xəbəri paylaş


Paylaş:   

Prizma