Xəbər lenti
27-11-2024, 19:25

 
“Əmanət qəbirlər”. Təəccübləndiniz, elə deyilmi? Elə mən də bu kəlməni ilk dəfə  eşidəndə olduqca təəccüb etmişdim. Çünki, qəbir necə əmanət ola bilər ki?... İslam qaydalarına görə, insan dünyasını dəyişdikdən sonra mütləq sağ çiyini üstündə üzü qibləyə tərəf, yəni Məkkədə yerləşən Kəbəyə tərəf dəfn edilməlidir.
 
İlahiyyatçı Hacı Şahin Həsənli deyir ki, insanlar hansısa şəraitdə arzuladığı yerdə dəfn olunmaq istədiyi zaman vəsiyyət etməlidirlər: “Eyni zamanda şəriət qaydalarına görə, bir müsəlman yalnız bir dəfə dəfn edilə bilər. Onun qəbrinin açılması və ya başqa yerə köçürülməsi günahdır. Yalnız o zaman müəyyən zərurət olarsa – tibbi ekspertiza zamanı, yol çəkilirsə qəbir oradan köçürülürsə o zaman qəbir açıla bilər. Lakin adi qaydada açıla bilməz”.
 
Bütün bu deyilənlər Bakının Qala kəndində, Qala Dövlət Tarix-Etnoqrafiya Qoruğu ərazisində yerləşən “əmanət qəbirlər”ə aid deyil. Bu qəbiristanlıq köhnə və yeni olmaqla iki hissəyə ayrılır. Köhnə qəbiristanlıqda bir sıra qədim türbələr, yaşı bilinməyən qəbir və sərdabələr mövcuddur:
 
Bu əraziyə gələndə insanda  qəribə bir təəssürat yaranır. Ətrafda səpələnmiş sadə daşlar. Amma diqqətlə baxdıqda məlum olur ki, bu daşların əslində hər biri bir qəbir abidəsidir. Tarixçilər deyir ki, Qala qəbiristanlığı 3 ayrı-ayrı dövrləri əhatə edir. Tarixi hələ erkən orta əsirlərə dayanan bu qəbirlərin sırasında həm də XVIII- XIX  əsrlərə  aid qəbirlər də mövcuddur. Yanında dayandığımız bu qəbir də bu qəbildəndi.
 
İlk baxışda qəribə görünən qədim sərdabələr əslində görənlərin böyük marağına səbəb olur. Belə ki, bunlar müsəlman sərdabələri olsalar da, onlara qəribəlik verən məhz yerləşmə istiqamətləridir. Qəbirlərin üzü cənuba - müqəddəs ziyarətgahlara tərəf deyil, tam əks tərəfədir. Hətta sərdabələrin içərisində vaxtilə meyitlər torpağa basdırılmadan elə sərdabənin içərisində saxlanılıb. Bir sərdabədə bir neçə insan skletinə rast gəlmək mümkündür.  

İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin Elm, mədəni irsin təşviqi sektorunun müdiri Vəfa Quliyeva deyir ki, Qala kənd qəbiristanlığında müşahidə edilən sərdabə qəbirlər təkcə Qalada deyil, Abşeron yarımadasının bir çox yerlərində də mövcuddur. İlk növbədə qəbiristanlığın quruluşuna baxsaq görərik ki, giriş hissədən dörd istiqamətdə araba yolu deyilən yol gəlir. Bu yolların hər birinin kənarında sərdabələr mövcuddur: “Bu sərdabələrin içərisində tədqiqat apardığımız zaman məlum oldu ki,  bu qəbirlərdə olan insan skletləri hələ də qalır. O skletlər torpağa basdırılmamışdır. Sadəcə sərdabənin içinə qoyulmuşdur. Qəbirin birində sklet digərinə nisbətən balaca idi. Tədqiqat zamanı məlum oldu ki, biri qadın digəri isə kişi skletidir. Onlar arxası üstündə uzandırılıb  və kəfənlənməmiş vəziyyətdə idi. Bu isə o deməkdir ki, bu qəbirlər islama qədərki qəbirlərdir”. 
    
Tarixçi deyir ki, bununla yanaşı qəbirlərin içərisində uşaq skletləri və xüsusi taxta qutulara yığılmış digər sümüklərdə mövcud olub: “Bir qisim alim deyir ki, bu qəbirlər kollektiv dəfn olunan bir məzarlıq idi. Təzə ölən insanı bu sərdabəyə qoyanda ondan əvvəl ölənlərin sümüklərini yığıb bir kənara qoyurmuşlar. Lakin digər qisim alimlər isə deyir ki, əslində həmin kənarda olan sümüklər məhz həmin şəxslərin nökərlərinin sümükləridir. Onlar bərabər basdırılıblar”.
 
Qəbiristanlıqda diqqət çəkən digər məqam isə həmin sərdabələrin yaxınlığında daha böyük sərdabələrin olmasıdır. Vəfa Quliyeva deyir ki, qəbiristanlıqda tədqiqat aparılan zaman yerin üstündə olan sərdabələr yanlış olaraq samanlıq adı altında pasportlaşdırılıb. Əslində bura saman saxlanılması üçün uyğun məkan deyil. Eyni zamanda sərdabələrin quruluşuna baxdıqda buranı dini ritualların icra edildiyi məkan da adlandırmaq olar: “Bura saman saxlamaq üçün yer ola bilməz. Çünki pilləkənləri olan və bir pəncərəli bir yerdir. Əslində daşların hörgüsünə baxanda məlum olur ki, bu sərdabələrin tarixi orta əsrlərdən də əvvəllərə, zərdüştlük dövrünə gedib çıxır. O dövrdə vəfat edən insanları belə bir yerdə saxlayıb çürüyüb əti sümüyündən ayrılandan sonra o sümükləri basdırırdılar”
 





Ana səhifəyə qayıt        Baxış: 10 424          Tarix: 13-05-2020, 09:39      

Xəbəri paylaş


Paylaş:   

Prizma