Xəbər lenti

Əkbər Qoşalı: “Qarabağda baş verənlər yalnız Azərbaycanın deyil, bütün Türk dünyasının gələcəyinə təsir edəcək ”

Sentyabrın 27-dən Azərbaycan Ordusu əks-hücum əməliyyatlarına başladığı andan bu günə qədər qardaş Türkiyə ölkəmizin yanındadır, Azərbaycan həqiqətlərini dünyaya çatdırmaqdadır. Türkiyənin təkcə rəsmiləri deyil, ən məşhur sənətçiləri, adi vətəndaşları daim ölkəmizə dəstək nümayiş etdirməkdədir. Həmçinin Türkiyə mediası Azərbaycan Ordusunun öz torpaqlarında erməni separatçılarına qarşı apardığı əks-hücum əməliyyatlarına ciddi diqqət göstərir, əməliyyatlar barədə geniş materiallar, reportajlar hazırlayır.

Lakin nədənsə bu məsələdə hələ də Orta Asiyanın türk respublikalarından açıq dəstək müşahidə edilmir. Səbəb nədir?
Məsələ ilə bağlı Azərbaycanda Atatürk Mərkəzinin şöbə müdiri, Milli QHT Forumu İdarə Heyətinin üzvü Əkbər Qoşalı “Yeni Müsavat”a danışıb: “Məlum olduğu kimi, Orta Asiya o bölgəyə göz dikən, yumşaq desək, biganə olmayan iki nəhəngin arasında yerləşir: bir tərəfdə, dünyanın ən böyük əraziyə malik dövləti - nüvəli Rusiya, digər tərəfdə, dünyanın ən çox əhaliyə malik ölkəsi - nüvəli Çin. Çin və Orta Asiya deyincə, tarix şüuru ön plana çıxır, yaddaş təzələnir. Mən hələ illər öncə, elə orta asiyalı dostların özündən eşitmişəm ki, Çində o coğrafiyadakı türk ölkə və topluluqlarını öyrənən 100 araşdırma mərkəzi fəaliyyət göstərir. Rusiya isə Orta Asiyanın, ortalama, 300 ili əhatə edən yaxın tarixində mövcuddur. Rusiya o coğrafiyada öz hərbi-siyasi, ideoloji və iqtisadi təsirlərini hələ də önəmli dərəcədə saxlamaqdadır. Çin də iqtisadi, ideoloji təsirlərdən xali deyil. Orta Asiya ölkələri əsasən Rusiya və Çinin öncüllük etdiyi regional qurumlara üzvdür və ya onlarla uzlaşdırılmış siyasətə o qədər də biganə deyillər.

Yəni bizim Qafqazlardan baxıb gördüyümüz, yaraşdırdığımız, təsəvvür etdiyimiz mənzərə ilə orada yaşayan qardaşlarımızın gerçəklikləri üst-üstə düşməyə bilər. Mən vahiməli  bir tablo cızmaq istəmirəm, əsla, ümidsiz, inamsız da deyiləm. Qardaş ölkələrin yetkili şəxslərinin bizə sərfəli qərarlarına, yanaşmalarına ümid edirəm, qardaş xalqlara inamım isə sarsılmazdır".

Əkbər Qoşalı
Əkbər Qoşalı qeyd edib ki, qazax, qırğız, özbək, türkmən xalqlarının ruhunun cəsarəti şübhəsiz olaraq həmişə Azərbaycanladır: “Dövlətlərin xalqların arzu və istəklərini ifadə etməsi, əlbəttə, yaxşı haldır, ancaq həmişə hər yerdə belə olmaya da bilir. Bu dediklərim qardaş ölkələrin rəsmi açıqlamalarına münasıbətdə hansısa gərginlik axtarmaq məzmunu daşımır. Ən azından onu nəzərə almalıyıq ki, Azərbaycan tərəfdən rəsmi münasibətin ifadəsini biz cənab Prezidentin Qazaxıstan, Qırğız Respublikası və Özbəkistanın dövlət başçılarına göndərdiyi məktublarda görürük. Həmin məktublarda Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin Azərbaycan Respublikasının suverenliyi, ərazi bütövlüyü və beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığı əsasında tezliklə həll olunmasının vacibliyi ilə bağlı Türk Şurasının 2020-ci il 28 sentyabr tarixli Bəyanatına görə təşəkkür bildirilib.

Unutmayaq ki, digər ortaq türk qurumları TürkPA, Türk Akademiyası və TÜRKSOY da oxşar bəyanatlar verib. Məlum olduğu kimi, biz qardaş ölkələrlə başqa beynəlxalq quruluşlarda da sıx əməkdaşlıq edirik. Bununla da qeyd etmək istəyirəm ki, bizim milli duyğularımız, emosiyalarımız yaxud ictimai platformadan etdiyimiz dəyərləndirmələr dövlət başçınlarının məsuliyyəti ilə eyni gücdə deyil və bu məqamda bizim anlayış göstərməyımiz daha yaraşıqlı olar.

Mən razıyam ki, sentyabrın 27-dən bəri ən yeni dövr Azərbaycan tarixinin tam fərqli fazasındayıq. Bu yeni dönəmdə baş verən sürətli hadisələr yalnız işğal altındakı torpaqlarımızın işğaldan azad edilnməsi ilə taclanmır, deyə bilərəm, ümumən ruhumuzu dirçəldir, üfüqümüzü genişləndirir. Qəti əminəm ki, hazırda Qarabağda baş verənlər yalnız Azərbaycanın deyil, bütün Türk dünyasının gələcəyinə təsir edəcək. Azərbaycanın öz ərazi bütövlüyünü bərpa etməsi bütün Türk dünyasına yeni dönəm vəd edir. Ölkələrin münasibəti həm də o ölkələrdəki nüfuzlu vətəndaş cəmiyyəti institutlarının münasibəti ilə təcəllə edir. Biz elə dövlətlərdən, təşkilatlardan dəstək görürük - şəxsən mənə  sürpriz təsiri bağışlayır. Elə umduğumuz yerlər də var, hələ də susqunvari, bitərəfvari davranış göstərə bilir. Bəri başdan deyim ki, bütün hallarda biz bizimlə qanbağı, soykök birliyi olan xalqlarla yenə qardaşıq, yenə onları anlamaq üçün bir imkan, bəzən bir bəhanə axtarırıq. Lakin kaş ki, onlar da bir yolunu tapıb, Qarabağın bizim üçün “həyat, memat” mahiyyətini bütün dərinliyi və üfüqü ilə anlayalar".

Əkbər Qoşalı sonda türk millətlərinə çağırış da edib: “Bilirəm ki, ”Yeni Müsavat"ı qardaş ölkələrdə də izləyirlər. Ona görə demək istəyirəm, əziz qardaşlar, bizə, işğalçı ilə işğala məruz qalan arasında bərabərlik işarəsi qoyub, nataraz “tarazlı münasibət” göstərənlər yetərincədir, ona görə özünnüzə zəhmət verib, bir də siz belə müraciətlər, açıqlamalar verməyəsiz. Biz sizləri çox sevirik, özünüzü qoruyun!"

“Yeni Müsavat”




Ana səhifəyə qayıt        Baxış: 2 789          Tarix: 14-10-2020, 21:05      

Xəbəri paylaş


Paylaş:   

Prizma