Xəbər lenti
Dünyanın hegemon dövlətləri arasında iqtisadi, siyasi, hərbi münasibətlərin gərginləşməsinin fonunda, Cənubi Qafqaz respublikalarında da stabillik artıq təhlükəli məcraya yönəlməkdədir.

 Onsuz da, Cənubi Qafqazın iki respublikası arasında Ermənistan-Azərbaycan müharibəsinin dinc həllinin sual altında qaldığı bir vaxtda, Cənubi Osetiya və Abxaziya problemindən yaxa qurtara bilməyən Gürcüstanda siyasi axar pozulmağın astanasındadır.

Gürcüstanın Azərbaycanla normal siyasi-iqtisadi münasibətlərinə xələl salmaq fikrində olan qüvvələr Keşikçidağ kilsəsinin gürcülərə məxsus olması iddiasını ortaya atdılar. 

Bu məsələ tərəflər arasında sabitliyin pozulmasına rəvac verməsə də, rəsmi Bakıya və rəsmi Tiflisə hansısa müəmmalı mesaj xarakteri daşıyırdı.

Bunun ardınca, təkcə Gürcüstan ərazisində 465 kilsənin ermənilərə məxsus olması haqda iddialar ortaya atılmağa başladı. Nəzərə alaq ki, məhz, bu mövzuda ermənilərlə gürcülər arasında 18 dəfə, hətta müharibə xarakterli ciddi qarşıdurma yaşanıb.

Azərbaycan ərazilərini işğal etmiş ermənilərin hələ Qarabağ müharibəsinin tənzimlənmədiyi bir vaxtda Gürcüstan ərazilərinə dolayısı ilə iddia etməsi təsadüfi sayıla bilməz. Dediyimiz kimi, 465 kilsənin ermənilərə aid olduğunu iddia etmək, məntiq etibarilə, “həmin dini obyektlər ermənilərə məxsusdursa, deməli, həmin torpaqlarda vaxtilə ermənilər yaşayıb və bu ərazilər indiki ermənilərin ulularına aiddir” fikrini canlandırır. Yəni ermənilər Gürcüstan ərazilərinə, belə desək, sevdalıdırlar. Bütün bunların fonunda Ermənistanın özünün daxilində baş verən prosesləri də nəzərə alaq: İqtisadi cəhətdən o qədər güclü olmayan Ermənistan rəhbərliyi təbii ki, Azərbaycanla münasibətlərini aydınlaşdırmadan Gürcüstanla cəbhə açmağa risk etməz.

Onda, belə bir sual yaranır: Niyə ermənilər Gürcüstandakı kilsələrin onlara məxsus olması iddiasını ortaya atırlar?

Bəzi siyasi təhlilçilər bu iddianın məhz, Rusiyanın diqtəsi ilə ortaya qoyulduğunu düşünür. Əslində, mümkündür. Amma Gürcüstanda vəziyyətin pisləşməsi Putin adminstrasiyasının indiki halda maraqları ilə üst-üstə düşmür. Ona görə ki, hələ də Suriya, Liviya, Əfqanıstan, İraq, İran, o cümlədən Venesuela və Kuba kimi Rusiyanın maraqları çərçivəsində olan ölkələrdə Qərblə dil tapa bilməyən rəsmi Moskva Gürcüstanda alovlanan başqa bir münaqişədən sui-istifadə edib, bu ölkəyə NATO-nun daxil olmasına imkan verməz. Digər tərəfdən Gürcüstana təsir rıçağı kimi Cənubi Osetiya və Abxaziya problemi Rusiya üçün yetərlidir. Onda bu qənaətə gəlmək olur ki, ermənilərlə gürcülərin münaqişəyə cəlb olunması Qərbin, yaxud ABŞ-ın ayrıca və ya ortaq maraqlarından qaynaqlana bilər. Burada əsasən ABŞ-ın maraqları ayrıca çalarlarla özünü göstərir. Bu həm də erməni siyasəti üçün əlverişlidir: Gürcüstanla lokal münaqişənin müqabilində rəsmi İrəvan və ABŞ-dakı erməni lobbisi Qərbdən tutarlı maddi və siyasi dəstək alacaq. Bu tərəfdən də Cənubi Qafqazda getdikcə daha çox maraqları bir-birini tamamlayan Rusiya və Türkiyə münasibətlərini nəzərə alsaq, deməli, NATO Gürcüstana girmək üçün ən yaxşı halda Ermənistandan poliqon və ya “enmə zolağı” kimi istifadə edə bilər. Avroatlantika ölkələri və Rusiya ilə siyasətini balanslı aparmağa müəyyən mənada həmişə nail ola bilən Ermənistanın artıq Rusiya ilə “şirin dil”lə danışa bilmədiyi ortadadır. Təkcə, Ermənistanın siyasi sferasında baş verənləri nəzərə alaq. Keçmiş hakimiyyətə qarşı sərgilənən repressiv davranış həm də Rusiyaya diş qıcamaq kimi görünür. Çünki Paşinyanın devirməyə nail olduğu Sərkisyan hökuməti Rusiya ilə münasibətlərdə daha səmimi və daha sadiq idi.

Bir az keçmişə nəzər salaq. Rus hərbi hissəsində xidmət edən əsgər və zabitlərin Gümrüdə ermənilərə qarşı davranışı, küçələrdə hegemonluq nümayiş etdirməsi, Rusiyanın Ermənistana qırıcı təyyarə satması ilə bağlı xəbərlərin fiaskoya uğrması, oğlunu çox təmtəraqlı şəkildə Qarabağa hərbi xidmətə yola salan erməni baş nazirin tələm-tələsik Ermənistan ərazisində xidmətə qaytarması, bunun ardınca isə, dili ilə Putindən silah istəməsi və s. bu kimi çoxlu sayda fakt... Bütün bunlar o deməkdir ki, artıq Ermənistan hakimiyyəti Rusiyadan güvən yeri kimi istifadə etməkdə o qədər də ürəkli deyil. Bir tərəfdən də, rəsmi Moskvanın vasitəçiliyi ilə baş tutan görüşlərdə cəbhədə gərginliyin yumşaldılmasına dair razılaşmanın vaxtaşırı ermənilər tərəfindən pozulmasını həm də Rusiyanın nüfuzuna atılan təpik kimi qiymətləndirmək olar. Sonuncu dəfə Qazaxıstan paytaxında Avrasiya İttifaqının yaranmasının 5 illiyi ilə bağlı tədbirdə Paşinyana qarşı sərgilənən münasibətdə də Rusiyanın Ermənistana sətiraltı mesajlarının cizgilərini görmək olar.

Daha bir maraqlı məqama da diqqət yetirək: bir müddət əvvəl Rusiya Federal Təhlükəsizlik Xidmətinin (FSB) rəhbəri Aleksandr Bortnikovun İŞİD terror təşkilatının artıq MDB ölkələrinə yaxınlaşması haqda bəyanatını xatırlayaq.

“İŞİD terror qruplaşmasının üzvləri Əfqanıstanın şimalına, Orta Asiyadakı keçmiş sovet respublikaları ilə sərhədə yığışır” - deyə Aleksandr Bortnikov xəbərdarlıq etmişdi.

İŞİD-in MDB ölkələrinin sərhədlərinə yaxınlaşmasının hansı məqsədlə həyata keçirildiyini yaxşı bilən Rusiya təbii ki, ermənilərin əli ilə Gürcüstanda başqa bir münaqişə ocağının yaranmasında maraqlı olmayacaq. Deməli, ermənilərin gürcü, gürcü-alban kilsələrinə “tamah salması” Qərbin “demokratiya pərdəsi” adı altında, necə deyərlər, “bihuş elədiyi” Gürcüstanda NATO-nun möhkəmləndirilməsi layihəsi də ola bilər. Çünki bu hərbi təşkilat Gürcüstana daxil olmağa çox yaxındır. Sadəcə, hadisələri tezləşdirmək üçün “səbəb” uydurulmalıdır.

Bu arada NATO-nun Baş katibi Yens Stoltenberq Rusiyanı hərbi blok üçün əsas təhlükə adlandırıb. Bu fikri o, Serbiyanın "Siyasət" qəzetinə müsahibəsi zamanı səsləndirib.

“Danılmazdır ki, uzun illərdir təhlükəsizlik sahəsində gözlənilməz vəziyyətlərlə qarşı-qarşıya dayanmışıq. Bunlar Rusiyanın daha aqressiv siyasəti, kibertəhlükəsizlik, hibrid təhlükələr, Yaxın Şərq və Şimali Afrikada qeyri-sabitlik və davam edən terror təhlükəsidir”, - deyə Baş katib bildirib.

Maraqlıdır ki, Stoltenberq Cənubi Qafqazdakı münaqişə ocaqlarının adını çəkməyib... Bir sözlə, NATO Baş katibi yetərincə manipulyativ açıqlama verib. Həm də, çox maraqlıdır ki, Serbiya qəzetinə...

Tamam başqa bir istiqamətdən yanaşaq. Gürcüstanın istər Azərbaycanla, istərsə də Türkiyə ilə münasibətləri çox yüksək səviyyədədir. Bu isə təbii ki, ermənilərin və həm Türkiyə, həm də Rusiya ilə münasibətləri hər gün daha da pisləşməyə doğru gedən Qərbin xoşuna gəlmir.

Rəsmi Tiflis Kremlə yanaşmasında xeyli “xoşməramlı korrektə”lərə də maraqlı olduğunu gizlətmir. Bu isə, NATO-nun Cənubi Qafqaza daxil olmasına, təbii ki, ləngiməsinə səbəb olacaq. Cənubi Osetiya və Abxaziya problemini tam nəzarət altında saxlayan Rusiyanın iradəsinə zidd olaraq, Qərb Gürcüstana bu münaqişələrin üzərindən daxil olmağa risk eləmir. Ona görə də, ən yaxşı vasitə ermənilərdir. İstifadə üçün erməni hakimiyyətindən əlverişli rıçaq tapmağın müşkül olduğunu Qərbdə də çox gözəl anlayırlar.

Rusiya bütün baş verənlərə qarşı adekvat tədbirlər görmək üçün təbii ki, postsovet ölkələrində nüfuzunu bərpa etməyə və daha da gücləndirməyə getdikcə daha çox maraqlı olacaq. Bunun üçün MDB, KTMT və ya Avrasiya İttifaqı formatından birini daha güclü birlik halına gətirmək üçün bütün gücünü səfərbər etməyə meylli olacağı şəksizdir. Bunun fonunda isə, öz müttəfiqlərinin daxili problemlərinin həllində yardımçı olmaqdan da geri çəkilməyəcək. Hazırki proseslər onu göstərir ki, Rusiya nəzarəti altında olan MDB, KTMT və ya Avrasiya İttifaqını SSRİ-nin modern formatında görməyi planlaşdırır. Təbii ki, bunu Qərbdə də yaxşı anlayırlar. Ona görə də, müttəfiqlər Rusiyanın bu planının reallaşmasını önləmək üçün Cənubi Qafqaza NATO-nu yeritmək istiqamətində fəallaşıblar. NATO-nun Mənzil-Qərargahının məhz Gürcüstanda yerləşdirilməsi istəyi də təsadüfi deyil: ancaq və ancaq Tiflisdə yerləşməklə, növbəti mərhələdə Avroatlantika hərbi blokunu Azərbaycan və Ermənistana daşımaq mümkündür. Bir yandan da, 2008-ci ildə Gürcüstanda yaşanan NATO-Rusiya qarşıdurmasını Kremlin məğlubiyyəti ilə tamamlamaq əsas məqsədlərdən biridir.

Keçmiş postsovet ölkəsi olan Moldovada baş verən proseslər də ABŞ və Avropa İttifaqının Rusiyaya qarşı və eyni zamanda Rusiyanın ona yönələn təzyiqlərə adekvat tədbirləri silsiləsindəndir.

Yaxın gələcəkdə Rusiya və rəqiblərinin maraqları toqquşan başqa postsovet ölkələrindən birində siyasi gərginliyin meydana gəlməsi ehtimalı yüksəkdir. Qərbin Rusiyanın sərhədlərinə doğru sürətlə irəliləmək istəyinin silahlı mübarizəsiz reallaşacağı mümkünsüz görünür. Münasibətləri yenidən ayırd etmək üçün tərəflər hansısa başqa bir üçüncü ölkənin ərazisində “oyuna başlamaq” məcburiyyətində qalacaqlar.

Bu, çox güman ki, Ukrayna və Gürcüstandan sonra üçüncü xristian postsovet ölkəsi olacaq. Növbəti hədəf Belarus və ya Pribaltika respublikalarından biri olacaq. Bir sözlə, Cənubi Qafqaz regionundakı proseslər və bu respublikalardakı problemlərin həlli, hələ ki, yaranmaqda olan və ya yaradılacaq başqa münaqişələrin fonunda həll edilməmiş saxlanacaq...

Deməli, Qərb hələ ki, postsovet respublikalarının ərazilərindəki milli münaqişələrin, müharibələrin ədalətli həllinə tələsmir. Bu məsələdə ancaq sözügedən ölkələrin siyasi hakimiyyətlərinin möhkəm iradəsi, ağıllı hərbi-diplomatik siyasəti dəyişikliklərə səbəb ola bilər.

Digər tərəfdən də, İran körfəzində, Yaxın Şərqdə və Şərqi Avropa ölkələrində böyük güclərin toqquşan maraqları dünyaya sabitlik vəd eləmir.

Bütün müharibə və münaqişələrin qarşı-qarşıya dayanan hegemonların həm də gizli razılaşmasının məhsulu olduğu danılmaz faktdır.

Ordu.az



Ana səhifəyə qayıt        Baxış: 1 294          Tarix: 31-10-2020, 17:29      

Xəbəri paylaş


Paylaş:   

Prizma