Xəbər lenti


“Gələcəkdə hüquqi iddiaların qaldırıla bilməsi üçün bu, çox vacibdir”

Torpaqlarımız azad olunduqdan sonra ilk iş orada dağıdılan infrastrukturun bərpası, yolların və kommunal xətlərin çəkilməsi, torpaqlarımızın “Böyük qayıdış” proqramının hazırlanması və icrasıdır. Sentyabrın 27-də başlanan Vətən müharibəsinin ilk günlərində azad olunan Suqovuşan və Talış kəndi istiqamətində yolların çəkilməsinə başlanıldı. Bundan başqa, “Azəriqaz”, “Azərişıq”, “Azərsu” kimi dövlət qurumları da azad olunan ərazilərə baxış keçirərək müəyyən planların hazırlanması istiqamətində işlərə başladılar, bu barədə mətbuatda da informasiya yayıldı.
Lakin sonradan hökumət qərara aldı ki, 30 il ərzində işğal dövründə Azərbaycanın şəhər və rayonlarına, eləcə də müharibə zamanı dinc yaşayış məskənlərinə ermənilərin  vurduğu ziyan onlara bağışlana bilməz. Bu baxımdan ilk növbədə dəymiş ziyanın qiymətləndirilməsi işləri aparılmalı, bununla bağlı fakt və sənədlər toplanmalı, beynəlxalq hüquq qarşısında Ermənistan buna görə cavab verməli və təzminat ödəməlidir. Dəymiş ziyanın qiymətləndirilməsindən sonra  infrastrukturun bərpası ilə bağlı işlərə başlanılması əlbəttə ki, daha məntiqli addım idi.
Bu məqsədlə noyabrın 9-da Azərbaycan Respublikası Prezidentinin “2020-ci il sentyabrın 27-dən başlayaraq Ermənistan Respublikası silahlı qüvvələrinin Azərbaycan Respublikasının ərazisinə təcavüzü nəticəsində mülki əhaliyə, dövlət əmlakına, o cümlədən infrastruktur obyektlərinə, habelə sahibkarlıq fəaliyyəti subyektlərinə dəymiş ziyanın qiymətləndirilməsi və aradan qaldırılması ilə bağlı tədbirlər haqqında” Sərəncamı ilə yaradılmış Dövlət Komissiyasının ilk iclası da  keçirilib.
Nazirlər Kabinetindən  verilən məlumata görə, Baş nazir Əli Əsədovun sədrliyi ilə keçirilmiş iclasda komissiyanın sədri tərəfindən bildirilib ki, Sərəncamdan irəli gələn tapşırıqlar qısa müddətdə yerinə yetirilməlidir. Qeyd edək ki, Komissiyaya prezident köməkçiləri və bir çox dövlət qurumlarının rəhbərləri daxildir.
“Yeni Müsavat” olaraq aidiyyəti qurumlarla da əlaqə saxladıq və onlardan aldığımız ümumi məlumat belə oldu ki, hələ ki konkret işlərə başlanılması ilə bağlı tapşırıqlar verilməyib. Lakin belə bir tapşırıq olarsa, canla-başla onu yerinə yetirməyə hazırdırlar.

Natiq Cəfərli: "Milli Şura rəhbərliyindən üzr gözləyirik" » Sfera.az  Azərbaycanda özəl xəbərlər, araşdırmalar, təhlillər və müsahibələrin tək  ünvanı

Məsələ ilə bağlı “Yeni Müsavat”a danışan iqtisadçı ekspert Natiq Cəfərli də vurğuladı ki, işğaldan azad olunan ərazilərimizə dəyən ziyan araşdırılmalı, məhz bundan sonra bərpa prosesinə başlanılmalıdır: “İnfrastrukturun bərpası istiqamətində ilk sərəncam Suqovuşanla bağlı idi. Bu yolun bərpası suvarma məsələsinə görə çox vacib idi. Uzun illərdir Suqovuşan su anbarından Tərtər çayına buraxılan suyun qarşısı alınmışdı. Bu da həmin bölgədə kənd təsərrüfatına, suvarma işlərinə çox böyük ziyan vururdu. Bu mənada ilk fərmanın Suqovuşanla bağlı olması bununla əlaqədar idi. İşğaldan azad olunan torpaqlarda ötən 30 il müddətində dəymiş ziyanın qiymətləndirilməsi ilə bağlı komissiyanın yaradılması doğru bir addımdır. Gələcəkdə hansısa hüquqi prosedurlar üçün vacibdir. Bunun belə asan olacağını düşünmürəm. Çünki burada bir sıra çətinliklər var, hüquqi prosedurlarla bağlı çətinliklər var. Ermənistan rəsmi olaraq bu münaqişənin tərəfi kimi çıxış etməyib, rəsmi sənədlərdə erməni silahlı birləşmələri adı altında göstərilir. Rəsmi müharibə elanı yoxdur. Hüquqi prosedurlar bir qədər zaman alacaq. Ancaq istənilən halda gələcəkdə hüquqi iddiaların qaldırıla bilməsi üçün dəymiş ziyanın qiymətləndirilməsi çox vacibdir. Çünki dəymiş ziyanın hesablanmasından sonra bərpa işlərinə start veriləcək”.

N.Cəfərlinin sözlərinə görə, həmin bölgələrin relyefini və qış fəslinin yaxınlaşmasını da nəzərə alsaq, quruculuq və təmir-bərpa işlərinin yaz aylarında başlaması ehtimalı çox yüksəkdir: “Hələ bir müddət ərazinin minalardan təmizlənməsi, təhlükəsizlik məsələlərinin həlli, hərbi qulluqçularımızın həmin azad olunmuş bölgələrdə, əsasən də Ermənistanla, İranla sərhəd bölgələrdə təhlükəsizliyi qorumasına, sərhədlərin bərpasına vəsait ayrılacaq, bu işlər görüləcək. Dəymiş ziyanın qiymətləndirilməsi yəqin ki, yaz aylarına qədər yekunlaşacaq. Bundan sonra artıq hansısa təmir-bərpa işlərinin başlanmasına start veriləcək. Ermənistan qarşısında dəymiş ziyanla bağlı təzminat məsələsini qaldırıb həllinə nail olmaq çox çətin olacaq. Çox güman ki, qiymətləndirmədən sonra onun beynəlxalq müstəviyə çıxarılması ciddi zaman alacaq. Cavabdeh tərəf kimi Ermənistanın müəyyənləşdirilməsinə də ciddi səy sərf etməli olacağıq. Baxmayaraq ki, ilkin bəyənat Ermənistan tərəfindən imzalandı. Sülh sazişinin bağlanması dekabrın 1-dən sonra, Ermənistan ilkin bəyanatdan irəli gələn bütün öhdəlikləri yerinə yetirdikdən, işğal altında olan 3 rayonun tamamilə boşaldılmasından sonra yəqin ki, böyük sülh müqaviləsinin danışıqları başlanacaq”.

Ekspertin fikrincə, sülh sazişində bir çox məsələlər, o cümlədən dəymiş ziyanın ödənilməsi ilə bağlı formullar öz həllini tapmalıdır: “Azərbaycan tərəfinin bəyan etdiyi Dağlıq Qarabağda yaşayan erməni əsilli Azərbaycan vətəndaşları üçün mədəni muxtariyyət məsələsi qeyd olunacaqsa, eyni qaydaların 1988-89-cu illərdə Ermənistandan qovulmuş 235 mindən çox azərbaycanlıya da şamil olunması məsələsi müzakirəyə açıq olmalıdır. Bununla bağlı artıq indidən hüquqi prosedurlar başlanmalıdır. Paralel olaraq, sülh sazişində dəymiş ziyanın ödənilməsi ilə bağlı müəyyən formullar öz əksini tapmalıdır. Çünki artıq sübut olunmuş videokadrlar var, indiki dövrdə bu ziyanın hesablanması çox çətin olmayacaq, sübutlar hamının görə biləcəyi şəkildədir. Gələcək sülh müqaviləsinin parametrləri çoxşaxəli olmalıdır. Ermənistanın Azərbaycanın ərazi bütövüyünü tanıması, sərhədlərini tanıması önəmlidir. Çünki Ermənistan SSRİ dağıldıqdan sonra qalan sərhədləri də dəyişmiş, bir çox yüksəklikləri tutmuşdular, onların da geri çəkilməsinə ehtiyac var, həmin sərhədlərin tanınmasına ehtiyac var. Sülh müqaviləsi çox böyük sənəd olmalıdır və o sənəddə dəymiş ziyanın müxtəlif formalarda ödənilməsi məsələsi qaldırılmalıdır”.

Nərgiz LİFTİYEVA

“Yeni Müsavat”



Ana səhifəyə qayıt        Baxış: 1 798          Tarix: 12-11-2020, 09:26      

Xəbəri paylaş


Paylaş:   

Prizma