Xəbər lenti


Jns.org, ABŞ
06.01.2021


Müəllif: Diana Kohen Altman
Ermənistanla Azərbaycan arasında 6 həftə davam etmiş müharibə Bakının qələbəsi ilə başa çatıb. Azərbaycanlıların Dağlıq Qarabağa qayıtmasının isə yəhudilərlə də əlaqəsi var. Bu ölkə əsrlərdir yəhudilərin vətənidir. Azərbaycanla İsrail arasında on illərdir ki, inkişaf edən əlaqələr qorunub saxlanır. Bu münasibətlər əslində, İsrailin əhalisinin əksəriyyəti müsəlman olan dövlətlərlə əlaqələrin normallaşdırması istiqamətində ötən il başlatdığı prosesin müjdəçisi də sayıla bilərdi.

Amma yəhudilərin uzun illərdir davam edən Dağlıq Qarabağ münaqişəsi, həmçinin azərbaycanlıların işğaldan azad olunmuş Qarabağa qayıtmasına münasibətini yalnız iki dövlət arasındakı məşhur müsbət münasibətlərlə əlaqələndirmək olmaz. Azərbaycan yəhudilər üçün daha mühüm əhəmiyyət kəsb edir. Yəhudilərin son yaşananlara münsaibətisə əslində, vətənə qayıtmağın çətinliklərini bilmələrindən qaynaqlanır. Onlar bunun necə hiss olduğunu yaxşı bilirlər. Yəhudi xalqı bütün tarixi boyu məhz bu duyğularla yaşayıb.

Az qala 30 il idi ki, azərbaycanlılar bölgədən didəegin salınmışdılar. Nəticədə Qarabağda həyat, azərbaycanlılara məxsus mədəni landşaf sözün əsl mənasında dəyişib. BMT-nin uzun illər öncə qəbul etdiyi qətnamələrdə belə, Qarabağın Azərbaycan ərazisi olduğu təsdiqlənsə də, ev-eşiyini, mədəni irsini faciəvi şəkildə itirmiş azərbaycanlılar hər zaman beynəlxalq ictimaiyyətdən bu münaqişəyə laqeydlik hiss ediblər.

Azərbaycan yəhudiləri də həmvətənləri kimi, Qarabağı Azərbaycanın ayrılmaz hissəsi, döyünən ürəyi sayır. Onların Azərbaycanda kompakt yaşadığı Qırmızı qəsəbədən olan əsgər Daniel Zarbaliv təxminən 30 il işğal altında olmuş ərazilərin azad edilməsindən qürur duyur. Bu gün onun yaşadığı duyğular sanki Albert Aqarunovun hisslərinin əks-sədasıdır. Xatırladaq ki, Azərbaycan yəhudisi olan Albert Aqarunov 1992-ci ilin mayında Qarabağ uğrunda döyüşdə, silahdaşlarını xilas etməyə çalışarkən öldürülüb. O, ölümündən sonra Azərbaycanın ən yüksək hərbi mükafatına – Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülüb. Birinci Qarabağ müharibəsində döyüşən Albert Aqarunov deyirdi ki, “bura mənim torpağımdır. Mənim başqa vətənim yoxdur. Odur ki, evimi qorumağım təbiidir”.

Bəli, bu gün ərazilərin işğaldan azad edilməsinə bütün azərbaycanlılar sevinir. Onlar Qarabağı ölkənin zəngin, çoxşaxəli mədəni irsinin mərkəzi hesab edirlər. Bu mədəni irsin tarixi həqiqətən qədim dövrlərə gedib çıxır. Odur ki, Qarabağın itirilməsi azərbaycanlılar üçün böyük faciə idi.
Bəs azərbaycanlılar Qarabağın hansı hissəsinə qayıdacaq?

600 mindən çox azərbaycanlı 1990-cı illərin əvvəllərində Qarabağdan didərgin düşüb. Onlar Azərbaycanın paytaxtı Bakıda və ölkənin digər ərazilərində məskunlaşıblar. İndi məcburi köçkünlərin gedi qayıtması onların öz köklərinə qayıtması deməkdir. Qarabağ azərbaycanlılar üçün həm sevinc, həm də kədər deməkdir. Bir yandan onların bəziləri müharibədən sağ çıxaraq Bakıda və ölkənin digər bölgələrində sığınacaq tapa biliblər. Amma bu insanların ailə üzvləri Qarabağda dəhşətli ölümlə üzləşib...

Azərbaycanlıların əksəriyyəti Qarabağdan danışarkən bir zamanlar “Qafqazın konservatoriyası” adı ilə məşhur olmuş Şuşanı, onun rəssamlarını, musiqiçilərini və şairlərini xatırlayır. Qarabağda onların sevimli mədəniyyət xadimlərinin şərəfinə adlandırılmış muzeylər də olub. Beynəlxalq Muzeylər Şurası Azərbaycan Milli Komitəsinin hesabatında deyilir ki, Dağlıq Qarabağ münaqişəsi nəticəsində bu bölgədə ümumilikdə 900 yaşayış məntəqəsi, 150 min ev, 7 min ictimai bina, 693 məktəb, 855 bağça, 695 tibb müəssisəsi, 927 kitabxana, 44 ibadətgah, 9 məscid, 473 tarixi abidə, ümumilikdə 100 min artefaktın saxlanıldığı 22 muzey və digər infrastruktur obyektləri dağıdılıb.

Bəli, müharibənin dağıdıcı nəticələrindən biri də mədəni dəyərlərin məhv edilməsidir. Bəs mədəniyyətin yer üzündən silinməsi? Qarabağ torpaqlarında bir zamanlar mövcud olmuş uşaq xorunun taleyi? Və ya Şərq xalçaları kolleksiyaçıları üçün dəyərli olan Qarabağ xalçalarını ərsəyə gətirmiş sənətkarların, müəssisələrin aqibəti? Bir sözlə, ənənələrin məhv edilməsi cəhdləri ortadadır.

UNESCO, Metropoliten muzeyi, Smitsonian İnstitutu və s. qurumlar Qarabağ müharibəsinin ardından regiondakı abidələrin qorunmasına çağırışlar edir. Azərbaycan Mədəniyyət Nazirliyi, Beynəlxalq Muzeylər Şurası Azərbaycan Milli Komitəsi və digər təşkilatların bu çağırışlara reaksiyası özünü çox gözlətməyib. Onlar xatırladır ki, bu qurumlarvaxtilə regiondakı Azərbaycan irsi ilə bağlı çox az çağırış edib, ya da belə çağırışların edilməsində çox gecikib. Beynəlxalq Muzeylər Şurası Azərbaycan Milli Komitəsi isə Qarabağdakı Azərbaycan mədəni irsi ilə bağlı geniş hesabat da yayıb.
Məsələ ondadır ki, Qərb ölkələrindən olan müşahidəçilər mədəni dəyərlərin qorunması sahəsindəki vəziyyəti anlamaq üçün, ilk növbədə Dağlıq Qarabağ münaqişəsinin təməlində dayanan təhlükəli məqamları bilməlidirlər. Azərbaycanlılarla ermənilərin Qarabağın irsi ilə bağlı fikirləri çox vaxt fərqli olur. Azərbaycanlılar hesab edir ki, Qarabağ Azərbaycan mədəniyyətin, sivilizasiyasının beşiyidir və ölkənin ayrılmaz hissəsidir. Ermənilər isə Qarabağı zəngin erməni mədəniyyəti və tarixi olan erməni dövləti adlandırır.

Azərbaycanın ən məşhur mədəniyyət xadimlərindən biri şair Xurşidbanu Natəvandan (1832-1897) Şuşadan olub. O, şəxsi faciəsini lirik şeirlərə və qəzəllərə çevirmiş çəxsdir.  Böyük ehtiram sahibi olmuş Natəvan  Şuşada ilk ədəbi məclisin yaradıcısıdır. Şuşaya su kəmərinin çəkilməsi, bununla da şəhərin ən böyük problemlərindən birinin həlli də məhz onun adı ilə bağlıdır.

Bu gün Bakıya qonaq gələn turistlər Natəvanın “Hard Rock Cafe”nin qarşısındakı heykəlinin ətrafında dolaşırlar. Heykəl Bakının mərkəzində, açıq havada yerləşir. Dünya Xurşidbanu Natəvan və regionun digər azərbaycanlı qəhrəmanları haqda məlumat toplamaqla, Qarabağı yenidən kəşf edə bilər. Azərbaycanlılar isə şübhəsiz ki, özləri üçün dəyərli olan mədəni irsdən istifadə yollarını tapacaqlar.

(İngilis dilindən tərcümə - WorldMedia.Az)
Mənbə: Jns.org


Ana səhifəyə qayıt        Baxış: 3 379          Tarix: 6-01-2021, 13:17      

Xəbəri paylaş


Paylaş:   

Prizma