Xəbər lenti
Dünən, 17:22
Dünən, 12:32
Dünən, 11:30
10-01-2025, 23:30
10-01-2025, 22:30
10-01-2025, 21:52
10-01-2025, 20:49
10-01-2025, 19:32
10-01-2025, 16:15
İbrahimi sazişindən (İsrail-BƏƏ sazişi - WM) sonra əslində, yəhudi dövləti Bəhreyn, BƏƏ, Sudan və digər ölkələrlə sülh razılaşmasına nail olub. Üstəlik, bu sənəd yəhudi dövlətilə Azərbaycan arasında əlaqələrin daha da inkişaf etdirilməsinə şərait yaradıb.
İsrailin sabiq rabitə naziri Ayub Karanın sözlərinə görə, sadalanan bütün ölkələr arasında iqtisadi proses mühüm əhəmiyyət kəsb edir: “İqtisadi proses başlayan kimi, bu ölkələr təkcə Təl-Əvivdə deyil, həm də Yerusəlimdə səfirlik aça biləcək. Onlar yəhudi xalqını İbrahim Peyğəmbərin övladı hesab edir, yəhudilərin milli musiqlərini belə, sevirlər”.
Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov isə hesab edir ki, İbrahimi sazişi onun ölkəsilə İsrail arasında əməkdaşlığın daha da genişlənməsinə töhfə verəcək: “Biz Yaxın Şərqdə cərəyan edən sülh prosesini diqqətlə izləyirik. Azərbaycan Yaxın Şərqdə sülh və təhlükəsizliyin bərqərar olmasını hər zaman dəstəkləyib. Bunun bütün regionun inkişafına, çiçəklənməsinə töhfə olacağına inanırıq”.
“Bir çox sahədə əməkdaşlıq üçün yaxşı imkanlar var”, - deyə Azərbaycanın xarici işlər naziri əlavə edib. O, vurğulayıb ki, azərbaycanlılar İsrailin kənd təsərrüfatı ilə bağlı verəcəyi təkliflərə böyük maraq göstərəcək: “Biz İsrailin bu sahədə zəngin təcrübəsini, həmçinin sahə ilə bağlı müasir texnologiyalarını öyrənməkdə maraqlıyıq. Bundan başqa, turizm sahəsi də iki ölkə arasında əməkdaşlığın genişlənməsində çox ümidlər vəd edir. İsraillə Azərbaycan arasında birbaşa uçuşların həyata keçirilməsi, viza rejiminin asanlaşdırılması bu istiqamətdə inkişafa töhfə verir”.
“İsraildə Azərbaycan evi”nin icraçı direktoru Arye Qut da son günlərdə iki ölkə arasında əlaqələrin gücləndiyini düşünür. O, pandemiyanın ən qızğın dövründə iki ölkə arasında parlamentlərarası əlaqələrin davam etdiyini xatırladıb: “İsraillə Azərbaycan arasında əlaqələr strateji, hərbi-texniki əməkdaşlığa əsaslanır. Bütün bunlar iki dövlətin hökumətləri arasında qarşılıqlı inam və dialoq şəraitində həyata keçirilir”.
A.Qut bildirib ki, İsrail-Azərbaycan münasibətləri əslində, hərbi-texniki əməkdaşlıqdan daha mühüm əhəmiyyətə malikdir: “Bu gün iki ölkə kənd təsərrüfatı, yüksək texnologiyalar, səhiyyə, hərbi-texniki və sair sahələrdə strateji əməkdaşlıq edir. Dünya bazarında Azərbaycan neftinin əsas alıcılarından birinin İsrail olduğunu xatırlatmaq yerinə düşər”.
Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov xatırladır ki, yəhudilərlə azərbaycanlılar arasında əlaqələr hər zaman yaxşı olub: “Yəhudilər ölkəmizdə əsrlərdir yaşayır. Onlar hər zaman sülh və dostluq şəraitində, çiyin-çiyinə yaşayıb. Bu gözəl ənənəni davam etdirdiyimizə görə şadıq. Yəhudi icmasının Azərbaycan cəmiyyətinə verdiyi töhfələri yüksək qiymətləndiririk. O, Azərbaycanla İsrail arasında əlaqələrin inkişafında da rol oynayır”.
Ermənistan-Azərbaycan münaqişəsindən də danışan Bayramovun sözlərinə görə, ölkəsi Dağlıq Qarabağ münaqişəsinin həllində çox maraqlıdır: “Bizim üçün hərbi həll heç vaxt ən üstün variant olmayıb. Azərbaycan hər zaman bildirib ki, cəbhə xəttində gərginlik onun maraqlarına cavab vermir. Lakin bizim münaqişənin sülh yolu ilə həlli təklifimiz diqqətdən kənarda qaldı. Beynəlxalq ictimaiyyət Ermənistan rəhbərliyinin məsuliyyətsiz bəyanatlarına, hərbi ritorikasına, Azərbaycanın işğal altındakı ərazilərinin mədəni, demoqrafik xüsusiyyətlərinin dəyişdirilməsinə adekvat cavab vermədi, bunu pisləmədi”.
Nazir hesab edir ki, Ermənistan məhz cəzasız qalacağını düşündüyü üçün danışıqlarda qeyri-konstruktiv mövqe tutur, “yeni ərazilər uğrunda yeni müharibə” tezisilə çıxış edirdi: “Bütün bunlar indiki vəziyyətə gətirib çıxardı”.
“Biz hər zaman deyirdik ki, danışıqlara başlamağa hazırıq. Bunun üçün ilk növbədə Ermənistan silahlı qüvvələrinin işğal altındakı ərazilərdən çıxması lazım idi. Kompromisə gəlincə, Azərbaycanın ərazi bütövlüyü danışıqlar mövzusu ola bilməzdi”, - deyə Ceyhun Bayramov vurğulayıb.
İsrail-Azərbaycan əlaqələri Dağlıq Qarabağ münaqişəsi ilə bağlı hazırkı vəziyyətə rəğmən, inkişaf edir. Biz – israillilər bununla qürur duymalıyıq.
İsrailin baş naziri Benyamin Netanyahu Bakı səfəri zamanı bildirmişdi ki, israillilər bu iki dövlət arasındakı münasibətləri dünyaya nümunə göstərməlidir: “Dünya çox dözümsüzlüklə, çox zülmətlə qarşılaşır. Burada isə müsəlmanlarla yəhudilər arasında əlaqələrin necə ola biləcəyinin nümunəsi var”.
Bir sözlə, İbrahimi sazişindən sonra hər şey heç vaxt olmadığı qədər aydındır. Ayub Kara isə düşünür ki, bu vəziyyəti Baydenin prezident seçilməsi də dəyişməyəcək: “Biz İrana qarşı bir cəbhədə birləşməliyik”.
WorldMedia.Az
Xəbəri paylaş
Paylaş:
Bənzər məqalələr
Seçilənlər