Xəbər lenti
Bu gün, 09:31
Dünən, 21:25
Dünən, 19:16
Dünən, 17:44
Dünən, 16:15
Dünən, 13:17
Dünən, 10:44
Dünən, 10:00
4-02-2025, 20:58
4-02-2025, 19:19
4-02-2025, 18:41
4-02-2025, 17:54
4-02-2025, 16:27
4-02-2025, 16:00
Ermənistana və ermənilərin nazı ilə oynayan sülhməramlılara mühüm xəbərdarlıqlar; politoloq: “İndiki vəziyyətdə biz görməliyik ki, əsas hədəf Rusiya-Türkiyə tandemidir”
Vətən müharibəsindən sonrakı günlərdə Rusiyanın Qarabağdakı sülhməramlı kontingentinin bəzi davranışları haqlı narazılıqlara və etirazlara səbəb olmaqdadır. Xüsusilə də sülhü təmin etməyi qarşısına məqsəd qoyan və ona həvalə olunan tapşırıqları yerinə yetirməli olan heyətin daha çox İrəvandan Xankəndinə erməni köçünü təşkil etməsi bu heyətə etimadsızlığı gücləndirir.
Son məlumatlara görə, Ermənistandan Qarabağa 47 mindən çox erməni köçürülüb. Bəzi ekspertlər ermənilərin sayı süni şəkildə şişirtdiyini güman edirlər. Ancaq hesab olunur ki, rus hərbçilərin Xankəndi və digər ərazilərə köçürdüyü ermənilərin hamısı heç də mülki əhalini təmsil etmir. İstisna deyil ki, Azərbaycanın ayrılmaz bölgəsinə daşınanların içərisində terrorçular, Azərbaycana qarşı cinayət törətmiş qatillər də az deyil. Üstəlik, humanitar məqsədlər üçün açıq saxlanmış Laçın dəhlizindən Qarabağa silah-sursatın, hərbi texnikanın daşındığı barədə də məlumatlar var. Bu mənada Rusiya sülhməramlılarının hətta 5 ili gözləmədən Qarabağdan çıxarılması barədə təşəbbüslər qaldırılıb və petisiya keçirilib. Bu müddətdə Azərbaycanın rəsmi qurumlarının susqunluq nümayiş etdirməsi də müzakirələrə səbəb olurdu və suallar doğururdu.
Çox yaxşı ki, Azərbaycan Prezidenti İlham Əliyev bu mövzu ilə bağlı da özünün açıq və prinsipial mövqeyini açıqlayaraq, faktiki olaraq müvafiq qurumlara da daha çevik mövqe sərgiləmək mesajını vermiş oldu.
Dövlət başçısı yanvarın 6-da 2020-ci ilin yekunlarına həsr olunmuş videoformatda keçirilən müşavirədə çıxışı zamanı xatırladıb ki, sülhməramlı qüvvələrin orada funksiyası var. “Noyabrın 10-da bu funksiya təsbit edildi. Baxmayaraq ki, indi onlar orada humanitar işlərlə məşğuldurlar, halbuki noyabrın 10-da imzalanmış bəyanatda bu funksiya təsbit edilməyib, biz buna, necə deyərlər, göz yumuruq. Nə üçün? Çünki başa düşürük ki, orada insanlar yaşayır, başa düşürük ki, indi qış gəlib, hava soyuqdur. Orada müəyyən işlər görülməlidir ki, bu qış orada yaşayan ermənilər üçün problem yaratmasın. Ona görə biz imkan verdik. İndi yüklərin böyük hissəsi oraya Azərbaycan ərazisindən gedir. Biz imkan verdik. Bərdəyə qədər dəmir yolu ilə gedir. Ondan sonra maşınlarla Dağlıq Qarabağa aparılır. Əlbəttə, biz imkan verməyə də bilərdik”. Ölkə Prezidenti bu çıxışı ilə həm də bir neçə ünvana xəbərdarlığını çatdırıb, sülhməramlılara “qırmızı xətti” keçməmək tövsiyəsini verib. Eyni zamanda Azərbaycanı ittiham edənlərin diqqətinə çatdırıb ki, ölkəmiz humanism prinsiplərinə sadiq qalaraq erməniləri növbəti dəfə məhv olmaq təhlükəsindən xilas etmək üçün bir sıra məsələlərə göz yumub, ancaq sui-istifadə halları əks proseslərə apara bilər.
Dövlət başçısı müharibəyəqədərki ədalətsizlikləri və ermənilərin törətdiyi cinayətləri də xatırladıb. “Ermənistan 30 il bizim suyumuzu kəsib, 100 min hektar torpağı susuz qoyub. Baxmayaraq ki, həm Sərsəng, həm də Suqovuşan su anbarları o vaxt ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə və onun fəaliyyəti nəticəsində inşa edilmişdir. Ermənistan bizim suyumuzu kəsmişdi. Amma mən yenə də deyirəm, biz heç vaxt onların səviyyəsinə düşməməliyik”. Prezident Əliyev bir daha Qarabağa hansısa status verilməsini iddia edənlərə də sözünü deyib və bir daha təkrar edib ki, bu gün Dağlıq Qarabağda yaşayan insanlar bizim vətəndaşlarımızdır. “Mən demişəm, onlar görəcəklər ki, Azərbaycanın rəhbərliyi altında onlar yaxşı yaşayacaqlar. Ona görə biz bu imkanları verdik. Yoxsa Laçın dəhlizi ilə oraya yük daşımaq çox çətin məsələdir. Biz digər addımlar atdıq ki, orada humanitar işlər getsin. Yenə də deyirəm, noyabrın 10-da imzalanmış sənəddə bu, yoxdur. Amma biz yenə də imkan veririk. Bu, bizim ürəyimizin nə qədər geniş olmasını göstərir. Hesab edirəm ki, noyabrın 10-da imzalanmış bəyanat gələcək fəaliyyət üçün əsas olmalıdır. Bu bəyanatdan başqa, hər hansı bir digər sənəd imzalanmayıb”, - dövlət başçısı bildirib.
Prezident bizim torpaqlarımızda qanunsuz biznes fəaliyyəti göstərən əcnəbi şirkətlərə də xəbərdarlıq edib. “O şirkətlər məsuliyyətə cəlb olunacaq. Onlar bunu bilsinlər və gözləsinlər bu günü”, - deyə, ölkə başçısı bildirib. Ölkə rəhbəri Qarabağa qanunsuz səfər edənlərə də sözünü deyib. “Oraya müxtəlif ölkələrin parlamentlərinin nümayəndələri gedirdilər, indi görüm necə gedirlər. Fransadan bir heyət getmişdi, parlament üzvləri. Əfsuslar olsun ki, sülhməramlı qüvvələr onlara bu icazəni vermişdilər. Halbuki biz bu sülhməramlı qüvvələr qarşısında məsələ qoymuşduq ki, bizim icazəmiz olmadan heç bir xarici vətəndaş Dağlıq Qarabağa gedə bilməz. Nəticədə Fransa səfiri bizim Xarici İşlər Nazirliyinə çağırıldı, nota verildi. Biz səssiz qalmayacağıq”, - dövlət başçısı deyib.
Bununla Prezident Laçın dəhlizindən keçərək Qarabağa qanunsuz səfər edənlərə də qəti xəbərdarlığını etmiş olub. Yəqin ki, bunun ardınca Azərbaycanın müvafiq qurumları ölkəmizin bu bölgəsinə qeyri-qanuni səfər edənləri sadəcə XİN-in “qara siyahı”sına salmaqla kifayətlənməyəcək, onların cəzalandırılması üçün əlindən gələni edəcək. Ortada qanun və ali iradə varsa, niyə də olmasın?
Bugünlərdə Ermənistanın xarici işlər naziri Ara Ayvazyanın razılaşmaları pozaraq növbəti dəfə təxribatlara əl atması təbii ki, sakit qarşılana bilməzdi. Azərbaycan Prezidentinin xəbərdarlığı həm də kapitulyasiya sənədinə imza atmış Ermənistan rəhbərliyinə ünvanlanıb. Yəni yenidən revanşa cəhd etsələr, darmadağın ediləcəklər. Bu mənada gərək ki, Ayvazyan və digər Ermənistan rəsmilərinin Xankəndi şəhərinə icazəsiz səfərləri də sonuncu olsun.
Prezident İlham Əliyev 2020-ci ilin yekunlarına həsr olunmuş videoformatda keçirdiyi müşavirədə deyib: “İndi mənə məlumat verildi ki, Ermənistanın xarici işlər naziri Xankəndinə gedib. Sənin orada nə işin var? Müharibə onların yadından çıxmasın. Unutmasınlar ki, dəmir yumruq yerindədir”. Dövlət başçısı bildirib ki, bu səfərlərə son qoyulmalıdır: “Biz xəbərdarlıq edirik, əgər belə təxribat xarakterli addımlar atılacaqsa, Ermənistan daha da peşman olacaq. İndi münasibətlərin normallaşdırılması istiqamətində addımlar atılır. Rusiya öz vasitəçilik imkanlarını tərəflərə təqdim edib. Bu yaxınlarda Ermənistana və Azərbaycana səfər etmiş Rusiya hökumət nümayəndələrindən ibarət heyət əsasən bu mövzular haqqında söhbətlər aparmışdır. Yaxşı, əgər münasibətlər normallaşacaqsa, o zaman belə təxribat xarakterli ”səfərlərə" nə ehtiyac var? Nəyi göstərmək istəyirlər? Yenəmi bizi qıcıqlandırmaq istəyirlər? Unutmasınlar ki, onlara çox baha başa gəldi bu tipli addımlar. Ona görə bütün səfərlərə son qoyulmalıdır. Heç bir xarici vətəndaş bizim icazəmiz olmadan o əraziyə gedə bilməz. Heç bir beynəlxalq təşkilat, - ancaq Qırmızı Xaç istisna olmaqla, - oraya gedə bilməz. Bu, bizim ərazimizdir. Bütün dünya bu ərazini Azərbaycanın ayrılmaz hissəsi kimi tanıyır. Ermənistanın xarici işlər naziri, sən kimsən ki, oraya gedirsən? Xəbərdarlıq edirik. Əgər buna oxşar addım təkrarlanarsa, bizim cavabımız çox sərt olacaq. Elə birinci dəfə biz Xarici İşlər Nazirliyi vasitəsilə onlara xəbərdarlıq etdik. Ondan sonra xəbərdarlıq başqa cür veriləcək. Onların ayağı oradan kəsilməlidir. Otursun öz ölkəsində".
Sabiq xarici işlər naziri Tofiq Zülfüqarov ölkə başçısının xəbərdarlığından bəhs edərkən “Yeni Müsavat”a dedi ki, siyasi mövqe baxımından bu bəyanata nə isə əlavə etmək çox çətindir: “Amma mən istəyirəm bir az struktur təhlili aparaq. 10 noyabrda imzalanmış bəyannaməyə görə, Ermənistan münaqişənin iştirakçısı kimi, orada nəzərdə tutulan addımların həyata keçirilməsindən sonra bu münaqişədən tam şəkildə çəkilməlidir. Bundan sonra da işğal dövründən qalma qalıqlar hamısı Azərbaycan ərazisindən təmizlənməlidir. Bu mənada mən Ermənistan ordusunu nəzərdə tuturam. 3 rayonu azad edəndən sonra təbii ki, sülhməramlıların nəzarəti altında olan yerlərdən də Ermənistan vətəndaşları - istəyir ordu, istəyir könüllü olsun - tam şəkildə oradan rədd olmalıdır. Çünki artıq Ermənistan bizim üçün qonşu ölkədir, vizasız, icazəsiz oradan heç bir vətəndaş gələ bilməz. Hərdən deyirlər ki, Laçın dəhlizi sərbəst gediş-gəliş üçündür. Sərbəst gediş-gəliş təkcə orda kompakt yaşayan ermənilər üçün nəzərdə tutulur. O demək deyil ki, Ermənistanın hansısa vətəndaşı, yaxud üçüncü ölkənin vətəndaşları ora sərbəst gələ bilər. Müvəqqəti olaraq vəziyyət tam şəkildə həll olunana qədər orada yaşayan ermənilər üçün nəzərdə tutulub bu dəhliz. Bu, o demək deyil ki, oradan kim istəyir, gələcək, yaxud hansısa beynəlxalq təşkilatın nümayəndəsi keçəcək. Hətta mən hesab edirəm ki, MDB ərazisində olan viza rejimi də burada tətbiq olunmamalıdır”.
T.Zülfüqarov qeyd etdi ki, biz hazırda təzə bir format seçmişik - Türkiyə - Rusiya formatı: “Bu baxımdan hər şey bəllidir. Bu, o demək deyil ki, Ermənistan müharibədən qabaq olduğu kimi, bu münaqişənin iştirakçısıdır. Yox! O Minsk Qrupunun üzvüdür. Amma biz Minsk Qrupunun vasitəçiliyindən demək olar ki, tam şəkildə imtina etdik. Ona görə də hansısa ölkənin xarici işlər naziri, ya da istəyir ”upravdom"unun heç bir hüququ yoxdur ki, bizim icazəmiz olmadan bizim ərazimizə gəlsin. Bəziləri nəyə görə bu təxribata əl atırlar? İndiki vəziyyətdə biz görməliyik ki, əsas hədəf Rusiya-Türkiyə tandemidir. Biz Minsk Qrupunu əvəzlədik, ayrı bir strukturu seçdik. Amma Ermənistan istəyir ki, Minsk Qrupu fəaliyyətini davam etdirsin, İrəvan da söz sahibi olsun və Qarabağdakı ermənilərə dair hansısa fikirləri desin, ya da mövqe sərgiləsin". Politoloqun fikrincə, artıq dövlət başçısı açıq şəkildə sözünü dedi: “O dövr qurtardı. Artıq Azərbaycan heç kimdən vasitəçi olmasını istəmir”.
T.Zülfüqarov ölkə rəhbərinin sülhməramlılarla bağlı fikirlərinə də toxundu: “Başa düşməliyik ki, sülhməramlılar bizim dəvətimizlə bizim ölkəmizə gəliblər. Onlar öz fəaliyyətlərini bizimlə razılaşdırmalıdır, nəyə icazə veririk, o olmalıdır. Təkcə Qarabağa başqa ölkələrin vətəndaşlarının buraxılmaması məsələsi yox, ”bayraq" və digər məsələlərlə bağlı... Onlar unutmamalıdır ki, bura bizim dəvətimizlə gəliblər. Biz sizdən nə ilə bağlı kömək etməyi xahiş edəcəyiksə, onu etməlisiniz. Yəni siz burada söz sahibi deyilsiniz".
Hər halda, Ali Baş Komandan heç bir xəbərdarlığı təsadüfən etmir, bunu yaxın illərin təcrübəsi də sübut etdi. Prezidentin xəbərdarlıqlarından sonra yəqin ki, ermənilərin ərköyün davranışlarının da qarşısı daha qətiyyətlə alınacaq, şübhəmiz yoxdur. Əks təqdirdə, başqa vasitələr işə salına bilər, necə ki, deyildi...
Elşad Paşasoy,
"Yeni Müsavat"
Xəbəri paylaş
Paylaş:
Bənzər məqalələr
Seçilənlər