Xəbər lenti

 

Ovqat.com Enter.News saytına istinadən bu dəfə dünyanın müxtəlif ölkə rəhbərlərinin ana dilindən başqa hansı xarici dilləri bildiyini sizə təqdim edir:

Dünyanın müxtəlif dövlətlərinin rəhbərləri idarəetmə ilə bağlı fərqli baxışlara, fərqli strategiyalara malikdirlər. Hər hansı dövləti dünyada tanıtmaq həmin dövlətin başçısının həm də şəxsi xüsusiyyətlərindən asılıdır. Təbii ki, ölkəni idarə etməkdən ötrü həm də mənsub olduğun xalqın dilini yaxşı bilmək də önəmlidir. Bununla yanaşı, etiraf etmək lazımdır ki, müasir dünyada xarici dilləri bilmək hər kəs üçün əlavə üstünlük də gətirir. 

Proletariatın dahi rəhbəri hesab olunan Vladimir İliç Lenin alman və fransız dillərində sərbəst danışıb. Bu dilləri gimnaziyada öyrənən Lenin, əlavə olaraq latın və yunan dillərini də bilirmiş. Lenin alman dilini mükəmməl bilirdi: o, uzun müddət İsveçrə, Avstriya-Macarıstan və Almaniyada yaşamışdı. Burada fəal siyasi fəaliyyətlə məşğul olub, mühazirələr oxuyub, məruzələr və siyasi çıxışlar edib. O, fransız dilində də oxumağı və yazmağı bacarıb, fikrini sərbəst şəkildə ingiliscə də ifadə edirmiş. Proletariatın dahi rəhbəri ingilis dilini də sərbəst öyrənibmiş. O, amerikalı attaşe, polkovnik Robinson və britaniyalı konsul Lokkartomla tərcüməçi olmadan danışa bilib. İtaliya qəzetlərini oxuyurmuş.

Lenin özü isə dil bilmə qabiliyyətini bu sözlərlə qiymətləndirib: “Yalnız üç dili pis bilirəm”. 
Daha bir iddiaya görə, Lenin Polşa və İtaliya dilində oxuya bilib, İsveç və çex dillərini də başa düşüb. Lenin İtaliyaya gedərkən italyanca ünsiyyət qururmuş, ancaq bunu nə qədər sərbəst bacardığı məlum deyil. 
Linqvistlərin qənaətinə görə, Lenin 11 dil bilib. 
Rusiya-Türkiyə dostluq və sahibkarlıq assosiasiyasının nəşr etdiyi “Most” (Körpü) jurnalında verilən bir xəbərə görə, SSRİ-nin digər rəhbəri İosif Stalin iki ili Türkiyədə keçirib və türk dilini bilib. 1910-cu il hadisəsindən – çar rejiminə qarşı uğursuz üsyandan sonra Stalin Batumi vasitəsilə Türkiyəyə qaçıb.
Bir mənbənin məlumatına görə, Stalin gürcü, rus, qədim yunan, latın, alman, fars, fransız dillərini bilib. Digər mənbə iddia edir ki, Stalin gürcü və rus dillərindən başqa, alman dilində oxuya bilib, latın, qədim yunan, kilsə-slavyan dillərini öyrənib, fars və erməni dillərini də başa düşüb. XX əsrin 20-ci illərin ortalarında isə fransız dili ilə məşğul olub. 
Bəs müasir dünyanın ayrı-ayrı ölkələrinin liderləri neçə dil bilir?
Almaniya kansleri Angela Merkel alman dilindən başqa, rus dilini də çox yaxşı öyrənib. Şahidlərin sözlərinə görə, o, Rusiya prezidenti Vladimir Putinlə həvəslə rus dilində danışır. Ancaq rəsmi danışıqları tərcümə olunur, bu, kiçik anlaşılmazlıqlara yol verməmək üçün edilir. Merkel nadir halda ingiliscə danışsa da, bu dili çox yaxşı bilir.
Fransa prezidenti Fransua Olland fikirlərini insanlara fransız dilində savadlı şəkildə başa salır. Olland ingilis dilində bilsə də, hiss olunacaq ləhcə ilə danışır.
İngiltərənin sabiq baş naziri Devid Kemeronun dünyada əsas ünsiyyət vasitəsi hesab olunan ingilis dilindən başqa dili bilməsi haqda rəsmi məlumat olmasa da, fransız dilini öyrəndiyi istisna edilmir. Onun ingiliscə aristokratlara məxsus tələffüzlə danışdığı bildirilir.
ABŞ-ın sabiq prezidenti Barak Obama ciddi siyasi fəaliyyətə başlayana qədər yalnız ingilis dilini bilib. Bir çoxları iddia edir ki, Obama ingilis dilinin yalnız danışıq səviyyəsində bilir, hətta yazılı mətni oxumağı belə, bacarmır.  
Onun nümayəndələrinin bəyan etdiyinə görə, Obama indi alman və fransız dilində də danışır, hətta gələcəkdə rus dilini öyrənmək niyyətindədir. 
Azərbaycan prezidenti İlham Əliyev doğma Azərbaycan dilindən başqa, rus, ingilis, fransız və türk dillərini bilir.
Ukraynanın dövlət başçısı Pyotr Poroşenko fikirlərini rus dilində təmiz ifadə edir. Onun Ukrayna dilində də səhvsiz danışdığı vurğulanır. Poroşenko ideal olmasa da, ingilis dilində də ünsiyyət qurmağı bacarır.
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın hər hansı əcnəbi dili bilməsi ilə bağlı birmənalı məlumat yoxdur. Məsələn, 2014-cü ilin noyabr ayında Ərdoğanın Finlandiyanın keçmiş dövlət başçısı Martti Ahtisaari və xarici işlər naziri Erkki Tuomiojanı qəbul etdiyi zaman ingiliscə danışması diqqət çəkib. Bundan sonra sosial şəbəkədə Ərdoğanın ingiliscə danışması müzakirə edilib. Onun ingiliscə danışığını təqdir edənlərlə yanaşı, gülməli olduğunu iddia edənlər də tapılıb. Bəzi məlumatlara görə, Ərdoğan müəyyən qədər ərəbcə də bilir.
Ermənistan prezidenti Serj Sərkisyan doğma erməni dilindən savayı, rus və ingilis, eləcə də türk və Azərbaycan dillərində də danışa bilir.
Gürcüstanın dövlət başçısı Georgi Marqvelaşvili gürcü dilindən başqa, rus və ingilis dillərini bilir.
Belarus prezidenti Aleksandr Lukaşenkonun xarici dil bilməsi məsələsi gündəmə gələndə köhnə bir lətifəni xatırladırlar:
- Aleksandr Qriqoryeviç, siz neçə dil bilirsiniz?
- Üç: rus, ingilis və Belarus.
- İngiliscə nəsə bir söz deyin.
- Hende hox!
- Axı, bu almancadır?
- Onda dörd dil bilirəm.
Belarus lideri sözün həqiqi mənasında rus dilini yaxşı bilir. Onun milliyyətcə belarus olmasına baxmayaraq,  ana dilini bilmədiyi iddia edilir. Kağızda yazılanı oxuya bilir, bir neçə söz deyə bilər, ancaq heç vaxt heç kim onun tribunada doğma belarus dilində sərbəst danışdığını eşitməyib.
Lukaşenko Belarus dilindən söz düşəndə deyir: “Belarus dilində danışan insanlar, bu dildə danışmaqdan başqa heç nə edə bilmirlər, ona görə ki, belarusca böyük mənada heç nə anlatmaq mümkün deyil. Belarus dili kasıb dildir. Dünyada yalnız iki böyük dil mövcuddur – rus və ingilis”.
Aleksandr Lukaşenko prezident seçiləndən sonra Belarusda milli dil problemi milliləşdirilib. Belarus dilli məktəbləri bağlamağa başlayıblar, indi bu ölkədə məktəblilərin yalnız 20 faizi doğma dilində təhsil alır.
Qazaxıstan prezidenti Nursultan Nazarbayev çox yüksək səviyyədə ana dilini və rus dilini bilir. Onun digər dillərdə danışdığını isə heç kim heç vaxt eşitməyib. Ancaq bəzilərinin fikrincə, Nazarbayev hansısa səviyyədə ingilis dilində danışmağı bacarır.
Litva prezidenti Dalya Qribauskayte doğma dili ilə yanaşı ingilis, Polşa, rus və fransız dillərində sərbəst danışır. 
Türkmənistan prezidenti Qurbanqulu Berdımuxammedov doğma türkmən dilindən savayı, yalnız rusca bilir.
Estoniya prezidenti Toomas Hendrik İlves ana dilindən başqa İsveç dilini də bilir. 
İran prezidenti Həsən Ruhani fars dilindən başqa rus, ərəb, fransız, alman və ingilis dillərini öyrənib.



Ana səhifəyə qayıt        Baxış: 1 030          Tarix: 10-09-2017, 09:15      

Xəbəri paylaş


Paylaş:   

Prizma