Xəbər lenti

 
Soyuq qış Rusiyanı bir neçə dəfə yoxoluşdan xilas edib. İlk dəfə 1812-ci ilin yay aylarında paytaxt Moskvanı belə, ələ keçirən Fransa imperatoru Napoleon Bonapart ordusu qışın başlaması və ərzaq qıtlığı ilə acınacaqlı vəziyyətə düşərək ölkənin sərhədlərinə qədər geri çəkilmiş və rus ordusunun kiçik həmlələrinə belə duruş gətirməyib ağır məğlubiyyətə uğramışdı. 1941-ci ilin qışı yenə Hitler Almaniyasının dizini qırmış və II Dünya müharibəsinin taleyini həll etmişdi.
 
Ovqat.com xəbər verir ki, 2021-ci ilin qışı da Moskvanın üzünə gülümsəyə bilər.
 
Avropada qışın sərt keçməsi Rusiya qazının müştərilərini artırıb. Ölkənin rəsmi statistikasına görə, “Qazprom” bu ilin yanvar ayında Avropaya 19,4 mlrd. kub metr qaz satıb ki, bu da 2020-ci illə müqayisədə 45,4% və ya 6,1 mlrd. kub metr ixrac qaz artımı deməkdir. 
 
Ekspertlərin fikrincə, ötən ay ərzində qeydə alınan rəqəmlər ümumiyyətlə Rusiyanın qaz ixracı tarixində rekord göstəricidir: “Qazprom” hələ heç bir yanvar ayında Avropaya bu qədər qaz satmayıb. Şirkətdən Avropa ölkələrinə satılan qazın faiz göstəriciləri belə sıralanıb: Almaniya 32,4%, İtaliya 21,5%, Türkiyə 20,8%, Fransa 77,3%, Niderland 21,2%, Polşa isə 89,9% daha artıq qaz alıb.


 
Rusiyanın Çinə satdığı qaz həcmində də ciddi artım müşahidə olunub. Bildirildiyinə görə, yanvar ayı ərzində "Sibirin gücü" qaz kəməri ilə Çinə qaz tədarükünün faktiki həcmi müqavilə öhdəliklərini 2,5% və 2020-ci ilin yanvar ayının göstəricilərini  isə 2,9 dəfə üstələyib.
 
Mütəxəssislər qış aylarında ixrac artımına çox aldanmamağı məsləhət görür, “bildirçinin bəyliyinin darı sovrulanacan olduğuna” inanırlar. Onların fikrincə, havalar isindikcə, Rusiyanın da qaz sevinci yarımçıq qala bilər. 
 
Dünən ABŞ-ın yeni dövlət katibi Blinken də Rusiyaya qarşı sanksiyaların davam etdiriləcəyi anonsunu vermiş, Navalnı hərəkatına qarşı represiyaları dayandırmağı tələb etmişdi. Rus qazının ən aktiv müştərisi olan Almaniya müxalifləri də Berlin hökumətindən insan hüquqlarını kobud şəkildə pozduğu üçün Rusiyadan qaz almağı, ümumiyyətlə “Şimal axını-2” layihəsini dayandırmağı tələb edirlər.


Ana səhifəyə qayıt        Baxış: 5 147          Tarix: 2-02-2021, 16:05      

Xəbəri paylaş


Paylaş:   

Prizma