Xəbər lenti

 
 
"Türkiyə olaraq ABŞ-la ortaq mənfəətlərimizin fikir ayrılıqlarımızdan daha çox olduğuna inanırıq. Bu anlayışla yeni Amerika rəhbərliyi ilə iş birliyimizi qarşılıqlı fayda əsasında daha da gücləndirmək istəyirik. Türkiyə iki ölkə arasındakı ittifaq və strateji tərəfdaşlıq əlaqələrinə yaraşacaq şəkildə əlindən gələni etmək səylərini sürdürəcək”. 
 
Ovqat.com xəbər verir ki, Türkiyə prezidenti Rəcəb Tayib Ərdoğan dünən Türk-Amerikan Ulusal Yönləndirmə Komitəsinin televiziyası kimi fəaliyyət göstərən TASC-a verdiyi açıqlamada belə deyib.
 
Prezident açıqlamasında son illər Türkiyə-Amerika münasibətlərində meydana gələn gərginliklərə toxunaraq bunun başlıca səbəbinin Vaşinqtonun öz strateji müttəfiqinin əleyhinə terrorçu qüvvələri dəstəkləməsindən qaynaqlandığını xatırladıb. Onun sözlərinə görə, demokratik dəyərlərdən danışan ABŞ Türkiyədə dövlət çevrilişi etməyə çalışan FETÖ-çülərə çığınacaq verməklə, öz müttəfiqinin ərazi bütövlüyünə qarşı fəaliyyət göstərən PKK separatçılarını dəstəkləməklə ikitərəfli münasibətləri arzuolunmaz səviyyəyə gətirib çıxarıb. Bütün bu naqislikləri ortadan qaldırmaqla əvvəlki müttəfiqlik əlaqələrinin bərpa olunacağına inanan R.T.Ərdoğan qarşıya qoyulan hədəflərin reallaşmasında ABŞ-da yaşayan Türklərin də üzərində böyük məsuliyyətlərin düşdüyünü bildirib. 
 
Türkiyə Prezidenti qeyd edib ki, Ankara ABŞ-ın 300 minlik Türk əhalisinə “mədəniyyət elçiləri” kimi baxır. “Türk-Amerika münasibətlərindəki çətinliklərin aradan qaldırılması və əməkdaşlığın gücləndirilməsi üçün sizdən daha çox səy gözləyirik”, - deyən Ərdoğan xatırladıb ki, “ABŞ-da idarəetmə; Kondresdən, mətbuatdan, seçicilərdən və ictimaiyyətdən gələn çağırışlara və istiqamətləndirmələrə açıqdır”. Türk diasporu da bu istiqamətdə fəaliyyətini gücləndirməlidir.

 

Ərdoğanın açıqlama verdiyi TASC telekanalının qurucusu Türk-Amerikan Ulusal Yönləndirmə Komitəsi 2016-cı ildə təsis olunub. Komitənin məqsədi ABŞ-da yaşayan Türkləri eyni mərkəzdə birləşdirmək, fərdi səyləri lobbiçilik fəaliyyətinə dönüşdürməkdir
 
Rəcəb Tayib Ərdoğanın ABŞ-ın yeni hakimiyyətinə “zeytun budağı” uzatması təsadüfi deyil. Cozef Bayden hələ prezident seçilməmişdən əvvəl Türkiyədə hakimiyyəti hansı yolla olursa olsun devirməkdə maraqlı olduğunu gizlətməmiş, bu istiqamətdə konkret addımları ilə yadda qalmışdır. İndisə hakimiyyətə gəldikdən sonra onun qarşısında Rusiya və Çin kimi əzəli rəqibləri var və bu qlobal hesablaşmada Türkiyənin hansı tərəfdə dayanması həlledici rol oynayır. Türkiyə və onun təsir dairəsinə girmə ehtimalı yüksək olan Türk dünyası Çin və Rusiya arasında bufer zona kimi də ortaya çıxa, iki regional nəhənglə ittifaq qurub yeni super gücü - Avrasiya İttifaqını da meydana gətirə bilər. Hər iki variantdan qazanclı çıxacaq Türkiyənin ənənəvi müttəfiqləri ilə yoluna davam etməsi daha optimaldır. Görünür, Ankara da məhz bu optimallığı nəzərə alıb Vaşinqtona daha səmərəli əməkdaşlıq təklifində bulunur. Cozef Baydenin bu təklifə reaksiyası yaxın gələcəkdə təkcə Türkiyənin deyil, həm də Avrasiyanın “rəng”ini müəyyənləşdirə bilər.
 
Ovqat.com




Ana səhifəyə qayıt        Baxış: 5 435          Tarix: 21-02-2021, 09:27      

Xəbəri paylaş


Paylaş:   

Prizma