Xəbər lenti
 


Ötən həftə Oman sahillərində İsrailə məxsus “MV Mercer Street” neft tankerinə edilən hücum İranla Qərb ölkələri arasında münasibətlərin yenidən gərginləşməsinə səbəb olub.
 
Ovqat.com xəbər verir ki, NATO, “MV Mercer Street” tankerinə hücumu pisləyib və İranın sabitliyi pozduğunu bildirib.
 
İrana bir başqa təzyiq isə Londondan gəlib. Böyük Britaniyanın XİN İranın bu ölkədəki səfirini çağırıb və ona nota verib. Bənzər addımı Tehran da atıb. Böyük Britaniyanın İrandakı səfir əvəzini XİN-nə çağıran Tehran da qarşı tərəfə eyni qaydada xəbərdarlıq edib.
 
Xatırladaq ki, ötən həftə İsrail neft tankerinə hücum nəticəsində gəmi ekipajından 2 nəfər ölmüşdü. Ölənlərdən 1-i Böyük Britaniya, digəri isə Rumıya vətəndaşı idi. 
 
Ötən həftə baş verən hücum silahlı dron vasitəsilə edilmişdi. Təl-əviv hücumda İranı günahlandırmış, ardınca Böyük Britaniya və ABŞ da bu ittihama qoşulmuşdu. Böyük Britaniyanın Baş naziri Boris Conson "İran bu vəziyyətin nəticələrinə görə məsuliyyət daşımalıdır" deyərək, "bu qəbulolunmaz və şokedici hücumun təkcə İngiltərəyə yox, həm də qlobal gəmiçiliyə qarşı törədildiyini” bildirmiş və beynəlxalq birliyi hadisəyə münasibət bildirməyə çağırmışdı. Dünən rəsmi London İran səfirini "bu qanunsuz hücuma görə" Xarici İşlər Nazirliyinə dəvət etmiş və nota vermişdi.
 
ABŞ -ın dövlət katibi Antoni Blinkenin də bu hadisəyə görə, beynəlxalq birliyi sərt reaksiya vermək üçün səfərbər etməyə çalışdığı bildirilir. Onun xüsusilə İngiltərə, İsrail və Rumıniya ilə birgə məsləhətləşmələr apardığı xəbər verilir.
 
İran isə hadisənin məsuliyyətini boynuna götürmək istəmir. Ölkənin Xarici İşlər Nazirliyinin sözçüsü Səid Xatibzadə ittihamları rədd etməklə yanaşı, İranın milli maraqlarını qorumaq üçün istənilən şəkildə cavab verməkdən çəkinməyəcəklərini bildirib.
 
Xatırladaq ki, artıq neçə vaxtdır İranla İsrail arasında tanker savaşları gedir. Bildirildiyinə görə, iki dövlət arasında əldə olunan şifahi razılaşmaya əsasən, tərəflər bir-birinin tankerlərini sıradan çıxarkən insan tələfatına yol verməməyə çalışırlar. Əsasən İsrailin hardasa hər həftə həyata keçirdiyi tanker hücumlarında bu zamanadək yazılmamış sözügedən öhdəliyə əməl olunub. İsrailin iddiasına inansaq, İranın son tanker hücumunda isə bu prinsip pozulub və 2 nəfər öldürülüb.
 
İranla İsrail və Böyük Böyük Britaniya arasında neft tankerinə hücumla başlayan yeni beynəlxalq gərginliyin hələ xeyli müddət davam edəcəyi gözlənilir.
 
Ovqat.com
 
 


Ana səhifəyə qayıt        Baxış: 5 184          Tarix: 3-08-2021, 15:37      

Xəbəri paylaş


Paylaş:   

Prizma