Xəbər lenti
 
 
 
Ukraynanın NATO-ya daxil olması Rusiya üçün “qırmızı xətt”dir, onu ölkəmizlə qarşıdurma üçün tramplinə çevirmək istəyi ciddi mənfi nəticələrə yol aça bilər”.
 
Ovqat.com xəbər verir ki, Rusiya XİN-in sözçüsü Mariya Zaxarova NATO Xarici İşlər nazirlərinin Riqa görüşünü şərh edərkən belə deyib.
 
Diplomatın fikrincə, Kiyevin alyansın hərbi orbitinə çəkilməsi, NATO-nun bu ölkənin hərbi infrastrukturunu faktiki olaraq inkişaf etdirməsi, onu Rusiya ilə qarşıdurma üçün tramplinə çevirmək istəyi Avropa üçün ciddi mənfi nəticələrə, hərbi-siyasi sabitliyin pozulmasına gətirib çıxara bilər.
 
Diplomat vurğulayıb ki, Soyuq müharibə başa çatdıqdan sonra NATO hərbi qüvvələrinin şərqə bir qarış belə hərəkət etməyəcəyinə dair Rusiyaya dəfələrlə zəmanət verilib. Amma...
 
“Bütün bu vədlər unudulub və yerinə yetirilməyib. Nəticədə Avropanın təhlükəsizliyi hazırkı acınacaqlı vəziyyətə düşüb”, - deyə rus diplomat bildirib.
 
Zaxarovanın fikrincə, NATO-ya “ilişən” Rusiya yox, əksinə Rusiyaya “ilişən” NATO-dur: “Ölkəmizə qarşı ittihamlar irəli sürülür ki, guya biz NATO sərhədləri yaxınlığında nəsə edirik, silahlı qüvvələrimizi öz ərazimizdə müxtəlif yerlərə köçürməklə onu hədələyirik. Halbuki əgər hər şeyə real baxsanız, bizə yaxınlaşan NATO-dur. Məhz bizim sərhədlərimizdə NATO-nun hərbi infrastrukturu qurulur, genişmiqyaslı təlimlər keçirilir”.
 
Mövcud vəziyyətdə yeganə variantın NATO-nun şərqə hər hansı növbəti hərəkətlərini dayandırmaq olduğunu düşünən Zaxarova uzunmüddətli sazişlərin birgə hazırlanmasını və Rusiya ərazisinə yaxın ərazilərdə silah sistemlərinin yerləşdirilməməsini təklif edir.
 
Qeyd edək ki, Mariya Zaxarova bundan əvvəlki açıqlamasında bildirmişdi ki, Ukrayna öz qoşunlarını Donbassdakı münaqişə zonasına toplayır. Artıq sərhəddə 125 min Ukrayna əsgəri var və bu, bütün Ukrayna Ordusunun yarısı deməkdir. 
 
Ukraynanın xarici işlər naziri Dmitri Kuleba isə bu ittihama cavab verərək bildirmişdi ki, Ukrayna Donbass probleminin sülh yolu ilə həlli siyasətinə sadiqdir və regionda hücum aksiyaları keçirməyi planlaşdırmır.
 
Xatırladaq ki, dekabrın 1-2-də NATO ölkələrinin Xarici İşlər nazirlərinin Riqada keçirilən sammitində alyansın Baş katibi Rusiyaya mesaj göndərərək Ukraynaya təcavüz edəcəyi təqdirdə bunun ağır bədəlini ödəyəcəyini bildirmişdi.


Ana səhifəyə qayıt        Baxış: 6 174          Tarix: 2-12-2021, 22:20      

Xəbəri paylaş


Paylaş:   

Prizma