Xəbər lenti

 
Qazaxıstan ordusu ölkənin neft hasilatının 30%-ni təşkil edən Tengiz yatağını mühafizə altına alıb. 
 
Ovqat.com xəbər verir ki, məlumatı yatağı istismar edən Chevron şirkəti yayıb.
 
Şirkətin açıqlamasına görə, yataqda hasilat bərpa olunub. 
 
Bildirilir ki, bundan əvvəl podratçıların bəzi işçiləri tətil elan edərək, etirazçılarla həmrəylik mitinqinə qatılmışdılar. Bu səbəbdən də Tengiz yatağında qaz hasilatında müəyyən dayanmalar yaranmışdı.
 
“Atırau vilayətində iqtisadi və strateji əhəmiyyət kəsb edən iri sənaye müəssisələrinə hərbi mühafizəçilər yerləşdirilib. Onların arasında Tengiz yatağı da var”, - Qazaxıstanın ATPress agentliyi Atırau vilayəti hakimiyyətinin mətbuat xidmətinə istinadən yaydığı xəbərdə faktı təsdiqləyib. Agentliyin iddiasına görə, sahədə istehsalat obyektlərini Qazaxıstan Silahlı Qüvvələrinin hərbçiləri, vilayət polis idarəsinin əməkdaşları, Tengizchevroil şirkətinin təhlükəsizlik xidmətinin nümayəndələri ilə birgə qoruyur: “Onların arasında Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) hərbçiləri yoxdur”, - məlumatda xüsusilə vurğulanır.
  
Qeyd edək ki, gündə orta hesabla 565 min barel neft hasil edən Tengiz yatağında işlərin dayanması xəbəri qlobal enerji bazarından yan keçməmiş, Brent markalı neftin qiymətinin 5% qalxmasına və bir barelinin 80 dollardan yuxarı satılmasına səbəb olmuşdu.
 
 
Dünən Qazaxıstanın Energetika Nazirliyi ölkənin bütün neft emalı zavodlarının normal rejimdə işlədiyini, yanacaq-sürtkü materialları və maye qazla təchizatının stabilləşdiyini bildirib.
 
Tengiz-Novorossiysk neft kəmərinin sahibi və istismarını həyata keçirən Xəzər Boru Kəməri Konsorsiumu da obyektlərin normal rejimdə işlədiyini bəyan edib.
 
 


Ana səhifəyə qayıt        Baxış: 4 505          Tarix: 10-01-2022, 20:28      

Xəbəri paylaş


Paylaş:   

Prizma