Xəbər lenti

 
Rusiyanın Mari El Respublikasının başçısı Aleksandr Evstifiyev də istefa verib.
 
Ovqat.com-un məlumatına görə, Evstifiyev bu barədə qərarını özünün Telegram səhifəsində bildirib.
 
 “Mari El Respublikasının rəhbəri kimi səlahiyyət müddətim bitdiyinə görə istefamı qəbul etmək xahişi ilə Rusiya Prezidentinə müraciət etdim. Rusiya Federasiyasının Prezidenti Vladimir Vladimiroviç Putinə mənə göstərilən etimada və respublikaya və onun sakinlərinə əvəzsiz qayğısına görə minnətdarlığımı bildirirəm”, – deyə, o, paylaşımında qeyd edib.
 
Maraqlıdır ki, bundan əvvəl 3 qubernator da istefa ərizəsi yazıb. Onlardan biri ölkənin Saratov vilayətinin qubernatoru Valeri Radayevdir. 10 ildir vilayətə rəhbərlik edən Radayevin hansı səbəbdən bu addımı atdığı bilinmir.
 
Bundan başqa Ryazan vilayətinin qubernatoru Nikolay Lyubimov da növbəti müddətə qubernator postuna namizədliyini irəli sürməyəcəyini açıqlayıb.
 
Rusiyanın Kirov vilayətinin qubernatoru İqor Vasilyev də istefa verib.
 
Tomsk vilayətinin qubernatoru Sergey Jvaçkin də istefa verən yerli rəhbərlərdəndir. Onun istefasını region administrasiyasının rəsmi saytı da təsdiqləyib.
 
Sergey Jvaçkinin sözlərinə görə, Rusiya Prezidenti Vladimir Putin artıq onun istefasını qəbul edib.
 
Rusiyanı bürüyən istefa dalğasının Putinin istəyi ilə baş verib-vermədiyi bilinmir. Mümkündür ki, Ukraynadakı uğursuzluqlar Kremli regionlardakı vəziyyəti daha sərt nəzarət altına almağa məcbur edir. İstefa verən qubernatorların yerinə hərbçilərin gətiriləcəyi və ölkədə elan olunmamış hərbi vəziyyətə keçiləcəyi ehtimalı da var.
 
Qeyd edək ki, Rusiyanın hərbi dairələrində Ukrayna müharibəsinin hazırkı resurslarla davam etdirilə bilməyəcəyi barədə müzakirələrin getdiyi, ölkədə ümumi səfərbərlik elan olunması, “hərbi sosializm” (?) rejimi adı altına əslində hərbi-jandarma sistemi yaradılması barədə düşünüldüyü bildirilirdi. Görünür, Rusiya II Dünya Müharibəsi dövründə olduğu kimi yenə “hər şey cəbhə üçün” moduna keçməyə hazırlaşır. Bunun qubernator dəyişikliklərinə nə dəxli olub-olmadığını yaxın günlərdə görəcəyik.
 


Ana səhifəyə qayıt        Baxış: 5 612          Tarix: 10-05-2022, 18:42      

Xəbəri paylaş


Paylaş:   

Prizma