Xəbər lenti

“Qarabağın Azərbaycanın tərkibində olmasını ehtiva edən heç bir yekun variantı Ermənistan üçün məqbul sayıla bilməz”.

"AzPolitika.info" erməni mediasına istinadən xəbər verir ki, Baş nazirin istefasını tələb edən müxalifətin mayın 26-da ölkə parlamentinə təqdim etdiyi bəyanat layihəsində belə deyilir. Layihədə Milli Məclisdən tələb edilir ki, İrəvan sərhədlərin demarkasiyası üçün ön şərt kimi Bakıdan bütün “əsirlərin” qaytarılmasını və Azərbaycan silahlı qüvvələrinin Ermənistan ərazisindən çıxarılması tələbini irəli sürsün.

Bu da qeyd olunur ki, demarkasiya zamanı Ermənistanın ərazi bütövlüyünün pozulması istisna olunmalıdır.

Bəyanatda deyilir ki, Ermənistan-Türkiyə yaxınlaşması üçün imzalanacaq istənilən razılaşmada “erməni soyqırımı” inkar oluna bilməz.

Müxalifət etirazlarının lideri, Milli Məclis spikerinin müavini İşxan Saqatelyan iqtidar deputatlarından parlamentə gəlib mövqelərini bildirmələrini tələb edib: “Əgər onlar Əliyevdən qorxmurlarsa qoy parlamentə gəlib bu erməniyönlü sənədə münasibət bildirsinlər. Deyirlər ki, siyasi gündəlik yoxdur. Buyurun, biz çox konkret tərtib olunmuş sənəd təqdim etmişik”.

Keçmiş prezident, uşaq qatili Robert Koçaryanın Hayastan fraksiyasından başqa bir deputat - Armen Rustamyan deyib ki, iqtidar bu bəyanatı qəbul etməsə, deməli Türkiyə-Azərbaycan tandeminin maraqlarına xidmət edir.

İqtidar müxalifətin iki fraksiyası tərəfindən irəli sürülmüş bu təşəbbüsə hələki münasibət bildirməyib.

Müxalifət parlamentin növbədənkənar sessiyasını iyunun 3-ə çağırıb. Parlamentdə mütləq çoxluğa malik hakim “Vətəndaş müqaviləsi” fraksiyasından olan deputatların həmin iclasa gəlib-gəlməyəcəyi və bu bəyanatı müzakirəyə çıxarıb-çıxarmayacağı məlum deyil.



Ana səhifəyə qayıt        Baxış: 3 342          Tarix: 27-05-2022, 18:44      

Xəbəri paylaş


Paylaş:   

Prizma