Xəbər lenti



"İran İslam İnqilabi Keşikçilərinin İranın Şərqi Azərbaycan, Ərdəbil vilayətlərində hərbi təlimlərə start verməsi heç də göründüyü kimi təkcə Tehranın Zəngəzur dəhlizi məsələsi ilə deyil, bu, eyni zamanda birbaşa Azərbaycana təzyiq metodudur».


Bu fikirləri Sülh Araşdırmaları İnstitunun rəhbəri, politoloq Kamal Əliyev Ovqat.com-un suallarını cavablandırarkən deyib.


Onun fikrincə, Tehran hələ ki Azərbaycana psixoloji təsir göstərir: «Buna siyasi ədəbiyyatda savaş psixologiyası da deyilir. Demək istəyirəm ki, İranın əsas məqsədi bu və ya digər şəkildə Azərbaycana hücum etmək üçün bəhanə uydurmaqdır. Əks halda, o, indiki məqamda Araz çayı üzərində ponton körpünün qurulması, rabitə xətlərinin ələ keçirilməsi, paraşüt-helikopter, gecə hücumunun həyata keçirilməsi, PUA-lardan istifadə etmək kimi təlimlər həyata keçirməzdi. İran faktiki olaraq Azərbaycana gözdağı verir və demək istəyir ki, lazım gəldiyi təqdirdə, Azərbaycan ərazisində də hərbi əməliyyatlar keçirməyi istisna deyil».


Politoloqun fikirincə, əslində, Şimal-Cənub  dəhlizinin bərpası, Zəngəzur koridorunun realizə edilməsi İranın geoiqtisadi maraqları ilə üst-üstə düşür. Həmsöhbətimiz onu da vurguladı ki,Tehran Rusiyanın Cənubi Qafqazda nüfuzunun zəiflədiyini, azaldıgını diqqətlə müşahidə edir və yaranan boşluqdan maksimum istifadə etməklə, həm Azərbaycanın üzərində siyasi təsirini artırmaq, həm də Ermənistana "dayılıq" etmək istəyir: «İran görür ki, Rusiyanın regionda təsir rıçaqları günü-gündən azalır və Qərb, xüsusilə, ABŞ və Fransa Moskvanın bölgəyə təsirinin azalmaqda oldugunu görərək, boşlugu doldurmaq istəyir. İkincisi, İran Azərbaycandan çəkinməməlidir, ona elə əsas təhlükədə Ermənistanda ABŞ və Fransanın güclənməsi, təsirinin artması olmalıdır. Bayaqda vurguladıgım kimi, Zəngəzur koridoru İranın da geoiqtisadi çıxarlarına uygundur. Lakin biz görürük ki, rejim hikkəsini, qəzəbini Azərbaycanın üzərinə yönəldir. Bu, həm də ona göstərir ki, rejim İran daxilindəki son zamanlarda baş verən etiraz aksiyalarının təsirindən çıxa bilmir və daxili auditoriyanı sakitləşdirmək üçün Azərbaycana qarşı əzələ nümayiş etdirir. Məncə, İranın bəzi qəzəbli və anti-Azərbaycan dairələri nəzərə almalıdılar ki, bizə qarşı hər hansı hücum cəhdi ona baha başa gələ bilər. Azərbaycan-Türkiyə strateji müttəfiqliyi ortadadır və bunu Tehrandakı əmmaməli siyasilər də bilməmiş deyil. Digər tərəfdən, dəfələrlə Əliyev hökumətinin bəyan etdiyi kimi, Azərbaycan öz ərazisindən xarici dövlətlərin İrana qarşı hər hansı bir şəkildə hərbi müdaxiləsinə imkan verir.Fərq etmir,bu, İsrail olsun, ya da ABŞ", - deyə Kamal Əliyev fikirlərini tamamladı.


 Nicat Əlili





Ana səhifəyə qayıt        Baxış: 6 023          Tarix: 20-10-2022, 07:26      

Xəbəri paylaş


Paylaş:   

Prizma