Ukraynanın cənubunda Ukrayna Silahlı Qüvvələrinin raket və artilleriya bölmələri rus işğalçılarının texnikalarının toplandığı ərazilərdə 167 atəş missiyası həyata keçirib.
Ovqat.com Ukrayna Silahlı Qüvvələrinin “Cənub” əməliyyat komandanlığına istinadən xəbər verir ki, zərbələr əsasən “müvəqqəti işğal olunmuş ərazilərdə” logistika obyektlərinə, nəqliyyat arteriyalarına və rus işğalçılarının bazalarına endirilib.
Bundan əlavə, Ukrayna aviasiyası rus işğalçılarının hava hücumundan müdafiə sistemlərini, texnikalarının toplandığı qapalı anqarları da hədəfə alıb.
Qeyd olunur ki, cənub istiqamətində 32 işğalçı, bir tank və daha 9 digər zirehli texnika məhv edilib. Baştanski rayonunda, Snigirevka yaxınlığında Ukrayna hərbçiləri düşmənin 2 silah-sursat anbarını məhv edib.
Ukrayna Silahlı Qüvvələri cəbhə xəttində qüvvələr nisbətini öz xeyirlərinə dəyişməyə çalışırlar.
“Qara dənizdəki düşmən donanması 7 döyüş gəmisindən ibarətdir, lakin döyüş növbətçiliyi üçün bir dənə də hazır raketdaşıyıcısı yoxdur. Bununla belə, vəziyyətin dəyişməsi, dənizdəki qüvvələr balansını çox tez bir zamanda dəyişə bilər, xüsusilə də raket buraxılışları sahəsində”, - “Cənub” əməliyyat komandanlığı bildirib.
Komandanlığının rəsmi açıqlamasına görə, Ukrayna hərbçiləri əraziləri rus işğalçılarından azad etməkdə davam edir: “Ukrayna Silahlı Qüvvələrinin irəliləməsi xüsusilə cənub istiqamətində baş verir. Xerson vilayətində 90-dan çox yaşayış məntəqəsinin azad edildiyi məlumdur”.
Hərbi ekspert Viktor Yaqun hesab edir ki, Rusiya Federasiyası Xersonu təslim etmək fikrində deyil, lakin yaxın həftələrdə “xoşməramlı jest” baş verə bilər. O vurğulayıb ki, Rusiya Xersonu tərk etmək niyyəti ilə İPXƏ (informasiya-psixoloji xüsusi əməliyyat) vasitələrini artıq hərəkətə keçirib, “lakin fevralın 24-dən sonra işğal olunan bölgənin itirilməsi, ilk növbədə, Putin üçün imic itkisi olacaq”.
Ukrayna müdafiə nazirinin müavini Anna Malyar isə bildirib ki, Ukrayna Silahlı Qüvvələri bütün cəbhə boyu mövqe müdafiəsi həyata keçirir. Onun sözlərinə görə, bu taktika çərçivəsində cəbhə xəttini bərabərləşdirmək üçün müəyyən irəliləyişlər var.
Paylaş: