Xəbər lenti


“Bir millət, iki dövlət”in hərbi əməkdaşlığında daha bir möhtəşəm səhifə yazıldı. Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında bağlanmış hərbi sahədə əməkdaşlıq haqqında sazişə əsasən Azərbaycan-Türkiyə birgə təliminin keçirilməsi hər zamankından daha çox rezonans doğurdu, həm də təkcə iki ölkənin hüdudları çərçivəsində yox...Dostlar baxıb qürurlanır, düşmənlər yasa batır təlim mərkəzlərindən yayılan videokadrları seyr etdikcə... 

Müdafiə Nazirliyinin yaydığı dəqiqə yarımlıq kadrlar hər birimizi qürurlandırdı. Qoşa bayraqlar, komandoslar, havada süzən qoşa uçaqlar, suda, quruda irəliləyən ərlər, ərənlər, şərti düşmənin başına endirilən nöqtəli zərbələr...Və möhtəşəm ifa: “Qorxu nədir, bilmərik...”, “Mən Türk komandosuyam...”
 
Rəsmi məlumatda bildirilir ki, Azərbaycan Ordusu və Türkiyə Silahlı Qüvvələrinin müxtəlif qoşun növlərinin şəxsi heyəti, döyüş və xüsusi təyinatlı mühəndis-istehkam texnikası, həmçinin hərbi aviasiya vasitələrinin cəlb olunması ilə keçirilən təlim Bakı şəhərini, eləcə də Astara, Cəbrayıl və İmişli rayonlarının ərazilərini əhatə edir.
 
Ssenariyə uyğun olaraq Azərbaycan Ordusunun Quru Qoşunları, Hərbi Hava Qüvvələri, Xüsusi Təyinatlı Qüvvələr, Mühəndis Qoşunları, Raket və Artilleriya Qoşunlarının bölmələri Türkiyə Silahlı Qüvvələrinin hərbçiləri ilə birgə müxtəlif təlim döyüş tapşırıqlarını yerinə yetirirlər.
 
Təlimdə müasir döyüş üsullarından istifadə etməklə artilleriya, aviasiya və digər qoşun növlərinin hərbi əməliyyatlarda tətbiqi, onların qarşılıqlı əlaqədə fəaliyyətinin təşkili, çaylar üzərindən keçid açmaq məqsədilə panton körpülərin salınması, şərti düşmənin dərinliyinə desant endirilməsi üzrə müxtəlif  tapşırıqlar da icra edilir. Birgə təlimdə əsas diqqət qoşunların qarşılıqlı əlaqədə fəaliyyətləri zamanı döyüş uzlaşmasının təmin edilməsi, idarəetmənin təkmilləşdirilməsi, təcrübə mübadiləsi və şəxsi heyətin peşəkarlığının artırılmasına yönəldilib.
 
Bu, iki ordunun yox, TƏK ORDUnun təlimidir! Xəyallarımız gerçəkləşir, həm də ona görə çox qürurluyuq! 2017-ci ilin yayında Türkiyənin Harran bölgəsində Cumhurbaşqanı Rəcəb Tayyib Ərdoğana yaxınlaşıb Azərbaycandan salam və sayğılarımızı çatdırandan, səmimiyyətlə cavab alandan sonra bir sual ünvanlamışdım. Məğzi beləydi ki, günün birində qardaş Türkiyə Azərbaycanda hərbi baza qura bilərmi? O zaman Azərbaycan ərazilərinin işğaldan azad edilməsinin bir yolunu da qardaş ölkənin hərbi birləşmələrinin ölkəmizdə yerləşdirilməsində görmüşdüm. Rəcəb Tayyib bəy ani pauzadan sonra “çox uzağa getdin”-söyləmişdi. Təbii ki, böyük siyasət adamı atılacaq addımları dilə gətirməzdi...Böyük siyasətçilər təbii ki, öncədən çox şeyləri demirlər. Qısa müddətdə necə möhtəşəm addımlar atdılar Azərbaycan və Türkiyə liderləri! Bakıdakı Zəfər paradında da bərabər dayandılar, Qarabağ-Zəngəzurdakı möhtəşəm layihələrin reallaşdırılmasında da!
 
Amma gün gəldi Türkiyə əsgəri, Türkiyə qırıcıları, tankları Azərbaycanda oldu, heç bir baza qurmağa da ehtiyac duyulmadı. Ortada Şuşa Bəyannaməsi var – “Bir millət, iki dövlət”in təhlükəsizliyinə təminat verən əsrin sazişi! İndi kimsə Azərbaycan və Türkiyənin birgə hərbi addımlarına qarşı çıxa bilməz, həm tarixi birliyimiz, həm ürək bağlılığımız var, həm də Şuşa Müttəfiqliyimiz!
 
Bir müddət əvvəl İran Arazboyu sərhədlərimizdə hərbi təlimlər keçirdi, son ildə ikinci dəfə! Azərbaycan çox dedi, az eşitdilər. Nəhayət, Xüsusi Təyinatlılarımız gözlərini qırpmadan cənub sərhədlərimizdə möhtəşəm hərbi təlimlər keçirdilər. Bu, birinci dərs oldu. Budəfəki isə öldürücü zərbə sayıla bilər. İki ay öncə Araz üzərindən panton körpü atıb, düşmənin üzərinə hücuma keçən İran indi şokdadır, Azərbaycan və Türkiyənin komandoslarının panton körpülər ataraq keçidini təmin etməsini müşahidə etdikcə. Bir çox sosial şəbəkə istifadəçiləri sanki vədələşibmiş kimi “körpünü belə atarlar”- yazıb da, ağaye-İranın oyuncaq körpülərinə ironiya etdilər.
 
Azərbaycan hər zaman körpü atmağın tərəfdarı olub, özü də qonşu ölkəyə hücum məqsədilə panton körpü yox, dostluq körpüləri! Elə bir müddət əvvəl, İran Azərbaycana qarşı mənfur ssenari quranda Azərbaycan tərəf bütün olanları bir kənara qoyub, Arazın üstündən körpü atılması, İran ərazisindən – Cənubi Azərbaycandan - keçməklə Naxçıvanla quru əlaqəmizin yaranması məqsədilə böyük layihənin icrası istiqamətində qərarın verdi. Azərbaycan lideri də dəfələrlə bəyan edib ki, Xudafərin dpstluq körpüsüdür! Amma İran dostluq körpüsündənsə, düşmənçiliyi tətikləyən “körpü”lərə üstünlük verdi. 44 günlük müharibədə ordumuzun hücumunu azı bir gün gecikdirən İran nə qədər böyük pislik etdiyinin fərqində deyil!  
 
Budur, erməni mediası İran mediasında dərc olunan yazıları tirajlayır. Fars şovinistləri valı dəyişiblər, guya ki, onların hərbi təlimləri Azərbaycana qarşı yönəlməyibmiş. Guya ilk olaraq Azərbaycan hərbi təlim keçiribmiş. Guya...Nağılları da ikrah doğurur. Qarabağın, Şərqi Zəngəzurun 30 il işğalda qaldığı dövrdə Araz qırağında təlim keçirməyi ağlına gətirməyən, əksinə, Arazı adlayaraq sərvətlərimizin talanması prosesində iştirak edən İran 44 günlük savaşdan sonrakı illərdə iki hərbi təlim keçirdi, amma Azərbaycanı ittiham edir. Arazın bu tayında Azərbaycandan başqa hansı ölkə var? Bəlkə dövlətimizi tanımırmışlar. Eybi yox, bundan sonra daha yaxşı tanıyarlar! 2001-ci ildə hava sərhədlərimizi pozmuşdu İrana məxsus uçaqlar, o zaman Türk şahinləri Azərbaycan səmasında qoşa bayraqlarımızı dalğalandırdı. Görünür unudublar ötənləri, yalançının yaddaşı qısa olar axı...Bu dəfə yadda salayarlar – təkcə havadan yox, Astara, İmişli, Cəbrayıldan – qurudan və Xəzərdən – sudan da mesajlar verildi.
 
“Dostluq” nağılları danışan fars rejimi Qarabağa 14 vətəndaşını nə səbəbə göndərdiyinin səbəbini açıqlamır neçə gündür! “Əməlisaleh”dirsə, niyə susur, açıqlamır məqsədini? Şuşadakı Yuxarı Gövhərağa məscidinin “təmir”ini unutmadıq. Bəlkə ermənilərin mövcud olduğu ərazidə yenə də məscid “təmir” edirlər...Amma bu, daha çox erməni terrorçularına pilotsuz uşuş aparatlarından istifadə yollarının öyrədilməsi, tunel və sığınacaqların, bunkerlərin tikintisi planına daha çox oxşayır. İran anlamalıdır ki, çox təhlükəli oyunlar oynayır və sonu fəlakətli olar! Azərbaycan tək deyil, Türkiyə, Pakistan, İsrail kimi yaman günün dostları var! Əgər İran istəyirsə ki, Azərbaycanı özünə qarşı düşmənə çevirsin, daha günahı bizdə deyil...
 
2020-ci ilin iyulunda, Tovuz döyüşləri zamanı “Azərbaycana hər cür dəstək verməyə hazırıq”-deyən Türkiyənin milli müdafiə naziri Hulusi Akar rəhbərlik etdiyi nümayəndə heyəti ilə birgə Azərbaycana səfərə gəlib.
 
. Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəisi, polkovnik-leytenant Anar Eyvazov deyib ki, Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənovun dəvəti ilə Türkiyə Respublikasının milli müdafiə naziri cənab Hulusi Akar və Türkiyə Silahlı Qüvvələrinin digər rəhbər heyəti ölkəmizdə keçirilən birgə təlimləri izləyəcək. Möhtəşəm xəbərdir!
 
Davamı da var: Türkiyə-Azərbaycan parlamentlərarası dostluq qrupunun sədri, deputat Şamil Ayrım Modern.az-a deyib ki, Türkiyədə “Şuşa İli”nin elan edilməsi barədə müzakirələr aparılıb. “Hələlik rəsmi qərar verilməyib, amma 2023-cü ilin Türkiyədə “Şuşa İli” olacağı gözlənilir”. Nə gözəl! 2022-ci il “Şuşa ili” Azərbaycanda, 2023-cü il isə qardaş Türkiyədə! Şuşa şəhəri 2023-cü il üçün həm də Türk Dünyasının Mədəniyyət Paytaxtı elan edilib.
 
Türk düşmənləri yerini bilsin, TƏK ORDUnu Şuşa Bəyannaməsinə uyğun addım atmağa vadar etməsinlər!
 
Bir də unutmasınlar: “Qorxu bilməz ərlərik...”; “Biz Türk komandoslarıyıq!”
 
Elşad Paşasoy,
Musavat.com







Ana səhifəyə qayıt        Baxış: 4 253          Tarix: 5-12-2022, 19:58      

Xəbəri paylaş


Paylaş:   

Prizma